SON DƏQİQƏ

PressDent.Info

Özünü polis idarəsindən atan qadının səhhəti pisləşib

Özünü polis idarəsindən atan qadının səhhəti pisləşib
17-01-2017, 17:25 27579 dəfə baxılıb

«Anamın vəziyyəti pisləşib. Danışa bilmir, ona görə də telefona mən cavab verirəm».

Bunu AzadlıqRadiosuna bu günlərdə özünü Lənkəran Rayon Polis Şöbəsinin 3-cü mərtəbəsindən ataraq xəsarətlər alan Yaqut Əliyevanın qızı bildirib.

Y.Əliyevanın qızı anasının səhhəti pisləşdiyindən onun yenidən 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirildiyini söyləyib. O, anasına vəkil tutduqlarını da bildirib. Ancaq vəkil, hələ, istintaq getdiyindən danışmaq istəmədiyini söyləyib.

Lənkəran rayon Şürük kəndində məskunlaşan, Füzuli rayonundan köçkün düşən Yaqut Əliyevə polis şöbəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü 3 mərtəbədən atdığını bildirmişdi.

Qadının deməsinə görə, Lənkəran Rayon Polis Şöbəsində ona ağır işgəncələr verilib. Bununla onun üzərinə qətl hadisəsini qoymaq istəyiblər. Hətta, o, işgəncələr nəticəsində hansısa sənədə qol çəkdiyini də bildirirdi. Günahsız olduğunu deyən Y.Əliyevaya xəstəxanada onurğanın bel nahiyəsinin qapalı travması, hər iki dirsək sümüklərinin oynaqdaxili sınıqları, topuğun, daban sümüklərinin və şaxələrinin sınıqları diaqnozu qoyulmuşdu.

DİN-İN MÖVQEYİ

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Y.Əliyevaya polis şöbəsində işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib etmişdi. O, Y.Əliyevanın ötən ilin son günlərində qətldə şübhəli qismində saxlandığını demişdi.

«O və daha iki nəfər 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlinə görə saxlanılıblar. Yaqut Əliyeva LənkəranRayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Fəxriyyə Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları ilə birgə saxlanıb. Həmin şəxslərin F.Hüseynovanın elektrik sobasının üstünə itələyib yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılaraq polis idarəsinə gətiriliblər. Polisdə onların ifadələri alınıb və cinayəti törətdiklərini etiraf ediblər», -deyən DİN rəsmisinin bildirməsinə görə, polisdə olarkən Y.Əliyeva ayaqyoluna getmək bəhanəsi ilə dindirildiyi otağı tərk edib. Daha sonra özünü idarənin binasının 3-cü mərtəbəsindən atıb.

«Görünür, ifşa edildiklərini, cəza çəkməli olduğunu anladığından belə addım atıb. Onlara qarşı heç bir döymə, işgəncə baş verməyib», – E.Zahidov bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ