SON DƏQİQƏ

PressDent.Info

“NAZİRLƏR KABİNETİNDƏ DƏ HƏBSLƏR OLA BİLƏR” - Rəsul Quliyev

“NAZİRLƏR KABİNETİNDƏ DƏ HƏBSLƏR OLA BİLƏR” - Rəsul Quliyev
16-11-2015, 10:43 72558 dəfə baxılıb

“Bəzi məmurlar fürsətdən istifadə edib öz düşmənlərini vurmağa çalışacaqlar”

Azərbaycan Milli Məclisinin ABŞ-da mühacirətdə olan eks-spikeri Rəsul Quliyev  suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Rəsul müəllim, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının növbəti raundu gözlənilir. Sizcə, masa üzərinə yeni hansı müddəalar qoyula bilər?

– Gözlənilən görüşün əvvəlkilərdən elə bir ciddi fərqi olmayacaq. Həmişəki kimi Azərbaycan işğal olunmuş rayonların – Laçından başqa, ola bilər bu dəfə Kəlbəcər və Qubadlı rayonlarını da siyahıya əlavə etsinlər – indi azad edilməsi, Dağlıq Qarabağın statusuna 10-15 ildən sonra baxılması təklifini verəcək.

Ermənilər isə indi Dağlıq Qarabağa müstəqillik vermək şərtilə rayonları azad etməyə razılıq verə biləcəklərini müzakirə etməyə hazır olduqlarını deyə bilər. Bu isə tupikdir. 1998-ci ildən buna oxşar bir təklif verilib və indiyə kimi də heç bir şey dəyişməyib.

Ermənistan öz Konstitusiyasında dəyişiklik edib parlament respublikası yaratmaq ərəfəsindədir. Sərkisyan rəhbərliyini baş nazir vəzifəsində davam etdirmək istəyir. Ona görə də Sərkisyan başda olmaqla, Ermənistanın indiki liderləri bu danışıqlarda özlərini daha aqressiv aparacaqlar. Çünki az da olsa, xalqın qəzəbinə gəlməkdən qorxurlar.

- Ermənistanda Konstitusiya islahatlarının keçirilməsinin Dağlıq Qarabağ probleminə hansı təsiri ola bilər?

– Konstitusiya islahatları keçirməyə, hökumətdə qalmağa israrlı olduqlarından bu danışıqlardan reytinqi yüksəltnək naminə istifadə edəcəklər. Azərbaycanı son vaxtlar təmas nöqtələrində aktivləşməkdə günahlandırmağa çalışacaqlar və kəskin cavab verəcəkləri ilə hədələyəcəklər. Rusiya ola bilər ki, könülsüz şəkildə ermənilərə Azərbaycanın təklifinə bir də baxmağı məsləhət görsün. Ancaq bu, problemin həllindən çox görüntü yaratmağa qulluq edir. Paralel olaraq Rusiya müharibəyə can atmağın təhlükəliliyini və Ermənistanla hərbi paktlarının olduğunu Azərbaycana bir daha xatırladacaq. Başqa sözlə, bu regionda müharibəyə başlayıb başlamamaq qərarını Rusiya verir. Rusiya artıq bir neçə dəfə hansı şərtlər çərçivəsində Ermənistana təzyiq göstərə biləcəyini Azərbaycan rəhbərliyinə çatdırıb.

- Bu, hansı məsələlərdir?

– Birincisi Avrasiya İttifaqı ilə bağlıdır. İkincisi Rusiya Silahlı Qüvvələrinin sülhü qorumaq məqsədi ilə Azərbaycanda yerləşdirilməsinə razılıq verməkdir. Kremlin bu tələblərinin istənilən birini yerinə yetirmədən Azərbaycana heç bir dəstək verilə bilməz. Bu tələbləri yerinə yetirməklə Dağlıq Qarabağın və ya işğal olunmuş başqa rayonların Azərbaycana qaytarılmasının baş tutacağına inanmaq da sadəlövlüklük olar. Bu tələblər yerinə yetiriləndən sonra, məsələn Ağdam rayonu 5 il müddətində Azərbaycana qaytarıla bilər, yəni bu prosses 10 illərlə uzana bilər. Bir sözlə, keçiriləcək görüşün əvvəlkilərdən fərqli nəticələri olacağına inanmaq çətindir.

- Rusiyanın Azərbaycan üzərindən Suriyaya hərbi yardım göndərdiyi iddia olunur. Belə bir şey mümkündürmü?

– Mən Rusiya təyyarələrinin Azərbaycan üzərindən keçdiyini bilmirəm. Çünki Xəzər dənizi deyəndə İran da ağıla gəlir. Ancaq ruslar Azərbaycanın üzərindən uçmaq istəsələr, bizim hökümət onlara “yox” deyə bilməz. Əlaqələrini heç bir səbəb göstərə bilmədiyi halda pozmaqdan çəkinər. Rusiya Suriyada guya, terrorçulara qarşı müharibə apardığını deyir. Azərbaycan hansı səbəbi gətirib ona hava koridoru verməyə bilər?! Əlbəttə ki, heç bir səbəb gətirə bilməz. Azərbaycanı Bolqarıstan,Türkiyə və başqaları ilə müqayisə etməyək. Onlar NATO-nun üzvləridir.

- Azərbaycanın daxili siyasi atmosferindəki vəziyyəti necə dəyərləndirərdiniz?

– Daxildə artıq 10 ildir heç bir siyasət müşahidə olunmur. Hökumət mənfi imic formalaşdırır. Ölkədə durğunluq və tənəzzül çiçəklənməkdədir. Daxili siyasət nəticəsində Azərbaycanda fərqli həyat yaşayan iki qrup yaranıb. Eyni ölkədə fərqli qanunlar, fərqli imkanlarla yaşayan insanların 85 faizinin klassik adı xalq, 15 faizinin adı isə elitadır. Daxili siyasətin nəticəsi olaraq ayda maksimum 1000 manat maaş alan şəxslər qiyməti bir milyon manatdan tutmuş 50 milyona qədər olan saraylar tikdiriblər və ayda hər birinə 1000 manat maaş verməklə azı 5 qulluqçu saxlayırlar. Bu dediklərimin möcüzə yox, həqiqət olduğunu Azərbaycanda hamı bilir. Ancaq əksəriyyət bunu aparılan daxili siyasətin nəticəsi kimi yox, “belə olmalıdır və hər yerdə belədir” kimi qəbul edir. Bu isə xalqın bədbəxtliyi deməkdir.

- Azərbaycan müxalifəti öz formatında hansı dəyişiklikləri etməlidir?

– Azərbaycan müxalifətinin formatı yoxdur, çünki o heç vaxt yaranmayıb. 1990-cı illərin “müxalifət” liderləri bu gün də o illərin şüarları, ab-havası ilə yaşayırsa, hansı formatdan danışmaq olar?! Cəmi iki dəfə müxalifəti formalaşdırmaq cəhdi oldu – 2003 və 2005-ci illərdə.

2013-cü il prezident seçkiləri ərəfəsində müxalifət Milli Şuranın yeni vahid namizədi ideyasını irəli sürdü. Seçkilərdən sonra ağlasığmaz “mən prezidentəm” bəyanatları verməklə, müxalifətin axırıncı qəlpələri də qəbrə qoyuldu. İndi yeni formatdan yox, yeni fundament üzərində müxalifət qurmaqdan söhbət gedə bilər. Ordan-burdan, şantajla bir az pul tapıb hansısa bir qəzetdə gündə “qəhrəmanlığından” yazmaqla özünü nə ana, nə də bala müxalifət edə bilərsən.
Azərbaycan hakimiyyəti ölkədə müxalifətin olmadığını yaxşı anlayır. Hakimiyyət müxalifətsiz inkişafın olmadığını anlasa, özü normal və əsl müxalifətin yaranmasına kömək etməlidir. Bu işi rahat həyata keçirmək üçün əllərindən heç bir şey gəlməyən müxalifət liderlərinə pensiya kəsib istirahətə göndərməlidir. Əgər anlamaq fikrində deyilsə, müxalifət bir qədər gec də olsa yaranacaq. Hər iki halda 90-cı illərin müxalifət liderləri özlərinin fiziki qocalıb ölməsini gözləməməlidirlər, bu gün istefa verib getməlidirlər.

- Prezident İlham Əliyevin sərəncamı ilə daha bir hökumət üzvü- Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarıldı. Bunun “MTN işi” ilə əlaqəli olduğu bildirilir. Sizcə daha hansı vəzifəlilər öz kreslosu ilə vidalaşacaqlar?

– Bu suala cavab vermək çox çətindir. Çünki bu adamların işdən azad edilmələri və ətrafındakıların həbsinin real motivinin nə olduğu məlumdur. Bu, icazəsiz olaraq yüksək səviyyəli məmurların telefon danışıqlarına qulaq asmaq, kompromat videolar çəkmək və digər əməllərdir. Lakin onun dərinliyinin səviyyəsi məlum deyil. Hər halda onlar təkcə rəsmi xəbərlərdə deyilən, şantaj etməklə və ya şantajsız korrupsiya və rüşvətə görə işdən azad edilməyiblər və ya həbs olunmayıblar.

2005-ci ildə Daxili İşlər Nazirliyinin yuxarı ranqlı məmurlarının insan oğurluğu və terrorla məşğul olması, uzun illər insanları şantaj edib pul yığmaqlarının aşkarlanması telefon danışıqlarına qulaq asmaqdan qat-qat ağır cinayətlər idi. Ancaq o hadisələrə görə nazirlər istefaya göndərilmədi.

Telefon danışıqları ilə bilavasitə əlaqələri olanların bu gün siyahısını vermək mümkün deyil. Ölkədə dərindən araşdırmadan qərar qəbul etməyin adi hal olduğunu bilənlər fürsətdən istifadə edib öz düşmənlərini vurmaq üçün müxtəlif rəvayətlər uyduracaqlar. Sözsüz bu rəvayətlərin “həqiqət” olduğunu sübut etmək üçün bu gün həbsdə olanlarla alver edib o adamların əleyhinə şahidlik “sənədləri” hazırlayacaqlar. Ona görə istənilən təşkilatda, o cümlədən Nazirlər Kabinetində istefalar və həbslər ola bilər.

- Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovun rəhbərlik etdiyi dövrlərdə onun xarici kəşfiyyatla əməkdaşlıq etdiyi, məxfi məlumatlar sızdırılması da az ehtimal olunan versiyalar sırasındadır. Sabiq nazir Eldar Mahmudov belə bir şey edə bilərdimi?

– Azərbaycanın milli təhlükəsizliyi nöqteyi-nəzərindən daxilində böyük əhəmiyyət daşıya biləcək məxfi məlumatlar bir çox ölkələr üçün yox dərəcəsindədir. Məsələn, tutaq ki, Azərbaycanın silah istehsal etməsi ən böyük dövlət sirridir. Bu silah nə nüvə silahıdır nə də məsələn, 500 km-ə qədər uçan raketdir.

Ona görə bu sirri öyrənmək Ermənistandan başqa heç kimə lazım gəlməz. Öyrənmək üçün hətta Ermənistan belə, heç kimə pul verməz. Çünki birincisi ruslar sözsüz, bunu bilirlər. İkincisi Azərbaycan silah buraxmaq üçün lazımi materialları xaricdən alır. Alınan materialların miqdarını bilməklə dəqiqliklə hansı silahdan nə qədər istehsal ediləcəyini də bilmək olar. MTN-in xarici kəşfiyatlarla, xüsusilə Rusiya, İran, Türkiyə və İsrail kəşfiyyatları ilə yaxın əlaqələri olub və bundan sonra da olacaq. Bu ölkələrlə terroristlərin yerdəyişməsi, narkotrafikin vəziyyəti və sair məsələlərdə daim kontakta olublar.

- Parisdəki İŞİD-in törətdiyi dəhşətli terror aktı fonunda Antalyada G-20 sammiti keçirilir. Bundan gözləntiləriniz nədir?

– Bildiyiniz kimi G-20 sammiti 1999-cı ildə yaranmış və bu gün dünya məhsul istehsalının 85 faizini əllərində cəmləşdirmiş ölkələrin birliyidir. Gedən proseslər bu birliyin əhəmiyyətini BMT səviyyəsinə qaldırır. Türkiyə sammitində əsasən terrorizm və ondan xilas yolları axtarılacaq. Bu kontekstdə konkret Suriya ətrafında gedən proseslər bir daha gündəliyə gətiriləcək, o cümlədən keçənilki sammitdən fərqli olsa da, Ukrayna hadisələri də diqqətdən yayınmayacaq. Terrorçuların son günlərdə Sinay yarımadasında Rusiya təyyarəsini partlatması, xüsusilə Fransada böyük insan tələfatı ilə qurtarmış çoxsaylı teraktların həyata keçirilməsi insanların dinc yaşama inamlarına zərbə vurub. Əgər bu teraktlar vüsət alsa, Rusiya, Böyük Britaniya, İtaliya və bir sıra başqa ölkələrdə stabillik pozula bilər.

Problem ondadır ki, bu terrorçu təşkilatları dünyanın aparıcı ölkələri izoliyasyaya sala bilmir. Onların büdcələrinə hər il milyardlar yığılır və xərclənir. Müharibə aparmaq üçün kifayət qədər hücum və müdafiə silahlarına malikdirlər. Bomba hazırlayan alimləri var. Müasir informasiya texnologiyasından özlərinin təbliğatı və ideyalarını yaymaq üçün istifadə edirlər. Terrorçu şəbəkələri demək olar bütün ölkələrdə mövcuddur. İdealogiyaları ədalətsizlik, hakimiyyətdə olanların korrupsiya və rüşvətinə qarşı peyğəmbərin, “Quran”ın təyinatı əsasında müharibə aparmaqdır. Gördüyünüz kimi, fundament kifayət qədər möhkəmdir, terrorçuların daha çox olduğu ölkələrin hamısında bu faktorlar kifayət qədər güclüdür. Ancaq korrupsiya az, həyat səviyyəsi yaxşı olan sivil ölkələrdən də bu ideyaları dəstəkləyib onlara qoşulanlar var. Bu da təbiidir, çünki gənclərin arasında sosialist ideyalarla yaşayan, misioner olmaq istəyən romantiklər az deyil. Terrorizmi tək hərbi yolla məğlub etməyin qeyri-mümkünlüyü artıq hamıya aydındır. Bu sammit terrorizmin qarşısını almaq üçün kompleks proqramın tərtib edilməsi və yaxın vaxtlarda onun BMT-də təsdiq edilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Bu sammitdə də yenidən korrupsiya, rüşvət, qara pulların leqallaşdırılması ilə mübarizə metodları müzakirə oluna bilər və olunacaq. Çünki terrorizmin əsas dayağı bu faktorların olmasıdır. Bu faktorlar terrorçuları maliyyə, silah-sursatla, kəşfiyatla təmin edir və terror aktları keçirməyi təşkil etməyə şərait yaradır. Bu faktorları aradan götürmək üçün daha qətiyyətli addımlar atılmalıdır. Banklar şəffaf olmalıdır. Qara bizneslər, korrupsiya və rüşvətdə şübhəli görünən şəxslərin özlərinin, qohumlarının, ətrafındakıların bank hesabları, mülkiyyətləri siyahıya alınmalı, “qazanılmış” pulun mənbəyi izah oluna bilmirsə, müsadirə edilməli və bu əməliyatdan əldə olunan vəsait terrorizmlə mübarizəyə, eyni zamanda təbii fəlakətlərdən əziyyət çəkən reqionlara göndərilməlidir. Dünyanın qloballaşma prosesinin bu istiqamətdə gedəcəyinə heç bir şübhəm yoxdur və bu sammitdə sadalanan məsələlərə start veriləcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ