SON DƏQİQƏ

PressDent.Info

Şirməmməd Hüseynov: “Rəsulzadəyə abidəni mən ucaltmışam”

Şirməmməd Hüseynov: “Rəsulzadəyə abidəni mən ucaltmışam”
18-12-2015, 13:35 24447 dəfə baxılıb

Şirməmməd Hüseynov: “Mən bunlarla oturub-dururam e, ayrı kişilərlə işim yoxdur”

 

17 dekabr mətbuatımızın ustad nümayəndəsi, böyük araşdırmaçı, professor Şirməmməd Hüseynovun doğum günüdür. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində  və təbliğində, milli mətbuatımızın araşdırılıb çağdaş nəslə çatdırılmasında böyük xidmətləri olan ustadla elə ad günü bəhanəsi ilə söhbət etmək istədik.
 
Sağ olsun, sözümüzü yerə salmadı, baxmayaraq ki, doğum gününü elə yazı masasının arxasında, Cümhuriyyətimizin şərəfli keçmişini araşdırmaqla məşğul idi. Mənə elə gəldi ki, Cümhuriyyətlə bağlı araşdırmalarıdır onu yaşadan, ömrünü uzadan. Bu dəfə də özü demişkən, özü-özünə növbəti ad günü hədiyyəsi edirdi, çalışırdı.  
 
Təbrikimizə görə təşəkkür edən Şirməmməd müəllim  dedi ki, üçcildlik kitabın birinci cildini nəşriyyata təhvil verib: “655 səhifədir. Sərlövhəsi də belədir: “”Azərbaycan" qəzetinin parlament hesabatları və şərhlər". Çünki Cümhuriyyət dövrünün salnaməsi “Azərbaycan” qəzetidir. 443 nömrəsi çıxıb, əksəriyyətinin də redaktoru Üzeyir bəydir.  Mən Məhəmməd Əmin bəyin parlamentdəki çıxışlarını hazırlayırdım, onun 6-cı cildini, materialları yığdım. Bildım ki, onun çıxışlarını iclasın ümumi protokolundan çıxarsan, heç nə başa düşülməz. Odur ki, mən bütün iclasın protokollarını - hansı ki, “Azərbaycan” qəzeti stenoqramını çap edib - onları bir yerə yığdım. 
Çünki o Məclisdəki çıxışlar, Üzeyir bəyin, Məhəmməd Əminin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Qalabəyovun, Əhməd Cövdətin, ümumiyyətlə, bütün o dövlət xadimlərinin, millət vəkillərinin çıxışları ordadır. Həm də orda qəbul olunacaq qərarlar, oradakı müzakirələr, daxili və xarici siyasət əksini tapacaq. O biri tərəfdə də iclaslar haqqında qəzetdə çap olunan rəylər, şərhlər var. Üzeyir bəyin, Faiq  Əfəndinin-Nemanzadənin, Xəlil İbrahimin, Dünyamalı Məmmədzadənin, digərlərinin şərhləri, məqalələri çap olunub, onların da hamısını yığmışam. İlk cilddə 16 iclasın hesabatı və şərhləri var. Birinci cild 1918-ci ilin dekabrından 1919-cu il aprelin axırına qədərki dövrü əhatə edir. Sonra da 2-ci və 3-cü cild olacaq. Birincini “Qanun” nəşriyyatı çap edəcək. Digər kitabı “525-ci qəzet”ə vermişəm, hər şənbə iki səhifə verəcək. 

“Mənə onun münasibəti lazımdır, gədə-güdənin yox!”

- Kitab nəşrinin maliyyə tərəfi də var. Sizə çap xərclərində kömək edən kimdir?
- Şirməmməd Hüseynov. Bilirsən ora nə yazmışam? Yazmışam ki, kitab onu sifarişsiz və təmənnasız hazırlayan Şirməmməd Hüseynovun vəsaiti ilə də nəşr olunur. Mən heç vaxt gedib nə heç kəsin qapısını döyənəm, nə də heç kəsdən bir manat pul alanam. Ayda 1000 manat prezident təqaüdü almıram? Həm də universitetdə tam ştatda işləyirəm. Ona görə də nə xərci var, özüm verirəm. Araq içmirəm, çaxır içmirəm, restorana getmirəm. Mənim gündəlik yeməyim 6-7 manat tutur. Yerdə qalanı sərf edirəm cümhuriyyətçilərə.
- Gözəl örnəkdir... Bəs ad gününüzdə də  restorana getmirsiniz?
- Restoranda nə işim var? Ancaq evdə... Bax, indi oturmuşam, işləyirəm. “Azərbaycan” qəzetinin 214-cü nömrəsindən həm hesabatı yazmışam, həm də Faiq əfəndinin bir məqaləsi var: “Sağ ayağımız kəsilib”. Zəngəzur ki, gedib ha...Yazır: “Zəngəzur Azərbaycanın sağ ayağıydı, o kəsilib. Ermənilərin fikri budur ki, ayaqlarımızı, həm sağı, həm solu kəssinlər. Sağ-sol da nədir? Biri İrana gedəndir, digəri Türkiyəyə gedən. Yazır ən dəhşətlisi budur ki, bizim Türkiyə və İranla nə sərhədimiz varsa, kəssinlər. Ondan sonra da ruslarla bərabər mühasirəyə alıb bizi əzsinlər, bu torpaqlara sahib olsunlar...” Fikir verirsən, qardaş? Gərək bunları çıxardasan, bu millət oxuya. Nəsib bəy Yusifbəyli ki, hökumət başına gəldi, deyir indi bizim o qədər qabiliyyətli, savadlı, cəsur baş nazirimiz var ki, ermənilərin, düşmənlərimizin bu planlarını həyata keçməyə qoymayacağıq. Amma gərək biz bunu bilək. Millət gərək bilsin ki, biz hansı şəraitdə yaşayacağıq. Ayrı kişilər olublar... Mən bunlarla oturub-dururam e, ayrı kişilərlə işim yoxdur.
- Ancaq bəzən o kişiləri ittiham edirlər, “Zəngəzuru, İrəvanı ermənilərə veriblər”, deyə...
- Mən onları eynimə almıram. Qardaş, bilirsən nə təhərdir? Məsələn, prezidentlə jurnalistlərin görüşü oldu. Sənin baş redaktorun da orda çıxış etdi. Mən də ordaydım. Sonra nəticəsi nə oldu? Prezident Məhəmməd Əminin 130 illiyi ilə bağlı sərəncam vermişdi. Mədəniyyət Nazirliyi prezidentin göstərişi ilə Məhəmməd Əminin əsərlərinin 5 cildini 5-6 ayın içərisində çap etdirdi. Prezident budur bax! Ölkənin sahibi budur! Mənə onun münasibəti lazımdır, gədə-güdənin yox!  Bilirsən necədir, biz müstəqillik əldə etmişik. Amma bu müstəqil ölkənin əksər əhalisi sovet dövründən qalmadır. Müstəqillik dövründə anadan olanların hələ 24 yaşı var, bunlar hələ hakimiyyətdə deyil. (gülür) O vaxtın adamlarında ki, “Müsavat düşmənçiliyi”, “Cümhuriyyət düşmənçiliyi” var idi, onların başı həmin başdır. Onlara bənd olmaq, heç onlara baş qoşmaq da lazım deyil. 

Söz vermişəm, 100 illiyi bayram eləməmiş bu işdən əl çəkən deyiləm”

- Yeri gəlmişkən, hətta Gəncədə Rəsulzadənin büstünə çuval keçirmişdilər, onu da çıxartdılar...
- Məhəmməd Əmin Rəsulzadə heykəllər haqqında bilirsən nə deyirdi? Deyirdi cümhuriyyətçilərə abidə qoymaq lazımdır. Amma bu, büt abidə olmayacaq, bütpərəstlik dövrü qurtarıb. Yəni bir dənə daş qoyasan, heykəl qoyasan, gəlib onun qabağında durasan... Deyirdi ruh abidəsi, ideya abidəsi, onun daşıyıcısı olan təşkilatlar, siyasi partiyalar, qanunlar, kitablardır abidə.     
- Sözünüzdən belə çıxır ki, Rəsulzadə özünə heykəl qoyulmasını istəməzdi?
- Yox e, mən heç nə demirəm. Mən onun əvəzinə danışa bilmərəm ki. (gülürük) 
- Elə isə siz deyin, Məhəmməd Əminə abidə qoyulması lazımdırmı?
- Abidəni mən qoymuşam da. 5 cild buraxıram, bu abidədir də,  nə istəyirsən? (gülür). Farslarda bir məsəl var: “Hər cayi süxən, hər nüktə məqami darəd”. Yəni “hər şeyin öz qiyməti var, hər yerin öz adamı!” İndoneziyada bir qəbilə var. Bunlar uşaq anadan olanda başlayırlar ağlamağa, deyirlər bu dünyaya əzab-əziyyət çəkməyə gəldi. Öləndə bayram edirlər ki, əbədi dünyaya getdi. Görürsən? Hərənin öz məntiqi var e... 
 - Şirməmməd müəllim, Cümhuriyyətimizin 100 yaşına bir neçə il qalıb. 
- Mən də söz vermişəm, 100 illiyi bayram eləməmiş bu işdən əl çəkən deyiləm. (Ürəkdən gülür). Mən gündə ən azı 8 saat o tarixi öyrənməklə, yazmaqla məşğulam. Həm də görmədin neylədim? Cümhuriyyətin 1 yaşı bitəndə onlar məcmuə buraxmışdılar: “İstiqlal məcmuəsi”. Mən keçən il onu təkrar nəşr etdirdim. Onlar 1 yaşında cümhuriyyətin tarixini yazdılar. Onlar Cümhuriyyətin cəmi 1 yaşını bayram ediblər, amma biz 100 yaşını bayram etməyə hazırlaşırıq.  
- İnşallah. Cümhuriyyət tarixinin nə qədərini araşdıra bilmisiniz?
- Mənim yazmadıqlarım yazdıqlarımdan on qat çoxdur. A kişi, cümhuriyyətin 23 aylıq tarixinin, Azərbaycan adlı dövlətin,  İslam və türk aləmində ilk Azərbaycan Xalq Cümhuriyyətinin  hər günü bir əsrə bərabərdir! Məhəmməd Əmin yazırdı ki, 28 mayda Azərbaycan xalqı bir gündə qərinələrin sevincini yaşadı. Deyir gün var ki, əsrə bərabər. Çingiz Aytmatov yazmadımı, “Əsrə bərabər gün”. Göydən gəlməyib ki, bu, qardaş! Bu 23 ayın hər günü əsrə bərabərdir. 
- Şirməmməd müəllim, ad gününüzdə sizin üçün ən böyük hədiyyə nədir? 
- Ad günümdə ən böyük hədiyyə odur ki, mən hər ad günümdə Cümhuriyyət tarixinə aid nəyisə tapıb verirəm mətbəəyə, çap eləməyə. 
 
- Yəni özünüzün özünüzə hədiyyəniz... 
- Bəli, mənim ən böyük hədiyyəm odur. Mən ayrı heç nə istəmirəm. Hər hansı bir təmənnam, istəyim yoxdur. İşləmək lazımdır, vəssalam...
“Yeni Müsavat” qəzeti və musavat.com olaraq Cümhuriyyətimizin və milli mətbuatımızın əvəzolunmaz araşdırıcısı, böyük ustadımız Şirməmməd Hüseynovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, araşdırmalarında uğurlar arzulayırıq. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ