SON DƏQİQƏ

PressDent.Info

“Ramil Usubovla görüşəndə dedim ki…”

“Ramil Usubovla görüşəndə dedim ki…”
30-06-2016, 19:43 55593 dəfə baxılıb

“Sevinc Babayevanın öldürüləcəyini demişdim”

Ötən ilin sentyabrında Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması ilə Azərbaycanda “MTN işi” başladı. Nazirliyin yüksək rütbəli zabitləri həbs olundu, qurum iki xidmətə bölünməklə tarixin arxivinə gömüldü. Hətta nazirliyin yüksək rütbəli zabitlərindən biri İlqar Əliyev həbsxanada müəmmalı şəkildə öldü.

Ötən müddətdə Eldar Mahmudov və komandası ilə bağlı müxtəlif fikirlər səsləndi. Bunlardan daha çox müzakirə olunanlardan biri keçmiş nazirdə 2 mindən çox seks-video kasetlərin olması xəbəridir. Çəkilişlərin daha çox nazir, məmur və deputatları əhatə etdiyi bildirilir.  Hüquqşünas, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimli Meydan.tv-ə müsahibəsində gündəmin sual doğuran məqamlarına aydınlıq gətirib.

Əvvəli burada

Elçin Behbudovun müəmmalı vəfatı…

– Nəhayət, MTN olaylarından sonra Elçin Behbudov vəfat edir…

–  Müəmmalı şəkildə vəfat etdi. Yenə də fikrimin üstündə dayanıram, Hacı Məmmədovun çəkdikləri Eldar Mahmudovun siyasi sifarişləri idi. Görün, Eldar Mahmudov necə işləyirdi, Hacı Məmmədova rəsmlər çəkdirib ictimailəşdirirdi, sahibkarları hədəfə alırdı və video çəkilişlər, bütün vasitələrdən istifadə edirdi.

–  Başqa maraqlı fakt,  o vəzifəsindən uzaqlaşdırılandan 10 gün sonra Elşad Abdullayevin prokurorluqda işləyən qardaşı işdən çıxarıldı. Vaxtilə danışan Abdullayev isə son vaxtlar nədənsə susur. Dediklərimi necə izah edərdiz?

– Mənim məlumatıma görə, Elşad Abdullayev həmin çəkilişləri rəhbərlik etdiyi universitetdə aparmayıb. Nərimanovun heykəlinin yanında studiya üçün ofis götürüb, kimi çəkəcəkmişsə, ora dəvət edirmiş. İndi sual yaranır; adi universitet rəhbəri necə studiya qurub, kameralar üçün xətlər çəkib çəkiliş aparır və sonra kasetləri ölkədən çıxarır? Bunların hamısı ona dəstəkdən irəli gəlirdi. İndi 11 il milli təhlükəsizlik naziri olan Eldar Mahmudov diskləri çıxarda bilməzmi? Siz bir ironiyaya baxın, Elşad Abdullayevin qardaşının itməsi haqda ilk məlumatı “Femida”da mən yaymışam və onunla dəfələrlə görüşlər keçirmişəm, amma deyilən yerdə yox. Şahidlərin iştirakı olmadan görüşməmişəm. O, mənə təzyiq edirdi ki, qardaşıyla bağlı araşdırmaları dayandırım. Hətta deyirdi ki, araşdırmaları dayandırmırsansa, cinayətkar dəstəylə əlaqədarsan. Və o, ölkəni tərk edəndən sonra məlum videolar yayımlandı. Sualınızın məğzinə gələk, Mahmudov nazir olduğu vaxt Elşad Abdullayevin qardaşına toxunmurdular, o, çıxarılandan 10 gün sonra uzaqlaşdırıldı, sadə məsələ deyil.

Ramiz Mehdiyev Eldar Mahmudovun nazir olmasına etiraz edib

–  İki məqama diqqət etmənizi istərdim. Birinci, Elşad Abdullayevin yaydığı videolarda hədəf Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. İkinci, jurnalist Pərviz Həşimli də məhkəmədə deyirdi ki, MTN-dən ona Ramiz Mehdiyevin əleyhinə ifadə vermək üçün təzyiq edirlər. Bu, Eldar Mahmudovun hakimiyyət daxilində müəyyən söz sahibi olan məmurları hədəfə aldığını deməyə əsas verirmi?

– Bildiyimə görə, Eldar Mahmudovun nazir təyin olunmasına Ramiz Mehdiyev qəti etiraz edib. Ramiz Mehdiyev Eldar Mahmudovu o vəzifədə görmək istəməyib. Eldar Mahmudov da onun namizədliyinin əleyhinə kimlərin çıxdığını bilirdi. Təbii ki, fəaliyyəti dövründə administrasiya rəhbərini hədəfə almaq üçün müəyyən xətlərlə işləyirdi.

– Yeri gəlmişkən, sabiq maliyyə naziri Əvəz Ələkbərov bir neçə ay əvvəl bildirmişdi ki, Eldar Mahmudovun kəsdiyi başa söz ola bilməzdi…

– Bəli, Əvəz Ələkbərov həmin sözü elə-belə işlətməmişdi. Məsələ ondadır ki, o, 2005-cü ildə həbs olunmalıydı, Fərhad Əliyevlə, Əli İnsanovla və Akif Muradverdiyevlə birgə. Yəni o dəstənin üzvü kimi həbs edilməliydi. İkinci, Əvəz Ələkbərovla Cahangir Hacıyev arasında fikir ayrılığı vardı. O, Beynəlxalq Bank barədə çox şey bilirdi. Onu həmin dövrdə dindirmələrə çox çağırmışdılar. Sadəcə, siyasi rəhbərlik həbsə razılıq vermədi. Yalnız ona gücləri çatdı ki, onu vəzifədən uzaqlaşdırdılar. Bununla belə, maliyyə naziri vəzifəsinə öz adamlarını gətirə bilmədilər. Ancaq sabiq nazir Ələkbərov bu gün də bu barədə susur.

– Deməli, Eldar Mahmudov Maliyyə Nazirliyinə də öz adamını qoymaq istəyirmiş və belə bir namizədi var idi?

– Var idi, əgər Maliyyə Nazirliyini götürsəydilər, dairə qapanırdı. Bu gün Cahangir Hacıyev nəyə görə deyir ki, onunla birgə maliyyə naziri də məsuliyyət daşıyır? Samir Şərifova qədər də nazir olan Əvəz Ələkbərov Cahangir Hacıyevin nəylə məşğul olduğunu və kimə arxalandığını bilirdi. Daha vacib məqam, Eldar Mahmudovla Cahangir Hacıyevin qudalığı ikinciylə bağlı deyil, Zamirə Hacıyeva xəttidir.

Qudaların xətti

– Onların qohumluğu “Qara kəmər” əməliyyatından sonra baş tutub?

–  Əlbəttə. Məntiq var axı, əgər onlar qudaydısa, Cahangir Hacıyev Zamirə Hacıyeva oğurlananda niyə Məhərrəm Əliyevə zəng edirdi, elə Eldar Mahmudova zəng edərdi də. Beləliklə, Mahmudov nazir olandan sonra Hacı Məmmədovu MTN-nin təcridxanasında saxlayıb, onun vasitəsilə müəyyən adamlara mesaj verirdi. İkinci Hacı Məmmədov isə Akif Çovdarov oldu. MTN-də zabitlər tanıyıram ki, Çovdarov vəzifəyə təyin olunanda havalanmışdılar.

–  O zaman Zamirə Hacıyevanın Böyük Britaniyada vətəndaşlıq almasında Mahmudovun da rolu olub…

– Siz bilirsinizmi, rus oliqarxları Londonu “Londonqrad” adlandırırlar? Bilmirəm, bizimkilər necə adlandırır, amma azərbaycanlı oliqarxlar harda təminatlı sığınacaq olduğunu bilirlər. Hər halda Maliyyə Nazirliyini götürə bilmədilər, amma səhv etmirəmsə, Ərəstun Oruclu demişdi, Çovdarov daim ətrafındakılara bildirirmiş ki, Eldar Mahmudov tezliklə baş nazir olacaq. Buna hazırlıq gedirdi.

 Mahmudovun ən yola getmədiyi adam Əli Nağıyev olub

– Deməli, MTN işindən sonra bəzi media orqanlarının Eldar Mahmudovun hakimiyyəti götürmək iddiası barədə yazdıqlarında həqiqət var imiş?

– Bu barədə konkret heç nə deyə bilmərəm. Amma prezident Astanadan qayıdan kimi Mahmudov barədə sərəncamı imzalayıb. Yəqin bilirsiniz ki, Mahmudov ən çox yola getmədiyi fiqur Əli Nağıyev olub, çünki ikinci öz sahəsində peşəkar idi. Mahmudov həmişə Nağıyevdən çəkinib, birinci səbəb peşəkarlıq idisə, ikinci savadlılıq. 90-cı illərdə Əli Nağıyev MTN-nin Nərimanov rayon şöbəsinin rəisi olub. Sonra MTN-də daha yüksək post tutub, necə oldusa, onu ordan çıxardılar, amma Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirildi. Mahmudov onun haqqında daha ciddi ölçü götürülməsini istəyirmiş. Görünür, Ramiz Mehdiyev ona bu imkanı vermədi. Yadınıza salın, jurnalist Pərviz Həşimli məhkəmədə ona Ramiz Mehdiyev və Əli Nağıyev əleyhinə ifadə almaq üçün təzyiq olunduğunu, işgəncə verildiyini deyirdi. Baxmayaraq ki, Nağıyev MTN-dən uzaqlaşdırılmışdı, yenə də Mahmudov əl çəkmirdi. Məsələ ondaydı ki, o zaman prezidentin Mahmudova etimadı böyük idi, həm də başqa bir qohumluq əlaqəsi yaranmışdı. Bütün bunlara baxmayaraq, prezident ötən ilin sentyabrında qərarını verdi, başqa yolu yox idi. Bilirsiniz, MTN də artıq OBXSS-ə çevrilmişdi. Bir məqamı xatırladacam; niyə Vaqif Novruzov 2012-ci ilin martında birdən-birə çıxıb geniş müsahibə verdi? O söyləyirdi ki, Eldar Mahmudova milli qəhrəman adı verilməlidir. Və keçmiş baş prokurorlar Əli Ömərovla Eldar Həsənovu hədəfə alırdı. Vaqif Novruzov Eldar Mahmudovun rəisi olmuşdu, ikinci də ona olan borcundan çıxmaq istəyirdi.

Vaqif Novruzov üçün general rütbəsi

– Borc nədən ibarət idi?

– Birinci, Vaqif Novruzov barədə cinayət işini Əli Ömərov qaldırmışdı. Mən Vaqif Novruzovun əməllərilə bağlı araşdırma aparıb, yazı yazmışdım və bunun əsasında cinayət işi açıldı, amma  çox təəssüf ki, həmin iş məhkəməyə göndərilmədi.

– Cinayət işinin motivi nə idi?

– Rüşvət istənilməsi və sair məsələlərlə bağlıydı. Ona görə də Əli Ömərov cəsarət göstərib cinayət işini qaldırmışdı. Deməli, Vaqif Novruzov danışırdı və ardınca onun MTN-ə vəzifəyə gətirilməsi üçün zəmin hazırlanırdı, ardınca general rütbəsi.

– Axı onun yaşı keçmişdi…

– Kim idi ona baxan? Əgər Eldar Mahmudov hər şey edə bilirdisə, hansı yaşdan danışırsınız? Bax, indi Vaqif Novruzovdan soruşmaq lazımdır; budurmu milli qəhrəman, heç olmasa, bu sözə görə utanırsanmı?

–  Həmin sual ona verildi, amma yayındı…

– Təbii ki, yayınacaq. Məsələ ondadır ki, Vaqif Novruzov daxili işlər naziri kimi DİN-in üzqarası idi. Yeganə nazir olub ki, polkovnik gəlib, polkovnik də getdi. Heydər Əliyevin rəhbərlik tarixində olmayıb ki, nazir gətirdiyi adama general rütbəsi verməsin. Necə oldu ki, Usubova nazir təyin olunandan 1 ay sonra general rütbəsi verildi, amma 9 aydan çox işləyən Vaqif Novruzova heç nə verilmədi? Başqa bir fakt, Eldar Mahmudovun ətrafına yığdıqlarının əksəriyyəti Nərimanov polisindən idi, özü də orda Vaqif Novruzovla işləmişdi. Akif Çovdarov da vaxtilə Nərimanov polisində çalışıb, sonradan Rusiyaya biznesə gedib. Vaqif Novruzov bütün gücü ilə Məhərrəm Əliyevin şəhər Polis İdarəsinin rəisi olmamasına çalışırdı. O zaman Məhərrəm Əliyev Səbail Polis İdarəsinin rəisi idi. Məndə olan məlumata görə, Məhərrəm Əliyev  və Vaqif Novruzov Ramiz Mehdiyevin kabinetində görüşürlər. Məhərrəm Əliyev deyir ki, o, bir daha bura gəlməyəcək, cənab prezident paytaxt polisində kimi rəis görmək istəyir? Ramiz Mehdiyev cavab verir ki, sizi. Məhərrəm Əliyev yenidən sual verir, əgər cənab prezident məni görmək istəyirsə, bəs nazir kimi rəis görmək istəyir? Bundan sonra Vaqif Novruzov Məhərrəm Əliyevin təqdimatını verməyə məcbur olur, ona qədər təqdimatını vermirdi. Mən həmin görüş barədə məqalə yazdım, amma Vaqif Novruzov buna cavab vermədi. Yalan yazmışdımsa, çıxıb deyərdi ki, belə söhbət olmayıb.

“Prezident Eldar Mahmudovu tanıya bilməzdi”

– Əyyub müəllim, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun da Eldar Mahmudova yaxınlığını yəqin ki, bilirsiniz. İkinci vurulandan sonra əleyhinə danışmadı, hətta yüksək qiymət verdi, amma ona toxunulmadı…

– Hər bir insan başqasını yüksək qiymətləndirə bilər. Məncə, prezident Eldar Mahmudovu tanıya bilməzdi, çünki onların yolları kəsişməyib, güman ki, onun namizədliyini sıradan bir nəfər irəli sürməyib ki, prezident qəbul etməsin. Həmişə demişəm ki, Çovdarovun elədiklərinin yanında Hacı Məmmədovun tərətdikləri toya getməlidir. Çovdarovun törətdiyi əməllərin heç 5 faizi açılmayıb, ortada çox böyük cinayətlər var. Guya MTN-də ölüm işləri olmayıbmı, işgəncə olmayıbmı? 11 ildə insanları çağırıb hədə-qorxu, işgəncə ilə öldürmək azmı olub? Bəs nədən Çovdarov da daxil həbs olunanlara özünü öldürmə dərəcəsinə çatdırma ittiahamı irəli sürmürlər? Xatırlayırsınızsa, sabiq nazir Namiq Abbasov açıq şəkildə deyirdi ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması işi olduqca qəliz və müəmmalıdır. Bəs nə üçün Eldar Mahmudov o işi açmadı? Axı Mahir Abdullayev də MTN-çi olub, heç olmasa paqon yoldaşlığı vardı. Elşad Abdullayev isə bu gün susur. Mən iddia etmirəm ki, söylədiklərim Quran ayəsidir, razılaşmaya bilərlər. Ancaq bir vaxt Elşad Abdullayev müsahibələr verirdi və Fransada mühacir həyatı yaşayan Ramin Nağıyev də onu müdafiə edirdi…

Sevinc Babayeva ilə bağlı açıqlamam təsdiqləndi

– Ramin Nağıyev sizi ittiham etmişdi ki, Əyyub Kərim Bakıda olsa da, baş verənlərdən xəbərsizdir…

– Bəli, elə bir cümlə işlətmişdi. Mənim ölçü cihazım, yaxud vəzifəm yoxdur ki, bütün baş verənlərdən xəbərim olsun. Mənə lazım olanlardan xəbərim olur və bu barədə də yazıram. Ancaq Ramin Nağıyev özünü qorusun, çünki bir azdan Elşad Abdullayevlə intriqaları yaranacaq. Və söylədiklərim oldu və o zaman “Azadlıq” qəzeti bu barədə sual verəndə, münasibət bildirməyəcəyimi dedim. Elə məsələlər olur ki, o barədə susmaq daha yaxşıdır. Buna bağlı bir hadisəni danışacam. Elçibəyin ölümü ilə bağlı bir cinayət işi açmışdılar, o zaman Rövşanə adlı xanımı bir neçə yerdə dindirirdilər, Bakı şəhər Prokurorluğunda da. Dindirmədən çıxanda mənə zəng edib Sevinc Babayevanın açıqlamaları haqqında sual verdilər. Cavab verdim ki, bu cür məsələlərdə şahidi sağ saxlamırlar, aradan götürməyə çalışırlar, belə davam etsə, Sevinc Babayeva aradan götürülə bilər. Mən sadəcə münasibətimi demişdim, 2-3 saat sonra xəbər çıxdı ki, Sevinc Babayeva ölüb. Azadlıq Radiosu zəng etdi ki, siz bunu hardan bilirdiniz? Məndə heç bir informasiya yox idi, yalnız ehtimal şəklində münasibətimi demişdim.

– Rövşanə xanım kim idi?

– Onu həm MTN-də, həm də prokurorluqda dindirirdilər, Elşad Abdullayevin yaydığı kasetlər və Pərviz Həşimlinin işi haqda da sual verirdilər. MTN-də xanıma təzyiqlər vardı, bir neçə adamın əleyhinə ondan ifadə almağa cəhd edirdilər.

– Kimlərin əleyhinə?

– Pərviz Həşimlinin və Əli Nağıyevin. 4-5 saat dindirmə getdi, Eldar Mahmudov çıxarılandan sonra məlumat aldım ki, əgər mən olmasaydım, həmin xanım orda saxlanılacaqdı və təzyiqlər nəticəsində müəyyən ifadələr alınacaqdı. Hətta Eldar Mahmudov tabeliyində olanlara deyib ki, hansı ağılla Əyyub Kərimovu içəri buraxmısınız? Onlar cavab veriblər ki, məni içəri buraxanda kim olduğumu bilməyiblər. Amma yalan deyiblər, çünki mən sənədlərimi təqdim etmişdim, güman ki, rəhbərliyə tam məlumat çatdırmadan içəri buraxılmışdım. Bəlkə də düşünüblər ki, yuxarıda məni kənarlaşdıracaqlar.

– Dindirmə zamanı hazırda həbsdə olan Elçin Quliyev və həbsxanada müəmmalı şəkildə ölən İlqar Əliyevlə üz-üzə gəldinizmi?

– Rövşəna xanım dindirilən zaman Mövlan Şıxəliyev daxil olmaqla adlarını çəkdikləriniz otağa girib-çıxırdılar. Onlar xanıma təzyiqlər etməyə çalışırdılar. Amma müdaxilə edib deyirdim ki, suallarınızı verin, amma hədə-qorxu olmaz.

–  İlqar Əliyevin ölümü barədə nə deyə bilərsiniz?Artıq Akif Çovdarovun da ürəyinin ağrıdığını deyirlər…

– Bu cür məlumatlar MTN-nin üsullarıdır. Necə oldu ki, Çovdarov MTN təcridxanasında sahibkarlara, dindarlara, jurnalistlərə işgəncə verəndə, ürəyi ağrımırdı, ancaq bu gün ağrıyır? Onun ağrıyan ürəyi varmı? Əgər varsa, gərək o dövrdə də ağrıyardı. Belə hallarda, istəyir azadlıqda olana, yaxud məhbəsdə olana deyirlər ki, bizə problem yaratma, özün məsələni həll et.

–  Yəni İlqar Əliyevə də o cür mesaj veriblər?

– Ola bilər. Ən yaxşı yol budur, Stalinin məşhur kəlamında olduğu kimi: “İnsan var, problem var, insan yoxdur, problem yoxdur”. Biz bəzən sual veririk ki, Eldar Mahmudov niyə həbs olunmur, bəlkə ona da şərait yaradırlar. SSRİ-nin sabiq daxili işlər naziri Şelokov özünü necə vurmuşdu? Ona dedilər ki, sənə şərait yaratdıq, ancaq başa düşmədin, gəlirik. O da general formasını geyindi və tüfənglə özünü öldürdü. Bəzən çöldə də, içəridə də olana eşitdirirlər ki, sənə məhkəmə qarşısına çıxmaq lazımdır?

“Ramil Usubov məni məhkəməyə verdi…”

– Şelokovdan söz düşmüşkən, o keçmiş SSRİ-nin ən çox işləyən daxili işlər naziri olub, 16 il. Amma o rekordu Azərbaycanın daxili işlər naziri Ramil Usubov yenilədi, 22 ildir nazirdir. Vaxtilə o da sizi məhkəməyə vermişdi. Səbəb sizin sabiq polislərin valyutadəyişmə məntəqəsinə basqın etmələrilə bağlıydı, nə oldu o işin sonu?

– Bəli, Şelokov SSRİ-də ən çox müddətə nazir olmuşdu, Brejnev onunla Andropovu eyni vaxtda vəzifəyə təyin etmişdi, ikinci dövlət təhlükəsizlik naziri idi. Bu qurumlar arasında həmişə intriqa olub. Azərbaycanda da oxşar durum idi, Eldar Mahmudov yatıb yuxusunda da Ramil Usubovun həbsini görürdü. O, Ramil Usubovun onu iki dəfə vəzifədən çıxarmasını həzm edə bilmirdi. Göstərmək istəyirdi ki, məni adi idarə rəisi görmürdün, amma mən indi hardayam?! Bir daha deyirəm, Usubovun qətiyyəti alqışlanmalıdır. Bununla belə, “Qara kəmər”lə bağlı o dövr nə yazmışamsa, üstündə dayanıram, çünki düz yazmışam. Gələk sualınıza, valyutadəyişmə məntəqələrinə basqınla bağlı mətbuatda məlumatlar gedirdi, elə oldu ki, mən zərərçəkənlərdən birinin nümayəndəsi oldum. İşi Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparırdı. Dindirmə zamanı Bakı və Sumqayıt da daxil olmaqla valyutadəyişmə məntəqələrinə hücumla bağlı açılmayan 26-27 epizod aşkarlandı. Digər tərəfdən, sabiq və işləyən polis işçilərinin də basqınlarda əli olduğunu bilirdim, Hacı Məmmədov həbs olunsa da, DİN-də müəyyən xətlər qalırdı və bir-birinin sahəsinə müdaxilə etmirdilər. Onda mən “Azadlıq”qəzetinə müsahibə verdim ki, əməliyyat tapşırığını yerinə yetirmək üçün prokurorluq DİN-ə göstəriş verirdi, amma iş açılmırdı. Ona görə əməliyyat tapşırığı “Qara kəmər”də olduğu kimi MTN-ə verilsin və inanıram ki, cinayətin üstü açılacaq. Bir ay sonra Baş Prokurorluqla MTN birgə məlumat yayır ki, cinayətin üstü açıldı və “Mehdinin dəstəsi” deyilən bir qrup həbs olundu. Məhkəmə istintaqı zamanı zərərçəkənin nümayəndəsi kimi Mehdiylə toqquşmamız oldu və hətta o, mənə hücum etmək istədi. Onda hakim Əlövsət Abbasov dedi ki, elə bilirdin sənə kimsə sual verməyəcək? Həmin cinayət işində 2 məxfi məktub vardı, hakimdən ala bilməsəm də, işlə tanış olarkən həmin məktubları köçürə bildim. Məktublar Baş Prokurorluğun bir polis mayorunun valyutadəyişmə məntəqələrinə hücumda iştirakda şübhələndikləri haqdaydı. Həmin mayor Nərimanov polisində işləyirdi, sonradan onu çıxardılar, çünki məktub mətbuatda dərc olundu. Mən o ərəfədə bir müsahibəmdə demişdim ki, MTN-də DİN barədə bütün məsələlər hazırlanıb, çuval hazırdır, sadəcə, bağlamaq lazımdır. Bu müsahibədən sonra DİN-də bir sıra adamlar naziri məni məhkəməyə verməyə yönəltdilər. Hələ o dövrdə Eldar Mahmudovun çəkilişlər aparması haqda məlumatlar alırdım. Məsələ ondaydı ki, Elşad Abdullayev videoları yayırdı, DİN-də bəzi qüvvələr həmin çəkilişlərin məndə də olduğunu düşünüb haqqımda ciddi ölçü götürmək üçün naziri məni məhkəməyə verməyə yönəldirdilər. Bax, Ramil Usubovun məhkəməyə müraciət etməsində ikinci amil bu idi və böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə şikayət verdi. Məhkəmə çəkişməsinin müəyyən mərhələsində nazirlə görüşdük.

– Təklikdəmi?

–   Xeyr, nazirlə bərabər başqa bir şəxs də vardı. Ancaq şərtim belə idi ki, DİN-ə arxa qapıdan yox, üzü univermağa baxan qapıdan gələcəm. Qarşı tərəf bu və digər şərtlərimlə razılaşdı. Nazirin bütün suallarını cavablandırdım və hiss olundu ki, onu tamamilə səhv yola yönləndiriblər. Mən o zaman da nazirə mətbuata verdiyim açıqlamanı xatırlatdım ki, MTN-nin xırda narkotik satıcılarını həbs etməsi düzgün deyil, bu, DİN-in işidir. Onda “Bizim Yol”da mənə cavab vermişdilər ki, MTN-nin bu əməliyyatları strateji səciyyə daşıyır, mən də dedim ki, o zaman OBXSS-liklə də məşğul olsunlar da.

– Narkotikdən söz düşmüşkən, necə olur ki, gənc fəalların evindən narkotik maddəni tapa bilirlər, amma İrandan Azərbaycana girib Gürcüstana keçən tonlarla heroini aşkarlaya bilmirlər?

–  Əslində, görüblər, ancaq özlərini görməzliyə qoyublar. O qədər heroini görməyə bilməzdilər və bu xətt tamam başqa xətdir. Bir məqamı deyim ki, MTN işində müəmmalar olduqca çoxdur. Hacı Məmmədovun məhkəmədə səsləndirdiyi “Mən və dəstəmin 5-6 nəfər üzvləri bu “osminoq”un bir barmağıdır. Mən burada olduğum müddətdə həmin “osminoq” böyüyüb, artıb və məndən də böyük barmaqları var” fikirləri qüvvədədir. Məsələ ondadır ki, “qara kəmər” əməliyyatından sonra ölkə başçısı ciddi çıxış etsə də, “MTN işi”ndən sonra belə çıxış yoxdur. Bəlkə siyasi hakimiyyət məsələlər tam aydın olandan sonra sözünü deyəcək, bilmirəm. Ancaq bəzi nazirlər və deputatların danışmasına baxmayaraq, birinci şəxs hələ susur. Bütün hallarda bu “xəmir hələ çox su aparacaq”. Həmişə bir mövqeyimdə qalmışam və bunu nazir Usubovla görüşümdə də dedim. Ki, nazirlərin neçə il vəzifədə qalacağını yalnız prezident bilir, amma inkişaf etmiş ölkələrdə xalq səsverməsi prezidentin neçə il hakimiyyətdə qalacağını müəyyən edir. Amerikalıların belə bir məsəli var: prezident 4 il, jurnalist isə həmişə hakimiyyətdədir. Əlavə etdim ki, cənab nazir inciyə bilərsiniz, mənim kimi düşünməyə də bilərsiniz, bəs niyə bir dəfə dəvət edib soruşmadınız ki, nə üçün filan məqaləni yazmısan? Hanı sizin mətbuat xidməti? Hansı bir materialı göndərdiniz və mən çap etmədim? Əgər sizin tabeliyinizdə olanlar mətbuata məlumat sızdırırsa, orda jurnalistin günahı yoxdur, mətbuat sızdırılan bütün məlumatları verməlidir, biz onunla işləyirik. Biz istənilən nazirlikdəki xəyanətkarları sevirik, xəyanətə nifrət etsək də. Müəyyən fikirlərimlə razı olduğunu dedi. Cavab verdim ki, jurnalistə qarşı çıxmaq özünə qarşı çxımaqdır, hələ dünya tarixində jurnalistə qalib gələn hakimiyyət olmayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ