SON DƏQİQƏ

PressDent.Info

Amerikanın Azərbaycana sanksiyası - iqtidarı nə gözləyir? (ŞƏRH)

Amerikanın Azərbaycana sanksiyası - iqtidarı nə gözləyir? (ŞƏRH)
18-12-2015, 13:32 59247 dəfə baxılıb

Yeganə Hacıyeva:“Qanun layihəsinin Senata çıxmayacağına ümid edirəm”; “Azərbaycanla bağlı qanun layihəsi də Belorus modeli üzrə hazırlanıb”; “...siyahıda daha çox 6 ədliyyə və məhkəmə işçisinin adı keçir”

 

ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ nümayəndələr Palatasının üzvü Kris Smit "Azərbaycanda Demokratiya Aktı adlı qanun layihəsi hazırlayıb. Sənəddə Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını nəzərdə tutur. 
C.Smit-in fikrincə, "Azərbaycanda demokratiya aktı" ABŞ-ın insan haqları və fundamental hüquqlara ciddi yanaşdığını göstərir. Beynəlxalq təşkilatlarla iş təcrübəsi olan ictimai fəal Yeganə Hacıyeva “Yeni Müsavat”a açıqlamasında Helsinki Komissiyasının Azərbaycanla bağlı Belorus modelini tətbiq etmək fikrində olduğunu deyir:“1974-cü ildə ABŞ qanunvericiliyinə “Cekson Venik düzəlişi” edilib və Helskinki Komissiyası bu düzəlişə əsasən fəaliyyət göstərir. Həmin düzəlişə görə, Amerika Birləşmiş Ştatlarının avtoritar rejimlərlə, onların məmurları, o sıradan insan haqlarını pozan, insanların ölümündə günahlandırılan rəsmi şəxslərlə əməkdaşlığı  mümkün deyil. Belə şəxslərə bir qayda olaraq viza verilmir, onlarla heç bir ticarət münasibətləri qurulmur. 
Bundan başqa, həmin şəxslərin Amerika Birləşmiş Ştatları ərazisindəki biznes aktivləri dondurulur. ABŞ-ın bütün beynəlxalq sanksiyaları Helsinki Komissiyasında işlənir. Helsinki Komissiyası ABŞ-ın ticarət əlaqəsində olduğu ölkələrdə insan haqlarının və demokratiyanın durumunu daim monitorinq edir, pozuntu aşkaralanarsa, rəsmi səviyyədə bəyanatlar verilir,  bəyanatlardan nəticə çıxarılmasa, ABŞ hökumətinə, Senata həmin hökumətə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı müraciət olunur. Helsinki Komissiyası fəaliyyəti dövründə bir çox ölkələrə sanksiyalar tətbiq edilməsi ilə bağlı ABŞ hökumətinə qanunverici layihələr göndərib. Sanksiya siyahısındakı son ölkələrdən biri Belorusdur. Prezident Aleksandr Lukoşenko iqtidarına ölkədə insan hüquq və azadlıqlarının pozulmasına görə tətbiq edilən sanksiyalar bir neçə ildir qüvvədədir. Ölkənin siyasi elitası, siyasi fəalların həbsində, onlara basqı göstərilməsində adı keçən onlarla məmura və onların ailə üzvlərinə viza və maliyyə qadağaları qüvvədədir. Onların ABŞ-dakı bank hesabları və mülkiyyətləri üzərindəki hüquqları dondurulub. Eyni zamanda sanksiya bu şəxslərlə biznes əməkdaşlığı edən ABŞ-dakı hüquqi və fiziki şəxslərə də tətbiq edilir. Onu da deyim ki, Azərbaycanla bağlı qanun layihəsi də Belorus modeli üzrə hazırlanıb”.

“Rəsmi Bakı bu sanksiyaları önləmək üçün ciddi addımlar ata bilər. Məsələn, Avropa İnsan Haqları Məhkəməsinin haqqında həbsdən qeyd-şərtsiz azad edilmə qərarı çıxardığı vicdan məhbusları cəzadan azad edilə bilər. Xüsusilə, İlqar Məmmədov, Tofiq Yaqublu, İntiqam Əliyev azadlığa çıxsalar, yumşalmalar mütləqdir”

Yeganə Hacıyevanın fikrincə, Azərbaycana sanksiyaların tətbiq ediləcəyinin anonsu dəfələrlə verilib. İki ölkə arasında münasibətlərin yetərincə soyuq olması problemlərin dialoq yolu ilə həllinə imkan verməyib: “Senator Krisin Azərbaycanla bağlı layihə hazırlamasının səbəbi kimi əsasən Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, siyasətçilərin, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, insan haqları müdafiəçilərinin susdurulmasına yönəlik sistemli səyləri göstərilir. Sənəddə Azərbaycandan bir neçə məşhurun adı çəkilir və bildirilir ki, məhz onlara qarşı basqılar bu sənədin meydana çıxmasına səbəb olub. Sənəd bayaq dediyim kimi, Belorus modelinə əsaslanır və orada nəzərdə tutulur ki, Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının həbsində, onlara basqı göstərilməsində adı keçən siyasi elita mənsublarına, yüksək vəzifəli şəxslərə, onların ailə üzvlərinə, biznes ortaqlarına ABŞ-a giriş yasaqlansın. Bu yasaqların ədliyyə və təhlükəsizlik rəhbərlərinə də tətbiq edilməsi təklif olunur. Azərbaycanla bağlı siyahıda daha çox 6 ədliyyə və məhkəmə işçisinin adı keçir. Sənəddə o da göstərilir ki, bu şəxslərə viza verilməsi onlardan hər hansı biri ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı ABŞ-da keçirilən danışıqlarda Azərbaycan tərəfini təmsil edərsə, müvəqqəti götürülə bilər. Sanksiyalar qüvvəyə minərsə, bu şəxslərin ABŞ-ın maliyyələşdirdiyi layihələrdə iştirakı da mümkün olmayacaq. Məsələnin ən qorxulu tərəfi isə beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrə Azərbaycanla bağlı konkret sanksiyalar tətbiq edilməsinin tövsiyyə olunmasıdır. Sanksiyaların Rusiya modeli göstərdi ki, Maqnitski layihəsinin qəbul və tətbiqindən sonra Rusiyanın Avropa Birliyindəki ən böyük tərəfdaşları da sanksiyalara qoşuldu. Bu gün Avropanın 21 ölkəsi Rusiya rəhbərliyində təmsil olunan onlarla şəxsə daşınar, daşınmaz mülkiyyət, viza qadağaları tətbiq edib. Daha sonra bu, Rusiya ilə Avropa Birliyi arasında ticarət əlaqələrinə keçdi və qapılar ciddi şəkildə qapandı. Rusiyaya Ukraynaya hərbi müdaxilə etdiyi üçün ABŞ, Kanada və Avropa Birliyi ölkələri tərəfindən 46 sanksiya ilə üzləşib. Bu son dərəcə böyük rəqəmdir və ciddi təcrid deməkdir. Rusiya iqtisadiyyatı bu gün həmin 46 sanksiyanın ağır nəticələrini hər gün daha çətin formada hiss etməkdədir. Rusiyanın son dönəmlərdə daha da artan aqressiv addımlarının arxasında həm də bu amil dayanır – hökumət vətəndaşların diqqətini daxildəki iqtisadi çətinliklərdən yayındırmaq üçün beynəlxalq aləmdə yeni - yeni avantüralar həyata keçirməklə məşğuldur. Azərbaycan da bu aqibəti yaşaya bilər. Yəni Rusiyada olduğu kimi, öncə əsas müddəalar tətbiq edilə, daha sonra buraya hansısa ticari qadağalarla bağlı əlavələr edilə bilər”.

Məsələnin ən qorxulu tərəfi isə beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrə Azərbaycanla bağlı konkret sanksiyalar tətbiq edilməsinin tövsiyyə olunmasıdır”

Yeganə Hacıyeva ümid edir ki, ən qısa zamanda insan haqları sahəsindəki problemlərin aradan qaldırılması üzrə Azərbaycanda atılacaq addımlar sanksiyaları gündəmdən salacaq: “Sanksiyaların tətbiq edilməsi ki, tətbiqinin dayandırılması praktikası da var. Belorusda adı siyasi məhbusların həbsində keçən bir neçə şəxsə həmin siyasi məhbuslar azadlığa çıxandan sonra sanksiya tətbiq edilməsi dayandırıldı. Düzdü, bu çox uzun müddət çəkdi. 2003-cü ildən tətbiqinə başlanan sanksiyalar bir də 2010-cu ildə dayandırıldı. Ancaq hər halda belə praktika var. Çox ümid edirəm ki, Azərbaycanla bağlı tətbiq olunan  qanun layihəsi Senatda keçməyəcək. Qarşıda zaman var. Rəsmi Bakı bu sanksiyaları önləmək üçün ciddi addımlar ata bilər. Məsələn, Avropa İnsan Haqları Məhkəməsinin haqqında həbsdən qeyd-şərtsiz azad edilmə qərarı çıxardığı vicdan məhbusları cəzadan azad edilə bilər. 
Xüsusilə, İlqar Məmmədov, Tofiq Yaqublu, İntiqam Əliyev azadlığa çıxsalar, yumşalmalar mütləqdir. Dekabrın sonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əfv verilməsilə bağlı çox böyük gözləntilər var. İnanıram ki, bu  baş verəcək və sanksiyaların tətbiqinə ehtiyac qalmayacaq. Azərbaycan-Qərb münasibətlərinin yumşalmasında və arzuolunan məcraya qaytarılmasında önəmli nöqtələrdən biri də vətəndaş cəmiyyəti institutlarının maliyyələşməsi ilə bağlıdır. Bu məsələyə görə ciddi narahatlıqlar. Bütün gərginliklərə baxmayaraq inanıram ki, rəsmi Bakı sanksiyaların Azərbaycanın təcrid edilməməsi üçün konkret işlər görəcək”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ