SON DƏQİQƏ

PressDent.Info

Mehmanın yol çəkən gözü, Ədliyyə Nazirliyinin arşını

Mehmanın yol çəkən gözü, Ədliyyə Nazirliyinin arşını
4-08-2018, 14:57 5307 dəfə baxılıb

Rövşən Hacıbəyli

Azərbaycanda hüquq orqanlarında, eləcə də prezidentdən üzü aşağı hökumətdə  çalışanların dilinin əzbəri olan bir söz var: “hər şey qanun çərçivəsində həll olunacaq”. Ancaq bu sözü həmişə ölkədə sistemli hal alan qanunsuzluqlarla bağlı suallara cavab verəndə işlədirlər. 2000-ci ildən ölkənin Baş prokuroru postunu tutan Zakir Qaralovun da bu söz əsas silahlarından biridir. Deməli, hansısa müxalifətçini şərləyib tuturlar. Heç hüquq anlayışının nə olduğunu bilməyən birisi də adamın nahaqdan tutulduğunu, şərləndiyini, siqaret belə çəkməyənin cibinə narkotik atıldığını, hüquq-mühafizə orqanlarının haqsız olduğunu deyər. Ancaq məsələ böyüyüb Zakir Qaralova, lap elə prezidentin köməkçisi Əli Həsənova, başqa sözçülərə çatanda onlar “hər şey qanun çərçivəsində həll olunacaq” deyəcək. Adamı heç bir qanun gözləmədən, daha doğrusu, bütün qanunlara tüpürərək tutanda belə o söz keçərlidir.

REAL-ın Məclis sədri Azər Qasımlını Cümhuriyətin 100 illiyini dostlarıyla birgə şəhərdə bayram etdiyinə görə tutdular. Onu Baş Prokurorluğa çağırıb oradan da polisə təhvil vermişdilər. Ancaq Azər bəyə ittiham həmin günlərdə keçmədiyi hansısa “küçədə ünvansız söyüş söyməsi və polisin qanuni əmrinə tabe olmaması”ydı. Keçmədiyi küçədə söymədiyi söyüşə görə adamın cəzalandırılmasına bu ölkədə “qanun” icazə verir. Səni polis maşınına basıb idarəyə, ordan da yenə polis maşınında məhkəməyə aparırlar. Ədalət qoruyucusu olan məhkəmə hakimi də verilən sifarişə uyğun olaraq, sənin niyə məhkəmə qarşısına çıxarıldığınla maraqlanmadan hökmünü verir. “Bandotdel”dən xəsarətlərlə gətirilsən belə, hakim o xəsarətləri, aşkar işgəncə izlərini görməyəcək, bunun çıxarılacaq qərara təsiri olmayacaq. Ancaq bütün bu hərəkətlər “qanun çərçivəsində” olacaq. Kürdəxanıya, Binəqədiyə, lap elə “Bandotdel”ə aparılmağın da…

Belə faktlar yüzlərlədir. Seymur Həzi etmədiyi xuliqanlığa, İlkin Rüstəmzadə etmədiyi cinayətə, saysız cəbhəçilər var ki, etmədiyi hərəkətlərə görə həbsə atılıblar, həbsdədilər. Zəfər Əhmədov kimi…

Xəbər yayılıb ki, bir qrup jurnalist və hüquq müdafiəçisi Penitensiar Xidmətə gedib Mehman Hüseynovun xəstə anasıyla görüşməsinə şərait yaradılmasını bu qurum rəsmisindən xahiş edib. Türmələrə nəzarətə sorumlu olan Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov isə xoşməramlı bu qrupu ədliyə naziri Fikrət Məmmədova sarı yönəldib. Bizim dostlar da anındaca ədliyyə nazirinə teleqram vurublar. Baxmayaraq ki, Mehmanın vəkilləri hələ iki həftə qabaq türmə rəhbərliyinə və Penitensiar Xidmətə oxşar müraciət etmişdi. Ötən həftə elə bu Mehman Sadıqov müraciətlərə cavab olaraq bildirmişdi ki, məsələyə “qanun çərçivəsində” baxılacaq. Dostlarla görüşdə o, qanunu yox, ədliyyə nazirini nişan verib. Növbəti görüşlərdə Mehman müəllim, yəqin, barmağını daha yuxarı, prezident İlham Əliyevə tuşlayacaq…

Mehmanın anası Firəngiz xanım isə 20 günə yaxındır canıyla əlləşir. Qanun Mehmanın ağır durumda olan anasıyla görüşməsinə imkan verirsə, burda nə türmə rəhbərliyinə, nə Penitensiar Xidmətə, nə ədliyyə nazirinə, nə də prezidentə ehtiyac var. Cünki normal ölkələrdə qanun adamlardan yuxarıda dayanır. Bu halda heç vəkilin müraciətinə də gərək yoxdur. Türmə rəhbərliyi öz məhbusu ilə bağlı informasiya alan kimi hərəkətə keçməli, qanuna əməl edib dustağı gözü yolda qalan yaxınıyla görüşə göndərməlidir…

Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Türkiyədə əməliyyat olunanda təxminən eyni situasiya idi. Xədicənin ölkədən çıxışına qadağa var və onun həmin vaxt ağır durumda olan anasına baş çəkmək imkanı yox idi. Xədicə ölkədən çıxışa qadağanın götürülməsi üçün Ədliyyə Nazirliyinin İcra idarəsinin Binəqədi şöbəsinə yazılı müraciət etdi. Həmin müraciətə bilirsinizmi nə vaxt reaksiya verildi? Xədicənin anası Elmira İsmayılovanın ölümündən sonra…

Vəkillər, ictimai fəallar, Mehmanın dostları neçə gündür çarpışır, onun ağır durumda olan anasıyla görüşməsinə şərait yaradılması üçün çalışır, ancaq hökumət qurumları hələ də işin “qanun çərçivəsində” araşdırılacağını deyir?!.

Hər şeyin “qanun çərçivəsində” çözülməsini hər birimiz istəyirik, ancaq baxır qanunu kim hansı arşınla ölçür…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ