SON DƏQİQƏ

PressDent.Info

“Bildiklərimin bir çoxunu deməmişəm”

“Bildiklərimin bir çoxunu deməmişəm”
26-11-2015, 14:51 29754 dəfə baxılıb

Ərəstun Oruclu: “Bu hüquq hər kəsə aiddir, quldura da, oğruya da, cinayətkara da, qanqsterə də, sütenyora da və hətta Akif Çovdarova da...”

 

 
“MTN işi” ətrafında cərəyan edən proseslər nisbətən səngisə də, ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bundan sonra nələr olacaq, dövlətin təhlükəsizliyini sarsıdan şəxslər tam müəyyənləşdimi, yoxsa həbslərin davamı gələcək və s. suallara birmənalı cavab yoxdur. Mövzu ilə bağlı milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı, siyasi analitik Ərəstun Oruclu ilə söhbət etdik.  
 
- Ərəstun bəy, “MTN işi” ilə əlaqədar bütün məlumatları ictimaiyyətə açıqlamısınız, yoxsa zamana ehtiyacı olan məsələlər də var?
 
- Zaman məsələsi deyil. Sadəcə, mənə elə gəlir ki, hər bildiyini mətbuata çıxarıb cəmiyyəti qarışdırmağa ehtiyac yoxdur. MTN-lə bağlı artıq deyiləcək şeylər deyildi, indi söz hüquq-mühafizə orqanlarının, prokurorluğundur, gələcəkdə məhkəmənindir. Onlar artıq mərhələ-mərhələ sözünü deyir və deməkdə də davam edəcəklər. Çünki bugünkü gün başlıca vəzifələrdən biri artıq yeni rəhbərliyin olduğu bir dönəmdə bu orqana köhnə rəhbərlik tərəfindən dağıdılmış ictimai etimadın bərpa olunmasıdır. Bu, prioritet məsələdir. İfrat hissə qapılıb unutmamalıyıq ki, bütün bu məsələlərin arxasında dövlət maraqları, ictimai maraqlar və hər birimizin şəxsi maraqları durur. Heç kim təminat verə bilməz ki, hansısa başıpozuq terrorçunun hədəfinə gəlməyəcək. Onunla mübarizə aparmalı, onun qarşısını almalı, bizim təhlükəsizliyimizi təmin etməli olan orqan da MTN-dir.  Deməli, bu nazirliyə qarşı mətbuatda gedən yazılar, fikirlər, düşüncələr bir çox hallarda ayırd olunmur. Deyək ki, rəhbərlik bir tərəfə, çoxsaylı vicdanlı əməkdaşlar digər tərəfə qoyulmur, yəni ümumiləşdirilir və cəmiyyətdə etimadı azaldır.  Onsuz da bu etimad cəmiyyətdə ciddi şəkildə çat verib.
- Hazırda nazir səlahiyyətlərini icra edən, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev deyib ki, MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Generalın dedikləri ilə razılaşırsınızmı?
 
 - Mənim faiz məsələsi ilə işim yoxdur. Amma Mədət Quliyevin dediyində böyük bir həqiqət var ki, söhbət keçmiş rəhbərlikdən və ola bilər ki, hələ bir neçə nəfər də qalmaqda olan, rəhbər post tutan şəxslərdən gedir. Amma nazirliyin mütləq əksəriyyəti, əməliyyat heyəti, zabit heyəti, əməkdaşlar heyəti vicdanlı adamlardır. Onlar bütün bu illər boyu öz işini görüb. Məhz onların öz işini görməsi sayəsində də ölkə bir çox kataklizmlərdən sığortalanıb. Məsələ burasındadır ki, xüsusi xidmət orqanlarının fəaliyyəti gözlə görünmür. Tutalım ki, cəmiyyət sabit, sakit yaşayanda, terrorla, müxtəlif təlatümlərlə üzləşməyəndə belə bir qurumun olduğu, onun təhlükəsizliyin təminatında xidmətinin olması unudulur. Amma hansısa bir hadisə baş verəndə təbii ki, o qurum yada düşür və ön plana çıxarılır. Bu baxımdan nazir əvəzi tamamilə haqlıdır. Bəli, doğrudan da nazirliyin əməkdaşlarının mütləq əksəriyyəti vicdanla öz işini görür. 
- Bu ərəfədə sizə peşəkar kadr olaraq MTN-ə qayıtmaq təklifi oldumu? 
- Xeyr, mənə heç bir təklif olunmayıb və belə bir təklif gözləmirəm də. Mən düşünürəm ki, yerimdə daha çox həm lazımlıyam, həm də özümü rahat hiss edirəm. Belə daha yaxşıdır. Amma eyni zamanda mən bütün bunlara baxmayaraq, dövlətin nə özünə, nə onun hansısa bir institutuna, onun müqəddəratına biganə olmağın tərəfdarı deyiləm. Müxalif mövqedə olmaq olar, amma dövlətə yox. Xüsusilə də söhbət əgər sözün həqiqi mənasında dövlətin onurğa sütunu olan Milli Təhlükəsizlik Nazirliyi kimi mühüm bir orqandan gedirsə... Yəni bu mərhələnin media fırtınası arxada qaldı. İndi biz daha çox hüquqi məsələlərə, hüquqi müstəviyə qayıtmalıyıq. Bundan başqa, etimad məsələsinə fikir verməliyik. İnsanların inamı bərpa olunmalıdır ki, bəli, bu orqan insanların təhlükəsizliyi üçün çalışıb. Bəli, bu orqan dövlətin təhlükəsizliyi üçün çalışıb. Bəli, bu orqan belə olub, sadəcə, bir ovuc insan bundan sui-istifadə edib. 
 
- Həmin bir ovuc insan tam müəyyənləşib ortaya çıxarıldımı, ifşa olundumu, yoxsa hələ proses başa çatmayıb? 
- Mən düşünürəm ki, hələ araşdırmalara ehtiyac var. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, istintaq orqanları bunu çox gözəl bilirlər. Ona görə də mən artıq istintaqdan kənar nəyisə demək istəmirəm. Müəyyən bir müddət keçər. Görsək ki, həqiqətən bizim hesablamalarımıza görə cəzalandırılmalı adamlardan kimlərsə kənarda qalıb, şübhəsiz ki, biz onda sözümüzü deyəcəyik. Sözümüzü demək bizim haqqımızdır, heç kəs bu haqqı bizdən ala bilməz. Amma hazırda istintaq getdiyi mərhələdə bu barədə hadisələri qabaqlamağa ehtiyac yoxdur. 
 
- Yeri gəlmişkən, bu arada mətbuata bu proseslə əlaqədar xəbərdarlıqlar edildi, bəzi sayt rəhbərləri prokurorluğa çağırıldı. Mövzu ilə bağlı ekspert kimi çıxış edən və kifayət qədər məlumat bazasına malik şəxs olaraq sizə hər hansı xəbərdarlıq edilməyib ki?

Mənə heç bir təklif olmayıb və təklif gözləmirəm də”

- Xeyr, olmayıb. Ona görə ki, mən açıqlamalarımda, yazılarımda, müsahibələrimdə heç bir zaman qərəzli mövqe ortaya qoymamışam. Mənim dediklərim hamısı faktlar olub. Hətta bir çoxunu deməmişəm. Qeyd etdiyimi kimi, bu, cəmiyyətdə yersiz gərginliyə, əlavə təlatümlərə səbəb ola bilər. Ona görə də o məsələlərə toxunmamışam. Mən məsuliyyət hissini itirmiş adam deyiləm. Amma əsla bunun arxasında qorxmaq- çəkinmək dayanmır. Mən hətta Eldar Mahmudovun nazir olduğu dönəmdə, Akif Çovdarovun qanqsterlik etdiyi dönəmdə sözümü demişəm. Hər zaman demişəm, bu gün də deyirəm. Düşünmürəm ki, xəbərdarlıq olunmaq üçün nəyəsə rəvac vermişəm. Vermişəmsə, xəbərdarlıq olunarsa, mən bunu normal qəbul edərəm. Hər bir insanın yanılmaq haqqı, ehtimalı var. Əgər yanılırsansa, sənə xəbərdarlıq olunursa ki, sən bu hərəkəti yersiz etmisən, düşünürəm ki, buna da aqressiv yanaşmaq lazım deyil. Heç kim səhvdən sığortalanmayıb. Amma düşünürəm ki, mənim buna rəvac verəcək yanaşmam olmayıb.
 
- Saxlanılan Akif Çovdarovun yaxınları onun təcridxanada üzləşdiyi bəzi hallarla bağlı ölkə başçısına müraciət edəcəklərini də deyirlər. Bu müşahidələrlə bağlı fikriniz maraqlı olardı...
- Əslində cəmiyyətdə də buna çox qəribə yanaşma oldu. Deyək ki, tutalım Akif Çovdarov cinayətlər törədibsə, insanları qanunsuz olaraq hətta az qala özünün şəxsi həbsxanalarında girov saxlayıbsa...
- Üzr istəyirəm, bu məlumatlara inanırsınızmı?
- İnanmamağa əsasım yoxdur, çünki bu şeylər rəsmi şəkildə təkzib olunmayıb... Amma mən məsələyə fərqli yanaşıram. Akif Çovdarov bütün bu qanunsuzluqları törədibsə, bu, o demək deyil ki, onun hüquqları qanun çərçivəsində təmin olunmamalıdır, yaxud ona qarşı hər şey ola bilər. Qanunsuzluq qanunsuzluqdur, fərqi yoxdur. O ki qaldı hüquqlarının müdafiə olunması məsələsinə, bu, istənilən Azərbaycan vətəndaşının konstitusiyada öz əksini tapmış hüququdur və bu hüquq hər kəsə aiddir, quldura da, oğruya da, cinayətkara da, qanqsterə də, sutenyora da və hətta Akif Çovdarova da...
 
- Gündəmin suallarından da biri budur ki, bütün baş verənlərə rəğmən sabiq nazir Eldar Mahmudovun azadlıqda olması normaldırmı?
- Bu, artıq istintaqın işidir. Əminəm ki, istintaq bu barədə öz sözünü deyəcək. Yox, normal qarşılamıram. Orqanda bu qədər qanunsuzluqlar baş veribsə, təbii ki, nazir məsuliyyətə cəlb olunacaq. Sadəcə, zamana ehtiyacı olan məsələdir.
 
- Yeni nazir təyinatı sözsüz ki, prezidentin səlahiyyətində olan məsələdir. Bəs siz bu qurumu tanıyan bir peşəkar olaraq kimin nazir təyin olunacağını güman edirsiniz, düşüncənizdə konkret namizəd varmı? 
- Mənim bu barədə düşünməyim üçün nə səlahiyyətim yoxdur, nə də hesab etmirəm ki, mənim fikrim bu məsələdə nəsə bir rol oynayır. Hər halda, nazir əvəzi var və bildiyim qədər orda təmizləmə işləri kifayət qədər intensiv şəkildə aparılır. Bundan sonra dövlət başçısı özü müəyyənləşdirəcək. Ola bilər ki, elə indiki nazir əvəzi nazir qalsın. Hər şey ola bilər, konkret deyə bilmərəm. Fikrimcə, bu, texniki məsələdir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ