SON DƏQİQƏ

PressDent.Info

“Qılıncı atdım, başımı əyib dedim ki, vur!” - Video

“Qılıncı atdım, başımı əyib dedim ki, vur!” - Video
7-12-2015, 15:50 31929 dəfə baxılıb

Ramiz Novruz: “Bəlkə də daha yaxşı obrazlarım oldu, lakin vizit kartım Həzi Aslanov olaraq qaldı”; “Ulduz”, “Əhməd haradadır?”, “Görüş” filmləri çox sadəlövh filmlərdir" 

 

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz “Yeni Müsavat”a müsahibə verib. Redaksiyamızın qonağı olan aktyor əməkdaşımıza maraqlı və səmimi açıqlamlar verib. Müsahibəni təqdim edirik:
-Ramiz bəy, yaradıcılığınızda son hansı yeniliklər var?
- Hazırda Qoqolun “Müfəttiş” əsəri əsasında maraqlı tamaşa hazırlayırıq. Orda bələdiyyə rəsi obrazındayam.
Bu yaxınlarda iki seriala çəkilmişəm, ikisi də Rövşən İsaka məxsusdur. Bir dəfə efirdən demişdim ki, seriala çəkilməyəcəm, çəkilsəm Ramiz İsakın serialında olacam. Çünki o, işinə kifayət qədər ciddi, məsuliyətli yanaşan adamdır. Serial marafon kimidir, gərək sona qədər saxlaya biləsən, əvvəldən axıradək maraqlı olmalıdır.  O mənada demişdim ki, başqa seriallara çağırmasınlar. 
Bu günlərdə Rövşən İsak yeni bir seriala başlayıb. Oğlum da çəkilib, bəyəniblər, sınaqdan yaxşı keçib... Təbii, arzulayardım ki,  ata-oğul bur yerdə seriala çəkilək (gülümsəyir).
-Oğlunuz Cavidan aktyorluq fakültəsini bitirsə də, hazırda müğənnilik fəaliyyəti ilə məşğuldur. Beləliklə, həyatın nəbzini  tutmağa çalışıb?
- Akrtyorluğu bitirəndən sonra “Cavad xan” filminə çəkildi. O, Cavad xanın oğullarından birini, mən isə Sisianov rolunu oyanyırdım, yəni qarşı cəbhədə idik.
- Aktyor olması sizin istəyinizlə idi?
- Xeyr, öz istəyi ilə. Uşaqlıqdan Ceyhun Mirzəyevin fanatı idi. Gecə-gündüz “Fəryad”a, “Ögey ana” ya baxırdı. Hətta bir dəfə zarafatla dedim ki, Cavidan kimi seçərdin, məni yoxsa Ceyhun Mirzəyevi, dedi ki, Ceyhun Mirzəyevi (gülümsəyir).
- Hazırda çəkilən filmlərdə bir bəsitlik, qeyri-təbiilik müşahidə olunur. Sizcə, səbəb nədir?
- Vəziyyət o qədər ümidsiz də deyil. Hazırda xeyli sayda istedadlı gənclərimiz var. 
 Lakin siz düz deyirsiz, indi qeyri-peşəkarlar çoxalıb. Zamanında rejissor olmaq üçün Moskvada və digər yerlərdə təhsil alırdılar.  İndi qeyri-peşəkarcasına çəkdiklərinin adını kino qoyub ekrana atırlar. 
Təbii ki, yüksək səviyyəli kino çox maddi vəsait tələb edir, bu böyük və bahalı işdir. İndi hamı tez qazanc istəyir, “bu dəqiqə çəkib, tez də pulumu qazanım” deyə. 
O dövrdə peşəkarlıq məsuliyyəti də böyük idi. İndi heç kəs heç kimin qarşısında hesabat vermir. Adını kino qoyaraq, nə istəyir, çəkir. 
Tutaq ki, “Ögey ana” filminin verdiyi emosional təsiri indiki filmlər verə bilmir. Lakin o dövr üçün bəsit filmlərimiz də olub. Məsələn, “Ulduz”, “Əhməd haradadır?”,  
“Görüş” filmləri mənim üçün çox sadəlövh filmlərdir. Yəni onları çox da dərin, böyük filmlər hesab etmirəm. Amma o filmlərdə niyyət və məsuliyyət hissi var. Hiss  olunur ki, insanlar işlərinə vicdanla yanaşıb, yaxşı iş görmək istəyiblər. Məsələn deyirlər ki, “Leyli və Məcnun”, “Koroğlu” filmi alınmayıb. Lakin ən azı orda “xaltura” yoxdur. 
- “Mən sizi dünyalar qədər sevirəm”, “Cavid ömrü” filmlərindən sonra sizi kinoda görə bilmədik...
- Ara-sıra çəkildim. Məsələn, “Alman  klinikasına qeyri-rəsmi səfər” filmində baş rollardan birini oynadım. Rusiyanın tanınmış aktyorları da həmin filmdə iştirak edirdi. Sadəcə, filmin çəkilişləri bitdikdən sonra mövzu aktuallığını itirdi. Daha sonra “Sarı gəlin” filmində çəkildim. Film kifayət qədər ciddi və peşəkarcasına çəkilib. Sadəcə, mübahisəli məqamlar çox oldu. Yəni, elə məqamlar var ki, hazırda Azərbaycan tamaşaçısı onları rahat həzm edə bilməz.
- Məsələn hansı məqamlar?
- Qarşılıqlı əsirlərə olan münasibət məqamları. Hətta orda bir yer də var idi ki, əsir düşmüş ruhi xəstə erməni qızı geri qaytarılanda ermənilər körpünü keçən kimi qızı bıçaqlayırlar. Əslində rejissor bunu ermənilərin vəhşiliyi kimi verməyə çalışmışdı. Amma niyəsə bəzi tamaşaçılarımız bunu mərdanə hərəkət kimi qiymətləndirdi. Beləliklə, filmi hələ ki, dayandırmalı olduq. Bundan sonra “Cavad xan” və rusların çəkdiyi dörd seriyalı filmə çəkildim. Orda çeçen komandirini oynadım. 
- Həzi Aslanov kinoda ilk obrazınız idi?
- Deməzdim ilkdir, çünki ona qədər bir neçə dəfə kütləvi səhnələrdə və epizodlarda iştirak etmişəm. 
- Necə oldu ki, birdən-bir baş rol sizə həvalə olundu?
- Biz teatrda tamaşa oynayırdıq. Bildirdilər ki, “Həzi Aslanov haqqında film çəkilir, kimsə istəsə gəlsin şəkillərini çəkək, sonra deməyin ki, bizi çağırmadılar”. O dövrdə belə bir fikir formalaşmışdı ki, “kimlərin çəkiləcəyi məlumdur”. Onlar Şahmar Ələkbərov, Rasim Balayev, Həsən Turabov, Həsən Məmmədov  və sairə aktyorlar idi. Yalnız ara-sıra kimlərsə çəkilirdi. Biz də bu ümidlə getmədik.  Lakin bir dəfə dublyaj redaksiyasına gedəndə bir şəkil çəkdirdim. Bir həftədən sonra məni çağırdılar...
Bu obrazdan sonra bəlkə də daha yaxşı, daha böyük obrazlarım oldu, lakin mənim vizit kartım Həzi Aslanov olaraq qaldı. 
- Hazırda teatrda vəziyyət necədir? Sanki məlum xoşagəlməz qalmaqallar səngiyib. Kənardan belə görünür, yoxsa reallıq başqa cürdür?
 
- Vəziyyət səngiyib, sakitləşib. Deyim ki, əvvəl də ciddi, faciəvi, gərgin bir vəziyyət yox idi. Sadəcə, söz-söhbət şişirdilirdi.  Hərdən yenə də bu cür hallar olur. Məsələn, bu yaxınlarda “Kərbəla” tamaşası qoyulmalı idi. Buna görə İrandan da rejissor dəvət olunmuşdu. Məşqlərə başlamaq istəyirdilər ki, mətbuatda yazılar çıxdı, “Paniranizm Azdramada”. Məşqlər başlamamışdan tamaşa dayandı. Daha sonra birinin pyesdən, digərinin rejissordan xoşu gəlmədi, beləliklə rejissor da çıxıb getdi.
Teatrın hər addımı niyə mətbuata çıxarılır axı? Üstəlik bunu elə adamlar yazır ki, onların teatra heç bir dəxli yoxdur. 
- Aktyorun şəxsi həyatı gizli, yoxsa açıq olmalıdır ictimaiyyətə?

“Prezident mükafatları olmasa, aktyorlar səfalət içərisində olarlar”

- Daha çox gizlin qalması məqsədəuyğundur. Mən şəxsən istəmirəm ki, Nadir şahı, Cavad xanı oynayanda tamaşaçı zalda əyləşib firkiləşsin ki, onun ailəsində hansısa problem var idi, görəsən onun axırı nə oldu və s. Yaxud deməsinlər ki, aktyorlar dava edirdi, indi səhnədə bir yerdədilər, görəsən münasibətləri necə olacaq. Elə şeylər var ki, onu tamaşaçı bilməməlidir. 
 
- Yəqin ki, bu günədək səhnədə qarşılaşdığınız, danışmaq istədiyiniz xeyli sayda əhvalat var.
- Olub. Bizdə “Atabəylər” tamaşası var idi. Biz orda yaxşı qılınc döyüşdürürdük.  Tamaşada tələbə yoldaşımla tərəf müqabili idim. Döyüş səhnəsinin ortasında mənim qılıncım qırıldı. İndi dayanıb qırılan qılıncıma, tərəf müqabilimə baxıram, bilmirəm ki, neyləyim. Çünki o anda hər bir hərəkətimiz tamaşaçıya gülməli görünə bilərdi. Qılıncı ayağımın altına atdım, başımı əydim dedim ki, vur! O da bağırdı. Zaldakılar əl çaldılar. Tamaşanı görənlər də var idi, bilirdilər ki, o səhnədə belə bir şey yox idi. Sonra bu hadisə Sumqayıtda da təkrarlandı. Bu dəfə isə  rəqibimin qılıncı qırıldı. O da eyni hərəkətlə vəziyyətdən çıxa bildi...
Bir dəfə tamaşada məni “asırlar”. Deyirlər ki, son sözünü de, dedim ki, “la-ilahə-illəllah”.
Gördüm ki, ipi boynuma  keçirən adam nəsə ipi keçirə bilmir. Fikirləşdim, bu bir qədər də davam etsə, tamaşaçılar güləcək. Dedim, “min ildir  adam asırsız, adam asmağı da bilmirsiz”. Sən demə “son sözünü de”  deyən adam səhnəyə gecikdiyi üçün onu başqası deyib. Mən də son sözümü demişəm, bu dəfə gecikən aktyor gəlib çıxır səhnəyə və deyir ki, “qoy son sözünü desin”. Dedim ki, “ağsaqqal dedim də son sözümü, əl çək də”. Yəni əhvalatlar çox olub (gülür)
- Özünüzü dramaturq və rejissor kimi də sınamısız... 
- Son illərdə hər bir aktyora imkan verildi ki, özünü AMDT-da sınaya bilsin. Gənc Tamaşaçılar Teatrı, Gəncə və bir sıra  digər teatrlardan çoxlu sayda aktyorlar axışdı. Eyni zamanda rejissorlar da özlərini sınadı. Teatrın aktyoru Ramiz Novruz da istədi ki, tamaşa qoysun, ona da şərait yaradıldı. Hazırladığım “Silindr” tamaşası deyilənə görə çox maraqlı alınıb. Bu tamaşaların hamısı teatrın daxili imkanları sayəsində baş tutub. Halbuki, mətbuatda yazırdılar ki, tamaşaya 80 min pul xərclənib, bu pullar hara gedib? 80 min yalnız kinoya ayrıla bilər. Teatr tamaşasına  bu qədər pul xərclənmir. Ən bahalı “Teleskop” tamaşası olub, ona da 30 min pul ayrılıb, vəssalam. Buna səbəb isə o idi ki, rejissor, rəssam xaricdən gətirilmişdi.
- Tamaşaçılar sizi komik obrazda da gördü. Daha çox hansı ampluada özünüzü rahat hiss edirsiz; dram, yoxsa komik?
- Hər ikisində.
 
- Son zamanlar bir çox tanınmış aktyor və aktrisalarımızın səfalət içində dünyasını dəyişdiklərininin şahidi olduq. Kimidir günahkar, həmin aktyorların özlərimi, ya..?
- Bu ağrılı sualdır. Ümumiyyətlə, sizə deyim ki, Azərbaycanda aktyor peşəsi ən çörəksiz, ən qazancsız sənətlər siyahısındadır. Bu mənada görürük ki, çox vaxt yaraşıqlı qızlar, oğlanlar teatra gəlmək istəmirlər. Azərbaycanda hələ qonorar sistemi qurulmayıb, teatrlarda maaşlar kifayət qədər azdır. Bəzən görürük qınayırlar ki, filan aktyor, aktrisa xəstələnmişdi, həmkarları ona əl tutmurlar. Axı bu aktyorların nəyi var ki, əl tutsun, özlərini güclə dolandırırlar. Tam səmimi deyirəm, prezident mükafatları olmasa, aktyorların 99 faizi səfalət içərisində olarlar. Xüsusən də serial, reklama çəkilməyən, az tələbat olan aktyor, aktirsalar. 
Fikir versəz görərsiz ki, daha çox şikayət edənlərin əksəriyyəti rəsmi iş yeri olmayan, teatrdan gedənlərdir. Məsələn Nuriyyə xanım. O, kinostudiyanın aktrisası idi və studiya bağlandıqdan sonra demək olar ki, uzun illər ümumiyyətlə heç bir yerdə işləmədi. 
- “Mən azərbaycanlıyam” deyib bir cümlə ilə özünüzü necə təqdim edərdiz?
- Heç kim ehtiyat vətən haqqında düşünməməlidir. Vətən bir dənə olur; pisdir, yaxşıdır, bu, bir dənədir, nə edirsən, bura üçün et. Fikrimcə, hər kəs öz işi ilə məşğul olsa, ən böyük azərbaycanlı o olacaq.
 
- Məhəmməd Əmin Rəsulzadə obrazını da oynamısınız. Rəsulzadə sizin üçün kimdir?
- “Biz heç nədən bayraq yapdıq və azadlığı dadızdırdıq insanlara”. Məhəmməd Əmin Rəsuzladə mənim üçün heç zaman azadlığı görməyən millətə azadlığı dadızdıran insandır, o çox böyük siyasi xadimdir. Mən fəxr edirəm ki, Azərbaycan teleməkanında ilk dəfə Məhəmməd Əmin obrazını mən oynamışam.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ