SON DƏQİQƏ

PressDent.Info

“İlham Əliyevin çıxış yolu qalmayıb”

“İlham Əliyevin çıxış yolu qalmayıb”
5-04-2016, 01:46 31233 dəfə baxılıb

«Sanki bunlar azərbaycanlıların sonuna çıxmaq üçün hakimiyyətə gəliblər»

Vidadi Mirkamal: «Hakimiyyət siyasi məhbusların bir qismini buraxır, onların yerinə AXCP üzvlərini həbs edir»

Azərbaycanın prezidenti Ilham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündə diqqət çəkən bir sıra mühüm bəyanatlar verib. I.Əliyev bəyan edib ki, ABŞ-la əlaqələr yüksək səviyyədədir. I.Əliyevin ABŞ-a səfər ərəfəsində əfv fərmanı imzalaması, əlbəttə, hesablanmış addım idi. Məqsəd ABŞ-dan gələn sərt demokratik tələbləri neytrallaşdırmaq idi. Bəs, I.Əliyev Qərblə münasibətlərin strateji əhəmiyyət daşıdığı və rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildiyi ilə bağlı verdiyi açıqlamalarda nə dərəcədə səmimidir? Gündəmdə olan bu və başqa sualları Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamala ünvanladıq.

– Azərbaycanın dövlət başçısı əvvəllər də dəfələrlə bəyan edib ki, ölkəmiz Qərbə inteqrasiyaya sadiqdir və ABŞ-la gözəl dostluq əlaqələrimiz var. Amma hadisələrin sonrakı gedişi göstərdi ki, münasibətlər xeyli dərəcədə gərgindir və bu gərginliyin də əsas səbəblərindən birincisi ölkədə insan hüquq və azadlıqlarının pozulmasıdır. Beynəlxalq təşkilatlar hakimiyyətdən birmənalı şəkildə insan hüquqlarına hörmət olunmasını tələb edirlər. Amma neçə illərdir ki, hakimiyyət repressiya siyasəti yürüdür. Əvvəlcə siyasi partiya nümayəndələrini hədəf alan iqtidar 2014-cü ildə birmənalı qaydada kütləvi şəkildə vətəndaş cəmiyyətinin üzərinə getdi. Vətəndaş cəmiyyətinin aktiv üzvlərinin hamısını həbsxanaya doldurdu. Bütün bunlar Qərbin gözü önündə baş verdi. Hakimiyyət bir tərəfdən Qərbə inteqrasiyadan danışır, digər tərəfdən ifadə azadlığına qarşı kəskin mübarizə aparır. Belə bir şəraitdə Qərb Azərbaycanın dövlət başçısının bu hərəkətlərinə dözə bilməzdi. Ona görə Azərbaycanın qarşısında şərt qoyuldu. Bu şərtlərdən biri də siyasi məhbusların azadlığa buraxılması idi. Ilham Əliyevin artıq çıxış yolu qalmayıb. Amerika səfəri ərəfəsində siyasi məhbusların bir qismi azadlığa buraxıldı. Düşünürəm ki, bunun davamı da olacaq. Qərb, ABŞ məsələni kəskin qoyub. Azərbaycana qarşı sanksiyalarla bağlı qanun layihəsi hazırlanıb. Bu sanksiyaların həyata keçməsi elə də uzaqda deyil. Hakimiyyət baş verənlərdən nəticə çıxarmalıdır. Ölkədə insan hüquq və azadlıqların bərpasına yönələn xeyli addımlar atılmalıdır.

“Hakimiyyətin siyasi oyununun sonu uzaqda deyil”

– Siz vurğuladığınız kimi, vaxtaşırı bu cür bəyanatlar səslənib. Amma bir müddət keçdikdən sonra hakimiyyət yenidən öz repressiv siyasətinə qayıdır. Sizcə, hazırkı yaranmış siyasi vəziyyətdə hakimiyyət real islahatlara gedəcəkmi, yoxsa yenə ənənəsinə sadiq qalacaq?

– Hakimiyyət yenə də Qərblə oynayır. Hakimiyyət vətəndaş cəmiyyətinin bəzi üzvlərini həbsdən azad etdi. Amma onların yerinə real müxalifət təşkilatı olan AXCP üzvlərini həbs edir. Qərb uzun müddətdir vətəndaş cəmiyyəti üzvlərinin azadlığa çıxması ilə bağlı iş görür. Azərbaycana qarşı sanksiyaların da hazırlanması vətəndaş cəmiyyəti üzvlərinin həbsi ilə bağlıdır. Yəni bu, birmənalı qaydada siyasi oyundur. Amma bu oyunun sonu uzaqda deyil. Çünki Qərb Azərbaycan reallıqlarını gözəl bilir. Sadəcə olaraq məni ziyalı kimi bir məqam düşündürür və üzür; Azərbaycandan kənarda olan beynəlxalq qüvvələr hakimiyyətə təzyiq edirlər ki, öz vətəndaşının hüquqlarını pozma, onu yaşat, ona normal yaşayış ver. Güman etmirəm ki, hazırkı sistemdə ciddi islahatlar mümkün olsun. Azərbaycanda iqtisadi vəziyyət xeyli pisləşib. Neft gəlirlərinin əksər hissəsini hakimiyyət nümayəndələri ofşorlara ötürüb. Kredit borcları vətəndaşları üzüb. Belə bir şəraitdə bu hakimiyyət nümayəndələri anti-böhran tədbirləri görmək əvəzinə repressiyalara əl atır. Siyasi islahat görmək əvəzinə nazirlərin yeri dəyişilir, müəyyən qurumları ləğv edir, yenilərini yaradır. Bütün bunlar islahat görüntüsüdür. Köklü islahat belə olmur. Ilham Əliyev siyasi iradə ortaya qoymalıdır. Həmin iradə əsasında proqram hazırlanmalı və ölkədə köklü, siyasi və hüquqi islahatlar həyata keçirilməlidir.

“Azadlıq” qəzeti və “Azərbaycan saatı” ölkə reallıqlarını işıqlandırır

– Hakimiyyət hazırda atdığı addımlarla Qərbi aldatmağa çalışır. Belə görünür ki, hakimiyyət repressiv siyasətini davam etdirməkdə israrlıdır. Milli Şura olaraq hansı addımlar atacaqsınız ki, hakimiyyət Qərbə qarşı kiçik reveranslar hesabına demokratik islahatları ertələməsin?

– Xeyli müddətdir ki, hakimiyyət siyasi müstəvini daraldıb. Yəni hər bir ölkədə siyasi partiyalar hakimiyyəti tənqid etməklə məşğul olmalıdır. Onlar hakimiyyəti məcbur etməlidir ki, ölkədə islahatlar aparılsın, insanların rifahını yaxşılaşdıran addımlar atılsın.

Digər tərəfdən, hakimiyyət neft pulları hesabına xeyli varlanıb. Həmin pullar hesabına müxalifətdə olan müəyyən səbatsız qüvvələri tərəfinə çəkə bilib. Müxalifət eynicinsli orqanizm deyil. Müxalifət tərkibində müəyyən qüvvələr var ki, hakimiyyətlə əlaqədədir. Hakimiyyətdən aldıqları pul hesabına onlar real müxalifətlə mübarizə aparırlar. Milli Şura ardıcıl olaraq ölkədə baş verən repressiv addımlara görə etiraz səsini ucaldıb. Biz sosial çağırışlarla, “repressiyalara son” şüarı ilə mitinqlər təşkil etdik. Eyni zamanda bizim üzvlərimiz və tərəfdarlarımız ölkə reallıqlarının vətəndaşlara çatdırılması istiqamətində fəaliyyət göstərir. Mən bu istiqamətdə müstəsna rol oynayan “Azadlıq” qəzetinə və Azərbaycanın rayonlarında yayımlanan  “Azərbaycan saatı” proqramına təşəkkür edirəm. “Azərbaycan saatı” Azərbaycandakı həqiqətləri insanlara çatdıran bir vasitə olub. Bütün bunlar ona xidmət edir ki, hakimiyyət xalqa qarşı addım atsın, xalqa doğru gəlsin.

– Siyasi məhbusların böyük qismi hələ də həbsdədir. Onlar sırasında Xədicə Ismayılın, Ilqar Məmmədovun, Seymur Həzinin, Qarabağ əlili Asif Yusiflinin, Elnur Seyidovun və başqalarının adlarını çəkmək olar. Hakimiyyət siyasi məhbus problemini tam həll etmədən Qərbdən gələn təzyiqləri neytrallaşdıra biləcəkmi?

– AXCP sədri Əli Kərimlinin ətrafındakı şəxslərdən 10-u həbsdədir. Bununla hakimiyyət xalqa real müxalifətin ünvanını göstərib. Başqa elə bir partiya yoxdur ki, onun bu qədər siyasi dustağı olsun. Yəni hakimiyyət artıq Qərbin təzyiqləri qarşısında vətəndaş cəmiyyəti üzvlərini azadlığa buraxmağa məcbur oldu. Amma başqa bir ünvan AXCP-dir. Hakimiyyət xalq düşməni elan etdiyi adamları azadlığa buraxır, amma AXCP üzvlərini azad etmir. Digər tərəfdən, AXCP-nin qurultayı ilə bağlı sənədlər məhkəmədədir. Amma məhkəmə müraciətləri nəzərə almır. Hakimiyyətin qorxduğu ikinci bir qüvvə inanclı insanlardır. Tale Bağırzadə və onun ətrafında olanlara işgəncə verməklə ifadə almağa çalışırlar. Hakimiyyət ona xələl yetirə biləcəklərin ünvanını dəqiq bilir və onları neytrallaşdırmağa çalışır. Ona görə hakimiyyət azad etdiyi insanların yerini yeniləri ilə əvəz etmək siyasəti yürüdür. Bununla hakimiyyət siyasi məhbus probleminə həmişə bazarlıq obyekti kimi baxıb. Bizim məqsədimiz budur ki, hakimiyyətə bu problem ilə siyasi alver etmək imkanını verməyək. Siyasi məhbus problemini səmimi həll etmək istəyən hakimiyyət 100-ə yaxın siyasi məhbusun hamısını bir fərmanla azad edərdi. Bax bu addım Azərbaycana qarşı tətbiqi nəzərdə tutulan sanksiyaların qarşısının alınması üçün səmimi tədbir olardı. Amma hakimiyyət sanksiyalar qarşısında aciz qalıb.

“AXCP-nin qeydiyyata alınmaması nadanlıq, hüquqi nihilizimdir”

– AXCP-nin qeydiyyatına problem yaratmaqla məqsəd nədir? Bununla əsas müxalifət partiyasının diqqətinimi yayındırmağa çalışırlar?

– Burada iki böyük məqsəd var. AXCP real müxalifət qüvvəsidir. AXCP bu hakimiyyətə qarşı duran mətin, sarsılmaz insanlar toplumudur. Hakimiyyət çalışır ki, bu tip addımlar atmaqla təşkilatın diqqətini əsas məqsəddən yayındırsın. Ikincisi, hakimiyyət güman edir ki, AXCP-ni qeydiyyata almamaqla təşkilatı beynəlxalq diqqətdən kənarda qoya biləcək. AXCP qeydiyyata alınmayacaqsa, sabah hakimiyyətin bəyan etməyə arqumenti olacaq ki, Xalq Cəbhəsi qeydiyyata alınmayan partiyadır. Amma bu nadanlar başa düşmürlər ki, birincisi, AXCP qeydiyyatı ləğv olunmamış partiyadır. AXCP-nin qeydiyyatı var. AXCP-nin yeni qeydiyyatı baş verib və həmin qurultayla bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Ədliyyə Nazirliyi isə müxtəlif bəhanələrlə qeydiyyatdan imtina edib. Məhkəməyə müraciət edilib. Məhkəmə isə hesab edir ki, müraciəti verən partiya sədri sıravi üzvdür. Bu sadəcə olaraq nadanlıq, hüquqi nihilizimdir. Mən 45 ildir hüquq sahəsindəyəm. Məhkəmənin çıxardığı qərar məni heyrətləndirir. Tutalım siz yeni AXCP-nin sənədlərini qəbul etmirsiz. Axı qurultayaqədərki AXCP-nin qeydiyyatı ləğv olunmayıb. Yəni o qədər absurd əsasla iddia rədd edilir ki, açıq görünür, bu, hakimiyyətin sifarişidir.

“Azərbaycanda vaxtında köklü islahatlar aparmaq lazım idi”

– Hakimiyyət neft pullarını cəmi 1 faizdən xarici idarəetməyə verir, amma 7 faizdən özü kredit götürür. Halbuki Dünya Bankının islahatlarla bağlı tələbləri yerinə yetirilərdisə, o zaman Azərbaycan aşağı faizlə kredit əldə edə bilərdi?

– Bunu mən əyyaş ailə başçısının ailə gəlirlərini biveccəsinə xərcləməsindən sonra qonşulardan borc alması ilə müqayisə edərdim. Azərbaycan 2000-ci ildən başlayaraq neft pulları içərisində üzürdü. Neft pulları hesabına Bakının kənarında yüz kilometrlərlə hasarlar çəkildi. Bu pulların biveccəsinə xərclənməsinin arxasında korrupsiya dayanır. Həmin pulların bir qismi mənimsənilib. Hakimiyyət boş, lazımsız proyektlərə, xaricdə məktəb tikintisinə, kilsə təmirinə milyardlarla dollar xərcləyib. Məhz o vaxt Azərbaycanda köklü islahatlar aparmaq lazım idi. Azərbaycanda hər tində bir şadlıq sarayı tikməkdənsə, rayonların hər birində zavod tikmək lazım idi. Bu, insanları daimi iş yeri ilə təmin edərdi. Azərbaycanda düymədən tutmuş coraba qədər xaricdən gətirilir. Neftdən gələn pullara xaricdə villalar tikilib, bank hesabları açılıb. Hazırda isə pul tükənib və borclanmaya gedirlər. Sanki bunlar azərbaycanlıların sonuna çıxmaq üçün hakimiyyətə gəliblər.

– Ölkəni intihar dalğası bürüyüb. Bir çox intiharlar bank borcuna görə baş verir. Amma baş verən intihara görə heç kim məsuliyyətə cəlb edilmir?

– Insanı intihara çatdıran amillər elmə məlumdur. Insan o halda intihara cəhd edir ki, onun beynində pozğunluq yaranır. Amma özünü intihara atan şəxslərin tam əksəriyyəti cəmiyyətdə normal insanlar olub. Onları iqtidarın yarıtmaz maliyyə, sosial-iqtisadi siyasəti bu həddə çatdırıb. Yəni cəmiyyətdə elə bir mühit yaranıb ki, bu insanlar artıq gələcəklərini görmürlər. Bu insanlar ehtiyac üzündən kreditə girirlər. Oğul evləndirməli, qız köçürtməli valdeynlər bankdan borc götürürlər. Hesab edir ki, on min kredit alıb on üç min qaytaracaq. Amma məmurlara, hakim ailəyə məxsus banklar vətəndaşları aldadır. Banklar Konstitusiyanın 19-cu maddəsinə zidd olaraq insanlara dollarla kredit verir. Cinayət burada baş verir. Insanlar manatla borc istəyir, amma dollarla almağa məcbur olur. Götürülən borc da dollarla qaytarılmalıdır. Nəticədə on min borc alan şəxs 40 min qaytarmalı olur. Devalvasiyanın nəticələri insanları çıxılmaz vəziyyətə salıb. Mülki Məcəllədə bununla bağlı xüsusi maddə var. Vəziyyət dəyişdiyindən vətəndaşlara dəyən ziyanı dövlət qarşılamalıdır. Çünki devalvasiya hakimiyyət orqanlarının qərarı ilə baş verib. Belə bir vəziyyətdə vətəndaş çıxış yolu tapa bilmir və intihara əl atır.

“Hakimiyyət mafioz qanunlarla işləyir”

– Eldar Mahmudovun hələ də həbs olunmamasının səbəbi nədir?

– Qanunun şah olduğu ölkədə həmin şah çöldə qalmalı deyil. Yəni bir sistemi banditizm yuvasına çevirən şəxs azad gəzə bilməz. Eldar Mahmudovun hələ də azadlıqda olmasının səbəbi budur ki, bu hakimiyyət mafioz qanunlarla işləyir. Dövlətin qanunları qalıb bir kənarda, iqtidar isə mafiya qanunları ilə işləyir. Eldar Mahmudov qanunlara əsasən həbs olunmalıdır. Bu baş vermirsə, deməli, hakimiyyət onun cinayətlərinə şərikdir.

– MTN-in işgəncə verdiyi şəxslər barədə məhkəmə hökmü, prokuror sanksiyası var. Bəs bu instansiyalar niyə məsuliyyətə cəlb olunmur?

– MTN-i törədən, onu böyüdən bu sistem olub. Prokurorluq orqanlarının da, məhkəmələrin də arxasında dayanan yenə də bu hakimiyyətdir. Baş prokuror da, ədliyyə naziri də, prezident də həmin adamlardır. Heç nə dəyişməyib. Bu sistem getməyincə, onun daxilindəki generalları müalicə etmək mümkün olmayacaq. Bunlara kənardan həkim lazımdır.

– Niyə Hacı Məmmədovun yenidən ifadə vermək istəyini nəzərə almır?

– Hacı Məmmədovun bir ifadəsi var idi. O bəyan etmişdi ki, mən qırxayağın bir ayağıyam. Indi Akif Çovdarovun işində məlum oldu ki, həqiqətən də ondan böyük də ayaqlar var imiş. Nə qədər ki, bu cəmiyyətdə qırxayağın özü azadlıqdadır, insanlara öz səlahiyyətlərini yeridə bilir, o mənada kriminogen durum həmişə ağır olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ