SON DƏQİQƏ

PressDent.Info

Ərəstun Oruclu: “Hələ məlum deyil ki, başqa nələr olacaq”

Ərəstun Oruclu: “Hələ məlum deyil ki, başqa nələr olacaq”
28-09-2015, 12:56 26746 dəfə baxılıb

“Burda məğlubiyyət ssenarisinə də hazır olmaq lazımdır”

 

 
İqtidarlı-müxalifətli siyasi qüvvələrin, cəmiyyətin durumundan bədgüman olduğunu açıq şəkildə ifadə edən həmsöhbətimin durumla bağlı narahatlığını elə görüşümüzdən az öncə sosial şəbəkələrdəki statuslarından sezmişdim. Söhbətimiz boyu nələrdən və nəyə görə ehtiyatlandığını kifayət qədər ciddi arqumentlərlə əsaslandırdı, çıxış yolu kimi təkliflər verdi. Məncə, bu fikirlər indiki situasiyada hər hansı siyasi iddiası olmayan, hətta mandat yarışına da qoşulmayan, sadəcə ölkənin taleyi ilə bağlı narahatlığını səmimi şəkildə ifadə edən vətəndaşın mövqeyi kimi göründü. 
 
Müsahibimiz “Şərq-Qərb” Araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Orucludur, buyurun, tanış olun. 
- Ərəstun bəy, son facebok statuslarınızdan da görünür ki, cəmiyyətlə bağlı dərin narahatlığınız var. Bu narahatlığı doğuran səbəblər nədir?
- Əslində bu gün ən ciddi narahatlıq yaradan amillərdən biri cəmiyyətin durumudur. Bir-iki il əvvəl biz daha çox siyasi reallıqlardan danışırdıq və bu gün də o, aktual olaraq qalmaqdadır. Amma artıq o siyasi reallıq, hansını ki, illərdir tənqid edirik, cəmiyyətdə öz əksini tam olaraq tapıb. Yəni cəmiyyəti öz meyarlarına tam uyğunlaşdırıb. Artıq məndən soruşsanız ki, problemin kökü hardadır, deyəcəyəm “cəmiyyətdədir”. 
 
- Amma qabaqlar fərqli qənaətdəydiniz, eləmi? 
- Bəli, qabaqlar deyirdik problem hakimiyyətdə, yaxud müxalifətdədir, ümumilikdə ictimai-siyasi münasibətlər sistemindədir. Yəni o kök orda qalmaqda davam edir, amma artıq onun cəmiyyətə təsiri o dərəcədə dərinə işləyib ki, problem gəlib cəmiyyətə çıxıb. Bu gün ən ciddi problem cəmiyyətdəki etimadsızlıqdır. İnsanların bir-birinə etimadsızlığı, bir-birinə güvənməməsi, hətta ən ülvi hislərin, münasibətin arxasında hansısa maraqlar axtarması, yəni xofluluq yaranıb. Fikrini, düşüncələrini açıq ifadə edən insanlara şübhəli münasibət kütləvi hal alıb, bu, artıq ciddi problemdir. Mən sosioloq deyiləm, ona görə bu barədə çox detallı danışmaq istəmirəm. Amma hər halda biz hamımız bu cəmiyyətdəyik və cəmiyyətin problemləri çox sürətlə artmaqdadır. Sadaladığım problemlər isə yaşanan sosial-iqtisadi böhran fonunda bir qədər də güclənir və açığı, çox pessimist bir mənzərə alınır.
-Sizə elə gəlmirmi ki, bu pessimizmin, inamsızlığın əsasını cəmiyyətin aparıcı qüvvələri qoydu və sonra kənara çəkildilər?
 

“İlk addımı hakimiyyət atmalıdır”

- Şübhəsiz. Həmin ictimai-siyasi sistemin institutları ki, var, onlar bunun bünövrəsini qoydular. Onlar kənara çəkilməyib, cəmiyyət onları rəqabətdə meydandan çıxarıb.  Artıq onlar cəmiyyəti idarə etmək iqtidarında deyillər. 
- Yəni cəmiyyət onları qəbul etmir? 
- Xeyr, cəmiyyət  artıq öz yolu ilə gedir.
- Hara gedir başında qüvvə durmadan, kortəbii? 
- Uçuruma. Cəmiyyətin adətən, lidersiz, öndə gedən hərəkatsız, ya partiyasız istənilən hərəkəti, irəliləyişi kortəbiidir. Cəmiyyət mütəşəkkil. Ya təşkilatlanmış bir sistem deyil, onu təşkilatlandıran elementlər var – hakimiyyət,  müxalifət, vətəndaş cəmiyyəti, media. Əgər cəmiyyət bunlara etimadı itiribsə, o, öz yolunda pərakəndə və kortəbii gedir. İndi bunu hansısa rəsmə çevirmək istəsək, biz qarmaqarışıq, düzənsiz bir mənzərə görəcəyik. Rənglər bir-birinə  o dərəcədə qarışıb ki, onları heç ayırd etmək də olmur. Bunu düzənə qaytarmaq, rəngləri çeşidləməkçünsə istinad nöqtələri tapmaq çox çətindir. Halbuki bu, ən vacibidir. Situasiyanı, cəmiyyətin durumunu dəyişmək üçün ilk növbədə istinad nöqtələri lazımdır. Təsadüfi deyildi ki, Aristotel deyirdi “Mənə dayaq nöqtəsi göstərin, Yeri tərpədim”. Bax, indi ən ciddi  problem həmin istinad nöqtələrini tapmaqdır. 
- Azərbaycan cəmiyyətinin uçuruma getdiyini deyirsiniz. Bu cəmiyyəti uçuruma aparan gizli qüvvələr var, yoxsa fəlakətə aparan proseslər təbii yolla gedir?
- Mən düzü, konspriologiyanı sevmirəm. Düşünürəm ki, o, hərdən həddindən artıq şişirdilir. Yəni konspiologiya deyir ki, heç bir şey özbaşına baş vermir, hamısı idarə olunur. Yaradılır və s. Amma gəlin sadə bir paralel aparaq. Deyək ki, hər birimizin 4-5 nəfərlik  ailəmiz var, o ailədəki insanların hər birini rahat idarə etmək olurmu? Xeyr. Amma təsəvvür edin, cəmiyyətdə nə qədər müxtəlif maraqlar, nə qədər ziddiyyətli münasibətlər var və bunu kimsələr idarə edir, gülməli görünür. Siyasət reallığı sevir. Siyasət real imkanlar çərçivəsində görülə biləcək işlərə hesablanmış fəaliyyətdir. Siyasət utopiya müstəvisinə keçirsə, onun  nəticəsi olmayacaq. 
****
- Bu da var ki, son illərdə baş verənlər, xüsusilə də  Orta Şərqdə cərəyan edən hadisələr sübut etdi ki, heç nə təsadüfən baş vermir, laboratoriyalarda hazırlananlar gerçəkləşir, İŞİD kimi nümunə də ortada.  Bu mənada Azərbaycanı Suriyaya çevirmək istəyənlərin mövcudluğu fikrini qəbul etmək olarmı? 

Əslində Azərbaycan hakimiyyəti Rusiyaya doğru getməkdə maraqlı deyil”  

- Ümumiyyətlə, cəmiyyəti xarici düşmən faktoru üzərində kökləmək yanlışdır. Cəmiyyət hansısa bir mativasiya üzərində fəaliyyət göstərməlidir və bu, tamamilə normaldır. Burda bir haşiyə çıxacağam. Məsələn, 90-cı illərdə SSRİ dağıldı, amma Qərb dünyasının bütün motivasiyası sovet təhlükəsi üzərində qurulmuşdu. Bundan sonra ABŞ-da demokratlar – Bill Klinton administrasiyası zamanı dünyada bir inteqrasiya prosesi getdi. Amma sonradan respublikaçılar gəldi, Buş hökuməti və biz fəlakətli bir konfrontasiyanın şahidi olduq. Biz Əfqanıstanı, 11 sentyabrı, İraqı gördük və bu gün də bütün bu problemləri görməkdə davam edirik. Dediyiniz İŞİD, Suriya problemi də elə həmin İraq, ya Əfqanıstandan qaynaqlandı. Terrorizmı, zorakılıqmı deyək, bunların hər biri birlikdə və ayrı-ayrılıqda artıq vacib  siyasi oyunçuya çevrildi, zorakılıq zorakılığı doğurdu. Buş administrasiyasına baxsaq, görərik ki, bu insanların mütləq əksəriyyəti antisovetizm üzərində  formalaşmış insanlar idi, istər Dik Çeyni, ya Kondaliza Rays olsun. Həmin dövrdə Rusiya ilə ciddi münaqişələr yaratmaq maraqlara ziyan vura bilərdi deyə, başqa bir xarici düşmən seçildi, əslində daha da qabaqrdıldı. Xarici düşmən faktoru üzərində qurulan motivasiya ki, var, bu, çox uğursuz motivasiyadır. Çünki bu, cəmiyyəti kortəbii düşmənçiliyə, barışmazlığa kökləyir və cəmiyyətin özünün daxilində problemlər yaradır. Çünki bu şübhəli yanaşma tendensiyaları insan üçün çox mühüm psixoloji faktora çevrilir. Bax, biz indi bunu görürük. Bir tərəfdən iqtidara yaxın mətbuat və şəxslər çalışırlar insanları inandırsınlar ki, Rusiyanı inkar etsək,  onda Qarabağ problemini heç vaxt həll edə bilməyəcəyik, bəlkə bundan da pis olacaq. Digər tərəfdən isə dövlət rəsmiləri ən yüksək səviyyədə Qərbin Suriya, Liviya, İraqı xarabalığa çevirməsi haqda açıq danışır. Axı, bu halda biz məntiqlə daha çox Qərbdən qorxmalıyıq. Rusiya 20 faiz işğalın arxasında dayanıb, Qərb isə onların məntiqi ilə desək, neçə ölkəni xarabalığa çevirib. Bu isə cəmiyyətdə çox ciddi çaşqınlıq yaradır. Necə olur ki, biz bir balaca güclü Rusiyadan bu qədər qorxuruq, amma o boyda dağıdıcı Qərbdən qorxmuruq,  ona meydan oxuyuruq? Bu cür yanaşmaların da arxasında elmi-nəzəri strategiyaların, hazırlıqların olmaması, bunların çiy, yaxud spantan şəkildə cəmiyyətə ötürülməsi təbii ki, çaşqınlıq,  təzadlı yanaşmalar yaradır.  
**** 
 
- Amma durumumuz belədir ki, nə işıq gələnə, nə it hürən tərəfə gedə bilmirik...
- Əslində belədir. Əslində Azərbaycan hakimiyyəti də - onun vahid mərkəzdən idarə olunduğunu nəzərə alsaq  - heç də Rusiyaya doğru getməkdə maraqlı deyil. Tək ona görə yox ki, bu, əks tərəflərdən çox ciddi təpkilər doğura bilər. Mən təsadüfən “tərəflərdən” demədim. Unutmayaq ki, artıq bu gün yeni geosiyasi reallıq şəraitində İran da bölgədə oyunçudur, Türkiyə hələ də müstəqil siyasət yürütməkdə iddialıdır. Həmçinin, Qərb amili də var ki, o, Rusiyanın təsir dairəsinin genişlənməsində maraqlı deyil. Biz bunu Ukraynada, Suriyada görürük. Deməli, belə olan halda zamanında həmin o balanslı siyasət deyilən mifik strategiyadan imtina etmək lazım idi.
 
- Ukrayna və Gürcüstanın başına gətirilənlər bunun məntiqi nəticəsi deyildimi?
- Bax, bu, həmin dediyim xofdur-Rusiya xofu.  
- Ancaq hərdən adama elə gəlir ki, bu illər ərzində iqtidarın ən düzgün addımı açıq şəkildə Rusiyanın hədəfinə çıxmaması ilə bağlı oldu. Abxaziya,  Osetiya, Krım nümunəsi ortadadır...
- Mən düşünürəm ki, sizin düzgün dediyiniz addım indi atılsaydı, daha doğru, daha effektiv,  səmərəli olardı, nəinki geridə qalmış 10-12 il ərzində. 
- Pərdə arxasında baş verənlərdən bizim xəbərimiz olmaya bilər...
- Siyasətdə hər bir şeyi pərdə arxasında gizlətmək mümkün deyil. Orda baş verənlər istər-istəməz açıq müstəvidə öz əlamətlərini göstərir. Siyasət haqqında mənim şəxsi yanaşmam var. Hesab edirəm ki, siyasət bir növ açıq kart oyunudur. Elə bir oyundur ki, orda hər kəsin əlindəki kartlar hər kəsə bəllidir. Siyasət elə bir oyun deyil ki, orda - kobud müqayisəyə görə üzr istəyirəm - əlində dörd altılıq ola-ola dörd tuz olan kimi apara biləsən özünü. Bu, mümkün  deyil, çünki hamı bilir. Əslində siyasət də oyundur, özü də çox  incə oyundur və bunu kart, ya şahmatla müqayisə etmək çox uğursuzdur. Mən bir az obrazlı müqayisə apardım. 
- Seçkilərə çox  az müddət qalıb, siz də bu dəfə sadəcə müşahidəçisiniz. Seçkinin səhərisini – 2 noyabrı necə təsəvvür edirsiniz? 
- Düzü, mənim fikrimcə, 2  noyabr bir çox ümidlərin puç  olacağı gün kimi görünür. Biz gördük ki, ənənəvi müxalifət deyilən düşərgənin bir hissəsi, Milli Şura dedi “boykot edirik, seçkiyə getmirik”. Müsavat Partiyası seçkidə iştirak qərarı verdi. Amma biz başqa cəhdlər də gördük. Bu gün cəmiyyətdə deyək ki, ya mütəşəkkil qaydada, ya kiçik qruplar, ya fərdlər şəklində seçkiyə qatılmaq istəyənlər də var, qatılıblar da. Əslində mən bunu müsbət tendensiya hesab edirəm. Fikrimcə, seçki prosesində xüsusilə siyasi qüvvələr mütləq iştirak etməlidir. Çünki əgər indiki şəraitdə onlar seçkidə iştirak etmirsə, cəmiyyətə öz fikrini çatdırmaq üçün minimal imkanlardan istifadə etmirsə, onda sual olunur  ki, onların fəaliyyəti nədən ibarətdir? Amma burda məğlubiyyət ssenarisinə də hazır olmaq lazımdır və indi bu, daha inandırıcı görünür. Ondan sonrakı mərhələ üçünsə strategiya və  taktikanı da qurmaq lazımdır. Açığı, bu, heç kəsdə görünmür - istər boykot edən, istər iştirak edən düşərgə olsun. Bəlkə yanılıram, amma hər halda müşahidələr göstərir ki, 2 noyabr üçün nə görünür sualına cavabında mən yəqin elə bu sözlə kifayətlənməli olacağam: məyusluq. 
 
- Amma ötən seçkilərdən fərqli olaraq depressiya olmayacaq, razısınız?

Dünən cəmiyyət bir qədər rəngarəng, müxalifət məyus, iqtidar çox xoşbəxt görünürdü, amma bu gün hamı məyus görünür”

- Bu, artıq məğlubiyyət sindromunun oturuşması deməkdir. İnsanlar bir növ məğlubiyyətlə artıq hesablaşıb, məğlub olmaq adiləşib. Bunun özü isə heç də müsbət tendensiya deyil. Əslində məğlubiyyətlə barışmaq, dediyim kimi, uğursuzluqla hesablaşmaq artıq bütün cəmiyyəti əhatə edir. Dünən cəmiyyət bir qədər rəngarəng, müxalifət məyus, iqtidar çox xoşbəxt görünürdü, amma bu gün hamı məyus görünür, elə iqtidar da. Mən deyərdim bu gün ən çox məyus görünən elə iqtidardır.
 
- Nədir səbəb? Neft pulları, xarici basqılar?
 

- Həddən artıq çoxdur amillər. Siz ikisini dediniz. Ölkənin idarəçilik sistemində ciddi  problemlər üzə çıxıb. Çünki institusional idarəçilik faktiki olaraq arxa plana keçib və onu bərpa etmək də asan görünmür. Neft amili şübhəsiz. Gələn ilə Azərbaycan faktiki olaraq builki büdcədən iki dəfə az büdcə ilə gedir. Hələ məlum deyil ki, başqa nələr  olacaq. Xarici siyasətdə qeyri-müəyyənlikdir. Bəli, hakimiyyətdə Rusiyaya loyal güclü bir qruplaşma var ki, onlar Azərbaycanı Rusiyaya doğru çəkməyə çalışır və bu istiqamətdə xeyli uğur əldə ediblər, ən azı Qərbdən uzaqlaşdırmağa müvəffəq olublar. Amma sona qədər ora da gedə bilmirlər və məlum deyil ki, bu proses hara gedir.
- Bəlkə hakimiyyətə Ramil Səfərov nümunəsində olduğu kimi, cəmiyyətin və siyasi qüvvələrin yardımı lazımdır, nə düşünürsünüz? 
- Siyasət rasionallıq tələb edir. Əgər rassional dəstəkdən, cəmiyyətlə hakimiyyət arasında rassional interaktiv münasibətdən söhbət gedirsə, burda təbii ki, cəmiyyətin rəyindən başlamaq lazımdır və ilk addımı hakimiyyət atmalıdır. Amma hakimiyyətdən bu addımlar nəinki görünmür, əksinə, hakimiyyət cəmiyyətdən sürətlə uzaqlaşmaqda davam edir. O sanki özünə, öz problemlərinə qapılıb. Getdikcə həbslər, təhdidlər artır, cəmiyyətdən adekvat reaksiyalar görünməyə başlayır. Mingəçevir hadisələrini götürək. Principsə bu, sıradan bir hadisə idi. Yəni polisdə vətəndaşın ölümü ilk hadisə deyildi. Amma biz buna cəmiyyətdən çox sərt reaksiya gördük. Bu reaksiya düşündürücü bir amil, bir qığılcım idi. Doğrudanmı bu, bir insanın müəmmalı ölümünə reaksiya idi, yoxsa hakimiyyətə olan etimadsızlığın, nifrətin coşması idi? Düzü, mən ikincini düşünürəm. Bu, artıq insanların özbaşınalığa, hakimiyyət zorakılığına reaksiyası idi. Yaxud Bakıda mayın 19-da binanın yanmasından sonra insanların ora dəstələrlə gedib ora gül qoyması da etiraz reaksiyası idi. Etiraz reaksiyası yalnız “Məhsul” stadionunda mitinq keçirtmək deyil. 
- Amma hakimiyyət xalqla bir yerdə olduğunu deyir və arxayın görünür...
- Düşünmürəm ki, hakimiyyət arxayındır. Hakimiyyətin dedikləri daha çox təbliğatdır. Bu təbliğat təkcə bayağı deyil, bəzən gülünc də görünür. 
- Seçkidə səs verəcəksiniz?
- Xeyr namizədliyimi vermədiyim kimi, səs də verməyəcəyəm. 
 
- Namizədləri tanıyırsınız? 
- Maraqlanmıram, inanırsınız? Heç biri mənə maraqlı deyil. Mən artıq Milli Məclisin bir dövlət institut kimi əhəmiyyətini görmürəm...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ