SON DƏQİQƏ

PressDent.Info

”Taleh işgəncədən danışanda mən uşağımızı dünyaya gətirirdim”

”Taleh işgəncədən danışanda mən uşağımızı dünyaya gətirirdim”
22-09-2016, 19:34 16443 dəfə baxılıb

Taleh Bağırzadənin xanımı: “Atalarının övladlarının yanında olmamasının bu uşaqların tərbiyəsində gözəl rol oynayacağını düşünürəm”

Leyla İsmayılzadə həyat yoldaşı Taleh Bağırzadənin məhkəməsində fasilə elan olunmasından fürsət tapıb məhkəmə binasından çıxır və namaz qılmağa gedir. Namazını bitirdikdən sonra yoldaşı Taleh Bağırzadənin mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parka gəlir. Hicablı, 27 yaşlı gənc bir xanım yoldaşının üçüncü dəfə mühakimə olunmasına baxmaq üçün hər dəfə prosesə qatılır. Bu dəfə də oturub fasilənin bitməsini gözləyir. Leyla xanım üçün keçməyən bu vaxtda onunla söhbətləşirik.

– Məhkəmə necə keçdi?

– Çox gərgin keçdi. Zərərçəkmiş kimi, (əslində bizimkilər zərər çəkib L.İ.) o adla gələn “Şrek” ləqəbli “Bandotdel”-in əməkdaşı ifadə verdi. O qədər zəif danışırdı ki, heç adam eşitmirdi. Hakim, vəkillər, məhkəməyə gələnlər dəfələrlə təkrar elədilər ki, bir az möhkəm danış, yenə də səsini yüksəltmədi. Hörmətsizlik etdi deyə səs-küy yarandı, onu zaldan çıxardılar. Taleh bəy vurğuladı ki, bu adamın “Bandotdel”də çox yaxşı səsi çıxırdı, indi yavaş danışmağına baxmayın.

– Bu vaxta qədər olan məhkəmələrə gəlmisiniz. Nə qənaətə gəlirsiniz? İttiham sübut olunurmu?

– Çox absurddur. Hər kəs bilir ki, onlar məzlum insanların daim yanında olduqları üçün haqsız yerə, ibadət vaxtı həbs olunublar. Kamran adlı “Bandotdel”-in işçisinə vəkil sual verdi ki, necə oldu sən atəş açılan vaxt gedib onları zərərsizləşdirdin. O da vurğuladı ki, ağılları başlarına gəldi, atəşi saxladılar. Orada yenə fasilə verildi. Təqsirləndirilən şəxslər buna dözmədilər ki, onsuz da bizə bu vaxta qədər işgəncələr vermisiniz, yenə də gəlib burada ehtiramsızlıq edirsiniz. Ora da gəlib şahidlik andı içirlər, yəqin and içirlər ki, yalan danışacağıq. Çox gözəl də yalan danışırlar. Bir düz söhbətləri olmur.

– Sizcə, yoldaşınız niyə həbs olundu?

-İnsanlara olan haqsızlığı dilə gətirdiyi üçün həbs olundu. Hansısa cinayətə əl atmayıb ki, ona görə həbs olunsun. İnanın, hər zaman övladlarından çox bu xalqı düşünürdü. Evə də gec saatlarda gəlirdi, yenə də iş, problemlərlə bağlı danışırdı. “Biz isti evimizdəyik, amma elələri var küçədə yaşayırlar” – deyirdi. Bütün problemlər haqqında düşünürdü.

– Taleh Bağırzadə məhkəmədə bildirdi ki, ona işgəncələr verilib. Siz məhkəməyə qədər bilirdiniz ki, yoldaşınız işgəncəyə məruz qalıb?

– Taleh bəy tutulandan sonra 3 ay onunla əlaqə saxlanılmadı. Bilmədik hardadır, hansı vəziyyətdədir. Ona kimi bilirdik ki, xüsusi əməliyyat olub, bu cür əməliyyatdan sonra yəqin onlara işgəncə veriləcək. İnsan fikirləşir ki, işgəncə verilir, amma məhkəmələrdə deyilən ağlagəlməz işgəncələri fikirləşə bilməzdik. Mən fikirləşməzdim ki, təkcə Taleh Bağırzadəni demirəm, insanlıqdan çıxıb o birilərə də bu qədər işgəncə verərlər. Onlara insan deməyə də adamın dili gəlmir. Ondan sonra Taleh bəylə görüşdük, ona verilən işgəncələri dedi. Vurğuladı ki, Milli Şuraya qarşı ifadə vermək üçün işgəncələr verilib. İşgəncələrdən sonra soruşuruq “ağrın varmı”, deyir: “Yox, yaxşıyam, narahat olmayın”. İşgəncələrdən sonra da heç kim onu müayinə etməyib.

– O, işgəncələrdən danışanda siz zalda olmusunuz?

– O, işgəncələrdən danışanda məhkəmədə olmamışam. Körpəm dünyaya gəldiyi üçün həmin zamanlar məhkəməyə gəlmədim. Amma digər qardaşların başına gələnləri məhkəmədə eşitdim. Çox narahat oluram, çox sarsılıram. İnternet vasitəsilə Talehin başına gələn işgəncələri oxudum. Yoldaşım olduğu üçün yox, bir insan kimi ona çox pis oluram.

– Taleh Bağırzadə bundan əvvəl də iki dəfə həbs olunmuşdu. İşgəncələrə məruz qaldığını da demişdi…

– Əvvəl də Taleh bəyə işgəncələr olub, amma o insanın ruhiyyəsi məndə narahatlığı aşağı salıb. O insanın dözümlü olması məndə bir az rahatlıq yaratmışdı. “Bandotdel”-də olduğu zamanlarda daim duamız o idi ki, Allah -Təala ona və digər qardaşlarımıza elə bir güc-qüvvət versin ki, onlar zalımın qarşısında əyilməsinlər, sınmasınlar. Həmd olsun ki, Allah bizə onu nəsib elədi. Onlar o insanların qarşısında sınmayıblar. İşgəncələri oxudum, çox narahat oldum, amma deyəndə ki, heç kimə qarşı ifadə verməyib, onda çox rahatlaşdım.

– Dediniz ki, 3-cü dəfə ana oldunuz. Bu uşaqlardan hansıları doğulanda Taleh bəy azadlıqda idi?

– İkinci və üçüncü uşaqların ataları ilə ilk görüşü məhkəmə zalında oldu. Taleh bəy iki övladının ikisinin də doğumunda azadlıqda deyildi. Amma həmd olsun, çox da narahatlıq hiss eləmədim. Atalarının övladlarının yanında olmamasının bu uşaqların tərbiyəsində gözəl rol oynayacağını düşünürəm. Bu baxımdan ki, bir az böyüyən zaman “mən dünyaya gəldiyim zaman atam niyə yanımda yox idi” deyə araşdırsa, elə bu, onun tərbiyəsi üçün kifayət edər. Atası haqsızlığa susmadığı üçün, hər zaman məzlumların yanında olduğu üçün həbs olunub. Bunları bildikdə, onların tərbiyəsinə müsbət təsir edəcəyinə inanıram.

– Uşaqlarınızın neçə yaşı var ?

– Böyük uşağın 7, ikinci 5 yaşında, üçüncü uşaq iki aylıqdır.

– Uşaqları məhkəməyə nə vaxt gətirmişdiniz ?

– Haradasa iki həftə əvvəl uşaqları gətirdim, məhkəmə zalında ataların gördülər.

– Uşağı qucağına almağa icazə verdilər ?

– Barmaqlıqların arxasından uşağı öpdü, verdi mənə. Deyilənə görə, icazə yoxdur, ona görə barmaqlıqların arxasından öpə bildi.

– Bakı İstintaq Təcridxanasında yoldaşınızla görüşə bilirsinizmi?

– Şüşə arxasından icazə verirlər. Otaq istəmişik, “icazə yoxdur” deyirlər. Bizə qətiyyən yaxınlaşdırmırlar. Həftədə iki dəfə telefonla danışıram. Amma uşaqları Kürdəxanıya aparmamışam.

– Uşaqlarınızın adı nədir ?

– Böyük Muhammədhəsən, ikinci Muhammədhüseyn, üçüncü Əbəlfəzl Abbas. Üçünün də adını Taleh bəy qoyub.

– Sonuncu uşağın da adını o qoyub?

– Bəli, həbsindən əvvəl demişdi ki, adı Əbəlfəz lAbbas olsun. Peyğəmbərimizdən də hədis var ki, atanın övlad qarşısında iki böyük haqqı var, övladına gözəl tərbiyə vermək və övladına gözəl ad qoymaq. Həmd olsun ki, Taleh Bağırzadə bunu yerinə yetirib. Deyə bilərsiniz ki, övladlar balacadır, atalarını görməyib, necə tərbiyə verə bilər? Atalarının bu yolda olması, neçə illərdir zindanda olması gözəl bir tərbiyədir.

– Uşağı doğulanda özünün xəbəri var idi?

– Xeyr. Evlə əlaqə saxlaya bilməmişdi. Üç gün sonra əlaqə saxlayanda bildi.

– Böyük oğlunuz yəqin ki, atası ilə bağlı suallar verir. Nə deyirsiniz?

– İlk həbsi zamanı harada olduğunu soruşurdu. Az-çox başa salırdıq. Böyük oğlum da yenə gedib məhkəmə zalında görüşmüşdü. “Ata, sən haradasan, bura haradır?”- deyə soruşdu. O demişdi ki, bura istirahət mərkəzidir, dincəlməyə gəlmişəm. Bir müddət keçəndən sonra başa saldı ki, bura zindandır və mən nəyə görə bu zindandayam. Bağçaya da gedəndə soruşurdular ki, atan haradadır. Hətta Muhəmmədhəsənə sual verilmişdi: “Bacılar hicabı açsın, atanı buraxsınlar? Nə olar ki, iki-üç bacının hicab bağlaması ilə?!” Demişdi ki, xeyr, ata zindanda qalsın, amma bacılar hicabı bağlasın.

– Yoldaşınızın uşaqları ilə ünsiyyəti necə idi? Məsafəli davranırdı, yoxsa yaxına buraxırdı?

– Hər zaman məsafəli davranırdı. Hətta dəfələrlə soruşurdum ki, niyə bu qədər məsafəli davranırsan. O vurğulayırdı ki, mən zindanda çox oluram, əgər onları çox yaxına buraxsam, sonra ayrılıq çətin olacaq. Ona görə də övladları ilə arasında hər zaman məsafə qoyurdu. Bunu ona görə edirdi ki, onun üçün çox darıxmasınlar. Amma uşaqlar onu çox istəyirlər, çox da darıxırlar. Həmd olsun ki, atalarının niyə orada olduğunu dərk edirlər. Böyük insan kimi qarşılayırlar. Taleh bəy böyük oğlumla telefonla danışır. Böyük oğlum bu il birinci sinifə getdi. Taleh bəy oğluna hər daim dərslərində müvəffəqiyyət əldə etməyini tapşırır. Deyir ki, dərslərinə diqqət et. Muhammədhəsən də deyir ki, mən atam kimi alim olacam, oxuyub elmli olacam.

– Taleh bəy həbsindən əvvəl Nardarana gedəndə sizi də ora aparmışdı, yoxsa tək getmişdi?

– Tək getmişdi. Polisə çağırılıb ona təzyiq olunandan sonra Elçin Qasımlı da həbs olundu, ona görə Nardaranda qalmaq qərarına gəldi. Sakitlik olsun deyə ora getməyi seçdi. Hadisə vaxtı da mən Naradaranda deyildim. Bir neçə gün öncə rayona getmişdim. Ona görə Talehi çox görə bilməmişdim. Elə hadisə olan gün biz hazırlaşırdıq gələk, axırıncı dəfə də Taleh bəylə danışdıq telefonla, soruşdu gəlirsiniz, dedim “bəli”. Hadisə oldu, əşyaların hamısı qapının ağzında qaldı. Ondan sonra da görə bilmədik. Həmin gün biz onu görməyə gedəcəkdik. Amma həmin gün Bakıya gələ bilmədik. 3 ay bilmədik ki, o hardadır. “Bandotdel”ə yemək də, paltar da göndərirdik, qəbul eləmirdilər.

-Sizə demişdi ki, həbs oluna bilər?

– Əlbəttə ki…Hər an bunu gözləyirdik. Birinci həbsindən, ikinci həbsindən sonra da…

– Təkbaşına 3 uşaq böyüdürsünüz, hansı çətinlikləriniz var?

– Düzdür, çətin olur. Amma yenə də öhdəsindən gəlirik. İlk öncə dəstəyimiz Allah, sonra ailələr, bacı-qardaşlar, dost-tanışdır. Öncədən Hacı Talehə dedik ki, qəti şəkildə bizimlə bağlı narahatlığı olmasın. Ailədən narahat olsa, əlbət ki, mübarizə apara bilməz. Ailə sarıdan bu insan rahat olmalıdır ki, bu yola sabit qədəm qoya bilsin.

– Məhkəmədən gözləntiniz nədir?

– Bunlardan haqq-ədalət gözləmirik. Haqsız mühakimə olunurlar, belə də davam edəcək. Ona verilən maddələr çox il tələb edir. İttihamlar cəza müddətinin ən yüksəyini Taleh bəyə göstərir.

– Özünüzü bu cür qərarlara hazırlamısınızmı?

– Bəli. Hökm oxuna bilər, oxunacaq da, ancaq Taleh bəy onu sona kimi yatmayacaq. Mən özümü ona hazırlamışam. Taleh Bağırzadə sonacan o həbsi yatmayacaq və digərləri də eləcə… İlk öncə Allahımıza arxalanıb deyirəm, ikinci də hara lazımdırsa, oralara da müraciət olunacaq. Geci-tezi var, bu haqsızlıq əlbəttə ki, üzə çıxacaq. Belə davam eləməyəcək.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ