SON DƏQİQƏ

PressDent.Info

Gülər Əhmədova: "Uşaq nağılları yazmaq istəyirəm..."

Gülər Əhmədova:
23-09-2015, 19:36 33013 dəfə baxılıb

“Yüzlərlə Gülər Əhmədovanı qurban vermək olar ki, bu dövlət qalsın” ; “50 yaşım var, bundan sonra dəyişəcək deyiləm...” - eks-deputatdan hadisə kimi müsahibə

 

 

Onunla danışmaq təxmin edildiyindən də çətin oldu. Bir Allah, bir şahidlər bilir, müsahibə üçün razılıqlar neçə dəfə verildi, tərəddüdlər, uzun-uzadı telefon danışıqları... Hətta bir dəfə görüşdük, 4-5 saatlıq görüşün sonunda müsahibə də alındı, amma sonra ondan da vaz keçildi. O hekayəni isə xatırlamaq belə istəmirəm. 

 

Keçmiş millət vəkili, 1 il 3 aylıq məhbusluq dönəmindən sonra 2014-cü ilin 5 mayında azadlığa çıxan Gülər Əhmədova o vaxtdan bəri mətbuatda epizodik olaraq görünüb. Bir-iki suala cavab verib, siyasətdən, ictimai həyatdan uzaqlaşdığını deməklə kifayətlənib sadəcə. Amma bu sətirlərin müəllifinə elə məhkəmə zalında dediyi “mən çıxacam və biz oturub qız-qıza danışacağıq” anonsu aktuallığını hər zaman qoruyurdu. 

 

Amma müsahibənin əvvəlindən şərtini qoydu: nə məlum videodan, nə Elşad Abdullayevdən, nə siyasətdən, nə də Sevinc Babayevadan danışacam.... Söz sözü gətirib, mövzu sadaladıqlarımıza gəlincə isə, “onda danışmıram” deyib, ayağa durdu. Və biz də eks  - deputatın, siyasət adamının son bir neçə ildə hamımızın gözü qarşısında yaşadıqlarını detallara varmadan onun dilindən anlatmağa çalışdıq.  

 

 - Belə bir söz var ki, insanın ruhunun durumunu, əhvalını bilmək üçün ona bir sual vermək yetərlidir: xoşbəxtsizmi? Həmin suala cavab verməklə o, bütün ruh halını təsvir edir.

 

- Xoşbəxtliyin tərifi yoxdur. Daim xoşbəxt olmaq da dəlilik əlamətidir. İnsanın xoşbəxt olduğu saniyələr, dəqiqələr olur. Əgər adamın elə bir saniyəsi, dəqiqəsi yoxdursa, psixi problemi yaşana bilər. Məsələn, mənim oğlum hər gün dərsdən gəlib məni öpəndə xoşbəxt oluram. 

 

- Yəni kiçik xoşbəxtliklər bəs edir... 

 

- Hamıya bəs edir. Elə bir adam yoxdur ki, bəs etməsin. Hər şey kiçik şeylərdən yaranır. O kiçik xoşbəxtliklər olmasa ondan böyük şeylər yarana bilməz.

 

- Böyük tribunalarda çıxışlar, siyasi qələbələr... Siz bu mərhələni keçmiş adamsız. O zamandamı sizi kiçik sevinclər xoşbəxt edirdi? Yoxsa indi bununla qane olursuz? 

 

- Xeyr. Mən o zaman da buna iş kimi baxmışam. Kiminsə işi tutaq ki, başqa cür ola bilər. Məsələn, cərrah bir yaxşı əməliyyatdan çıxıbsa, istəyir orda lap 5-6 saat olsun, ordan çıxanda özünü çox yaxşı hiss edir. Yorğundur, amma çox gözəl əhvalla çıxır ordan. Və yaxud aşbaz böyük məclis yola veribsə, məclisdəkilərin hamısı onun işinə görə məmnun qalıb, “afərin” deyiblərsə, o da həmin işdən zövq alır. Bizim də işimiz olub ki, hardasa çıxış edəsən, hansısa bir işi görəndə ondan zövq almışam. Dediyim kimi, iş kimi baxmışam...

 

- Bəs indi baxanda o günləriniz... gözünüzə çoxmu böyük görünür, yoxsa çoxmu kiçik? 

 

- Nə çox böyük, nə çox kiçik. İnsanın həyatıdır da. Kim bir nöqtədə dayanıb qalır ki? Elə bir adam var ki? Məndən də vəzifəcə böyük, şəxsiyyəti dünya tərəfindən tanınan insanların qalxması  da olub, enməsi də. Türklərin bir gözəl sözü var: qalxmaz-enməz bir tək Allah. Bunu normal qəbul etmək lazımdır. Problem o zaman yaranır ki, sən nəyisə problemləşdirirsən, onu problem səviyyəsinə çatdırırsan. 

 

- O zaman o 1 il 3 aylıq məhbəs dönəmini də ruhən, beyin olaraq geridə qoymusuz. Heç nəyi problemləşdirməyən insan olduğunuzu dediz... 

 

- Nə bilim vallah. Yəqin geridə qalıb. 

 

- O dönəm, o günlər tez-tezmi yadınıza düşür? 

 

- Sən yadıma salmasan düşməz (gülür). Sənə səmimi bir şey deyim? Bizim evimizdə o mövzu qadağan olunub. 

 

- Qadağanı kim qoyub? Siz?

 

- Balaca oğlum. O deyir ki, bu barədə danışmaq olmaz. 

 

- Siz həbs olunanda onun 8 yaşı vardı. Belə çıxır ki, hər şeyin fərqində idi... 

 

- Bəli. Və indi də söz düşəndə deyir, bu haqda danışmaq qadağandır. 

 

- Bəs özünüz istəməzsiz bu barədə bir kitab yazasız? 

 

- Yox, əsla. 

 

“Bizim evimizdə türmə mövzusundan danışmaq qadağandır” 

 

 

- Niyə ki? Birinə dərs olar, birinə təsəlli olar, bir başqasına... Baryer nədir? 

 

- Yazaram. Amma başqa şey. 

 

- Nə məsələn? 

 

- Uşaq nağılları, gözəl sonluqlu hekayələr, pozitiv şeylər. 

 

- Kompleksiniz var daxili dünyanızı, o ağır günlərinizi insanlarla bölüşməyə? Heç kəs Gülər Əhmədovanı zəif görməsin? O bir məşhur məsəl var: qan qusub “qızıl şərbət içdim” deyənlər. Sizinki də o kompleksdir? 

 

- O kompleks deyil. Onu da kompleks kimi yaşamaq və demək olmaz. Əksinə, bütün qadınlara başa salmaq lazımdır ki, bu, kompleks deyil. Çox gözəl bir məsəlimiz var ki, ürək süfrə deyil, açıb ortaya qoyasan. Bu, bizim yox, bizdən böyüklərin sözüdür. Məsələn, hər ailədə söz-söhbət olar. Mən çalışmışam, bunu valideynimə çatdırmayım. Bacımla olan söhbəti qardaşıma çatdırmayım. Oğlumla olan söhbəti atasına deməyim. Ümumiyyətlə, köhnə palan içi eşən adamlardan zəhləm gedir, özüm də bunu heç vaxt etmirəm. Ay filan vaxt filan olmuşdu, beşmən vaxt da beşmən... Adətən də vəzifədən çıxandan sonra çox danışırlar. Danışan idin, bunu onda danışaydın da. Danışmamısansa, getmisənsə bəy balası kimi indi üzünü döndər və get də. Nəsə iki nəfər arasında olubsa, deməli, bunu sonradan üçüncü adama, qəzetə danışmağın nə mənası var? Oldu bitdi də... 

 

- Keçmişdə olanları xatırlamaq demişkən, bəs siz niyə sürəkli “məni siz tutdurduz” deyə ittiham edirsiz bizi? 

 

- Qurtardıq da bu mövzu ilə. Keçdik bunun üstündən.... 

 

- Tamam, keçək. Amma xatırlayıram, məhkəmədə media mənsublarına şikayət edirdiz: mən hər zaman mətbuatın yanında oldum, amma onlar bu məsələdə mənə adekvat davranmadı, obyektiv, ədalətli olmadı deyə... 

 

- Mən dediyim fikirləri təkrar və təkzib eləmirəm. Demişəmsə demişəm, siz də o vaxt yazmısız. O vaxt demişəmsə, indi durub yenidən təkzib eləməyəcəm ki, yox, elə deyil. Demişəm? Siz də o vaxt yazmısız, bitdi də. İndi durub deməyəcəm ki, yox, mətbuat mənə qarşı yaxşı davrandı. O qədər yaxşı bir dünyada yaşayırıq ki. Yəni heç kimin heç nədən sığortası yoxdur. Nə burda, nə Amerikada, nə Afrikada. Hamımız da hər cür situasiyaya düşə bilirik. Yəni ən gözəl iş budur ki, düşünəsən, bu situasiyaya düşsəm, nə olardı? Mən ona görə də çox rahatam. Ona görə də heç kimlə hesab çəkmək arzum yoxdur. Bir dəqiqə də olsun fikirləşmirəm ki, filankəs filan vaxt niyə belə hərəkət etdi. Onu doğrudan da fikirləşmirəm. Hərdən evdə də mənə təəccüb edirlər ki, sən heç kimdən inciməmisən, küsməmisən? Deyirəm, yox. Gözəl dünyadır və heç kim heç nədən sığortalı deyil. 

 

- Belə çıxır ki, bunları dərk etmək üçün məhz o mərhələni, türmə mərhələsini keçməliydiz? Yoxsa hər zamankı həyata baxışınızdı bu? 

 

“50 yaşım var, bundan sonra dəyişəcək deyiləm...”

 

 

- Mən bilirdim. Amma başına gələn başmaqçı olar. Adam fikirləşir ki, bu, mənim başıma gəlməz. Heç kim pis şeyi özünə yaxın buraxmır. Adam deyir ki, ağır xəstəlik məni tutmaz, mən avtomobil qəzasına düşə bilmərəm.... Bunları görəndə deyirsən, vay, vay... Amma ağlına da gəlmir ki, bunları sən yaşayarsan. 

 

- Bu türmə mərhələsini, məhkəmədəki davranışlarınızı görənlərin çoxu deyirdi ki, Gülər Əhmədova bu proseslərdə fərqli davrandı, üzüağ çıxdı, özünü sındırmadı və sair... 

 

- Mənə hamı deyir bunu. Küçədə görənlər, toya-nişana gedəndə, tanışlar, dostlar, bir sözlə, hamı deyirdi bunu mənə. 

 

- “Üzüağ” anlayışı hərəyə görə fərqlidir. Sizin üçün bu sınaqdan üzüağ çıxmanın  açması nə idi? 

 

- Mən deyə bilmərəm ki, necə çıxmışam. Mən necə varamsa elə də olmuşam. Orda xüsusi bir proqram-filan cızmamışdım. Olanım budur. Bu cürəm də... 50 yaşım var, bundan sonra dəyişəcək deyiləm ki? 

 

- Hakimiyyətin ən sadiq məmurları, nazirləri həbs olundular, məhkəməyə çıxdılar və ifşa taktikası seçdilər. Biri barmaq silkələdi, o biri keçmişdəki maxinasiyalardan danışıb iqtidarın üzərinə yeridi. Gülər Əhmədova isə dedi ki, “əgər mənim həbsim dövlətçiliyin xeyrinədirsə, qurban olsun Gülər Əhmədova bu dövlətçiliyə”... Bu, taktika deyildi, deyirsiz? 

 

- Xeyr. Mən hər zaman elə düşünmüşəm. Bu dövlətçiliyi cavanlar bilməyə bilər. Onlar o şeyləri bəlkə görməyiblər. Mənim yaşıdlarım çox şeyi görüblər. Mən yaşıdlarıma nisbətən lap çox şey görmüşəm. Proseslərin içində olmuşam, dövlətçilik yolunda çəkilən zəhmətləri görmüşəm. Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyevin bu müstəqillik üçün nələr etdiyini görmüşəm. Nələr olub nələr, bəlkə 70 yaşına çatanda bunu xatirə kimi yazarıq. Qismət olsa, ehtiyac duyularsa. Yer üzündə o qədər millətlər var ki, onların dövlətçiliyi yoxdur. Onlar özlərini öldürürlər ki, dövlət qursunlar, dövlət qura bilmirlər. Dövlət qurmaq böyük işdir. Sənin dövlətin var, onun adı da millətinin adıdır. Hələ sənin dövlət dilin öz dilindir, ikinci dil yoxdur. 9-10 milyonuq cəmi. Bu çətin dövrdə dövlət qurmaq, dayanmaq, sağdan-soldan hücumlara sinə gərmək... Çətin şeydir və bunun qabağında dayanmaq hər adamın, hər dövlətin işi deyil. 

 

- Amma kontr-arqumentlər də vardı. Məsələn, deyənlər oldu ki, “Gülər Əhmədova gözü çıxmış qardaşından dərs götürdü. Bildi ki, bu yerdə hücum taktikası ona fayda verməyəcək. Onun başqa şansı yox idi”... 

 

- Deyir, oğru elə bilir, hamı oğrudur, doğru elə bilir hamı doğrudur. Ona görə də kimsə o cılız hisslərlə, Sabirin şeirində olduğu kimi, “qoy mən salim olum, özgələr ilə nədi karım, millət necə tarac olur olsun, nə işim var” hisləriylə yaşayırsa, biz heç zaman millət ola bilməyəcəyik. Elə adamların ucbatından. Bizim dövlət olmağımız üçün, insan kimi yaşamağımız üçün, başqa ölkələrdə hörmət görməyimiz üçün Gülər Əhmədova kimi düşünməliyik. Başqa yolumuz yoxdur e. 

 

- Amma Gülər Əhmədova da məhkəmədə gördü ki, dövlətin qanunları işləmir.  Bunu özü də məhkəmədə etiraf etdi ki, “bu günə qədər eşidirdim bu barədə, amma bizim Milli Məclisdə hazırladığımız o cür mükəmməl qanunların işləmədiyini başıma gələndən sonra bildim”. 

 

- Əşşi, işləyir-işləmir, o, beşinci, mininci söhbətdir. Əsas prioritetlərdir. İnsanın yaşamında prioritetlər olmalıdır. Ailə həyatında da, geyimində də, həyat tərzində də... Bir də var, detallar. Məsələn, mən heç vaxt filan geyimi geyinmərəm, amma rəng məsələsində müəyyən güzəştlər, istisnalar olar. Vacib budur ki, dövlətimiz var. Sərhədimiz, ordumuz, pasportumuz var. Əsas bunlardır. Bu gün bu qanun işləyər, sabah o qanun dəyişər, bu, prosesdir. Bir də var təməl, fundamental şeylər. Yəni yüzlərlə Gülər Əhmədovanı qurban vermək olar ki, bu dövlət qalsın. Əgər bu dövlətin qalması, onun nüfuzu üçün, yaşaması üçün Gülər Əhmədova qurban getməlidirsə, qoy qurban olsun. Özü də biri yox, yüzü.

 

- Bu nitqləri vəkilinizlə məsləhətləşirdiz? 

 

- Xeyr. Mən vəkil dinləməmişəm, heç kimin sözünə qulaq asmamışam. 

- Amma vəkilləriniz  sonradan sizin sayənizdə populyarlaşsalar da, çox zəif idilər, inciməyin... 

- Zəif idi, güclü idi, hər halda, mən bu məsələdə günahsız idim. Günahsız adama nə vəkil? Doğrudan mənim vəkilə ehtiyacım yox idi. 

 

- Bəs niyə o qədər adamı vəkil tutduz? 

 

- Evdən tutdular. Hər dəfə yeni vəkilə mənim yeni bir detal, yeni bir hüquqi boşluq barədə tapşırıqlarım olurdu. Bunun üçün də işləmək lazım idi. Bəzi hallarda bizim onlarla fikirlərimiz üst-üstə düşmürdü. 

 

- Ölkənin siyasi işlərdə püxtələşmiş vəkillərinə niyə müraciət etmədiz? 

 

- Birincisi, vəkil məsələsinə evdəkilər baxırdılar. İkincisi, mənim vəkilə ehtiyacım yox idi. Millət vəkilinə nə vəkil e? 12 il millətə vəkillik eləmişəm. 

 

“Mənim vəkilə ehtiyacım yox idi, millətin vəkilinə nə vəkil?”

 

 

- Gülər Əhmədovanın məhkəmə günlərini görənlər xatırlayır. Geyim-gecimi, səliqəsi, ətri, çıxışlarındakı isterikasızlığı... Bugünlərdə Leyla Yunusun məhkəmə fotoları yayılanda sarsıldım mən. Onun necə dəyişdiyini, şarmlı xanımı türmənin necə yaşlı bir qadına dönüşdürdüyünü gördüm. Dərhal ağlıma sizlə bağlı mənzərə gəldi. Türmədə belə baxımlı olmaq, o duruşu saxlamaq... nə idi bunun arxasındakı səbəb? 

 

(Davamı növbəti sayımızda)

 

Baş redaktordan: Yuxarıda müəllifin də yazdığı kimi, G. Əhmədova bu müsahibə ilə bağlı bizi çox incitdi. Ondan şikayətçi ola biləcək dərəcədə... Oxuduğunuz ikinci müsahibə hazır olanda da, çap edilməsinə razılaşmadı. Biz bu müsahibəni G. Əhmədova “oyun qaydalarını” pozaraq, həm də bizi aldadaraq, başqa KİV-lərə müsahibə verdikdən sonra yayınlamaq qərarına gəldik. Bütün məsuliyyəti baş redaktor Rauf  Arifoğlu olaraq öz üzərimə götürərək, Gülər Əhmədovanın müsahibəsinin birinci hissəsini yayımlayıram. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ