SON DƏQİQƏ

PressDent.Info

Rəşad Sadıqov: Messinin yerində olmaq istərdim - MÜSAHİBƏ

Rəşad Sadıqov: Messinin yerində olmaq istərdim - MÜSAHİBƏ
9-10-2015, 22:39 31268 dəfə baxılıb

Milli komandamızın kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi.
 
- Uşaqkən arzuladığın peşə var idimi?
- İdmana böyük marağım olub. Basketbol, güləş, cüdo, futbol, tenis, voleybol. Belə demək mümkündüsə, idmanın “xəstəsi” olmuşam.
- Rəşad Sadıqov üçün uğur qazanmağın əsas qaydası nədir?
- Həmişə ən böyük yardımı Allahdan diləmişəm. Əzmkarlıq, sadəlik və çox çalışmaq. Məncə, uğur qazanmağın əsas formulu budur. Ola bilər, çox çalışmayasan, amma tələb olunan normanı yerinə yetirməlisən. Futbola başlayanda potensialım yüksək qiymətləndirilmirdi. Yəni 15-16 yaşımda perspektiv vəd edən oyunçu deyildim. Yuxarıda qeyd etdiklərimə əməl edib Azərbaycan səviyyəsində müəyyən uğur qazanmışam.
- Ən vacib oyunlardan əvvəl nə düşünürsən?
- İnsanın beynində fərqli fikirlər olur. Həmişə təmkinli və istəkli oluram. Ən əsası, meydanda nizam-intizama xüsusi diqqət ayırmalısan. Dəfələrlə intizamı pozmuşam və məşqçinin tapşırıqlarından çıxmışam, onda oyunum yaxşı alınmayıb.Əsəblərini cilovlamağı bacarmalısan, istəkli olmalısan. Bunlar olmasa, meydana çıxmağa dəyməz. 
- Özündən güclü birini məğlub etməyin sirri nədədi?
- Uşaq yaşlarımdan bəri özümdən güclülərə, böyüklərə qarşı mübarizə aparmışam. Bu zaman daha yaxşı motivasiya oluram, iradəmi, istəyimi ortaya qoyuram. Qarşımdakına hiss etdirirəm ki, meydana məğlub olmaq üçün çıxmamışam. Mübarizə vaxtı rəqib sənin əlindən bezməlidi. Özümdən güclü ilə qarşılaşanda bu keyfiyyətlərə diqqət yetirirəm. Yəni rəqibin səni nə qədər əzsə də, döysə də, təslim olmursan, yenidən ayağa durub mübarizə aparırsan. Məhz bundan sonra üstünlük sən tərəfə keçir.
- Hansı bəhanə uğursuzluğu ört-basdır edir?
- Məncə, dərrakəli insan heç vaxt bəhanə uydurmamalıdı. Hər zaman səhvini boynuna almalı və yeri gələndə etiraf etməlidi. Səhvini nə qədər ört-basdır etsən də, öz-özünlə tək qalanda vicdanına cavab verməli olacaqsan. Ola bilər insan şəxsi həyatındakı səhvini kimdənsə gizlətsin, amma işindəki uğursuzluğu etiraf etməlidir.
- Hamıdan gizlətdiyin bir sirrin varmı?
- Təbii ki, hər insanın olduğu kimi, mənim də özümə məxsus sirrim var.
- Rəşad Sadıqovun reallaşdıra bilmədiyi arzusu qalıbmı?
- Məndə həmişə istək olub. Demək olar ki, xüsusi bir arzum olmayıb, amma qarşıma qoyduğum məqsədə çatmalıyam.Uşaq vaxtı çox arzularım olub. Böyüdükdən, özümü dərk etdikdən sonra nəyisə arzulamamışam. Qarşıma konkret məqsəd qoymuşam və ona çatmaq üçün mübarizə aparmışam.
- İndiyədək həyatının ən səhv qərarı hansını hesab edirsən?
- İstər həyatımda, istərsə də, karyeramda çox səhvlər olub. İnsan səhvlərdən sığortalanmayıb. Çox təəssüf ki, insanların çoxu səhvlərini etiraf etmirlər. Əslində isə çox səhvlər edirik. Karyeramdakı ən böyük səhv isə “Kayserispor”dan o şəkildə ayrılmağım oldu. Buna cavanlıq səhvi deməzdim. Cavan olsam belə, bu cür səhv etməməliydim. Sevildiyim, mənə inam olan yerdə öz problemlərimi özümdə boğa bilmədim və nəfsimə tabe olub klubdan ayrıldım.
- İnsanın ən böyük düşməni kimdi?
- Təbii ki, insanın ən böyük düşməni şeytandı.Yarandığı gündən onun əsas məqsədi insanı yoldan çıxartmaqdı. Biz insanların da əsas mübarizəsi məhz onunladır. Digər tərəfdən insana ən böyük ziyanə məhz özü vurur. Belə demək mümkünsə, şeytandan sonra insann ən böyük düşməni  özüdü. Harada düz qərar verməldirsə, nəfsinə tabe olur, yanlış qərar qəbul edir. Bir müddətdən sonra peşman olsan da, sonrakı peşmançılıq fayda vermir.
- Həyatında nəyi təsadüfi hesab edirsən?
- Heç nəyi təsadüf hesab etmirəm. Həyatımda yaxşı şeylər çox olub. Ona görə də mənə belə bir həyat bəxş etdiyi üçün həmişə Allaha şükür etmişəm. Təəssüf ki, biz insanlar Allahın bizə verdiyi nemətlərin çoxunu dərk etmirik. Həyatımda baş verənlərin heç biri təsadüf deyil. Hər birinin nəsə səbəbi var.
- Kimə həsəd aparırsan?
- Əlbəttə, böyük idmançılar var ki, mən də istəyirəm onun yerində olum. Yerimizi dəyişsinlər, məsələn “Mən Messi olum, o, Rəşad” – bunu heç vaxt istəməzdim. Ancaq Rəşad olaraq Messinin yerində olmaq istərdim.
- İndiyədək gördüyün işlərin hansında qürur duyursan?
- Qürur duymaq bizlərə aid bir şey deyil. Təbii ki, bəzən düzgün qərar verib həmin situasiyadan çıxırsan. Bunun üçün də Allaha şükr edirsən. Həyatımda böyük anlam daşıyan belə anlar olub. Hərdən onları düşünüb düzgün qərar verdiyim qənaətinə gəlirəm. Qürur duymaq Allaha məxsusdur.
- Hansısa əsərin və ya filmin qəhrəmanı olmaq istərdinmi?
- Bəzən hansısa filmə baxdıqdan sonra təsir altına düşürsən və 1-2 gün özünü həmin adamın yerində hiss edirsən. Misal üçün, “Qladiator” filmində Maksimusun yerində olmaq istərdim. Şücaət, səmimiyyət, qəhrəmanlıq nümayiş etdirir.
- Gələcəkdə təklif gəlsə özünü kino sənətində sınamaq istərdinmi?
- İstəməzdim. Təklif yox, belə fikir bildiriblər ki, bəlkə özümü bu sahədə sınayım. Konkret bununla bağlı hər hansı bir istəyim yoxdur və olmayıb. Amma gələcəyin işini bilmək olmaz. İnsanın ağlına zaman-zaman yeni fikirlər gəlir. Bu gün belə bir fikrim yoxdur.
- Dünya futbolunda bir çox məşhur futbolçu istər həyatı, istərsə də karyerası ilə bağlı kitab yazır. Sən də Azərbaycanda kifayət qədər tanınmış futbolçusan. Gələcəkdə sənin də belə bir planın varmı?
- Sözün düzü belə fikrim yoxdu. Amma çoxları deyir ki, kitab yazsam maraqlı olar. Rəngarəng karyeram olub. Karyeram ərzində maraqlı hadisələr çox olub. Əslində, “15-16 yaşda perspektiv vəd etməyən bir gəncin milli komandanın kapitanlıq səviyyəsinə yüksəlməsi və s.” dair düşünüb nəsə bir şey yazmaq olar. Karyeramı bitirdikdən sonra bu barədə düşünəcəm.
- İndiyədək bir çox jurnalistlə üz-üzə gəlmisən, yüzlərlə müsahibələr vermisən, müxtəlif suallarla qarşılaşmısan. Maraqlıdır, hansı sual səni daha çətin vəziyyətə salıb.
- Belə suallar çox olub, ancaq gərək fikirləşim, yadıma salım, sonra deyim. Məni ən çox sarsıdan suallar olmayan şeyin soruşulmasıdı. Məsələn, dünən filan yerdə olmadığım halda məndən bununla bağlı nəsə soruşurlar. Etmədyim bir şeyə görə ittiham olunuram. Çalışıram bu cür suallara cavab verməyim. Qarşımadkı insan o sualı verirsə, deməli nəsə məqsədi var və ya özünün də xəbəri olmadan kiminsə sifarişini yerinə yetirir.
- Bir qədər də milli karyeran haqqında... İlk dəfə millidə oynamaq təklifi gələndə reaksiyan necə olmuşdu?
- İlk dəfə Şahin Diniyevin rəhbərliyi altında U-18-də oynamışdım. O yığmanın seçmə mərhələ oyunları başa çatdıqdan sonra olimpiya yığmasına dəvət olundum. U-21-də 2 oyun oynadım. Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasını 1:0 hesabı ilə məğlub etdik. Ramal Hüseynov fərqlənmişdi. Həmin oyundan sonra məni əsas milliyə dəvət etdilər. Fərrux İsmayılovla bir otaqda qalırdıq. Çox həyəcanlı idim. Stadiona gəldik, möhtəşəm atmosfer var idi. Makedoniyanın əsas yığması ilə qarşılaşırdıq. Oyun 1:1 hesabı ilə başa çatdı. Cəmi 18 yaşım vardı. Baş məşqçi İqor Ponomoryov idi. Ancaq həmin oyunda oynamamışdım.
- Millidəki ilk oyununu necə xatırlayırsan?
- Milli komanda səfərdə İsveç yığması ilə oynamağa hazırlaşırdı. Məni də yığmaya dəvət etmişdilər. Kamal Quliyev sarı vərəqə limitini doldurmuşdu. Sağ cinah müdafiəçisi yox idi. Komandamız 5 müdafiəçi sistemi ilə oynayırdı. Ponomoryov məndən soruşdu ki, sağda oynaya bilərsən? Dedim ki, hansı mövqedə tapşırıq olsa, orda da oynayaram. Həmin oyunda mənə şans verdi və İsveç yığmasının məşhur oyunçusu Lyunqberqə qarşı oynadım. Daha sonra yığmada dəyişiklik oldu. Vaqif Sadıqov baş məşqçi təyin olundu və mənə çox inandı. Mütəmadi olaraq əsas heyətdə şans verməyə başladı. Vaqif müəllim də 2 oyundan sonra getdi, Əsgər Abdullayev gəldi. Əsgər müəllim gələndə mən artıq millinin əsas üzvünə çevrilmişdim. O da mənə çox inandı, şans verdi. Beləliklə, milli komanda karyeram başladı.
- Millidə unuda bilmədiyin bir oyun varmı?
- Belə oyunlar çox olub. Foqtsun dövründə Bakıda Türkiyə millisinə qarşı oyunumuz çox prinsipial idi mənim üçün. Həmin dövrdə yığmada atmosfer pis idi. Ardıcıl 3 oyunda məğlub olmuşduq. Hətta Berti Foqtsun istefaya getməsi gündəmdə idi. Oyundan əvvəl komanda olaraq çox müzakirə apardıq. Nəyin bahasına olursa olsun qalib gəlməli idik. Mənim vurduğum qol sayəsində vacib qələbə qazandıq. Sonrakı oyunlarda özümüzə daha çox inandıq. O oyun mənim üçün unudulmaz, hər birimiz üçün kritik idi. Pis baxımından unudulmaz çox oyunlarımız var. Onları xatırlamaq istəmirəm.
- 99 oyunda 4 qol vurmusan. Bu qollardan yəqin ki Türkiyə yığmasının qapısından keçirdiyin topu daha çox bəyənirsən və əhəmiyyətli hesab edirsən?
- İlk qolumu Uels yığmasının qapısından keçirmişəm. O da çox əhəmiyyətli qol idi. Həmin qoldan sonra çox insanların diqqətini cəlb etməyə başladım. O qolun da öz xüsusi anlamı var. Ancaq əlbəttə ki, Türkiyə millisinə vurduğum qol daha əhəmiyyətli idi.
- Millidə ən yaxşı oyununu hansı komandaya qarşı oynadığını düşünürsən?
- 99 oyun arasında bunu xatırlamaq bir az çətindi. Fikirləşirəm ki, ilk oyunumda İsveç yığmasına qarşı pis çıxış etməmişdim. Bakıda İngiltərə, səfərdə İsrail komandalarına qarşı yaxşı oynadığımı düşünürəm. 5-10 oyun seçmək olar ki, həqiqətən oyunum daha yaxşı alınmışdı. Yəqin ki, uğursuz oyunların sayı daha çoxdur (gülür). Amma uğurlu oyunlarım da az olmayıb.
- Milli komandada indiyədək bir çox futbolçu ilə çiyin-çiyinə oynamısan. Hansı futbolçu ilə oynamaq sənin üçün daha rahat olub?
- Çox futbolçu var ki, onlarla oynamaq həqiqətən xoş olub. Tərlan Əhmədovun, Mahmud Qurbanovun, Qurban Qurbanovun, Zaur Tağızadənin adını çəkə bilərəm. Onlar təcrübəli olmaqla yanaşı, həm də xarakterli inasanlar idi. Onlarda liderlik xüsusiyyəti vardı. Meydana həmişə qələbə əzmi ilə çıxırdılar. Belə futbolçularla çiyin-çiyinə oynamaq çox xoş idi. Məsələn, o nəsildən Vidadi Rzayevi də qeyd edərdim. Düzdür, onunla millidə birlikdə oynamadıq, amma klubda birlikdə oynamışıq. İndiki nəsildən Kamran Ağayevi qeyd edərdim. O qapıda dayananda özümü daha rahat hiss edirəm. Son illərdə Bədavi Hüseynovla tandem təşkil edirik. Bir-birimizi yaxşı başa düşürük. Məni tez-tez sığortalayır.
- Dünya futbolunda tanınan 3 məşqçinin Karlo Alberto Torres, Berti Foqts və indi də Robert Prosineçkinin rəhbərliyi altında milli komandada futbol oynayırsan. Ayrı-ayrılıqda hər üç məşqçini necə dəyərləndirirsən?
- Tamamilə fərqli məşqçilərdi. Torreslə Prosineçkinin oyun üslubu haradasa bir-birinə bənzəyir. İkisi də hücum futbol istəyir. Fərqləri odur ki, Prosineçki futbolçuları daha yaxşı tanıyır.
- Səncə futbolda nəticə vacibdi, yoxsa baxımlı oyun?
- Nəticə daha vacibdi, çünki insanlar çox vaxt nəticəyə baxır.
- Yaxşı futbolçu olmaq üçün nə etmək lazımdı, gənclərə tövsiyyən nədir?
- Çox çalışmaq, inanmaq və iradə nümayiş etdirmək. Ən əsası da şəxsi həyatına fikir vermək.
- İndiyədək bir çox hücumçuya qarşı oynamısan. Hansına qarşı oynamaq sənə çətin və yadda qalan olub?
- Tottiyə qarşı oynamaq çox çətin olub. İtaiyadakı oyunda onunla təkbətək mübarizə aparırdım. 0:4 hesabı ilə uduzmuşduq. Ona qarşı oynamaq çox çətin idi. Bu günədək qarşılaşdığım ən usta oyunçulardan olub.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ