SON DƏQİQƏ

PressDent.Info

Belə idmandan qurtulmalıyıq…

Belə idmandan qurtulmalıyıq…
29-08-2018, 16:44 6264 dəfə baxılıb

Şahvələd Çobanoğlu

Yaxud dövlətin idmana qarışmaması konsepsiyası nədir?

İlham Əliyevin  BMT tribunasından Azərbaycanın idman uğurları barədə danışması hamının yadında olar, halbuki o zaman ölkənin ən ağır və ağlamalı günləri idi. Azərbaycan neft milyardlarından sonra ayaqda qalmaq üçün yenidən pambıqçılığın genişləndirilməsi dövrünü yaşayırdı…

İdman bu hakimiyyətin hiylə alətlərindən biridir. Gerçək mahiyyətlərini, ölkədəki talanı, haqsızlığı, geriliyi pərdələmək üçün ondan yaxşıca istifadə edirlər. Dövlətə, xalqa məxsus böyük pullar necə gəldi xərclənir, legionerlər milliləşdirilir, qazanılmış medallarla böyük uğur görüntüsü yaradılır, idmana qayğıdan danışılır.

Təkcə bu da deyil, böyük tədbirlər böyük gəlir imkanları yaradır. Ara firmalar, hotellər, restoranlar, xidmət edən hər cür şirkətlərin əli ilə yaxşıca qazana bilirlər.

İdmana və yarışa sevgi, maraq, azarkeşlik insanın canında var və tarixin gedişində onun yaşamına kifayət qədər daxil olub – burada anormal bir şey yoxdur.  Amma təəssüf ki, insanlarımız  idmana sevgiləri, azarkeşlik emosiyaları ilə çox vaxt bu sahənin adı altında qurulan  hiylələrə aldanmış olurlar.

Belə bir durum bizə diktə etmir ki, idmana münasibətimiz pisləşsin, ondan imtina edək.  Burada idmanın günahı yoxdur. Lakin onun üzərindən qurulan ictimai oyunu görmək gərəkdir.

Son vaxtlar baş verən iki hadisə bəs edir ki, Azərbaycan hakimiyyətinin idman sevgisinin saxta, idman siyasətinin yanlış olduğunu asanlıqla dərk edəsən, onun idman adı ilə yürütdüyü fəndləri anlayasan.

Birinci olay. Çox bacarıqlı gənclərdən ibarət heyət yeni futbol komandası yaratmağa cəhd etdilər. “Xan Lankəran” FC. Öncədən sponsorluq müqavilələri, reklam razılaşmaları imzaladılar. Klubun hissələrini satmağa nail oldular. İşləri çox sürətlə və uğurla gedirdi. Lakin klubu əsas liqada oynamağa buraxmadılar. SOCAR-ın (əslində xalqın) pullarını xərcləyib uğur qazanmayanlar heç kimdən pul-para almadan ölkədə idmana yanaşmanı dəyişəcək bir təşəbbüsü boğdular.

İkinci olay, dünyaca şöhrətli və parlaq uğurlar qazanmaqda olan şahmatçı Şəhriyar Məmmədyarovun bu günlərdə müzakirə edilən “pulsuzluq və sponsorsuzluq” açıqlamasıdır. Mənim baxışlarıma görə, idmançı heç bir halda dövlət xəzinəsinin xalis yerindən bol yeyən bir qoçaq deyil. Aşağıda bu baxışımı şərh edəcəyəm. Amma sən dövlət adına bir güləşçiyə yarım milyonluq hədiyyə verəndə, onun-bunun idmançısını mililəşdirmək kimi mənasız işlərə ciddi pullar xərcləyəndə, yersiz tədbirlər üçün ölkənin sərvətlərini səpələyəndə  adamın bağrı yanır ki, bu qədər istedadlı və uğurlu bir vətəndaşın niyə pulsuzluq yorğunluğu ilə yatıb-durur.

Hər iki olayı birləşdirən bir məqam var. Klub da, idman da, idmançı da bunların olmalıdır, bunların nəzarətində qalmalıdır, bunların istifadəsinə yaramalıdır, onlar müxaliflərə, fərqli düşünənlərə yumruqla hücum etməsələr də, idmana atalıq qayğısından danışmalı və inkişaf hekayələri söyləməlidirlər. Onların idmana baxışı budur.

Bəs bizim idmana baxışımız necə olmalıdır? İdman nə qədər vacibdir? Ona nə qədər pul xərcləmək olar? Bu sualları uzun-uzadı dartışa bilərik. Amma hər kəs ona sərf etdiyi ilə ölkəyə yön görə bilməz, hər kəs xoşuna gələnlərdən çıxış edib ölkənin gələcəyinə baxa bilməz. Çünki hər şey vətəndaşların haqqı başda olmaqla ölkənin və xalqın marağına uyğun olmalıdır. Bir baxış, bir görüş ölkənin ziyanına olmamalıdır.

Biz idmanla bağlı anlayışımızı dəyişməliyik.

İlk olaraq dövlətin bu sahədə rolu barədə mövqeyimizə baxmalıyıq. Dövlət təhsil çərçivəsində, sosial təminat və sağlamlıq üçün gərək olan hallarda idmana çıxışı təmin etmək, ümumi idman infrastrukturu yaratmaq vəzifəsini daşıyır və idman işlərinə “qarışmır”. Xüsusən də peşəkar idmana. Artıq dünyanın əksər ölkələri  öz qanunvericiliyini və idman siyasətini buna uyğunlaşdırıb. Dövlət motivasiyanı gücləndirə bilər, bəzən xidmət və idman təhsili sahəsində işlər də görə bilər. Amma  maksimum dərəcədə idmandan uzaq durur və bu sahə birliklərin, klubların, idman hərəkatının üzərinə qoyulur.

Bu konsepsiya çox uğurludur. Həm dövləti xərclərdən azad edir, həm idman sektorunun azadlığını, inkişafını və bazar uğurlarını təmin edir, onu zənginləşdirir. İdmanı nə birinci, nə axırıncı yerə qoyur, öz təbii yerini almağa kömək edir. Milyonçu idmançılar var, heç bir uğurlu idmançı da pulsuzluqdan şikayət etmirlər, eyni zamanda heç kim də narazılıq etmir ki, müəllim idmançıdan fantastik dərəcədə az qazanır. Necə ki, jurnalistə hamıya məxsus büdcədən ev verilə bilməz, idmançıya da başqalarına məxsus vəsaitlər hesabına təmtəraq yaradıla bilməz. Doğru siyasət yürüdülsə, onlar özü bunu dövlətsiz daha yaxşı əldə edərlər. Bir də onu düşünün ki, oliqarx nazirlər öz işlərini uğurla görə bilmədiyi halda, idman federasiyalarına rəhbərliklə nə fayda verəcəklər?!

Azad bazar münasibətləri, klubçuluq idmanı gəlirli, uğurlu sektora çevirir. Braziliya ən yaxşı futbolçuların vətənidir, amma bu futbolçular özü azad olan və idmanı dövlətin “qarışmaması” ilə azad edən ölkələrə pul qazanmağa gedirlər. Braziliya özü isə problemlərdən çıxa bilmir. Xalq da haqlı olaraq bir gün küçələrə çıxıb beynəlxalq idman yarışını ölkəyə gətirib pul xərclədiyinə görə öz hökuməti ilə üzbəüz durur. İdman gözəldir, amma xalqın idmandan qabaq gələn ehtiyacları da var. İdman bizim çağımızda fiziki və mənəvi rolundan, dostluq və əyləncə vəzifəsindən başqa, həm də biznes, gəlirli fəaliyyət sektorudur, daha dövlətin və xalqın üzərində bir yük deyil.

Zənnimcə, indiki durumda, idman sahəsində hökumətin yanlış siyasətini və hiylələrini görmək, önləmək və onu əvəzləmək üçün, bizim siyasi qurumlar, fəallar, vətəndaş cəmiyyəti “dövlətin qarışmadığı” idman siyasəti konsepsiyasını ölkənin vacib problemi kimi öyrənməli, formalaşdırmalı, onun hüquq bazasını işləməli, yaymalı və gerçəkləşdirməyi proqrama çevirməlidir.

Bu idmandan qurtulmaq lazımdır. Azadlıq idmana da lazımdır – idman da azad adamlar üçündür.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ