SON DƏQİQƏ

PressDent.Info

“DAHA ÜÇ QURUMDA ƏMƏLİYYAT KEÇİRİLMƏLİDİR” – Gömrük, vergi, tikinti agentliyi…

“DAHA ÜÇ QURUMDA ƏMƏLİYYAT KEÇİRİLMƏLİDİR” – Gömrük, vergi, tikinti agentliyi…
26-10-2015, 11:03 24818 dəfə baxılıb

25 saylı Nizami ikinci Seçki Dairəsindən deputatlığa namizəd Nurəddin İsmayılovun  müsahibəsi

- Nurəddin bəy, seçki gününə sayılı günlər qalır. İstərdik ki, təbliğat-təşviqat kampaniyanız, seçicilərlə keçirdiyiniz görüşlər barədə məlumat verəsiniz. Ümumiyyətlə, hazırkı mərhələdə seçki mühitini necə dəyərləndirirsıniz?

– Təşəkkür edirəm, istəyərdim ki, öncəliklə seçki mühiti haqda fikrlərimi bölüşəm. İlk müsahibəmdə qeyd etdiyim kimi, Azərbaycanda seçki mühiti çox aşağı səviyyədədir. Əvvəlki illərdən fərqli olaraq, hakimiyyət bu seçkilərin yüksək fəallıqla keçirlməsi üçün gərəkən addımları atmadı. Əvvəllər formal da olsa seçki prosesi diqqət mərkəzinə gətirilir, tele-debatlar təşkil edilir, namizədlərin təbliğat-təşviqt kampaniyası telekanallarda işıqlandırılır, seçki ərəfəsi mühit yerli və beynəlxalq müşahidəçilər tərəfindən qiymətləndirlirdi. Müşahidələrim hələ heç bir vaxt seçicilərin seçki mühitinə bu qədər laqeyd omadığını göstərir. Digər tərəfdən son MTN olayları da seçicilərin seçkilərə olub-qalan marağını söndürüb. Sanki görünməz bir əl ölkənin diqqətinin seçkilərə deyil, MTN-də baş verən hadisələrə yönəlməsini işarə edir. Seçicilərlə görüş məsələsinə gəldikdə, mən kampaniyamda iştirak edən dostlarım vasitəsi ilə seçicilərlə fərdi qaydada, evlərə gedərək, telefonla, sosial şəbəkələrdə paylaşmalarla iş aparmağa üstünlük verirəm. Apardığım işlərin nəticəsi olaraq bir neçə sorğu üzrə virtual səsvermədə hələ ki bitinciliyi qoruyub saxlamışam. Qalan işlərdə Allah yardımçımız olsun.

- MTN-də baş verənləri xatırlatdınız. Sizcə nə baş verir orda?

– Baş verənlər millətimiz üçün utacvericidir. MTN dövlətin ən vacib strukturlarından biridir və bu strukturun qarşısında duran əsas vəzifə milli təhlükəsizliyimizin, suverenliyimizin, müstəqilliyimizin daxili və xarici təhdidlərdən qorunmasına, terrora, qanunsuz narkotika ticarətinə, insan alverinə qarşı mübarizəyə, ölkə əleyhinə yönələn xarici kəşfiyyat əməliyyatlarının neytrallaşdırılmasına, strateji hədəflərimizin incəliklə həyata keçirilməsinə yönəlməlidir. Təssüflər olsun ki, millətin güvəndiyi, dövlətin etimad göstərdiyi mötəbər bir kəşfiyyat orqanının əsas fiqurları strateji hədəflərdən yayınaraq, cılız kommersiya maraqlarına, hədə, şantaj yolu ilə iş adamlarından para qoparmağa, soyqunçuluğa, quldurluğa meyllənib və təmsil etdikləri orqanın nüfuzunu zədələyiblər. Bunlar məsələnin görünən tərəfləridir. Obyektiv araşdırmaların bu çətənin dövlət çevrilişi, xarici kəşfiyyatın alətinə çevrilmə, milli mənafeni satma, ölkə daxilində və ondan kənar oliqarxlarla işbirliyinə girib dövlətin siyasi nizamını pozma kimi uzağa gedən mənfur planlarını aşkarlayacağına şübhə yeri qoymur. Məhz bu səbəbdən sağlam, yeniləşmiş, müstəqil parlamentə ehtiyac var ki, bu və digər dövlət strukturlarının fəaliyyətinə nəzarəti həyata keçirə bilsin, onların yaramaz əməllərini parlament səviyyəsində müzakirə edib ciddi qərarlar versin.
Bunula belə, gecikmiş addımlar olsa da, MTN-lə bağlı atılan addımları müsbət dəyərləndirirəm. Çünki söhbət prezidentin çevrəsinə yaxın olan bir nazirin və onun himayəsində olan çətənin yaratdığ etimadsızlıqdan və bu qeyri-peşəkarların ölkənin siyasi, iqtisadi sabitliyinin pozulmasına, vətəndaşla dövlət arasında münasibətlərin korlanmasına xidmət edən pozucu hərəkətlərindən gedir. Lakin mən daha çox görülmüş yox, bu strukturun sağlamlaşmasına yönəlik görüləcək tədbirlərdən danışmağa üstünlük verərdim. Əgər yanlış təyinatlar olacaqsa, gedənlərin yerinə daha qeyri-peşəkarlar gələcəksə, təyin olunacaq fiqurların milli təhlükəsizlik konsepsiyasında əksini tapan müddəaların həyata keçirilməsində çəkisi nəzərə alınmayacaqsa, əlbəttə, bunlar bizi yeni və daha qorxulu olaylarla üz-üzə qoya bilər. İnanmaq istərdik ki, ölkə prezidentinin MTN-nin struktur dəyişikliyi ilə bağlı verdiyi sərəncamda bu əyintilər aradan qaldırılacaq.

-Ümumiyyətlə, belə hesab olunur ki, Azərbaycanda yeni mərhələyə start verilib – ölkə siyasi-iqtisadi islahatlar ərəfəsindədir. Prezidentin sərt qərarları davam edəcək, hakimiyyətin oliqarxsızlaşdırılması prosesi aparılacaq. Siz keçmiş gömrük işçisisiniz, necə hesab edirsiniz, yaxın vaxtlarda islahatların gömrük, vergi orqanlarını, ölkədə sahibkarlığın inkişafına mane olan digər strukturları da əhatə edəcəyini gözləmək olarmı?

-Bunlar mütləq olmalıdır. Azərbaycan iqtisadiyyatının problemi təkcə MTN əməkdaşlarının qanunsuz tələbləri, sahibkarlığa təzyiqləri ilə məhdudlaşmır ki… Fikrimcə, ölkədə sözün əsl mənasında azad sahibkarlıq mühiti yaratmaq, əsassız yoxlamalar və tələblər, inhisarçılıq kimi neqativ halları aradan qaldırmaq üçün MTN-də ötən şənbə həyata keçirilən əməliyyatların davamı adını çəkdiyiniz strukturlarda – gömrük, vergi və tikintiyə nəzarət agentliyində də keçirilməli, bu dövlət qurumları mafioz, kriminal-soyqunçu ünsürlərdən təmizlənməlidir. Əks halda heç bir irəliləyişdən söhbət gedə bilməz. Gömrükdə inhisarçılığı, dəhşətli korrupsiyanı aradan qaldırmadan iqtisadiyyatın inkişafından, azad rəqabətlilikdən necə danışmaq olar!? Yaxud vergi əməkdaşlarının qanunsuz tələbləri aradan qalxmayınca nəyəsə nail olmaq mümkündürmü? Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi adlı bir dövlət qurumu tikinti sektorunun üzərinə elə bir kabus kimi çöküb ki, həmin agentlikdə də MTN-dəkinə oxşar əməliyyat keçirilmədən ölkədə tikinti sektorunun inkişafından, əlçatan qiymətlərdən danışmaq mümkün deyil. Necə hesab edirsiniz, Bakıda ev və əmlakların qiyməti niyə hətta İstanbuldan bahadır? Çünki tikilən hər kvadratda icra hakimiyyətlərinin, FHN-in bu strukturunun vəzifəli şəxslərinin payı var. Tikintiyə Nəzarət Agentliyinin rəisi Azərbaycanın ən zəngin adamlarından biri hesab olunur. Deyilənə görə kralsayağı həyat tərzi keçirən bu adamla və onun ətrafı ilə, bunların necə milyonçulara çevrildiyi ilə maraqlanan varmı? Ayrı-ayrı gömrük məmurlarının var-dövləti yüz milyonlarla ölçülür. Bəs deyilmi bu adamların harınlamasına hər cür şərait yaradıldığı? Bu günlərdə həbsə atılan MTN-in yüksək rütbəli şəxsləri də belə cəzasızlıq mühitində bütün hədləri aşmadılarmı? Prezidenti və ailə üzvlərini dinləyəcək qədər irəli getmədilərmi?
Bunlara daha artıq dözmək mümkün deyil və mən hesab edirəm ki, gömrük, vergi, tikintiyə nəzarət orqanı və sair dövlət qurumlarında da MTN-dəkinə oxşar əməliyyatların keçirilməsinə ehtiyac var.

Nureddin Ismayilov

- Təbliğat-təşviqat dövründə DSK, yerli icra strukturları və ya iqtidardan olan rəqibiniz tərəfindən sizə qarşı hər hansı bir təzyiqlər, maneçiliklər törədilməyib ki?

-Xeyr, sadaladığınız struktur və şəxslər tərəfindən mənə heç bir təzyiq göstərilməyib, maneçilik törədilməyib. Lakin əsas seçki günü, səslərin sayılması prosesidir. Bunu da zaman göstərər. Bir də ki, seçki mühiti yoxdursa, bizə lazım olan elektoratın səsini laqeydlik məngənəsində boğublarsa, artıq seçicilər aparılan üzücü siyasətin nəticəsində kimə səs verməyin fərqində deyilsə, hakimiyyət strukturlarının, ya da mənim iqtidardan olan rəqibimin hansısa təzyiqə əl atmasına ehtiyac qalmır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ