SON DƏQİQƏ

PressDent.Info

“Ölkəmizdə bir nəfər milyarder olsa...”

“Ölkəmizdə bir nəfər milyarder olsa...”
18-12-2015, 13:34 27318 dəfə baxılıb

Saleh Məmmədov: “Necə oldu ki, onlar burdan gedib başqa ölkədə milyardlar qazandılar? Monopoliya imkan vermir” 

 

Bu gün Azərbaycanda çoxları manatın taleyi, neftin qiymətinin hara qədər ucuzlaşa biləcəyi, 2016-cı ildə bizi nələrin gözlədiyi barədə suallara cavab axtarır. Bir sıra ekspertlər fəlakətin qapımızı kəsdirdiyini, digərləri isə panikaya düşməyə ehtiyac olmadığını deyir. Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov “Yeni Müsavat”a geniş müsahibəsində olduqca ilginc fikirlər söylədi, çıxış yollarını göstərməklə yanaşı, vəziyyətin təhlükəli səviyyəyə çatmadığını da kifayət qədər arqumentlərlə əsaslandırdı.
- Saleh bəy, neft hara qədər ucuzlaşa bilər? İran 30 dollara düşsə də, satışı davam etdirəcək, bəs Azərbaycan? Bəlkə istehsalı azaldıb ehtiyatları saxlamaq daha doğru olardı...
- Yox, bu da böyük problemdir. Sovetlər dağılanda bizdə ciddi müzakirələr gedirdi. Çoxu deyirdi nefti az-az çıxardaq, gələcək nəslə saxlayaq. Amma bu hökumət bəlkə də daha doğru siyasət yeritdi, birdən-birə hasilatı artırdı və neftin ən bahalı vaxtında biz xeyli irəli düşdük, qazandıq. İndi də ehtiyatları gələcəyə saxlamağı düzgün saymıram. Neft indiki səviyyədə çıxarılmalı və paralel olaraq ölkəni elm, texnika istiqamətində inkişaf etdirmək lazımdır.  Təbii ki, neftin qiymətinin düşməsi ölkəmizə ciddi zərər vurub. Böyük miqdarda vəsait gəlirdi, infrastruktur, ölkənin iqtisadi inkişafına xərclənirdi. İndiki vəziyyət təbii ki, iqtisadiyyata pis təsir edib. Amma digər tərəfdən, mən bunun bir müsbət cəhətini görürəm. 
Çünki normalda insanları passivləşdirən, təbii resursların,  azalmasının yeri  mütləq  insan potensialının gücü ilə dolmalıdır. Əgər dolmursa, demək geriləmə, zəifləmə gedəcək. Biz neftə öyrəşmişdik, Amerikanı, Avropalıları dəvət etmişdik, çıxarırdılar, bizi yedizdirirdilər, gəlirlər gəlirdi. Belə olan halda insanın özündə zəiflik əmələ gəlirdi, güc formalaşmırdı. Amma indi bu, yoxdur. Məcbursan başını işlədəsən. Bugünkü savaş beyin savaşıdır. Beyni gücləndirməlisən ki, onun yerini doldura biləsən. Fikir verin, neftin qiyməti düşəndən bəri hökumətdə, müxalifətdə, insanlar arasında nə qədər canlanma var, təkliflər, düşüncə tərzi nə qədər dəyişib. Yəni bu proses faydalı olacaq, amma gərək ondan düzgün istifadə edə bilək. 
 
- Azərbaycan neftinin maya dəyəri nə qədərdir? Hara qədər ucuz sata bilərik?
- Mən bilən,  5-6 dollara. Ancaq qiymətlər düşdükcə neftin maya dəyəri də düşür. Vaxt var idi 3-4 dollardı, hətta 70-ci illərdə neftin bareli  - 1-2 dollara satılırdı. İndi də ucuzlaşma ilə bağlı neftin maya dəyəri 5-6 dollardan da aşağı başa gəlir. Ona görə də neft 15 dollara düşsə belə, satmaq, heç olmasa emal etmək bizə əl verir. 
- Pik dövrdən sonra Azərbaycanın neft ehtiyatlarının həcmi nə qədərdir? 
- Bizdə neft ehtiyatları hardasa 4 milyard  tona yaxındır. Alimlər son zamanlar isbat etdilər ki, neft tükənməzdir, neft bir tərəfdən istifadə olunursa, digər tərəfdən yerinə dolur. Mən qəbul etmirəm ki, neft bir gün tükənəcək. Yerin altında təkrar formalaşma  gedir. Ona görə də nə imkan varsa, çıxarıb yararlanmaq lazımdır. Digər tərəfdən, biz 25-30  il qabaq düşünməliydik ki, neftin qiyməti aşağı düşəndə  ancaq xam neft satmayaq, həm də neft məhsullarını sataq. Neftdən alınan məhsullar bahalı məhsullardır. Raketlərin üstünə çəkilən yanmayan örtüklər, fəza sənayesində, bütün digər sahələrdə  istifadə olunan kompozit materiallardır, neftdən və qazdan alınır. 5 il qabaq zavodlar tikib onun emalına başlasaydıq, heç xam nefti və ya qazı ucuz qiymətə satmağa ehtiyac olmazdı. Həm iş yerləri yaradardıq, həm də xaricdən çox bahalı qiymətə neft məhsulları almazdıq, özümüz istehsal edərdik, həm büdcəmiz dolardı, həm neft asılılığından qurtarardıq, həm də neftin qiymətdən düşməsi bizə belə təsir etməzdi. Neftin bir barelinin qiyməti 100 dollar olanda neft məhsullarının qiyməti ilə bağlı bir hesablama aparmışdım. Neftin bir bareli 100 dollar, neftdən alınan məhsulların satış qiyməti 200 dollar idi. Bu gün də neft məhsullarının qiyməti çox cüzi düşüb. Xam neftin qiyməti isə 2 dəfə yarım aşağı düşüb. Təsəvvür edin ki, nə qədər qazanc götürmək olardı. İndi də gec deyil. Eyni vaxtda 5-6 zavodun tikintisini planlaşdırmaq lazımdır. Özü də bu zavodları inşa edən adamlar hamısı öz pullarını xərcləyəcək. Yəni rəhmətlik Özalın sistemi ilə “qur, işlət və sat”, “qur, işlət, dövlətə təslim et”. Buna heç öz vəsaitimiz lazım deyil, çinlilər, sinqapurlular, amerikanlar, avropalılardır, hansı böyük şirkətlərə müraciət etsən ki, gətir mənə milyardlıq zavodu qur, işlədəndən sonra yavaş-yavaş pulunu geri al, hamısı edəcək. 

Sabiq nazirdən iqtisadi vəziyyətlə bağlı ilginc proqnozlar: “Neft 15 dollara düşsə belə, onu satmaq bizə əl verir”

SSRİ dağıldıqdan sonra Azərbaycandan gedən adamlar arasında 7-8 milyarder var. Onlar niyə başqa ölkələrdə milyarder ola bilirlər, amma burda yox? Azərbaycanda bir nəfər milyarder varmı? Necə oldu ki, 9-10 milyonluq ölkədən bir milyarder çıxmadı, amma onlar burdan gedib başqa ölkədə milyardlar qazandılar? Monopoliya imkan vermir ki, bu, olsun. Ölkəmizdə bir nəfər milyarder olsa, bizim bütün büdcəni formalaşdıra bilərdi. Bir Vahid Ələkbərov Rusiyanın büdcəsinə ildə 40 milyard dollar verir. Bir Vahid Ələkbərov bu gün üç Azərbaycan qədər məhsul istehsal edir. Deyirlər ki, Rusiya böyük bazardır, orda eləyə bilərlər. Ancaq Vahid Ələkbərov təkcə Rusiyada biznes qurmayıb ki. İraqda hər il 60 milyon ton neft çıxarır, Amerika, Avropa, Asiya bazarını tutub, hər yerdə pul qazanır.
 
- Azərbaycandakı payını isə satıb getdi...
- Düzdür, 50 milyon qoymuşdu, 1,5 milyard qazandı, getdi. Amma burda milyarderlərin formalaşmasına şərait yaratmaq lazımdır. Burda bir azərbaycanlı milyarderlər klubu yaratmaq, onları ölkəyə dəvət etmək olar. 
 
- Saleh bəy, sizcə, manatın taleyi necə olacaq?
- Biz Rusiyaya və Qazaxıstana  baxıb devalvasiyaya getdik. Baxmaq lazımdır, biz Rusiya kimi inkişaf etmək istəyirik, yoxsa Avropa inkişaf səviyyəsinə çıxmaq niyyətindəyik. Böyük yanlışlıq oldu, devalvasiyaya gedildi. Heç bir iqtisadi, ictimai ilkin şərait yox idi ki, 34 faiz devalvasiyaya gedilsin. Sadəcə ola bilsin təxribat, yaxud oliqarxların valyuta bazarına güclü hücumu oldu və bunun qarşısını almaq üçün devalvasiyaya gedildi. Rusiya və Qazaxıstanda oldu, ancaq onlar bir ittifaqdadır, biz isə fərqli məkandayıq. 
 
- Ancaq dolların bahalaşması, həmçinin neftin ucuzlaşması manatın ucuzlaşmasını qaçılmaz edə bilər. Elə deyilmi?
- O zaman birdən-birə buna getmək olmazdı. Ancaq tədricən buna gedilə bilərdi. Sinqapur təqribən 50 ildir müstəqilliyini qazanıb, dünyanın ən inkişaf etmiş ölkəsidir. Balaca bir dövlətdir, Bakının üçdə biri qədər ərazisi, 4-5 milyon əhalisi var, amma ixracatı az qala Rusiyanın ixracatı qədərdir - 450 milyard dollar.
- Azərbaycanın ixracı nə qədərdir?
- Çox az. 2014-cü ildə 28  milyard idi və ya Sinqapurun İT məhsul ixracı qədər,  bu il xeyli düşəcək. 
 
- Neftlə birgə. Bəs qeyri-neft sektorunun payına düşən nədir?
- Cəmi 2-3 milyard. 
- Siz təklif etmişdiniz ki, Azərbaycanın ehtiyatları ölkəyə gətirilsin. Bu, çıxış yoludurmu?
- Bəli, həm də bir sıra ölkələrlə valyuta ittifaqının yaradılması və onların rezervlərindən qarşılıqlı istifadəni təklif etmişdim, demişdim ki,  bütün dünyadan kapitalı bura axıdaq. Çox təəssüf ki, primitiv kommunist psixologiyası ilə bizimkilər deyir ki, yox, borcları artırıb ölkəni asılı vəziyyətə sala bilmərik. Mən dünya ölkələri üzrə araşdırma apardım. Hansı ölkədə daha çox xarici borc varsa, o ölkələrin inkişafı çox sürətlə gedir. Geridə qalmış ölkələrin hamısında xarici borclar da çox aşağıdır. Bu gün Avropada 20 trilyon dollara yaxın sərbəst vəsait formalaşıb. Asiyada isə bu vəsait 4-5 trilyondur. Onlar sərbəst vəsaitlərdir, risksiz obyekt axtarırlar, tapa bilmirlər. Bizdə də o investisiyaları risksiz yerləşdirməyə minlərlə obyekt var, həm kənd təsərrüfatı, həm sənaye, həm neft sənayesi... Təkcə tekstil sənayesində əhalini təmin etmək üçün azı 3 milyarda yaxın investisiya lazımdır. 
Hər şey də var, pambığımız, yunumuz. Əhalini qida ilə təmin etmək, idxalı əvəzləmək   üçün 3-4 milyard vəsait lazımdır. Neft və qazın emalı, infrastruktur layihələri üçün 70-80 mlrd. vəsait lazımdır.  Bu, həm də qeyri-neft sektorunun inkişafı, ixracat asılılığının aradan qaldırılması demək olardı. Hansı ölkə desə ki, mən yalnız daxili vəsaitlərin hesabına inkişaf edəcəyəm, o, çox geri qalacaq, bu, mümkün deyil, inkişaf edə bilməz. Sinqapur, Tayvan, Honkonq, Türkiyə, Avropa ölkələri o vaxt sürətlə inkişaf etdi ki, xaricdən böyük məbləğdə sərmayə və borc gətirə bildilər. Azərbaycan əksər investisiyası olan ölkələrlə yaxşı siyasi münasibətlər qura bilib. Ölkədə infrastruktur qurulub, işçi qüvvəsi var, vəsaiti qoymağa investisiya obyektləri də var. Bircə qalır işi təşkil edəsən. Hətta bizim  42 milyard vəsaitimiz var. Üst-üstə bu gün Azərbaycana ən azı 100 milyard dollar investisiya gətirmək olar. 
 
- Yəni Azərbaycanı cənnətə çevirmək olar? 
- Bəli. Mən havadan danışmıram. Bütün inkişaf etmiş, ya inkişaf etməkdə olan ölkələrin təcrübəsinə əsasən deyirəm ki, çıxış yolu budur. Xüsusilə bizim müxalifətçi ekspertlər deyir ki, xarici borcu artırmaqla özümüzü asılı vəziyyətə salacağıq. Mənsə deyirəm, tam əksinə, bununla müstəqilliyimizə təhlükəni aradan qaldıracağıq, Lüksenburq balaca ölkədir, 3,5 trilyon xarici borcu var. Kimdənsə eşitmisənmi ki, desin Lüksenburq asılı vəziyyətə düşüb? Yaxud Sinqapurun 2 trilyona yaxın xarici borcu var. Kim deyə bilər ki, bu, Sinqapurun müstəqilliyinə təhdiddir? Haitinin isə ümumi daxili məhsulda borcu 4-5 faizdir, amma inkişaf yoxdur. Qvineya, Fiji, Konqo, Venesuela onun kimi...
- 2016-cı ilin fəlakətli il ola biləcəyi iddiaları var, deyilənlərin əsası varmı?
- İlk öncə deyim ki, neftin qiymətinin enib-qalxması Rusiyanın özünü necə aparacağından asılıdır. Suriyanı bombalamaqla neftin qiymətini qaldırmaq mümkün olmayacaq. Bütün neft istehsalçıları Amerika və Avropanın təsir dairəsindədi, indi İran da o cümlədən. Neftin qiymətinin salınması Rusiya üçündü. Amerika neftin qiymətini aşağı salacaq. Azərbaycana gəldikdə, prezident çox düzgün dedi ki, nefti bir kənara qoyun, işləmək lazımdır. Ölkədə böyük islahatlar aparmaq lazımdır, bütün sahələrdə.
 
- Bunu hamı bilir...
- Mən isə konkret resept, qanun, fərman, qərar layihələri verirəm.  Təsəvvür edin ki, bir ildən çoxdur neftin qiyməti sürətlə düşür, amma ciddi tədbirlər görülmür. Unutmayaq ki, qabaqkı kosmetik tədbirlərlə irəli gedə bilməyəcəyik. Köklü islahatlara gedilməlidir. Azərbaycanın hər cür şəraiti, ağıllı insanları, rezervləri,  valyuta ehtiyatları var, heç nədən qorxmaq lazım deyil. Bu gün neftin qiymətinin 20 dollara düşməsi də fəlakət deyil. İxracın idxaldan çox olduğu hər hansı bir ölkədə milli valyutanın  devalvasiyası hətta müzakirə obyekti ola bilməz. Biz qarşıya məqsəd qoymuşuqsa Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinə çatdıraq, o zaman biz həmin ölkələrin təcrübəsindən istifadə etməliyik. 
 
- Gələn il üçün iqtisadiyyatı ciddi təhlükə gözləyirmi? 
- Qətiyyən, heç bir təhlükə gözləmirəm. Çünki böyük iqtisadi potensial, ehtiyatlar var. Ən böyük üstünlüyümüz odur ki, böyük  neft pulları sovrulmadı, ehtiyat toplandı, indi çox daha böyük fəlakətlərdən bizi xilas edə bilər. “Pul həll etməyən problemi daha böyük pul həll edir”,  bu da şükür Allaha, varımızdı.  Yadınızdadırmı, Belarusa 200 milyonluq kredit köməyi oldu, bütün Belarusu öz tərəfimizə çəkdik. Ondan sonra Belarusa da gedib-gəlirəm, “Batka” dedi, azərbaycanlılar dost-qardaşdır, hər yerdə bizi ən yaxın adamları kimi qəbul edirlər. Putin gəldi-getdi, 3 milyardlıq anlaşma oldu, bununla rusların  bizə münasibəti kəskin yaxşılaşdı. Türkiyəyə yatırım qoyuruq, düzdür, qardaş ölkədir, amma hər kəsin öz cibi var. Ona görə də ölkəyə daha çox vəsait gətirmək lazımdır. Prezident Çinə çox yaxşı səfər etdi. Çindən çox böyük kapital gətirmək olar. Çinin ekstra valyuta ehtiyatları 3 trilyondur, niyə o vəsaitlərdən cəlb etməyək? Çində 500 milyon dollar  depozitimiz var. Onun əvəzinə, biz Çindən hətta iki dəfə artıq vəsaiti bura cəlb edə bilmərikmi? Belə imkanlar olduğu halda bu qədər layihələr  niyə dayandırılmalıdır? 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ