SON DƏQİQƏ

PressDent.Info

“Əvvəlki illərlə müqayisədə qripə yoluxanlar indi xəstəliyi daha ağır keçirir”

“Əvvəlki illərlə müqayisədə qripə yoluxanlar indi xəstəliyi daha ağır keçirir”
7-02-2018, 15:41 6003 dəfə baxılıb

“Builki qrip öz ağırlığı ilə seçilsə də, indiyədək bundan ölüm halları qeydə alınmayıb”, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O, BBC Azərbaycancaya müsahibəsində bildirib ki, əvvəlki illərlə müqayisədə qripə yoluxanların sayı artmayıb.

“Qrip mövsümi xəstəlikdir. Builki qrip öz ağırlığı ilə seçilsə də, digər xüsusiyyətlərinə görə əvvəlki illərdən çox da fərqlənmir. Əvvəllər də qış mövsümü ilə bağlı xəstəliyi ağır keçirənlər vardı, amma bu göstərici bu il nisbətən yüksəkdir.”

Cənab İsayev əlavə edib ki, bu il iki növdə virus yayılıb; Avstraliya qripi və donuz qripi. Adətən, bunların Rusiyada yayılma ehtimalı olur. Azərbaycanda qrip epidemiyasının yayılması barədə heç bir məlumat yoxdur.

BBC Azərbaycanca: Qripə yoluxma və ya soyuqdəymə şikayəti ilə bağlı müraciətlərdə əvvəlki illərlə müqayisədə artması və ya azalması tendensiyası özünü göstərirmi?

-Builki qripə yoluxanlar bunu nisbətən ağır keçirir. Amma əvvəlki illərin eyni dövrü ilə müqayisədə qripə yoluxanların sayında artım müşahidə olunmur.

BBC Azərbaycanca: Bəzi həkimlər bildirirlər ki, yayılan qrip paraqripdir.

-Buna paraqrip demək olmaz. Yayılmış virus qripin klassik gedişatı ilə çox bənzərdir. Digər tərəfdən də, biz hələ ki, paraqrip virusu ilə bağlı nümunə götürməmişik və araşdırma aparmamışıq. Ona görə də dəqiq deyə bilmərik. Qripə oxşar virus xəstəlikləri çoxdur. Lakin hazırda xəstələrdə müşahidə olunan əlamətlər qripi çox xatırladır. Ona görə də buna qrip deyə bilərik.

BBC Azərbaycanca: Qripin geniş yayılmasını epidemiya adlandırmaq olarmı?

-Buna epidemiya demək olar. Xəstəliyin yayılması özü epidemiyadır, lokal xarakterli epidemiyadır, lakin epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur.

BBC Azərbaycanca: Hansı yaş qrupunun qripə yoluxma hallarına daha çox rast gəlinir?

-Qripə yoluxma halları, əsasən, körpə uşaqlar və yaşlı insanlarda təhlükə təşkil edir. Onlar zəif olduğuna görə xəstəliyi bir qədər ağır keçirir. Lakin yaş xüsusiyyəti nəzərə alınmamalıdır, körpə uşaqdan 90 yaşına qədər ahıl insanlar da eyni dərəcədə qripə tutula bilər.

BBC Azərbaycanca: Əhali özünü qripdən necə qorumalıdır?

-Bütün hallarda qrip xəstəliyi təhlükəlidir. Pasiyentlər xəstəlik dövrünü yataqda keçirməli, həkimə müraciət etməli və müalicə qəbul etməlidirlər.

Həkimin bütün göstərişlərinə əməl edəndə qripin ağır keçirilməsinin təhlükəsi olmur.

Qripə qarşı peyvəndlərdən istifadə etmək olar, lakin peyvəndlərin hər biri konkret virusdan qorumağa hesablandığı üçün digər viruslara qarşı qorumur.

Əsas məsələ insanların özlərini qorumasıdır. Xəstə insanlar işə çıxmamalıdır və ya xüsusi qoruyucu maskalardan istifadə edilməlidir.

Ümumiyyətlə, ictimai yerlərdən az istifadə etmək lazımdır ki, qrip və digər xəstəliklərə yoluxmayasan.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ