SON DƏQİQƏ

PressDent.Info

Uşaqları qripdən necə qoruyaq? – BAŞ PEDİATRIN TÖVSİYƏSİ

Uşaqları qripdən necə qoruyaq? – BAŞ PEDİATRIN TÖVSİYƏSİ
29-09-2015, 13:52 29606 dəfə baxılıb

Havalar soyuyar-soymaz avtobusda, metroda və digər ictimai yerlərdə öskürək, asqırmaq səsləri eşidilməyə başlayır. Çox zaman oqranizmdə mövsümi baş qaldıran bu xəstəliklərin əsas səbəbi kimi immun sisteminin zəifləməsi göstərilir. Həkimlər xüsusilə payız-qış mövsümündə immun sisteminin zəifləməsinin çoxsaylı xəstəliklərə yol açdığını bildirirlər. Tibb mütəxəssislərinin fikrincə, payız və qış mövsümündə immun sisteminin zəifləməsi əsasən uşaqlarda, hamilə qadınlarda, yaşlı insanlarda çoxsaylı xəstəliklərə səbəb ola bilər.
 
Ölkənin baş pediatrı Nəsib Quliyev bildirib ki, uşaqlarda immunitet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxmasına, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. N. Quliyevin sözlərinə görə, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: "Günəşli hava və dəniz yay mövsümündə uşaqların orqanizminin möhkəmləndirilməsi üçün faydalıdır. Təbiətin bizə verdiyi nemətlərdən lazımınca istifadə etmək lazımdır. Həkimlər də, valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Xüsusilə valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Təcrübə göstərir ki, immunteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə, orqanizmləri həmin virusu yaxın buraxmır. Ümumiyyətlə, qrip virusları həm uşaqlarda, həm də böyüklərdə immun sistemi zəifləyən orqanizmə yaxın düşür. İmmuntetin zəifləməsi uşaqlarda təkcə hava ilə yayılan virusların yayılmasına yox, boydan geri qalma, iştah zəifliyi, qan azlığı və sair xəstəliklərin baş qaldırmasına səbəb olur”.
 
N. Quliyevin sözlərinə görə, uşaqlara verilən qidalar da bəzən onlarda imuntetin aşağı düşməsinə gətirib çıxardır: "Körpə uşağı həkimə gətirib deyirlər ki, tez-tez xəstələnir. Valideyn imuntetin zəifliyindən şikayətlənir. Həkim müayinə edir, məlum olur ki, uşaq anadan olandan ana südü dadmayıb. Təbii ki, belə nəsildə immun sistemi zəifliyinin müşahidə olunması normaldır. Ana südü bütün vitaminlərlə zəngindir. Ana südü ilə qidalanan uşağın immunitetini qaldırmaq üçün ona vitamin verməyə ehtiyac yoxdur. Uşaqların çoxu ana südü dadmadan böyüdüklərindən onlarda immun sistemi zəif olur. Belə uşaqlar yeniyetmə dövrünə çatdıqda onlarda müxtəlif xəstəliklər baş qaldıra bilir. Bu, tibdə təsdiq edilmiş faktdır. İki yaşa qədər uşağın immunitetini ana südü formalaşdırır. Analar bilməlidir ki, süni qida ilə bəslənən uşaqların immuniteti zəif olur, yoluxucu xəstəliklərə tez yoluxurlar. Süni qida qəbul edən uşaqların fiziki inkişaf göstəriciləri pozulur, intellektual inkişaf səviyyəsinə görə bu uşaqlar ana südü ilə qidalanan uşaqlardan geri qalır. Çünki ana südünün tərkibində elə inqridientlər var ki, onlar başqa heç bir qidanın tərkibində olmur. Bu maddələr baş beynin inkişafına təsir göstərir”.
 
Havanın temperaturunun aşağı düşməsi nəticəsində tez-tez qrip və digər respirator xəstəliklərə məruz qalan uşaqlara həkim tərəfindən immun sistemini gücləndirən dərman preparatları təyin edilsə də, pediatrlar uşaqların vitamini həb şəklində qəbul etməsini, uşağın immuntetinin dərman vasitələri ilə gücləndirilməsini məsləhət görmürlər. Pediatr Leyla Kazımova deyir ki, uşaqlarda immun sistemi təbii vasitələrlə gücləndirilməlidir: “Bəzi vitaminlərin çatışmazlığı azyaşlılarda immun sisteminin aşağı düşməsinə, hətta müəyyən xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Orqanizmdə immun sistemini qüvvətləndirən vitaminlərdən birincisi C vitaminidir. C vitamini soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir. Bu vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, respirator xəstəliyin daha ağır formalara keçməməsinə kömək edir. C vitamini ilə zəngin əsas qidalar sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiotdur. Bununla yanaşı qan azlığı da uşaqlarda immun sisteminin zəifləməsinə gətirib çıxardır. Uşaqda qanazlığı yarandıqda azyaşlıların qidasında süd, yumurta, soya, mal əti, qaraciyərə daha çox yer ayırmaq lazımdır”.
 
Pediat bildirir ki, immun sisteminin güclənməsinə dəniz məhsulları, balıq və kürü də müsbət təsir göstərir: “Kürü bahalı məhsul olduğundan valideynlərin əksəriyyəti uşaqlarını kürü ilə qidalandıra bilmirlər. Amma buna təəssüflənmək lazım deyil. 1 ədəd yumurtanın sarısında kürünün tərkibindəki qədər insan orqanizmi üçün vacib elementlər var. Yəni 1 ədəd soyutma yumurta qara kürünü əvəzləmək qabiliyyətinə malikdir”.
 
L. Kazımova soğan, qırmızı və ağ turpun da immun sisteminin güclənməsində əvəzsiz rolu olduğunu söyləyir: “Uşaqlara göy soğan, turp vermək onların orqanizmi üçün faydalıdır. Sarımsaq isə orqanizmə düşən mikrobların inkişafına əngəl olur. Odur ki, valideynlər imkan daxilində bu tərəvəzlərdən daha çox istifadəyə üstünlük verməlidirlər”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ