SON DƏQİQƏ

PressDent.Info

Rəssam-modelyer Xuraman Novruzova Birinci vitse-prezidentə müraciət etdi - “3 ildir ki, bu məsələyə ədalətsiz şəkildə göz yumulur”

Rəssam-modelyer Xuraman Novruzova Birinci vitse-prezidentə müraciət etdi - “3 ildir ki, bu məsələyə ədalətsiz şəkildə göz yumulur”
23-11-2019, 23:56 8526 dəfə baxılıb



Azərbaycanda bir çox vəzifə sahibləri evsiz-eşiksiz insanlara kömək etməkdənsə, hətta kirayədə yaşayan insanları belə, isti yuvasından didərgin salırlar. Və bu zaman didərgin saldıqları insanın qadın, kişi olmasını fərqinə varmadan, hansısa qadının təkbaşına övlad böyütməsini nəzərə almadan bu addımı atırlar ki, bu da onları çıxılmaz vəziyyətə salır.
Belə çıxılmaz vəziyyətə düşən rəssam-modelyer Xuraman Novruzova “Hürriyyət”in redaksiyasına gələrək, başına gələnləri danışıb:
“Bakı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəhbəriyəm. 15 ildir uşaqlarla bir yerdə çalışıram. Bizim fəaliyyətimiz rəssamlıqdır, şahmatdır, rəqslərdir. Ancaq həyat elə gətirdi ki, bir neçə il əvvəl ailə vəziyyətimiz kəskin pisləşdi, yoldaşım rəhmətə getdi, bir uşaqla küçədə qaldım. Əvvəl başqa yerdə işləyirdim. Yoldaşım rəhmətə gedəndən sonra “Az-Evro Tel” in balansında olan qeyri-yaşayış sahəsinə köçdüm. Onlarla müqavilə bağlamışdım, həm orada qalırdım, həm də işləyirdim. 7 ilə qədər orada qaldım. Hər il müqavilə dəyişirdi. 7 ildən sonra oranın müdiri Cavid müəllimi dəyişdilər, yerinə İlqar Həsənov gəldi. 2015-ci ildə onun gəldiyi 3 ay idi, dedi ki, bəs, buradan çıxmalısan. Dedim, nə səbəbdən buradan çıxmalıyam, mən burada qalıram, işləyirəm, yetim uşaq saxlayıram. Sadəcə olaraq İlqar müəllim biznesmen olduğuna görə, öz dostları ilə əlbir oldular...
Bir gün onun polis dostlarından biri - Elməddin müəllim gəldi ki, siz aya 500 manat ödəyənə kimi İlqar müəllim yeri 2 min manata (mən isə müqavilyə görə aya 400 evə, 100 manat da kommunala verirdim) arendaya verər, cibi üçün pul qazanar. Bu  məqsədlə məni oradan çıxartmaq eşqinə düşdü. Sonra mən yenə İlqar müəllimə müraciət etdim ki, bu, haqsızlıqdır. Neçə illərdir mən burada qalıram, işləyirəm, siz məni həm işimdən kənarlaşdırırsınız, həm də sabah uşaqla küçədə qalacam. Bəs, bunu düşünən yoxdur? İlqar müəllim dedi ki, heç mümkün məsələ deyil, çıxacaqsan”.
“2015-ci ilin mayından avqust ayına kimi mənim işıqlarımı kəsdi, fəaliyyətimizi saxlatdırdı”
X. Novruzovanın sözlərinə görə, o, bununla əlaqədar olaraq Prezident Administrasiyasına müraciət edib: “Orada hüquqşünas Əli müəllim var idi. Əlim muəllim də Əli Əsədova müraciət edib. Onlar mənə tərəf çıxıblar ki, xanımı oradan çıxarmaq düzgün deyil, neçə ildir orada fəaliyyət göstərirsə, yenə də fəaliyyətini davam etdirməlidir. Buna baxmayaraq, İlqar müəllim 2015-ci ilin mayından avqust ayına kimi mənim işıqlarım kəsdi, fəaliyyətimizi saxlatdırdı. Sentyabrın 2-də yenidən qanunsuz şəkildə polis dostları ilə əlbir oldular, gəlib içəriyə girib, məni aldadıb, çıxartdılar ki,  gedək 9-cu polis bölməsində izahat ver ki, İlqar müəllim sizin başınıza bu oyunu açır, biz də İlqar müəllimə qarşı bir tədbir görək. Polislərdən biri Elməddin müəllim Səbail Rayon Polis İdarəsində, digəri - Elsəvər müəllim isə 9-cü bölmədə işləyirdi. Bunlar əlbir olub, məni polis maşını ilə 9-cu bölməyə gətirdilər ki, orada izahat verim. Amma saat 4-dən axşama kimi məni orada saxlatdılar. Mən onlara deyəndə ki, burada məni nəyə görə saxlayırsınız? Dedilər, Xuraman xanım, narahat olmayın, Elsəvər müəllim yoxdur, ona görə sizi saxlatmışıq. Elsəvər müəllim gəlsin, sizə köməklik göstərmək istəyir. Məni aldadıb, saxladıblar və bu zaman tələbə uşaqlarım mənə zəng etdi ki, “məşqə gəlimişik, ancaq veşlərimiz buradan yığılıb, bizi içəri buraxmırlar, polis işçiləri var, bizə deyirlər ki, “müəllimənizi polis bölmənizə basdırmışıq, indi sizi də aparıb polis bölməsinə basdırarıq, çıxın, buradan gedin””.
“Guya, mallarım möhürlənmiş formada “Az-Evro Tel”in binasında saxlanılıb”
“Mən polisdə olanda müstəntiq Cahangir müəllim qapını arxadan bağladı, çıxdı getdi və dedi ki, “siz buradan gedə bilməzsiniz”. Düz saat 10-a qədər mən 9-cü bölmədə otaqda əyləşmişəm, müdriyyəti gözləmişəm. Sonra Cahangir müəllim gəlib qapını açdı ki, “bəs, bu gün Elsəvər müəllimin sizinlə görüşməyə vaxtı yoxdur, siz artıq gedə bilərsiniz”. Polisdən gəlib, öz qapıma yaxınlaşda gördüm ki, qapının qıfılı sındırılıb, içəriyə girilib, nəyim varsa hər şeyimi götürüblər. 102 xidmətinə zəng etdim ki, bir tədbir görülsün, çünki qanunsuz şəkildə mənim qapım sındırılıb, özümü də 9-cü bölmədə neçə saat saxladıblar. Bundan sonra, yenidən 9-cu bölməyə izahat verməyə getdim. İzahat verdim ki, qanunsuz şəkildə içəri giriblər, mallarım oğurlanıb. Ondan sonra, heç mənə zəng vurub demədilər ki, malınız bizdədir. Onlar oradan malı götürəndə guya, hər şeyi yazılı formada götürüblər. Guya, mallarım möhürlənmiş formada “Az-Evro Tel”in binasında saxlanılıb, amma mənim mallarım orada yox idi. Mallarım da çox idi. Əvvəlcə oradan aparıb Yasamal poçt idarəsinə töküblər. Orada baxıb görüblər ki, oğurlanmış mallardır, Yasamal poçt idarəsi bu qanunsuzluğa yol verməyib. Deyib, bu malların burada saxlanılması mümkün deyil, buradan götürməlisiniz. Sonra “Azərpoçt”un binasının anbar yeri var, aparıb, malları ora töküblər, orada oğurlanan oğurlanıb, qalan da, qalıb. Düz 8 aydan mallarım sonra qaytarıldı. Ancaq onlar təsdiq etdilər ki, guya, 2 aydan sonra mallar “Az-Evro-Tel”in binasından mənə qaytarılıb. Amma, əslində, elə deyil. Hər şey videoya çəkilib, sübutum var. Çünki mən mallarımı tapmaq üçün vəkil tutdum. Vəkilin sayəsində malların yerini 8 aydan sonra tapdım. Həmin vaxt biz vəkillə, şagirdlərlə əraziyə getdik, gördük mallardan əsər-əlamət qalmayıb”, - deyə şikayətçi əlavə etdi. 
“Mənə bu qədər ziyan vurublar, amma indi heç kim ödəmək istəmir”
X.Novruzova iddia edir ki, 29 min manatlıq malını aparıblar, kassada 8 min dollar pulu olub, hamısı götürülüb: “Mallarımın içində uşaqların kostyumları, mənim öz geyimlərim,  paltar tikən maşınlarım var idi. Biz atelye də işlədirdik. Uşaqlara görə, milli geyimlər tikilirdi. Demək olar ki, mənim heç nəyim qalmamışdı, ancaq evdə partalar qalmışdı. Onların vəkili ilə mənim vəklim qeydiyyat apardı ki, hansı malları var, hansı yoxdur, hamısı qeydiyyata alındı. Ondan sonra köhnə qiymətlə hesablandı, 29 min manatlıq mal idi. Amma ondan sonra iki dəfə devalvasiya oldu, hər şeyin qiyməti qalxıb. Mənə bu qədər ziyan vurublar, amma indi heç kim ödəmək istəmir. Hələ qızıllarımı da danırdırlar, deyirdilər ki, burada qızıl yoxdur. Oradan qızılımın bir hissəsi götürülmüşdü, gizlin saxladığım qızıllar sonra üzə çıxdı, amma götürdüklərini vermək istəmirlər”.
X.Novruzova qeyd etdi ki, o, bu məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət edib: “Öz hüquqşünasları yerində yazıblar ki, mənim hansı mallarım yoxdur. Gördülər ki, mənə zərər çox dəyib. Ona görə, qərara gəldilər, mənim boynuma 4300 manat pul qoydular ki, guya, il ərzində mən icarə pulunu ödəməmişəm. Bu, necə ola bilərdi? Mən 7 il idi, orada qalırdım, hər ay da icarə haqqını ödəyirdim. Guya, 1 il mən pul ödəməmişəm. Mən elə vaxt olurdu ki, qəbzlə ödəyirdim, amma elə də vaxt olurdu Cavid müəllim deyidi ki, konvertə qoyun, gətirin. O, müdir idi, dövlətə köçürmürdü. Burada mənim heç bir günahım yoxdur. Amma indi məni günahkar hesab edirlər ki, guya, mən ödəməmişəm. Halbuki, ən axırıncı ayın qəbzi əlimdə qalıb. O bir qəbzlər də mallarımı aparanda sənədlərin içində gedib. Ona görə it-bat oldu”.
“Bu gün evsiz-eşiksiz küçədə qalmışam”
X. Novruzova nəzərə çatdırdı ki, bu məsələdən sonra İlqar Həsənovu orada işdən çıxartdılar: “Amma nə olsun, onun mallarımı qarəti nəticəsində mənim əsəbdən gözlərimin ikisi də tutuldu. Heç gözlərimin Azərbaycanda əməliyyatına yaxın durmadılar. Yenə sağ olsun “Azərsu”nun rəhbəri Abdulbari bəy, gördü ki, imkansız bir adamam, yetim uşaq saxlayıram, 5 ildən sonra gözlərimi əməliyyat etdirdi. Halbuki, mən İlqar Həsənovun üzündən bu hala düşdüm. Mən rəssam adamam niyə kor vəziyyətinə düşməliydim? Bir yetim uşaq saxlayıram, arxamda adam yoxdur deyəm ki, kimsə uşağıma kömək olacaq. Bu gün evsiz-eşiksiz küçədə qalmışam. O, bu, kömək edir.  Bu da həmişə mümkün olan bir şey deyil. Əlimin zəhməti ilə xidmət göstərirdim. Neçə vaxtdı məsələ ilə bağlı Baş Prokurorluğa, daxili İşlər Nazirliyinə müraciət etmişəm, bir tədbir görən də yoxdur. Hamısı Səbail Rayon Polis İdarəsinə yazırlar, orada da onların əli ilə üstünü bağlayırlar”.
“Hörmətli Mehriban xanım, xahiş edirəm..”
Sonda X.Novruzova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi: “Hörmətli, Mehriban xanım, mən evsiz-eşiksiz, əlimin zəhməti ilə yetim uşaq saxlayıram. Ömürümü də uşaqların yaradıcılığına həsr etmişəm. Siz YUNİSEF-in nümayəndəsi olduğunuz halda, Azərbaycan uşaqlarına maddi-mənəvi cəhətdən ziyan vurulub. 3 ildir ki, bu məsələyə ədalətsiz şəkildə göz yumulur”.
Hörmətli Mehriban xanım, xahiş edirəm, bu məsələnin həll edilməsi ilə bağlı göstəriş verəsiniz. Uşaqlarımıza və mənə dəyən ziyan tezliklə qaytarılsın, bu cinayəti törədənlər isə layiqli cəzasını alsın”.
Hurriyyet.org

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ