SON DƏQİQƏ

PressDent.Info

Dərman qiymətləri ilə prezidenti aldatmağa cəhdlər olunur

Dərman qiymətləri ilə prezidenti aldatmağa cəhdlər olunur
29-10-2015, 01:00 29512 dəfə baxılıb

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan FaktXəbər-ə verilən məlumata görə, iclasda daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib.
 
Ümumilikdə, indiyədək Şura tərəfindən 3 010 dərman vasitəsinin qiyməti tənzimlənib ki, bunlardan 1 151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 110 dərman vasitəsinin qiyməti dekabrın 1-dən, 749 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.
 
Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faizinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 96 faizinin qiymətləri endirilib.
 
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
 
Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın Qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.
 
Qeyd edək ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq davam etdirilir. Amma qiymətləri endirilən dərmanların neçə vaxtdır apteklərdə yox çıxdığı və ya qiymətinin qaldırıldığı müşahidə olunur. Misal üçün, əvvəllər 20 mq-lıq "Rileys plyus" adlı dərman apteklərdə 7.25 AZN olsa da, adının ucuzlaşdırılmış dərmanlar siyahısına salınmasından sonrahəmin dərman 5.18 AZN olub və bu qiymət dekabr ayının 1-dən qüvvəyə minəcək. Ancaq hazırda nəinki Bakı şəhərində, ümumiyyətlə Azərbaycanın heç bir aptekində bu dərman yoxdur. Bu, ürək ağrıları olanların gündəlik istifadə etdiyi sadəcə bir dərmandır. Yoxa çıxan dərman vasitələrinin siyahısı isə çoxdur və bu barədə mediada məlumatlar dərc olunub. Səhiyyə Nazirliyinin dərman vasitələrinin yoxa çıxması barədə verdiyi açıqlama isə sadəcə gülünc doğurur. Bildirilir ki, dərman vasitələri üzərinə yeni qiymətlər qeyd edilmək üçün yığışdırılıb. Əgər bu doğrudan da belədirsə, niyə dekabr ayının 21-dən qiyməti ucuzlaşdırılacaq dərman oktyabr ayının əvvəllərindən apteklərdən yığışdırılıb? Axı bu dərmanların dekabr ayının 21-nə kimi satışda olmasını qadağan edən heç bir göstəriş və ya sərəncam yoxdur? Bu cavabsız suallar onu göstərir ki, yenə də kimlərsə dərman monopoliyasından yararlanaraq, prezidentə yalan məlumatlar vermək üçün variantlar fikirləşirlər. Ümid edirik ki, xalqın cibinin soyulması bahasına külli miqdarda varidat toplamaq istəyənlərin arzusu kimlərinsə gözündə qalacaq.
 
 
 
Xatırladaq ki, linkləri tıklayarkən açılmış siyahıdan istədiyiniz dərmanın qiymətini rahat tapmaq üçün klaviaturadan Ctrl+F düyməsini vurun və açılan pəncərəyə dərmanın dəqiq adını yazın. Dərhal həmin pəncərədə sözügedən dərman vasitələrinin sayı yazılacaq. Yandakı oxları vurmaqla müvafiq xanalara keçə və qiymətlərə baxa bilərsiz.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ