SON DƏQİQƏ

PressDent.Info

Oğlu müxalifətə keçən YAP-çıdan sərt ittihamlar - Eldar Sabiroğlu danışdı

Oğlu müxalifətə keçən YAP-çıdan sərt ittihamlar - Eldar Sabiroğlu danışdı
22-12-2015, 02:34 33495 dəfə baxılıb

Sabiq rəis: “Onu Siyavuş Novruzov danışdırır

Hüseyn Paşayev: “Yetkinlik yaşında siyasi mövqeyini bir neçə dəfə dəyişmiş bir insandan nə desən gözləmək olar” 

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun iqtidardan müxalifətə keçməsini bəyan etməsi, eləcə də, prokurorluqdakı vəzifəsindən istefa verməsinə hakim partiyadan reaksiya verilib. 
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az saytına açıqlamasında E.Sabiroğlunun YAP-ın sıralarında olmasına təəssüf etdiyini bildirib. “Eldar Sabiroğlu bir neçə dəfə  siyasi mövqeyini dəyişib. O, bu gün də YAP-ın üzvü olaraq konkret ünvanlara qarşı ittihamlar səsləndirir. Bu da onun xarakterindən irəli gəlir”, -deyə, H.Paşayev əlavə edib. 
Oğlunun atdığı addımlar, həmçinin YAP-ın reaksiyası barədə Eldar Sabiroğluna müraciət etdik. 
- Eldar müəllim, YAP-ın mətbuat katibi Hüseyn Paşayevin mövqeyi ilə tanışsınızmı?
- Bəli, tanışam. Elə belə yazın. O...(müsahibim burada təhqiramiz ifadə işlətdiyi üçün dediklərini çap edə bilmirik - E.P.) və bu münaqişəni ailə münaqişəsi ilə əlaqələndirib. Hətta bir az da uzağa gedərək Rüfətin ailədən bu cür tərbiyə aldığı fikrini irəli sürüb. Tərbiyəsiz onun özüdür. Mənim oğlum da, mənim ailəm də əxlaqi xüsusiyyətlərə malik, tərbiyəvi bir ailədir. Heç kimə ixtiyar verilmir ki, ailə məsələlərini gündəmə gətirsin, bunun özü ən böyük əxlaqsızlıqdır. Onu Siyavuş Novruzov danışdırır, o...(E.Sabiroğlu yenə də təhqiramiz ifadə işlədir - E.P.)...  Xahiş edirəm bunların hamısını yazasınız. 
- Amma siz də elə danışın ki, dediklərinizin hamısını yaza bilək...
- Yox da, yazın. Bunun ailə münaqişəsinə nə dəxli var? Yaxud ailədə nə münaqişə baş verir? Nə kritik məsələ baş verib ki, o, belə deyir? 
- Ola bilsin sizin mətbuat vasitəsilə oğlunuza cavabınız, müraciətiniz belə bir rəy formalaşdırıb...
- Bu, çox normal bir cavabdır və orda ailə məsələlərini ehtiva edən bir mətləb yoxdur. 
- Oğlunuz deyir atam zəng edib məni təhqir etdi...
- Bilirsiniz o, nəyi təhqir hesab edir? Ona dedim ki, nə üçün bu mövqeni seçdin? Bu, onu təhqir kimi qəbul edir. Amma bunun ailə münaqişəsinə nə dəxli var. Ailədə heç bir münaqişə yoxdur. Bu məsələni gündəmə gətirənin özünü mən əxlaqsız hesab edirəm. Vaxtilə Hüseyn Paşayev mənim əməkdaşım olub, necə yazmaq lazımdır, mən ona öyrədirdim. Amma Rüfət iki ali məktəb qurtarıb, hər ikisini də böyük müvəffəqiyyətlə. Lakin o, iki almaqla, kəsirləri sumkasına yığmaqla ora-bura daşıyırdı. Bir dəfə gəldi ki, məni Ərəstun adlı müəllim kəsdi, “2” verdi. Dedim niyə? Bildirdi ki, soruşdu hansı partiyanın üzvüsən, dedim YAP-ın üzvüyəm, ona görə mənə “2” verdi. Sonradan öyrəndim ki, yalan danışırmış. Əksinə, bu, heç bir suala cavab verə bilməyib. İndi bu savadsız durub mənə dərs keçir. 

“Mənim YAP-dan istefa verməyim haqqında təklifləri də qulağım eşidir. Mən bunu edən deyiləm! YAP mənimçün doğma partiyadır və onu kortəbii qəbul etməmişəm. Heydər Əliyev siyasətinə inanıb ora gəlmişəm və ömrümün sonuna qədər də o partiyada olacağam”

- Biz Hüseyn Paşayevin keçmişini müzakirə etmirik. Fakt odur ki, oğlunuz elə addım atıb ki, elə hakim partiya üçün də gözlənilməz olub.  
- Bu, mənim özümçün də gözlənilməzdir. Siz mənim oğlum Rüfətə yazımı yəqin ki, oxumusunuz. Tamamilə gözlənilməzdir. Amma bu cür münasibət bildirmək yaramaz! 
- Oğlunuzda müxalifətə meyllilik var idimi? 
- Qəti! Mən bunu qəti şəkildə hiss etməmişdim. 
- Bəs, birdən-birə nə oldu? 
- Bu hadisə olmamışdan bir gün əvvəl mənim onunla 3-4 dəfə telefon danışığım olub. Demişik, gülmüşük, çox normal, heç bir şey hiss etmirdim. Bu, birdən-birə meydana çıxdı. Çox gözlənilməz oldu. Necə düşünüb-daşınıb, bu, onun öz işidir. Mən onun bəyanatı ilə razılaşmıram, mənim öz mövqeyim var. Ola bilsin bəziləri meydana çıxa...Mənim YAP-dan istefa verməyim haqqında təklifləri də qulağım eşidir. Mən bunu edən deyiləm! YAP mənimçün doğma partiyadır və onu kortəbii qəbul etməmişəm. Heydər Əliyev siyasətinə inanıb ora gəlmişəm və ömrümün sonuna qədər də o partiyada olacağam. Xahiş edirəm, “Yeni Müsavat” qəzeti də söz azadlığından istifadə edib o cür mövqeləri sərgiləndirməsin. Nə ailə münaqişəsi, nə kritik hədd?!     
- Biz sadəcə tərəflərin mövqeyinin ictimailəşməsinə imkan yaradırıq, eləcə də sizin mövqeyinizi. Zəhmət olmasa deyin, sonuncu dəfə oğlunuz Bakıda nə vaxt olub, onunla nə zaman görüşmüsünüz?
- Sonuncu dəfə bir həftə bundan öncə Baş Prokurorluğa məruzə üçün gəlmişdi. Məruzədən qayıdandan sonra dedi ata, çox yaxşı söhbətlərimiz oldu, məruzəmi də qəbul etdilər. İşindən də narazı deyildi. 
- Çox maraqlıdır. Narazı olmayan adam niyə müxalifətə keçir?
- Onun narazılığı nədən ibarət idi? Son zamanlar mənə qarşı münasibətdən bir oğul kimi o, çox mütəəssir olurdu. 
- Amma sizin hakim partiyada ola-ola hakimiyyət təmsilçilərinə qarşı elə kəskin mövqe bildirməyiniz normal qarşılana bilməzdi, razılaşırsınızmı? 
- Kimə qarşı? 
 
- Fərqi yoxdur, hakimiyyətin bu və ya digər təmsilçisinə qarşı. 
     
   - Ad çəkin! Ehtiyat edirsiniz ad çəkməyə. Ramiz Mehdiyevi nəzərdə tutursunuz.  Ramiz Mehdiyevdən nə üçün qorxursunuz?
 
- Söhbət ehtiyat edib-etməməkdən, qorxub-qorxmamaqdan getmir. Sualın mahiyyəti başqadır...
- Dövlətin başçısı, prezident var. Mən onun əleyhinə gedə bilmərəm. Çox təəssüf ki, mən Ramiz Mehdiyev haqqında yazdığım hekayətin ikinci hissəsini qarşısını oğlumun bu mövqeyi kəsdi. Onu çap eləyə bilərsinizsə, verim sizə, bilmədiyiniz çox şeylər var. 
- Yazdıqlarınızın məzmunu ilə tanış olmadığımız üçün heç nə deyə bilmərəm. Həm də bu məsələlərdə son söz qəzetin rəhbərliyinindir. 
- Amma mən İlham Əliyev haqqında hər hansı mənfi söz işlətsəm, o dəqiqə çap edərsiniz. 
- Sizin mövqeyiniz və yanaşmanız ədalətli deyil. 
- Mənsə deyirəm ki, sizinki ədalətli deyil. Siz gərək Hüseyn Paşayevin səviyyəsinə enməyəsiniz. Mən Hüseyn Paşayevin haqqında söz danışıram, siz məni yayındırırsınız. (?-E.P.) 
- Siz bir anda əsas mövzunu kənara qoyub bizim üstümüzə gəlirsiniz və bizi ittiham edirsiniz. Budurmu ədalətli mövqe?
 
- Mən sizin üstünüzə gəlmirəm. Gəlib nə edəsiyəm ki?   
- Oğlunuzun belə mövqe sərgiləməsinə görə özünüzü günahkar sayırsınızmı? 
- Mən özümü günahkar sayıram. O mənada ki, oğlumun bu addımı atmasına inanmırdım. 34 yaşındadır. Ona qarşı da müəyyən ədalətsizliklər olub. 5-6 ildir Zərdabda oturmuşdu. Lakin onunla birlikdə imtahan verib rayonlara göndərilən şəxslərin hamısının yeri dəyişdirilmişdi.  
- Yuxarıda sizə hakim partiya ilə bağlı verdiyim sualımın məğzi başqa idi. Sizi bəyənmədiyiniz hakim partiyada qaldığınız halda, həm də partiya rəhbərliyində və hakimiyyətdə təmsil olunanları hədəfə aldınız. Bu, Azərbaycan reallığında mümkün olmayan məsələdir axı...
- Partiyanın nizamnaməsi və dövləti idarə edən şəxs var. Ölkədə də söz azadlığı və insan hüquqları hökm sürür. Mən də nizamnaməyə söykənərək münasibətimi bildirmişəm. Nizamnamədə belə bir qadağa yoxdur. Sizin dedikləriniz köhnə kommunist dövrünə məxsus haldır. 
- Məntiq onu deyir ki, siz ölkə başçısının sədrlik etdiyi təşkilatın rəhbərliyinə və onun etimad göstərdiyi şəxslərə qarşı çıxmaqla həm də prezidentə qarşı çıxmış olursunuz, elə deyilmi?
- Xeyr. Hər hansı bir dövlət məmuru haqqında mövqe bildirmək nə dövlətin, nə prezidentin siyasətinə zidd deyil. 
- Deməli, YAP-da qalmaqda davam edəcəksiniz? 
- Əlbəttə ki. 
- Oğlunuzla bağlı narahat deyilsiniz ki? Xəbər var ki, onu yoxlamaq üçün xüsusi qrup gedib. 
- Oğlumla bağlı nə narahatlığım olacaq? Müstəqil adamdır. Yoxlama gedir, dövlətin qanun-qaydaları var. Məncə, o, qanunlara da tabe olacaq. Yoxlama gedirsə, yoxlamaların nəticəsini gözləmək lazımdır. Bu qədər...
Hüseyn Paşayev isə “Yeni Müsavat”a açıqlamasında Eldar Sabiroğlu barədə şəxsi mövqeyini açıqladığını bildirdi: “Həmin münasibətin də üzərində dayanıram. Bu münasibəti Eldarı tanıyanların hər kəs açıqlaya bilərdi. Mən demişəm ki, insanın cəmiyyətdə tutduğu mövqe onun ailədə aldığı tərbiyədən asılıdır. Bu fikri mən özümdən icad etməmişəm, bu, birmənalı fikirdir. Onun dediyi digər fikirlərə gəldikdə, mən kiminsə diktəsi ilə oturub-durmuram. Eldar Sabiroğlunu da Siyavuş Novruzovdan qabaq tanıyıram, özü də bir şöbədə işləmişik. Mən 1992-ci ildən “Səs” qəzetində şöbə müdiri kimi işləyirəm. Eldar Sabiroğlu 1993-cü ilin sonlarında mənim şöbəmin əməkdaşı olub. Məncə, əlavə şərhə ehtiyac yoxdur”. H.Paşayev imtahanlardan “2” alması barədə deyilənləri də təkzib etdi: “Mən “Səs” qəzetində siyasət şöbəsinin müdiri idim. Bir ildən sonra isə o, kimlərinsə xahişi ilə işə götürülüb, mənimlə əməkdaş kimi çalışıb. Universiteti də “5”-lə qurtarmışam. Kim istəyirsə, diplomumla tanış ola bilər. Yetkinlik yaşında siyasi mövqeyini bir neçə dəfə dəyişmiş bir insandan nə desən gözləmək olar”. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ