SON DƏQİQƏ

PressDent.Info

“Günahlarını kiminsə üstünə atmalıydılar, Cahangiri seçdilər”

“Günahlarını kiminsə üstünə atmalıydılar, Cahangiri seçdilər”
29-08-2016, 17:04 22359 dəfə baxılıb

Əminə Hacıyeva: “Cahangirin bacısı olduğuma görə ölkədən çıxışıma qadağa qoyulub”

“Anamdan miras qalmış əmlaka çıxarış almağa imkan vermirlər”

Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva qardaşının günahsız olduğunu, onun qərəz və sifarişlə acınacaqlı şəraitdə saxlanıldığını deyir. Bu barədə o, mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bildirib. Qeyd edib ki, Cahangir Hacıyevin işi üzrə istintaq qərəzli aparılıb:

“Tapşırıq verilib ki, Cahangir Hacıyevi bu şəraitdə saxlayın”

– Bütün dünyada təqsirsizlik prezumpsiyası var. Bu günə qədər Cahangir Hacıyevin saxlanma şəraiti normal olmayıb. Ona qarşı “bondotdel”də münasibət yaxşı deyildi. İndi də təcridxanada problemlər var. Hesab edirəm ki, həbsxanada Cahangir Hacıyevə qarşı bu qərəzli münasibət Ədliyyə Nazirliyi tərəfindəndir. Çünki Penitensiar Xidmət Ədliyyə Nazirliyinin tabeliyindədir. Deməli, oradan birbaşa tapşırıq verilir ki, Cahangir Hacıyevi bu şəraitdə saxlayın. Çünki bu vəziyyət özbaşına ola bilməz. Biz hər yerə müraciət etmişik. İki gün əvvəl Qırmızı Xaç Komitəsindən onun yanına gəlmişdilər, amma yenə heç nə dəyişməyib. Necə idisə, indi də həmin şəraitdə saxlanılır. Soyuducu yoxdur, su vermirlər. Bu şəraitdə adam necə yaşasın?

Mətbuatda yazılanları da başa düşə bilmirik. Hə ixtiyarla Cahangir Hacıyevi “canik” adlandırırlar? Bunu yazan “sarı mətbuatdı”. Yazırdılar ki, təyyarələri var, villaları var, bəs nə oldu? Hiyə tapılmadı? İstintaqın sonunda Cahangir özü də, vəkilləri də materialları oxuyub, məlum olub ki, işin içində onun günahkar olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Cahangir Hacıyev də müstəntiqlərə bu barədə sual verib. Cavab veriblər ki, “biz nə edək, verək məhkəməyə, məhkəmə nə qərara gəlsə, gələr”. Bu nə dərəcə doğrudur?

“Paxıl insanların gözü onu götürmürdü”

– Əgər dediyiniz kimi, Cahangir Hacıyevin heç bir günahı yoxdursa, o zaman həbsinin səbəbi nədir?

– Mən bunu bir bacı kimi yox, Azərbaycan vətəndaşı kimi deyirəm – Cahangir Hacıyevin heç bir günahı yoxdur. Nə bir qəpik onun cibinə gedib, nə də ki, bizim malımız-mülkümüz var. Gəldilər, bağımızı da gördülər, evimizi də. Yalandan yazmışdılar ki, Çexiyada villalar-filan. Bunların heç biri yoxdur. Bunların hamısı böhtandır. Bunlar ilk gündən maliyyə naziri tərəfindən quramadır. Öz günahlarını bir nəfərin üstünə atmalıydılar, yazıq Cahangiri seçdilər.

– Cahangir Hacıyev özü də maliyyə naziri Samir Şərifovu günahlandırır. Onlar arasındakı hansısa şəxsi problem olubmu?

– Cahangir ağıl baxımından onların hamısından yüksək idi. Beynəlxalq dərəcəli iqtisadçı idi, Amerikada iqtisadiyyat universitetini bitirmiş bir insandır. Əlbəttə, bəzi paxıl insanların gözü bunu götürmürdü. Cahangirə həmişə böhtan atırdılar.

– Cahangir Hacıyevin vəkili bildirib ki, həbsindən sonra ailə üzvlərinə təzyiqlər başlayıb. Söhbət konkret hansı təzyiqlərdən gedir?

– Mənə “stop” qoyulub, ölkədən çıxa bilmirəm. Yəqin ona görə ki, mən Cahangirin bacısıyam. Bu nə dərəcədə qanunidir? İkincisi, bizim ailədə Cahangirin kartından götürülən pullar səhmlərə yönəldilib. Ancaq bankın Mərkəz filialının müdiri olmuş Anar Sultanov mhkəmədə bunu demədi, qorxdu. Ailə üzvlərinin adına səhmlər alınıb ki, onlar dağılmasın və bankın içində qalsın. Cahangir Hacıyev özü də dedi ki, bu kapitalın artırılması üçün edilib.

“Bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır”

– Sizin adınıza da bankın səhmləri olubmu?

– Bəli, var. Mənim, qızlarımın, hamımızın adına səhmlər olub. Ancaq bank indi bunları vermir. Bank rəsmi şəkildə bunları verməlidir. İndi də mənə verilən məxaric orderində imzamı saxtalaşdırıblar. Həmin orderdə tarixi də saxtalaşdırıblar. Qeyd edilib ki, guya bizə pul verilib, amma biz bunu gizlədirik. Milyonları bizə necə veriblər? Parkda, bulvarda, küçədə? Əgər bu pul verilibsə, deməli, biz banka getmişik. Bankda kameralar var. Bunu sübut edə bilərlər. Ancaq biz nə tələb edirik, gizlədirlər. Sənədləri vermirlər. Deyirlər ki, belə olmalıdır. Bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır. Cahangir Samir Şərifovun ağzına baxmırdı. Ona görə də lazım idi ki, tez onu oradan çıxarsın. Və çıxardı da.

“Ağ sapla torba tikiblər”

– Azərbaycanda olan ailə üzvlərindən başqa kimlərə “stop” qoyulub?

– Mənə də, qızıma da “stop” qoyulmuşdu. Sonradan qızımın üzərindəki “stop”u götürdülər. Bütün əmlakımıza da həbs qoyulub. Mən bunu ilk dəfədir deyirəm. Bizim anamız rəhmətə gedib, mən onun varisiyəm. Ancaq reyestr xidmətinə deyilib ki, Əminə Hacıyevaya çıxarış verməyin. Və mən vərəsəlik ala bilmirəm. Anamın iki övladı var. Cahangir və mən. Cahangir özü varis olmaqdan imtina edib. Bizim aramızda belə söhbətlər yoxdur. Ancaq o, həbsdə olaraq bundan imtina etdi. Cahangirin payını vermirlər, bəs hansı ixtiyarla mənim də payımı vermirsiz? Mən ömrümdə bircə dəfə də olsun, kredit götürməmişəm. Mənim özümün səhmlərim var. Ancaq onu da mənə vermirlər.

– Cahangir Hacıyevin xanımı ilə əlaqə saxlayırsınızmı?

– Onun barəsində həbs qərarı çıxarılıb və axtarışdadır. Ancaq bu adam necə cinayətkar dəstənin üzvüdür ki, o, 10 ildir xaricdə yaşayır, xarici ölkənin vətəndaşıdır. Ağ sapla torba tikiblər. Sabah Roma papasının işini də gətirib Cahangir Hacıyevin üzərinə qoysalar, təəccüblənmərəm.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ