SON DƏQİQƏ

PressDent.Info

Bahar Muradova “MTN işi”ndən danışdı

Bahar Muradova “MTN işi”ndən danışdı
26-11-2015, 14:48 28536 dəfə baxılıb

Xanım vitse-spiker: “Bunun adı xəyanətmi, səhlənkarlıqmı, cinayətmi olacaq, bu, yekunda dəqiqləşəcək”

 

 
Milli Məclisin yeni tərkibi rəhbərliyin seçilməsi ilə fəaliyyətə başladı. Növbəti dəfə parlament sədrinin müavini seçilmiş Bahar Muradova bu çağırışda paralel olaraq İnsan hüquqları komitəsinə sədrlik edəcək. Xanım vitse-spiker “Yeni Müsavat”a müsahibəsində bizi maraqlandıran sualları cavablandırdı. Bahar Muradova parlament tərkibindən, “MTN işi”ndən tutmuş, Türkiyə-Rusiya gərginliyinə qədər bir sıra aktual məsələlərə münasibət bildirdi.
- Yeni tərkibdə siz həm də İnsan haqları komitəsinə sədrlik edəcəksiniz. Bu təqdimat sizin üçün gözlənilməz olmadı ki?
- Üzvü olduğum partiyanın bütün zamanlarda mənə göstərdiyi etimadın hər zaman mənim üçün gözlənilməz olduğunu düşünmüşəm. Çünki mən öz fəaliyyətinə daim ciddi diqqət edən və hər zaman da özünün fəaliyyətində nöqsanlar axtaran insanlardanam. Ona görə də istənilən halda bu kimi vacib qərarlar qəbul edilərkən və bu cür vacib seçimlər edilərkən onun tam gözlənilən olduğunu söyləmək tərəfimdən bir az qeyri-ciddi yanaşma olardı. Mənim üçün bütün zamanlarda olduğu kimi, indiki halda da növbəti dəfə etimadın göstərilməsi bir növ avans kimi qəbul edilir. Ona görə də mən buna gözlənilən deyə bilmərəm. Nəzərə alsaq ki, bu, üçüncü dəfə baş verir və üstəlik, çox məsul bir komitəyə rəhbərlik həvalə olunub. Əlbəttə ki, gözləniməzliyi gözlənildiyindən daha çoxdur. 
 
- Parlamentin yeni tərkibinin yeni sədarətlə işə başlayacağı barədə xeyli məlumatlar yayılmışdı. Amma bu, baş vermədi? 
 

- Əslində yeni parlamentin sədarəti də yenidən seçilib. (Gülür) Bu baxımdan hər şey yenidir. O ki qaldı kimlərinsə dəyişəcəyinə, belə məsələlər bütün seçkilər öncəsi mətbuatda aktiv müzakirə olunur. Hər kəs özünün düşüncəsinin, təxəyyülünün məhsulunu çox zaman reallıq kimi qələmə verməyə çalışır. Amma əlahəzrət fakt göz önündədir. O da öz növbəsində söylənilənlərin bir çoxunun doğru olmadığını həm bunu deyənlərə, həm ona inananlara bir daha sübut etdi. Bu kimi məsələlərdə öncəgörmələrlə çıxış etmələr çox halda özünü doğrultmayıb. Bu dəfə də özünü doğrultmadı. Düşünürəm ki, çox normal bir seçimdir. Parlament üzvləri YAP çoxluğunun fikrini nəzərə aldılar və bu seçimlərə “hə” dedilər. Xüsusilə də mən partiyamızın sədri, ölkə prezidenti cənab İlham Əliyevə növbəti dəfə bizim namizədliyimizin üzərində dayanmasına görə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu, çox böyük etimaddır. Biz üçüncü dəfə bizə göstərilmiş bu etimadı yüksək dəyərləndirərək parlamentdə gözlənilən fəaliyyətin ortaya qoyulması işini təşkil etməyə çalışmalıyıq. Həm ölkə daxilində, həm ölkə xaricində yeni dövrün yeni çağırışlarını nəzərə alaraq işimizi qurmalıyıq. Parlamentin ictimai-siyasi proseslərdə, həyatımızdakı rolunu getdikcə daha da artırmalıyıq və ölkəmizin yeritdiyi siyasətə dəstək verməliyik.  

“O rektorların heç biri incik deyildi ki, onların könlünü alaydılar”

 
- Parlament sədrinin müavinlərindən heç olmasa birinin digər partiya təmsilçisi olmaması suallar doğurur. Ən azı sədr müavinlərinin sayını artırmaqla bu yeniliyi tətbiq etmək olmazmı? Yeri gəlmişkən, həmkarınız Fazil Mustafa da bununla bağlı şikayətlənib...
- Parlamentdə müxtəlif partiyaların nümayəndələri təmsil olunursa, onların hər birinin məsələyə fərqli prizmadan yanaşması qəbulolunandır. Burada qeyri-adi nəsə axtarmaq fikrində deyiləm. O ki qaldı müxalif fikrin parlamentdə səslənməsi məsələsinə, o, mütləq şəkildə rəhbərlikdə müxalifətin təmsil olunması ilə ölçülə bilməz. Çünki fərqi yoxdur, istər Rəyasət Heyətində, istər iclas zalında otur, deputatların səlahiyyətləri, statusları eynidir. Fərqlər yalnız iclasların aparılmasında müəyyən prosedurları həyata keçirməklə bağlıdır. Ona görə də mən burda bir çatışmazlıq görmürəm. Müxalifət partiyaların nümayəndələri də parlamentə seçilirlər. Onlar da daxili nizamnamənin tələblərindən çıxış edərək səlahiyyətləri çərçivəsində öz mövqelərini, fikirlərini ifadə edəcəklər, istənilən məsələyə də tənqidi müxalif yanaşmalarını ortaya qoyacaqlar. Əlbəttə ki, parlament rəhbərliyinin də əsas borcu, vəzifəsi ondan ibarətdir ki, bu kimi fikirlərin bərabər şəkildə səslənməsinə şərait yaratsınlar. 
- İnsan hüquqları komitəsinin sədri olmağınız Azərbaycanda, beynəlxalq miqyasda da müzakirə predmeti olan həbslər və ümumən insan haqları ilə bağlı məsələlərin parlamentdə intensiv müzakirəsinə səbəb ola bilərmi?   
- Bu sirr deyil ki, cəmiyyətdə baş verənlər hər zaman parlamentin iclaslarında ciddi şəkildə müzakirə predmeti olur. Adıçəkilən məsələlər də istisna deyil. Parlamentin müvafiq komitələrinin səlahiyyətləri və vəzifələri çərçivəsində müzakirə oluna bilər. Ümumi yanaşmalar var. Konkret yanaşmalar isə ancaq müzakirələrin gedişində özünü göstərə bilir və bu, hansı komitəyə kimin rəhbərlik etməsinə deyil, ümumi prosedurlara, qaydalara uyğun təşkil olunmalıdır. Hesab edirəm ki, bundan sonra da ilk növbədə məsələlərə məhz bu aspektdən yanaşılacaq. O ki qaldı ayrı-ayrı dövrlərdə diqqətin insan haqları ilə məşğul olan ictimai qurumlara, o cümlədən parlamentə yönəlməsinə, bu, əlbəttə ki, müəyyən dövrlərdə aktiv fəaliyyət göstərməyi daha vacib edir. Ona görə də biz komitə olaraq tam tərkibdə işə başlayanda həm qanun yaradıcılığı prosesinə, həm ölkədə və dünyada gedən proseslərə, həm də ölkəmizin yeritdiyi siyasətin mahiyyətinə uyğun olan mövqe sərgiləyəcəyik. Əlbəttə ki, insan hüquqları məsələsi bütün cəmiyyətlərdə, dövlətlərdə olduğu kimi, Azərbaycan dövlətində də ictimai-siyasi proseslərin mərkəzində dayanan məsələdir. Bunun elə mərkəzdə də qalmasına çalışacağıq.  
 
- Parlament rəhbərliyi və Azərbaycan dövləti Türkiyə-Rusiya gərginliyi ilə bağlı hansı mövqedədir? 
- Mən ümumilikdə dövlətin mövqeyini ifadə etmək səlahiyyətinə malik deyiləm. Amma əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən dövlət rəsmisi kimi, mən də narahatlıq keçirirəm. Çünki Rusiya bizə qonşu, həm də çox yüksək səviyyəli münasibətlərimiz olan, Türkiyə isə qardaş və çox yaxın bir ölkədir. Biz hər ikisinin də cəlb olunduğu bu məsələdə müdrikliyin, normal məntiqin və dünyadakı mövcud durumun tələb etdiyi məsələlərin nəzərə alınmasını istəyirik. Heç kim maraqlı deyil və heç kim də maraqlı olmamalıdır ki, iki ölkə arasındakı münasibətlər kəskinləşsin. Bu, nə region ölkələrinə, nə də dünyaya heç nə vəd etmir. 

“Rusiya bizə qonşu, çox yüksək səviyyədə münasibətləri olan, Türkiyə isə qardaş və çox yaxın bir ölkədir”

 
- Bu, böyük savaşa gətirib çıxara bilərmi? 
- Yox, düşünmürəm ki, bu, savaşa gətirib çıxarsın. Mənə elə gəlir ki, hər iki ölkənin rəhbərliyi bu insidentin çox yüksək səviyyəli qarşıdurma həddinə gəlib çatmasına imkan verməz. Dünya ictimaiyyətinin, digər dövlətlərin reaksiyası da buna yönəlib.  Məncə, normal məntiq üstün gələcək və bu problem ətrafında daha vacib olan məsələlər nəzərə alınmaqla emosiyaları cilovlamaq mümkün olacaq. 
- Keçmiş rektorların yaradılan yeni komitələrə sədr seçilməsi onların könlünün alınması kimi yozuldu...
 

- O rektorların heç biri incik deyildi ki, onların könlünü alaydılar. Onlar bu məsələnin məntiqini və vacibliyini anlayan insanlardır. Hətta onlar komitə sədri seçilənə qədərki açıqlamalarında bununla bağlı mövqelərini ortaya qoymuşdular. Heç bir problem yox idi. Sadəcə, nəzərə almaq lazımdır ki, bu insanların hər biri uzun müddət ayrı-ayrı təhsil müəssisələrinə rəhbərlik edirdilər. Onlar həm təhsil sahəsində səriştəli və bilgilidilər, eyni zamanda idarəetmə sahəsində çox gözəl təcrübələri var. Parlamentdə də yeni komitələr yaranırsa, məhz təcrübəli insanların imkanlarından istifadə etmək və bu işi onlara həvalə etmək daha doğru olardı. Ona görə də qəbul olunan qərarlar tam məntiqlidir və bunu hansısa subyektiv amillərlə, yaxud da kiminsə razı salınması ilə bağlamaq düzgün olmazdı. Bir də ki, cəmiyyət yenilik istəmirdimi? Buyurun, yeniliklər.
- Deputat Zahid Oruc “parlamentdə etimadı doğrultmayanlar həmişə olub” söyləyib. Razılaşırsınızmı? 
- Mən düşünmürəm ki, Zahid Oruc hansısa məsələ ətrafında nəsə deyibsə, mən ona şərh verməliyəm. Amma hətta belə fikir səslənibsə və siz sualı bu şəkildə qoyursunuzsa, nəinki parlamentdə, ümumiyyətlə, cəmiyyətdə, dövlət həyatında, ailədə, dostluqda belə etimadı doğrultmayanlar həmişə olub, var və yəqin gələcəkdə də olacaq. 
 
- Belələri hazırkı tərkibdə də varmı? 
- Mən parlamentin yeni tərkibini bu kriteriyadan sərf-nəzər etməmişəm. Ona görə də bununla bağlı hər hansı fikrim yoxdur. Bizim fəaliyyətimiz ictimaiyyətin, cəmiyyətin, o cümlədən mətbuatın, televiziyanın ciddi diqqəti altındadır. Ona görə də burda hansısa əyinti, hansısa bir xoşagəlməz hal dərhal nəzərə çarpır, cəmiyyət də, müvafiq qurumlar da zamanı gələndə ona münasibət bildirir. Bu mənada tələsik və səthi dəyərləndirmələrdən uzaq olmaq lazımdır. 
- “MTN işi” ilə əlaqədar ən çox eşidilən tənqidi fikir budur ki, rəsmi şəxslər çox az danışırlar, rəsmi mətbuat bu mövzudan kənar dayanmağa üstünlük verir. Siz necə düşünürsünüz, belə bir mühüm struktur daxilində bu kimi qanunsuzluqların baş verməsi gözlənilən idimi?
- Mən düşünmürəm ki, kimlərsə oturur öz işində, yaxud evində müşahidələr aparır, hardansa nələrisə gözləyir. Bilirsiniz, hadisə baş verir və baş verəndən sonra ona münasibət bildirilir. Elə hadisələr var ki, ona dərhal mahiyyətini anlayaraq fikir bildirmək mümkün olur, elə hadisələr də var ki, onlar çox ciddi araşdırma tələb etdiyi üçün barəsində məlumatlar müəyyən qədər xəsisliklə verilir. İndiki halda məlum hadisələr haqqında hər kəsin fikir bildirməsinə ehtiyac da yoxdur. Bu, çox ciddi bir məsələdir. Bununla əlaqədar müvafiq qurumlar fəaliyyət göstərir, iş aparırlar. Hesab edirəm ki, məqamı gəldiyi təqdirdə o qurumların məlumatlarına istinad etmək lazımdır. Hətta lazımdırsa belə, hər şey aydın olduqdan sonra müvafiq dəyərləndirmə ilə çıxış etmək olar. İndiki halda bu məsələnin ətrafındakı ajiotaj, həqiqətə uyğun olmayan, bir çox hallarda heç bir arqumentə söykənməyən, daha çox şişirdilməklə, eləcə də nəyisə ört-bastır etməklə edilən açıqlamalarla yalnız cəmiyyəti çaşdırmaq və aparılan işin mahiyyətinə xələl gətirmək olar. Hesab edirəm ki, bir çox rəsmilər bu məsələ ilə əlaqədar fikir bildirməməklə doğru edir. Yalnız mətbuatın yazdıqlarına istinad etmək isə hər zaman çaşqınlığa gətirib çıxara bilər. Razılaşın ki, bizim bir çoxumuz məsələnin tam təfərrüatı haqda çox az məlumatlıyıq.
- Ümumilikdə bu qurumun keçmiş rəhbərliyinin dövlətə və millətə xəyanət etdiyini düşünürsünüzmü? 
- İndi bunun adı xəyanətmi, səhlənkarlıqmı, cinayətmi olacaq, bu, yekunda dəqiqləşəcək. Amma görünən odur ki, bəzi işlər burda qaydasında getməyib. Getmədiyinə görə də müvafiq addımlar atılıb. Hesab edirəm ki, bu işin sonunu gözləmək və nəticələri dəyərləndirmək üçün bizim imkanımız olacaq. Amma istənilən halda belə mənfi nəticələrə gətirib çıxaran halların baş verməsini heç kəs təqdir etmir. Mənə elə gəlir ki, yumşaq şəkildə desək, burda doğrudan da etimaddan və səlahiyyətlərdən sui-istifadə halları olub. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ