SON DƏQİQƏ

PressDent.Info

"Nədənsə ABŞ-da iki jurnalistin öldürülməsinə susurlar"

27-08-2015, 19:47 29083 dəfə baxılıb

“Nədənsə, Azərbaycana qarşı hər bir hadisədən istifadə edən qurumlar ABŞ-da iki jurnalistin qətlə yetirilməsinə göz yumurlar”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
 
S.Novruzov bu hadisənin baş verməsindən təəssüfləndiyini deyib: “İlk növbədə ABŞ-ın Virginiya ştatında iki jurnalistin - Alison Parker və Adam Vardın silahlı hücum nəticəsində qətlə yetirilməsindən təəssüfləndiyimizi bildiririk. Digər təəssüfləndirici amil isə bu insanların peşə fəaliyyətlərini yerinə yetirən zaman qətlə yetirilmələridir”.
 
YAP rəsmisi bildirib ki, bu yaxınlarda Azərbaycanda da bir hadisə baş verdi, “facebook”da bir-birilərinə qarşı təhqirlərə görə bir jurnalist bir qrup şəxs tərəfindən döyüldü və xəstəxanada dünyasını dəyişdi. S.Novruzov deyib ki, bu cinayəti törədənlər həbs olundu: “Buna görə Avropa Şurası Parlament Assambleyasının sədri, ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən, “Human Rights Watch”, “Freedom House”, "Sərhədsiz Reportyorlar" və digər təşkilatlar bütün ittihamları Azərbaycan iqtidarının üzərinə yönəltməyə çalışdılar. Ancaq təəssüflər olsun ki, ABŞ-da iki jurnalistin qətlə yetirilməsi ilə bağlı bu təşkilatların hələ bir bəyanatı səsləndirilməyib. İki jurnalist qətlə yetirilib, nə Əli Kərimli, nə Cəmil Həsənli, nə Milli Şura adlandırılan bir qurumun nəsə bəyanatları eşidilmir. Hər hansı formada etiraz bildirmirlər ki, müsahibə aldığı yerdə, peşə fəaliyyəti ilə məşğul olduğu anda iki jurnalist qətlə yetirilib. Niyə bu jurnalistləri qorumurlar? Niyə dövlət buna cavabdehlik daşımır? Bu suallara cavab istəmirlər".
 
Deputat sonra əlavə edib ki, Azərbaycanda zəlzələdən, daşqından hər hansı bir hadisə baş versə, dərhal iqtidarın üstünə yıxmağa çalışırlar: "Başqa yerlərdə baş verən hadisələr isə qəti şəkildə bunları maraqlandırmır. Bax budur ikili standard, riyakarlıq və ikiüzlülük”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ