SON DƏQİQƏ

PressDent.Info

Heydər Əliyevə dedim ki, ayıbdır…

Heydər Əliyevə dedim ki, ayıbdır…
4-09-2016, 17:26 51156 dəfə baxılıb

”İlham Əliyev prezident olandan indiyə qədər heç bir hadisəni olduğu kimi danışmayıb”

Sentyabrın 1-də prezident İlham Əliyevin Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindəki çıxışı müzakirə predmetinə çevrilib. Xüsusilə prezidentin  ad çəkmədən o vaxtkı yüksək vəzifəli şəxslərdən birinin bu layihənin imzalanmasının əleyhinə çıxdığını deyib. Dövlət başçısı bildirib ki, həmin şəxs bunu ölkənin inkişaf etməməsini və özünün daha yüksək vəzifəyə qalxmasını istədiyi üçün edib. Bir sıra media orqanları və portallar həmin şəxsin Milli Məclisin 1993-1996-cı illərdə spikeri olan Rəsul Quliyev olduğunu yazırlar. Və sabiq prezident Heydər Əliyevin çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını xatırladırlar.

Meydan TV prezident İlham Əliyevin dedikləri ilə əlaqədar sabiq spiker Rəsul Quliyevə bir sıra suallar ünvanlayıb.

– Rəsul müəllim, prezident İlham Əliyev sizin “Şahdəniz-2” layihəsinin əleyhinə olduğunuzu bildirib. Onun dedikləri doğrudurmu? Doğrudursa, niyə əleyhinə olmusunuz?

– İlham Əliyev prezident olandan indiyə qədər heç bir hadisəni olduğu kimi danışmayıb, yəni düz deməyib. Mən çox təəccüb edirəm ki, bu dərəcədə yalan danışmaq olar. Əvvəllər olduğu kimi indi də deyirəm, “Əsrin müqaviləsi” və “Şahdəniz-2” layihəsi ilə bağlı sabiq prezident Heydər Əliyevlə razılaşmadığım məqamlar və müddəalar olub. Bizim həmin layihələrə münasibətdə fikir ayrılıqlarımız köklü olub. Hələ “Əsrin müqaviləsi” imzalanmazdan öncə Heydər Əliyevə dedim ki, bu şəkildə sənədləri imzalamaq olmaz, çünki ARDNŞ-nin payı 10-15 faizdir. Heç olmasa bu pay 51-49 faiz civarında olmalıdır. Bu barədə söhbətimizdə çoxlu misallar da xatırlatdım. Məsələn, İkinci Dünya Müharibəsindən sonra Ərəbistanda neftin istehsalını artırmaq üçün ABŞ, Böyük Britaniya və Hollandiya şirkətləri investisiyalar yatırsalar da, ərəblərin neft şirkətlərinin payı 50 faiz civarında olub.

– Yəni prezident Elçibəyin tələbləri şəklində də…?

– Onlar hələ payların necə bölüşdürülməsi mərhələsinə gəlib çatmamışdılar. O cümlədən, Ayaz Mütəllibovun dövründə də payların bölüşdürülməsi barədə müzakirələr getməmişdi. Həmin vaxt xarici şirkətlərin investisiya qoyması və neft istehsalının artırılması məsələsinin müzakirəsi gedirdi. Elçibəyin dövründə ARDNŞ-nin payı 50 faizə yaxın idi. Ancaq Azərbaycan neftinə xarici kapitalın cəlb edilməsinin ilk pioneri mənəm, çünki xarici investiyasız bir şey etməyin mümkün olduğuna inanmırdım. Ona görə İlham Əliyev mənim müqavilələrin əleyhinə olduğumu deyəndə dəhşətə gəldim, bu səviyyədə yalan danışmaq olmaz axı. Yalan danışmaq olar, amma bu yalanın da bir həddi olmalıdır. Məsələ ondadır ki, İlham Əliyev xarici investisiyaların nə olduğunu anlamadığı vaxt mən xarici investisiyaların Azərbaycana yönəlməsini israr edirdim. Deməli, o zaman mən Heydər Əliyevlə bu barədə razılaşmayanda, yəni ARDNŞ-nin payı az qoyulanda, o dedi ki, xarici ölkələr bu qədər çox faizlərin hesabına Dağlıq Qarabağın bizə qaytarılacağını vəd ediblər. Mən həmin vaxt neftin o zamankı qiymətilə hesablayıb Heydər Əliyevə bildirdim ki, Dağlıq Qarabağı qaytarmaq üçün 15 milyard dollar verəcəyik. Yəni bu qədər vəsait itirəcəyik. Düşündüm ki, təki Qarabağ azad olunsun, bundan da keçmək olar. Qərəz, müqavilə bağlandı, bir müddət sonra Heydər Əliyev dedi ki, bəs, filan faiz də Rusiyaya verməliyik. Sual verdim ki, necə yəni, ARDNŞ-nin payı 0 olmalıdır? İzah etdi ki, Dağlıq Qarabağ probleminin həllinə Rusiya mane olduğundan onların da payı verilməlidir. Beləliklə, neftin qiyməti qalxdığından Azərbaycan xalqı Heydər Əliyevin xarici şirkətlərə və Rusiyaya verdiyi paylara görə 70 milyard dollar itirdi. Ondan sonra 1994-cü ildə atəşkəs müqaviləsini imzaladı, bununla əbədi sülh bağlandı və bu, Azərbaycanın işğal olunmuş ərazilərini güc yoluyla azad etməsinin üstündən xətt çəkdi. 1996-cı ilin əvvəllərində isə “Şahdəniz-2” layihəsinin müzakirəsi başlayanda deyildi ki, xaricə satılacaq qazla Azərbaycanın daxilində işlədilən qazın qiyməti arasında fərq olmamalıdır. Bu, o deməkdir ki, Azərbaycan xalqına da qaz beynəlxalq qiymətlərlə satılmalıdır. Onda mən Heydər Əliyevə dedim ki, “Şahdəniz-2”dən çıxan qaz Azərbaycanda istehsal olunursa, xalqa niyə baha qiymətə satılmalıdır? Yenə ortaya beynəlxalq təcrübəni qoydum və həmin sənədlər məndədir, təəssüf ki, Azərbaycan xalqı bu məsələlərə həssas yanaşmır.

– Nə mənada?

– Məsələ ondadır ki, xalq imzalanan müqavilələrin mənafeyinə hansı zərərlər vurduğunu anlamır. Heydər Əliyevə onlarla fakt gətirdim ki, hansısa ölkədə qaz çıxarılırsa, öz xalqına maya dəyəri qiymətində satılır və bundan gəlir hesablanmır. Yəni dünya təcrübəsinə əsaslanaraq müqavilələr imzalanmalıdır.

– Bəs Heydər Əliyevin reaksiyası necə oldu?

– Məsələ ondaydı ki, neftin xarici bazara çıxarılması baxımından birinci və ikinci müqavilələr Azərbaycan xalqının maraqlarıyla üst-üstə düşürdü, amma Heydər Əliyev xalqın maraqları haqda heç fikirləşmirdi də. O, birinci növbədə, korrupsiya hesabına nə qədər pul yığmaq və ikinci, hakimiyyətini saxlamaq üçün, məsələn, Rusiyaya nə qədər rüşvət vermək barədə düşünürdü. Tam əminliklə deyirəm, Heydər Əliyev bu iki amil əsasında hakimiyyətini qoruyurdu.

– Gələk, “Şahdəniz-2” layihəsinə, mübahisəniz nədən başladı?

– Mən layihənin bu şəkildə imzalanmasının qəti əleyhinə idim. Buna görə aramızda gərginlik yarandı və o, mütəxəssislərin iştirakı ilə müzakirələrin keçirilməsini təklif etdi, razılaşdım. Beləliklə, mütəxəssislər toplandı…

– İlham Əliyev də həmin iclasa qatılmışdımı?

– Ola bilər ki, o da iclasda iştirak edirdi, ancaq səsini eşitmədim. Bəlkə mən oturduğum sıradaydı.

– Bəs ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadə iclasda iştirak edirdimi?

– O da iştirak edirdi. İclas başlandı və mən “Şahdəniz-2” layihəsinin təqdim edilən məzmununda ziyanını, ardınca dünya təcrübəsi barədə danışdım. Əlavə etdim ki, biz o zamankı qiymətlərlə ildə 1 milyard dollara yaxın Azərbaycan xalqının cibindən çıxaracağıq. Ona görə müqaviləni bu şəkildə imzalamaq olmaz. Məndən sonra Xoşbəxat Yusifzadə də çıxış etdi, amma onun İlham Əliyevin yanındakı miskin vəziyyətini görəndə, ürəyim ağrıdı, belə yaşamaq olmaz.

– Həmin toplantıda sizi dəstəkləyən oldumu?

– Mən ad çəkməyəcəm, çünki müsahibədən sonra həmin adamlar üçün yaxşı olmayacaq, o mənada ki, efirə çıxarıb məcbur edərlər ki, Rəsul Quliyevin əleyhinə danış, bəlkə repressiya təhlükəsi də mümkündür. Gəl, adları sadalamayaq. Amma məni dəstəkləyənlər oldu, yəni dəvət olunan mütəxəssislərdən heç biri çıxışımın əleyhinə danışmadı. Hətta bəziləri tələsməyə ehtiyac olmadığını və komissiya yaratmağın vacibliyini bildirdilər. Bəli, öyrədilmiş adamlar da vardı, çünki məruzələrini üzündən oxuyanda hiss edirdin ki, buna tapşırıq belə verilib. Nəhayət, Heydər Əliyev yarırus-yarıazərbaycanca yekun nitqi söylədi, dedi ki, Rəsul Quliyev təcrübəli mütəxəssisdir, bir sıra məsələləri bizdən də yaxşı bilir, amma Azərbaycana qaz lazımdır. Guya mən Azərbaycana qazın lazım olmadığını iddia edirdim. Əksinə, mən müqavilədəki şərtlərin dəyişməsini israr edirdim. Əliyevin çıxışından sonra ayağa qalxıb dedim ki, cənab prezident, ayıbdır, elə bilirsiniz, qurduğunuz bu şouda iştirak edəcəm? Əgər belə düşünürsünüzsə, onda şounu davam etdirin, mən getdim. Və iclası tərk etdim. Mən otağı tərk edəndən bir neçə dəqiqə sonra şou da bitdi. Bax, mənin dediyim şərtlərə əməl olunmadığından Azərbaycan xalqı 100 milyarda yaxın itirdi. 20 il ötəndən sonra İlham Əliyevin bu səviyyədə yalan danışması dəhşətdir. Yalnız bir şey düzdür, mən iclası tərk edəndən bir neçə ay sonra ölkədən də getdim. Kaş, ölkədən mən yox, o gedəydi. Əgər belə olsaydı, Azərbaycan xalqı indiki vəziyyətdə olmazdı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ