SON DƏQİQƏ

PressDent.Info

“Payız depressiyası” nədir və ondan necə qurtulmaq olar?

“Payız depressiyası” nədir və ondan necə qurtulmaq olar?
2-10-2015, 17:01 30377 dəfə baxılıb

Payız fəsli gələr-gəlməz infeksion xəstəliklər də baş qaldırıb. Təsadüfi deyil ki, payızı “xəstəliklər fəsli” də adlandırırlar. Həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. İnfeksion xəstəliklərə tez tutulma  daha çox immuniteti zəif olan insanlarda baş verir. 
 
Tibb  elmləri doktoru, professor Adil Qeybulla payız fəslində infeksion xəstəliklərdən qorunmaq üçün insanların geyimlərinə və qidalarına diqqət etmələrinin vacib olduğunu dedi: “Payız və yaz vaxtı bəzi xəstəliklər kəskinləşir. Məsələn, mədə və on iki barmaq bağırsağın xəstəlikləri bu vaxtlarda kəskinləşir. Payızda daha çox rast gəlinən soyuqdəymədir. Havanın gah isti, gah da soyuq olmasından asılı olaraq insanlar geyimlərini düzgün seçə bilmirlər. Buna görə də soyuqlama əmələ gəlir. Bu soyuqlama əslində yuxarı tənəffüs yollarında fəallıq göstərən onlarla infeksiyaların fəallaşması nəticəsində  əmələ gəlir. Beləcə, insanlarda qripə bənzər əlamətlər, öskürək, burun axması, zökəm və sairə müşahidə olunur. İnsanlar çalışmalıdırlar ki, bu cür xəstəliklərdən mümkün qədər qorunmaq üçün gündəlik geyimlərinə, hava proqnozuna diqqət etsinlər, idmanla məşğul olsunlar, vitaminli qidalar qəbul etsinlər. İmmuniteti mümkün qədər gücləndirən meyvələrə üstünlük versinlər”.
 
Qeyd edək ki, payızın gəlişi ilə əlaqədar insanların psixologiyasında da müəyyən problemlər yaranır. Hətta insanlar bu fəsildə özlərinə qapanırlar. Bunu da “payız depressiyası” adlandırırlar.
 
Bəs “payız depressiyası” nədir və ondan necə qurtulmaq olar?
 
Bir qrup alim hesab edir ki, “payız depressiyası” işığın azalması ilə  “bioloji saatların” pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normada isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir. Başqa bir yanaşmaya görə isə orqanizmdə  melatonin hormonunun artması “payız depressiyası”na səbəb olur. Fizioloji səbəblərdən başqa “payız depressiyası”nın psixoloji səbəbi də var. Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünəinamsızlıq, əhvalsızlıq yaradır. Bütün bunlardan əlavə isə xroniki stresslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur. Mövsümi depressiyanın əsas əlamətləri isə aşağıdakılardır:
 
Yuxu müddətinin artması, oyanmaqda çətinlik, səhərlər yorğunluq hissi, gün boyu yuxulu olmaq. Bəzən erkən oyanmaq və yenidən yuxuya gedə bilməmək müşahidə olunur. Əhvalın, özünüqiymətləndirmənin aşağı düşməsi, kədər, ağlamağa meyllilik, narahatlıq, həyata marağın azalması, müsbət emosiyaların itirilməsi, gündəlik işlərin icrasında çətinlik çəkmə, həyəcanlılıq, əsəbilik, tez özündən çıxma, daxili gərginlik, stressli situasiyalara dözümsüzlük, iştahanın artması, çəkinin artmasına səbəb olan un məmulatları və şirniyyata kəskin meyldir. Fiziki əlamətlər isə oynaqlarda və qarında ağrılar, gücsüzlük, tez-tez qrip olma, sosial problemlər, sosial əlaqələrdən, yaxınlarla və dostlarla ünsiyyətdən qaçmaq.
 
Qeyd edək ki, mövsümi depressiyalara istənilən yaşda rast gəlinir. Lakin 18-30 yaş arası insanlar bu depressiyaya daha çox meyllidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ