SON DƏQİQƏ

PressDent.Info

“İndiyədək MTN-ə bir qəpik də rüşvət ödəməmişəm”

“İndiyədək MTN-ə bir qəpik də rüşvət ödəməmişəm”
24-10-2015, 19:57 167419 dəfə baxılıb

Hacı İbrahim Nehrəmli: “Mənim kimi adamın Beynəlxalq Banka girişinə qadağa qoyulub”

 

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Konsern”nin rəhbəri,  tanınmış iş adamı Hacı İbrahim Nehrəmli “Yeni Müsavat” qəzetinə müsahibə verib. 
 
O bildirib ki,  “Xəzər Adaları” ilə bağlı görüşlər üçün seçdiyi nümayəndə heyəti artıq Çin Xalq Respublikasındakı işlərini bitirmək üzrədirlər. Hacı İbrahim qeyd edib ki, nümayəndə heyəti daha sonra layihə üçün müqavilələr bağlamaq məqsədi ilə Honkonqa səfər edəcəklər:
- Xaricdən nə qədər kredit ala biləcəyiniz gözlənilir?
- Hələ ki danışıqlar 3 milyard ətrafında aparılır. Lakin digər dörd qrupla da görüşlərimiz başlayıb. Daha böyük məbləğdən də söhbət gedə bilər. Onlardan biri ilə müqavilənin bağlanması çox realdır. Görüşlər 1 noyabr tarixindən başlayacaq. Bakıda olsam da oradakı görüşlərlə bağlı nə lazımdırsa, edirəm. 
- Müqavilə bağlayacağınız şirkət hansıdı?
- Hələ ki bəzi işlərlə bağlı bu şirkətin adını açıqlamasaq daha yaxşı olar. Heç kim istəmir ki, ona kredit gəlsin, işi düzəlsin. Paxıllıqla hərə bir məlumat yazır göndərir. Bunun nə üçün belə olduğunu başa düşmürəm. 
- Sizin şirkətdə çalışıb əmək haqqı ala bilməyənlər şikayət edirdilər. Onların əmək haqqını verdinizmi?
- Bəli, artıq əmək haqlarını da verməyə başlamışıq. Misal üçün, bizim sürücülər üçün 170 min manat əmək haqqımız qalmışdı. Onun  hazırda təxminən 60-70 min manatı verilib. Növbəti həftələrdə isə tam şəkildə sürücülərin əmək haqqını verməyi düşünürük.  Heç kimin haqqı bizdə qala bilməz.
- Ölkə başçısı İlham Əliyev 22 oktyabr tarixində  gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzaladı. Bir iş adamı kimi bu fərmana münasibətiniz necədir?
- Cənab prezidentin hər bir fərmanı doğrudan da iş adamları arasında çox müsbət qarşılanır. Təbii ki, bu fərmanlar ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədi ilə verilir. Ola bilər ki, insanları gömrükdə incidirdilər, bunların qarşısı alınacaq. Bu, çox yaxşı bir haldır.  Hesab edirəm ki, cənab prezidentin gömrüklə bağlı fərmanı xırda sahibkarlığın inkişafı üçün daha əhəmiyyətli olacaq. Ancaq onu da deyim ki, gömrükdə iri sahibkarlar heç zaman incidilmir. Mən şəxsən buna rast gəlməmişəm.
 
- Neftin qiyməti düşdükdən sonra prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafına ciddi şəkildə diqqət göstərir. Eyni zamanda ölkədə xeyli məmur var ki, onlar həm də sahibkardırlar. Böyük maraqların toqquşması fonunda sizcə prezident sahibkarlığın inkişafına nail ola biləcəkmi? 
- Öncəliklə deyim ki, məmur bizneslə məşğul olmalı deyil. Bunun qarşısını əvvəldən almaq lazım idi.  Əfsuslar olsun ki, bunun qarşısını almadıq. Məmurlar böyük pullar qazandılar. Bu pullarla həm də bizneslərini inkişaf etdirdilər. Biz də məcbur olduq ki, kredit alaq və onların qarşısında rəqabətə tab gətirə bilək. Nəticədə bizim kreditlərin miqdarı artdı. Bu hal eyni zamanda ölkədə biznes mühitini də pisləşdirdi.  Əlbəttə ki, neftin qiyməti düşdükdən sonra bu məqama diqqət artdı. Cənab prezident çox yerində qərarlar verdi. Xeyli sayda məmurlar var ki, onlar iş adamlarının işləməsinə imkan vermir. Tutaq ki, mən də ev tikirəm, məmur da. Məmur qanunsuz ödəmələrdən azaddır, ancaq biz iş adamları hamısını veririk. Onların qarşısında tab gətirə bilərikmi? Əlbəttə ki, yox. Bu baxımdan bir daha qeyd edirəm ki, prezidentin fərmanları həm millətin, həm də iş adamlarının xeyrinədir. Düşünürəm ki, ölkə başçısı sahibkarlığın inkişafını istəyirsə, buna yüz faiz nail olacaq. Çünki hər şey onun əlindədir. Hələ ki ölkədə biznes batmayıb. O, biznesi yenidən dirildə bilər.
- Ölkədə sahibkarların əsas problemini nədə görürsünüz?
- Sahibkarların əsas problemi odur ki, banklar bu gün bizimlə işləmir. Deyək ki, mənim Beynəlxalq  Bankda kreditim var. Bu gün mənə konkret sənəd vermirlər ki, biləm nə qədər borcum var. Dəfələrlə bununla bağlı onlara rəsmi müraciət etmişəm. Deyirlər ki, gəl devalivasiya ilə bağlı sənədə qol çək, ondan sonra deyək ki, nə qədər borcun var. Nəticədə isə mənim kimi iş adamının Beynəlxalq Banka girişinə qadağa qoyulub. İndi cənab prezidentin bunlardan xəbəri yoxdur. Düşünürəm ki, banklar iş adamlarını çağırmalıdırlar. Deməlidirlər ki, sənin, misal üçün, bir şirkətin üzrə 30 milyon borcun var. Bunu nə üçün vermirsən? Mən də deməliyəm ki, biznesin inkişafı üçün kreditə və normal biznes mühitinə ehtiyacım var. Bunu etmək əvəzinə, bizi göndərirlər “Bandotdelə” ki, get orada cavab ver. Orada da deyirlər ki, bizə dəxli yoxdur. Apar əlində olanı sat, borcunun bir qismini ödə. Sən də elə etsən, bir qismin ödəyirsən, müəyyən zaman sonra yenidən borcun əvvəlki həddə çatır. Nəticədə girov qoymağa artıq əmlakın da olmadığı üçün həbs olunursan. Bu cür yanaşma ilə biznesi xilas etmək olmaz. Biznesi xilas etmək istəyiriksə, iş adamlarına münbit şərait yaradılmalıdır ki, onlar bankdan kredit götürüb işini qursun.  
- Bildirilir ki, Beynəlxalq Bankdan kredit götürənlərin əksəriyyətində girov yoxdur. Bu barədə nə deyə bilərsiz?
- Götürdüyüm kreditlərin qarşılığında artıqlaması ilə girovum var. Ancaq deyilənlər doğrudur. Çox adam girov qoymadan biznes layihələri üçün böyük miqdarda pul götürüblər. O da Cahangir Hacıyevin öz adamlarıdır. Başqa adamlar deyil. Mühafizəçinin, qonşunun və sairə bu kimi adamların adına girovsuz kreditlər yazdırıblar. Bu gün də aparıb həmin pulları xaricə çıxarıblarsa, bunun bizə nə aidiyyatı var? Mən 300 milyonluq girov qoyub, 30 milyon kredit götürmüşəm. Yəni bu, cinayətdir? Sadəcə hamıya eyni gözlə baxıb, hər kəsin adını dələduz qoyuruq. Belə inkişaf etmək olmaz. 
 
- 17 oktyabr tarixində prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildi. Daha sonra məlum oldu ki, sahibkarlığın inkişafına mane olan qurumlardan biri də məhz MTN  olub. Bununla bağlı münasibətiniz necədir?
- Məni bir dəfə də olsun MTN-ə çağırmayıblar. Eyni zamanda şirkətimə də heç bir haqq qoymayıblar.  Həmçinin ətrafımda olan şirkətlərdən MTN tərəfindən pul istənilməsini eşitməmişəm. Əgər belə bir hal olarsa, konkret açıqlama verərəm. Nə MTN-dən, nə DİN-dən, nə prokurorluqdan bu məsələ ilə bağlı şikayətçi deyiləm.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ