SON DƏQİQƏ

PressDent.Info

Elçin Şıxlı: “Allahdan istədim, düşmənlərimi çox eləməsin, bir də baxdım ki, dostlarım qalmayıb”

Elçin Şıxlı: “Allahdan istədim, düşmənlərimi çox eləməsin, bir də baxdım ki, dostlarım qalmayıb”
17-12-2015, 14:00 25752 dəfə baxılıb

“Rauf çıxsa belə, qəzetlərin bağlanmasının səbəbləri aradan qalxmayıb”

 

Gündəmin əsas fiqurlarından biri də heç şübhəsiz ki, hazırda məhkəməsi gedən həmkarımız, “Ayna”  - “Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirovdur. Leyla və Arif Yunusların azadlığa çıxmasından sonra həmkarımızın da tezliklə azadlığına qovuşacağı səslənən təxminlər sırasındadır. 
 
Amma bu aralar fəaliyyətini dayandırmaq məcburiyyətində qalan “Ayna” -  “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı üçün də həlledici dönəmdir. Əməkdaşının azadlığa çıxması ilə rəhbəri olduğu qəzet də yenidən media sıralarına qayıda bilərmi? Üstəgəl, “MTN işi”nin R.Mirqədirov mərhələsi ilə bağlı cavablanmamış xeyli sual olduğunu da nəzərə alıb, E.Şıxlı ilə “Yeni Müsavat” qəzetinin redaksiyasında söhbət etdik. 
Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun iştirakı ilə baş tutan müsahibə zamanı pərdəarxasındakı bir çox məqamlara aydınlıq gətirdik. 
(əvvəli ötən sayımızda)
 
- Ən çox səslənən versiyalardan biri budur ki, Elçin Şıxlı Ziyalılar Forumuna qatılandan sonra sanki qara zolağa da girdi. Bundan sonra baş verənlərin səbəbini  məhz həmin forumun sıralarında olmanızla əlaqələndirənlər də var.  
- Mən Ziyalılar Forumunda bir elə aktivlik göstərmədim. 
 
- Faktın özü vardı. Şəkil çəkdirdiz, onlarla bir sırada göründüz. 
- Hə, şəkil çəkdirdim. Nə olsun? Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli cin-şeytan, xortdan deyil ki, hamısı tanınan adamlardır. 
- Amma onların hər üçü hakimiyyət üçün “xortdan”dan da betərdir, hər birinə sanksiya tətbiq olunub. Əkrəm Əylislinin kitabları yandırıldı, Rüstəm İbrahimbəyov ölkəyə buraxılmadı, Cəmil Həsənli əsas siyasi rəqib statusuna qalxdı... Və siz onlarla bir sırada idiz, onlara dəstək verdiz. 
- Siz yaxşı bilirsiniz ki, mən bu illər ərzində hər zaman siyasi qruplaşmalardan yaxamı çəkmişəm qırağa. Ziyalılar Forumunun özünə də əvvəl-əvvəl getdim. O dediyim adamları sanballı adamlar sayırdım. 
- Sizi ilk kim dəvət etmişdi ora? 
- Düzü, yadımda deyil. 
- Peşmansınızmı ora getməyinizə?
- Yox. Niyə peşman olum ki? 
- Hər şey -  çöküş  ordanmı başladı? 
- Xeyr.  
- Amma indi o forum yoxdur. 
- Yoxdur. Amma söhbət nədən gedir? Mən sonradan ora elə adamların yığışdığını gördüm ki, dedim, burda oturammaram. 
- Nə vaxt idi siz o sözü deyəndə?
 
- Üstündən heç bir 1 ay keçməmişdi. Bildim də nədir. 
- Sizə açıq mətnlə heç yerdə demədilər ki, reklamlarınızın arası niyə kəsildi, bu təzyiq niyə başladı qəzetlərə görə? Pərdəarxasında gedən proseslərdən xəbəriniz olmamış deyil. 
 
- O proseslər illərdir gedib. Olurdu ki, reklam verənlərin bir qismi özləri zəng vururdu ki, reklamı saxla. Deyirdim ki, bəs pulu öncədən ödəmisiz axı, pulu qaytaraq? Deyirdilər, “yox, qoy pul dursun, məsələlər qəlizləşir, bizə təzyiq edirlər. Ara ötsün, sonra yenidən reklam gedər sizdə. Bizə reklam lazımdır, lazım olmasa, heç vermərəm. Özünü yaxşı aparsan, bəlkə yenidən davam edərik reklama”.  
- “Özünüzü yaxşı aparmaq” imkanı var idimi? Nə etməliydiz? 
- Gözümü yummalıydım bir çox şeylərə. Deməliydim ki, günəş çıxır, hava yaxşıdır, bülbüllər cəh-cəh vurur... 
 
- Axı onsuz da sizin qəzetdə loyallıq güclü idi. Beynəlxalq jurnalistika prinsiplərinə uyğun yazılar və sair. Yerli hakimiyyətə yönəlik tənqidlər az idi, daha çox Rusiyaya yönəlik tənqidlər olurdu. 
- Son zamanlar bizim hakimiyyətə yönəlik tənqidləri çalışırdım, az verim, yumşaldım. Çünki mənim qıraq yerdən pul verənim yoxdur. O yoxdursa işləmək lazımdır. Sən istehlakçıya elə bir məhsul verməlisən ki, o, onu almaq istəsin. Keyfiyyət olmalıdır İnsanlar bir çox hallarda nə deyirdilər? Dolayı yazırsız, biryolluq deyin ki, filankəs əclafdır, rüşvətxordur. Mən də təxminən bilirəm ki, bu adam rüşvətxordur, amma sonradan bunun altından çıxmaq da var. Mən yaza bilərəm ki, filankəsin aylıq maaşı 1000 manatdır, amma 150 min manatlıq maşın sürür. Axı bunu sübut etmək lazımdır. Yadınıza gəlirsə, bir ara bizimkiləri, kişiləri Dubaya buraxmırdılar.  Bunun səbəbini təxmini biz də bilirdik. Bu barədə siz də yazdız, Turan da, “Azadlıq” da. 

“Rauf Mirqədirovun atası öz ölümü ilə oğluna 3 gün azadlıq bəxş etdi. İndi Rauf da həbsi ilə öz uşaqlarına İsveçrədə sığınacaq “qazandı”

 
- Ona görə məhkəməyə də verildik.
- Bəli. Mən də onu yaza bilərdim, amma sübut edə bilməzdim. Lakin dəqiq bilirdim ki, olan şeydir. Hətta bizim diplomatlardan birini tranzitlə Dubaydan gələndə saxlamışdılar. “Sən kişisən, olmaz”, -  demişdilər. Axırda o adamı bir neçə saat saxlayandan sonra buraxmışdılar. 
- 25 illik gündəlik, gərgin iş rejimindən sonra birdən-birə həyatınız dəyişdi... Qəzetlər dayandı. Bu təzad sizdə özünü necə göstərdi? 
- Sizi “Gənc Verterin iztirabları” maraqlandırır? (gülür)
- Hər şey maraqlandırır. Həyat tərziniz necə dəyişdi? Bu prosesi necə keçirdiz, iztirab çəkirsizmi? 
- İlk təəssürat budur ki, məsuliyyətin altından çıxırsan. Özünüz bilirsiz ki, hər gün işləmək nə deməkdir. 25 il boyunca. Müəyyən müddətdən sonra insan hətta bir qədər zombiləşir də. İşə gəlməyəndə dəli olur adam. İlk zamanlarda bir də görürsən ki, səhərlər işə getmək üçün qalxırdım. Amma sonra yadıma düşürdü ki, iş yoxdur. Əvvəl süstlük gəlir. Yuxunu almağa başlayırsan. İlk vaxtlar yaya düşdü. Dənizə getdim, ... baş qarışdı. Sonra ümumiyyətlə kompüterə yaxın durmaq, xəbər görmək istəmirdim. Müəyyən vaxt keçəndən sonra mümkün olmur. 
 
- Amma mən sizin bir müsahibənizi oxumuşdum ki, “bağdan şəhərə ona görə gəlmirəm ki, benzin pulu sərf etməyim”. Vəziyyət bu qədərmi kirtikdir? Müsahibə başlamadan öncə otaqdakı jurnalistlərdən soruşdum ki, kimin Elçin bəyə nə sualı var? Dedilər ki, soruş o, necə dolanır? 
- Mən əvvəlki kimi maddi cəhətdən kef eləmirəm. Çünki o zaman güclü işləyirdik, qazanırdıq. 170 işçi vardı qəzetdə, onları da saxlayırdıq. Özümüz də imkan olanda xaricə gedirdik, gəzirdik. Təbii ki, indi o şeyləri edə bilmirəm. Yaxşı ki, uşaqlar indi böyükdülər, işləyirlər. Amma bir də görürsən, arada qaçırlar ki, benzin pulu çatmadı... 
- Yaradıcılıq planında bu boşluğu nə ilə doldurursuz? 
 
- Oxuyuram. Bir ara Tiflisdəki Amerika jurnalistika məktəbi - GİPA-da ilkin mərhələsində iştirak etdim. 1 ay dərs dedim. 
- Təklif yoxdurmu? Beynəlxalq təşkilatlardan, ölkədən, köşə yazmaq təklifi? 
- Xeyr. 
- “Yeni Müsavat” sizə köşə yazmaq təklifi etsə, yazarsızmı? 
- Düşünmək olar. 
- İndi nə düşünürsüz? Rauf Mirqədirovla bağlı məsələ yekunlaşmaq üzrədir. Qəzetlərlə bağlı bir hazır planınız varmı?
- Rauf çıxsın, bu haqda o zaman danışmaq olar. Allah eləsin, Rauf çıxsın. İş orasındadır ki, Rauf çıxsa belə, bizim qəzet bazarında, media mühitində  “Zerkalo”nun bağlanmasının səbəbləri aradan qalxmayıb. Bu səbəblər daha da dərinləşib ki, zəifləməyib. 
- Sizə qeyri-rəsmi olaraq qəzet fəaliyyəti ilə məşğul olmaq qadağası qoyulubmu? 
- Xeyr. Heç vaxt. 
- Bəs niyə sayt versiyası barədə düşünmürsüz? 
- Saytla bağlı müəyyən düşüncələrim var. Amma Raufa görə heç nə etmirəm. Onun işinə zərbə vurmaq, qıcıq yaratmaq istəmirəm. Çıxandan sonra... Allah kərimdir, danışmaq olar. 
- Amma bu dönəmdə mən sizin Mətbuat Şurası və KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı tənqidi fikirlərinizi oxudum. “Bu qurumların yaradılmasında şəxsən iştirak etsəm də, özlərini doğrultmadılar”, -  deyirdiz. Həmin dönəmdə bu qurumlar qəzetlərinizin yaşaması üçün etməli olduqları nəyi etmədilər? 
 

“Bizim ən böyük məqsədimiz o olmalıdır ki, əl-ayaq altında qalıb əzilməyək” 

- Mənə münasibətdə onların köklü bir təsiri olmadı. Onlar vardı, yoxdu, bunun aidiyyəti yoxdu. Ümumi mühit elə yarandı. “Ayna”  - “Zerkalo” qəzetləri Mətbuat Şurasının təsisçilərindən idi. Onları quranlardan idik biz. Heç bir maraq göstərilmədi. Ola bilər, o vaxt emosional durumda demişəm ki, heç bir dəstək olmadı-filan. Çünki bu il yarımda mən çox şey görmüşəm. O bir söz var ki, mən Allahdan istədim, düşmənlərimi çox eləməsin. Bir də baxdım ki, dostlarım qalmayıb. 
- İşçiləriniz arasında dönük çıxanlar oldu? 
- Yox, olmadı. Ola bilər ki, kiminsə ürəyindən nəsə keçib, kiminsə nəsə xoşuna gəlməyib. Amma üzdə olmadı. Rauf adətən bu qəzeti irəli dartan olub. Hətta bizdən çıxıb gedən jurnalistlər də Rauf haqda pis heç nə deməyib. Çünki deyiləsi heç nə olmayıb. KİV-lərə Dəstək Fonduna gələndə, orda da mənə qarşı qəsdən heç nə olmayıb. Amma mən və Mehman Əliyev o fondun ideyasını ortaya atanda, məqsədimiz belə deyildi. Xırda-xırda konkurs elan edirdilər, qəzetlərə pul verirdilər. Pulu qəbul edirdik, çünki ehtiyacımız vardı. Halbuki fond o pulun verilməməsi ətrafında düşünməlidir. Yayım sistemini yaratmaq üçün layihələr işlənməlidir. Fonddan ayda 10 min manat alırdıq. Xərcimizin üçdə birindən bir az çox idi. Amma bizim aylıq xərc 40-45 min manat idi. O bizə gündəlik qəzet olaraq verilirdi. Həftəliyə keçəndə ərizə yazdım ki, mən o müqavilənin şərtlərini yerinə yetirə bilməyəcəm. Amma lütf göstərsəniz, həftəlik çərçivəsində fəaliyyətimi saxlaya bilərəm. Həftəlik qəzetlərə 5 min manat verirdilər. Amma bizə verilmədi. Belədə isə hər hansı incikliyim yoxdur. 
- Məlumatınız varmı, Rauf Mirqədirov azadlığa çıxandan sonra İsveçrəyə- ailəsinin yanına gedəcəkmi? 
- İnanın, heç bir məlumatım yoxdur, çünki onunla hər hansı təmasım yoxdur. Amma əslinə qalanda xırda iki qız övladı var. Böyüyünün 13 yaşı var. Onlar rəsmi sığınacaq aldılar ordan. Təbii ki, Rauf ailəsi ilə birləşmək istəyəcək. Düşünmürəm ki, ailəsi ordan durub bura gəlmək istəsin. Raufun atası rəhmətə gedəndə ona 3 gün icazə verdilər. Qəbir üstündə olanda Arif Əliyevə dedim ki, atası öz ölümü ilə oğluna 3 gün azadlıq bəxş etdi. İndi Rauf da həbsi ilə öz uşaqlarına İsveçrədə sığınacaq “qazandı”. 
 
- Belə gördüm ki, illərinizi sərf etdiyiniz qəzetlərlə bağlı o qədər də nikbin deyilsiz. Bəs ölkənin gələcəyi ilə bağlı fikirləriniz necədir? Gedişat necədir, sizcə? 
- Azərbaycanı çox istəyirəm. Mənim üçün  bu saat harasa çıxıb getmək mümkündür. Amma birincisi, yaşımın bu vaxtıdır... İkincisi, bir həftə-on gün qıraqda olandan sonra darıxıram, dayana bilmirəm. Nə qədər gözəl şərait, rahatlıq olsa belə. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”,  deyiblər. Mən bir çox atalar sözümüzü bəyənmirəm, amma bunu çox bəyənirəm. Bizim yer buradır. Azərbaycan bir ölkə olaraq, potensial olaraq əla bir yerdir. Ərazimiz çevikdir, əhalimizin sayı çevikdir. Nə istəyirsənsə var burda. Təbii sərvət və sair öz yerində. Amma məsələ burasındadır ki, biz bunu hələ də kommunist qafası ilə qavrayırıq. İndi neftin qiyməti aşağı düşür. Daha da aşağı gedəcək. Çünki  Amerika Konqresi 40 illik embarqonu götürmək üzrədir, onların da nefti bazara girəcək. İran nefti bazara girir artıq. Bunların hamısı rusların, şəxsən Putinin başındadır. Çünki eyni ssenarini Reyqan 70-ci illərdə başladı, nefti 10 dollara qədər saldı, SSRİ-ni çökdürdü. O zaman, sadəcə olaraq, Reyqan getdi Səudiyyə Ərəbistanına, ərəb ölkələri ilə danışdı. Dedi ki, sizin zərərinizi də biz ödəyəcəyik. SSRİ-də də iqtisadiyyat ekstensiv idi, xammal üzərində qurulmuşdu. Rusiyada da indinin özündə xammal üzərində iqtisadiyyatdır. İranla da yaxınlaşmaya məhz Rusiyanı çökdürmək üçün gedirlər. Rusiya Suriyanı bombalayır. Bu, böyük xərcdir, onun atından çıxa bilməyəcək. Bu, bir il çəkəcəksə, Rusiya nə edəcək? 

İlk zamanlarda bir də görürsən ki, səhərlər işə getmək üçün qalxırdım. Amma sonra yadıma düşürdü ki, iş yoxdur”

- Və bu fonda Azərbaycan... 
- Bir məsəl var ki, “fillər təpişəndə otlar əzilir”. Biz nə qədər sinəmizə vursaq da, çevikliyimiz, ərazinin böyük olmaması o deməkdir ki, dünyada böyük qüvvələr var və biz onlarla ayaqlaşa bilmərik. Onların toqquşması nəticəsində bizim ən böyük məqsədimiz o olmalıdır ki, əl-ayaq altında qalıb əzilməyək. Bir fikir var ki, normal ailədə bir çətinlik, xoşagəlməyən hadisə baş verərsə, evdəkini, ailə üzvlərini, bir-birini günahlandırmaq olmaz. Sadəcə, demək lazımdır ki, darıxma, mən sənin yanındayam. Biz indi elə eləməliyik ki, bir-birimizi günahlandırmayaq. Salamat çıxmaq adına deyirəm. Bəlkə də çeynənmiş kəlmədir, patetik alınır, amma indi biz bir-birimizə deməliyik ki, sənin yanındayam. 

 

Söhbəti qələmə aldı:

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ