SON DƏQİQƏ

PressDent.Info

Xarici borclar hökumətin vəziyyətini çətinləşdirir

Xarici borclar hökumətin vəziyyətini çətinləşdirir
21-03-2016, 15:15 21750 dəfə baxılıb

İlin ilk 3 ayı ölkənin valyuta bazarında gərginlik kəskin hiss edilmədi. Heç şübhəsiz əsas səbəb iqtisadi fəallığın kəskin enməsi fonunda valyutaya tələbatın azalmasıdır. Başqa bir mühüm səbəb isə iqtisadiyyatın xarici valyuta ehtiyaclarını qarşılamaq üçün Mərkəzi Bank və Neft Fondu birlikdə hərraclar vasitəsilə 3 ay ərzində 2. 2 milyard dollara yaxın valyuta satması oldu. Amma problem ondadır ki, yaxın aylarda Neft Fondu Mərkəzi Banka əvvəlki aylarında olduğu həcmdə dəstək verə bilməyəcək. Səbəb budur ki, Neft Fondu qarşıdakı 9 ayda ölkədən kənarda öhdəliklərini icra etmək üçün 1.9 milyard dollara yaxın vəsait xərcləməli olacaq. Həmin vəsaitin 1.5 milyard dollardan bir qədər çox hissəsi TANAP-dakı payın, 300 milyon dollardan bir qədər çox hissəsi isə Bakı-Qarsa dəmir yolu layihəsində və “STAR” neft emalı kompleksində payın maliyyələşdirilməsinə sərf olunacaq.  

Ümumikdə 2016-cı il ərzində Neft Fondu 6.6 milyard dollar (hazırkı məzənnənin sabit qalacağı tədqirdə) xərcləməlidir. İlin ilk 3 ayında bunun 20%-ə yaxın hissəsi artıq daxili valyuta bazarında satılıb. Təxminən 29%-i isə valyuta formasında daxili bazara girmədən xarici öhdəliklərə gedəcək.

Bundan sonrakı aylarda Neft Fondu ən yaxşı halda valyuta hərraclarına 3.5 milyard dollar çıxara biləcək. Bu isə orta hesabla 400 milyon dollardan da azdır. Halbuki hazırda ölkənin təkcə əmtəə və xidmət idxalı üçün tələbatını ödəmək üçün tələb edilən valyuta ehtiyacı 700 milyon dollardan az deyil.
Amma hökumətin valyuta ilə öhdəlikləri təkcə Neft Fondunun xaricdəki layihələri ilə bitmir. Dövlət büdcəsi vasitəsilə də təxminən 1.5 milyard dollar valyuta öhdəliyi var – bunun 800 milyon dollardan bir qədər çoxu xarici borcların qaytarılmasına, 650 milyon dollara yaxını isə TANAP-layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Göründüyü kimi, hökumət 2016-cı il ərzində xarici valyuta öhdəliklərinin icrasına 3.4 milyard dollar xərcləyəcək ki, bu ilin icmal büdcə xərclərinin 21%-nə bərabərdir. Məlumat üçün deyim ki, son illərdə icmal büdcə xərclərində xarici valyuta ilə öhdəlikləin maliyyələşdirilməsi xərclərinin payı 7-8%-dən çox olmayıb.

Bu fakt nəyi göstərir? Qarşıdakı aylarda manata təzyiq göstərən əsas faktorlardan biri hökumətin xarici öhdəlikləri olacaq. Halbuki ilin 2 ayı üzrə idxalın orta hesabla 25-30% azalmasının valyuta bazarında gərginliyi azaldacağına ümidlər vardı. Amma idxalın məhdudlaşması hesabına valyutaya azalan tələbatı büdcənin valyuta xərcləri artıqlaması ilə üstələyir.

Manatın yaxın aylar üçün durumunu proqnozlaşdıran analizlərdə bu faktlar nəzərə alınmalıdır… 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ