SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda hepatitli xəstələrin “bahalı” dərdi

Azərbaycanda hepatitli xəstələrin “bahalı” dərdi
16-05-2017, 15:46 11223 dəfə baxılıb

Hp Bu gün bir sıra yerli saytlarımızda Avropanın 13 ölkəsində Hepatit A virusuna yoluxma hallarının artması haqqında xəbər gedib. Xəbərdə deyilir ki, 2016-cı ilin iyun ayından bəri Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, İrlandiya, Hollandiya, Portuqaliya, İspaniya və İsveçdə 674 virusa yoluxma halı qeydə alınıb. Xatırladaq ki, adı çəkilən bu 13 ölkədə 380 milyon insan yaşayır və onların arasında 674 nəfərin Hepatit A virusuna yoluxması çox da dəhşətli fakt deyil. Başqa bir tərəfdən, Hepatit A bu virusun növləri arasında ən yüngülüdür və bizdə “sarılıq xəstəliyi” kimi də tanınır. Hesablamalara görə, indiyə qədər Azərbaycan əhalisinin 90%-i bu xəstəliyə tutulub. Virusun A, B, C, D, E və G dərəcələri arasında ən təhlükəlisi Hepatit C hesab olunur. Hepatit C-nin də iki növü var- kəskin və xroniki. Azərbaycanda bu virusa tutulanların 70-80 faizi xroniki Hepatit C xəstəsi olub.
Ekspertlərin fikrincə, Azərbaycanda bu sahədə profilaktik tədbirlərin vəziyyəti o qədər pisdir ki, hər an bu virusa yoluxmaq mümkündür. Başqa bir problem də onunla bağlıdır ki, ölkədə HBV və HCV-yə yoluxma faktlarının dəqiq uçotu aparılmır. Bu faktı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının açıqladığı fərqli rəqəmlər də təsdiq edir.
Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə ölkədə Hepatitli viruslara 2381 insan yoluxub. Bu rəqəm 2009-cu ildə 1861, 2011-ci ildə 780, 2012-ci ildə 665, 2013-cü ildə isə 524 olub. Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə isə 2009-cu ildə ölkədə 465 nəfər HBV, 339 nəfər HCV-yə yoluxma faktı qeydə alınıb. 2010-cu ilin 11 ayında isə bu rəqəmlər müvafiq olaraq 333 və 199 nəfər olub.
Amma “Azərbaycan təbabətinin müasir nailiyyətləri” adlı jurnalda həmin tarix üçün verilən rəqəmlər başqa şey deyir. Orda açıqlanan məlumata görə, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda qanları analiz olunan 18-60 yaş qrupunda 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4,5 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb.
Bəzi qeyri-hökumət təşkilatları isə Azərbaycanda daha çox, 750 min nəfərin HBV və HCV-yə yoluxduğunu qeyd edir. QHT təmsilçiləri bu virusa yoluxmuş xəstələrin rəsmi statistikasının reallığa uyğun olmamasını həmin insanların adlarının anonim qalmağa üstünlük verməsi ilə əlaqələndirirlər.
Ölkədə müalicəsi mümkün olan HCV-nin müalicəsi üçün tələb olunan dərmanların bahalığı da başqa bir problemdir. Bu xəstəlikdə tətbiq olunan iynələrin birinin qiyməti 200-250 manat arasında dəyişir. Xəstəlik daşıyıcılarının sözlərinə görə, müalicə dövründə, yəni bir il ərzində hər həftə iynə vurulmalıdır. Analizlərin də qiyməti çox bahadır- 300-400 manat. Xəstələr onu da bildirirlər ki, hökumət tərəfindən verilən pulsuz dərmanları keyfiyyətsiz hesab etdikləri üçün çox halda onlardan imtina edirlər.
Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, artıq ölkədə doğulan körpələrə bu virusa qarşı peyvənd həyata keçirilir. Peyvənd olunan şəxslərin bu xəstəliyə yoluxmaması tam təminatlıdır. Lakin təəssüf ki, peyvəndlərin qiyməti baha olduğuna görə ondan əhalinin bütün təbəqələri yararlana bilmir. O üzdən, hələ də ölkədə bu dəhşətli xəstəliyə yoluxma və onunla bağlı ölüm halları acınacaqlı şəkildə qalmaqda davam edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ