SON DƏQİQƏ

PressDent.Info

“Son ünvan torpaqdırsa, 70 mənzilli villa üçün evlər yıxmaq ayıb və absurd deyilmi?”

“Son ünvan torpaqdırsa, 70 mənzilli villa üçün evlər yıxmaq ayıb və absurd deyilmi?”
30-07-2018, 20:29 2349 dəfə baxılıb

İlham Hüseynlə siyasətdənkənar söhbət

Müxalifət düşərgəsində xeyli sayda gənc var ki, siyasi mövqeyinə, baxışlarına görə hakimiyyətin davamlı təqiblərinə məruz qalsalar da, onların istedad və qabiliyyətləri hətta rəqibləri tərəfindən belə, etiraf olunmaqdadır. AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin yazarı İlham Hüseyn də məhz belə gənclərdən biridir. 

Onu cəmiyyət daha çox Milli Şuranın təşkil etdiyi mitinqlərin aparıcısı kimi tanıyır. Ancaq İlham Hüseyn həm də çox yaxşı qələm sahibi, şair, eyni zamanda aktiv sosial şəbəkə istifadəçisidir. Və sosial şəbəkələrdə AXCP üzərinə yönələn hücumlara da daha çox təhqirsiz, əxlaq çərçivəsini gözləyərək, güclü yumor hissiylə verdiyi sərrast cavablarıyla seçilir… 

Onunla ha siyasətdənkanar mövzuda söhbətləşməyə çalışsaq da, İlham Hüseyn hər şeyi hərləyib-fırlayıb yenə siyasətə bağladı…

– İlham bəy, rəsmən bir iş yeri olmayan, ancaq həmişə məşğul insanlardan sayılırsınız. Belə adamları görəndə, istər-istəməz, ağıla gələn, ona verilən ilk sual bu olur: nə işlə məşğulsuz, işləriniz necə gedir?

– Biz işsiz adamlar arasında ən çox işi olan adamlarıq. Rəsmən heç bir yerdə işləməsək də, heç bir yerdən maaş almasaq da, hər gün bu ölkənin azadlığı, bu xalqın xoşbəxtliyi uğrunda çalışırıq. İstəyirik ki, Azərbaycan, sözün həqiqi mənasında azad, demokratik, inkişaf etmiş bir ölkə olsun. İstəyirik ki, Azərbaycan vətəndaşları özlərini tam hüquqlu vətəndaş kimi hiss etsinlər, çiyinlərini söykəyə biləcəkləri dövlətləri olsun. İstəyirik ki, vətəndaşlar ölkəni sürətlə tərk etmək haqqında yox, bu ölkə üçün mübarizə aparmaq haqqında düşünsünlər.

Mənim təmsil olunduğum təşkilat uzun illərdi ki, partiya standartlarından çıxaraq, partiya təbliğatını arxa plana keçirərək, haqqı tapdanan bütün təbəqələr üçün “təcili yardım” rolunu oynayır. Bu mənada bizim ən böyük məşğuliyyətimiz haqqı pozulanlara dəstək olmaq, ədalətsizlikləri, saxtakarlıqları ifşa etmək, cəmiyyətdə maarifləndirmə işi aparmaq, hökuməti məsuliyyətə dəvət etməkdir…

– Müxalif partiya təmsilçisi kimi, dərhal hakimiyyəti tənqid üzərinə köklənməyiniz başadüşüləndir… Ancaq o başadüşülən deyil ki, niyə ədalət meyarından çıxış edərək, qərəzli görünməmək üçün, məsələn, siyasətdənkənar sahələrdəki uğur və inkişafı dilə gətirmirsiniz…

– Bilirsiz, hər şey azadlıqdan başlayır. Siyasi azadlıq inkişafın bünövrəsi, təməlidir. Azadlıqların olmaması təkcə siyasi institutları, iqtisadiyyatı, məhkəmə sistemini  sıradan çıxarmır. Həm də ədəbiyyatı, kinonu, teatrı, təhsili, səhiyyəni, mədəni inkişafı laxladır.

İndi gəlin, baxaq: axı bu illər ərzində fərqli fikirə, müxalifətə göstərilən münasibət həm də ədəbiyyata, kinoya, teatra, təhsilə yönəldilib. Yəni, cəmiyyətdəki problemləri, çatışmazlıqları göstəməli olan təsisatlar “analoqsuz inkişaf” missiyası ilə yüklənib. Nəticədə, istinad edəcəyimiz filmimiz, cəmiyyətin ümumi zövqünü oxşayan tamaşalarımız yoxdur. Azərbaycan vətəndaşları digər sahələrdəki tələbatını da xarici məhsulların hesabına ödəyir. Məsələn, son dönəmlər Türkiyə və İranda kinoindustriya inkişafdadı. Keyfiyyətli filmlərin şahidi oluruq və bu filmlər dünya bazarına da çıxır. Yəni, demokratik hesab etmədiyimiz ölkələrdə də siyasətdənkənar sahələr inkişaf etdirilir və dövlətə qənimkəsilmə tendensiyası hiss olunmur.

Bizi ən çox narahat edən budur ki, hakimiyyət təkcə demokratiyadan qaçmır, həm də demokratik ölkələrin digər sahələrdəki uğurlarını mənimsəməkdən də imtina edir. Azərbaycan gəncliyində ruh yüksəkliyi yaradacaq hansı filmimiz var, müharibə ədəbiyyatı hansı səviyyədədi, telekanalların təbliğat qəlibinə nələr daxildir? Əslində, bu, böyük mövzudu və saatlarla danışmaq olar. Ancaq göstərin bir ürəkaçan uğur faktını ki, mən də ondan danışım.

– Cəbəhçi dostlarınız deyir ki, İlham bəy çox mütaliəli insandır. Mənə maraqlıdır, son dövrlər hansı kitabları oxuyursuz, hansı filmlərə baxırsız?

– Məni tanıyan hər kəs bilir ki, ədəbiyyatı, fəlsəfəni, kinonu, teatrı çox sevirəm. İçində yeni fikir, fəlsəfi yük, dərin məna olan yaradıcılıq nümunələri mənim ruhumun tələbatıdır. Hal-hazırda Henri Kissincerin “Diplomatiya” əsərini oxuyuram. Bundan öncə Umberto Ekonun “Qızıl gülün adı”, Haruki Murakaminin “Norveç meşəsi” və “Şəhərdən cənubda, günəşdən qərbdə” əsərini oxudum. Ümumiyyətlə, Dostoyevskidən Hüqoya, Şopenhauerdən Hegelə, Platonovdan Kamyuya qədər bütün mütəfəkkirləri mütaliə edirəm. Hesab edirəm ki, elm və texnologiya nə qədər inkişaf etsə də, elektron media gözümüzün qarşısında sədd çəksə də, kitabın alternativi yoxdur və olmayacaq.

Filmlərə gəlincə, özümü yaxşı tamaşaçı hesab edirəm. Məsələn, son dövrlərin ən xoşuma gələn film Denni Boyl və Lavlin Tandanın çəkdiyi “Xarabalıq milyonçusu” filmi olub. Yaxud Frenk Darbontun çəkdiyi “Şouşenkdən qaçış”, Avstriyalı yazar Markus Zusakın romanı əsasında çəkilmiş “Kitab oğrusu”, Stiven Kingin eyni adlı romanı əsasında çəkilmiş “Yaşıl mil” filminə dəfələrlə baxıram. Hətta son dönəmlərdə bir neçə döyüş filmi çəkilib ki, böyük zövqlə baxıram. Xüsusilə, tarixi filmlərdəki döyüş səhnələrinin, qəhrəmanın şəxsi keyfiyyətlərinin, zamanın eybəcərliklərinin təbii vəhdətini yarada bilmiş filmləri izləyirəm.

Hesab edirəm ki, kinonun böyük gücü var və bu gücün hesabına cəmiyyəti möhkəmləndirmək, dəyərləri yaşatmaq, gəncliyi düzgün istiqamətə yönəltmək mümkündür. Təəssüf olsun ki, Azərbaycan tamaşaçısı “Azərbaycan kinosu” deyiləndə, ylanız sovet dövründə çəkilmiş və həftədə 5 dəfə nümayiş olunan filmləri xatırlayır. Bu fimlərin içində olduqca yaxşı nümunələr də var və tamaşaçı təkrar baxır da. Amma Azərbaycan kinosunu “Arxadan vurulan zərbə”, “Axırıncı aşırım”, “Böyük dayaq”la məhdudlaşdırmaq absurddur.

Bayaq dediyim kimi, azadlıqların olmaması, bu sahəyə maliyyə ayrılmaması yeni filmlərin çəkilməsinə əngəl törədib, xalq artistləri hər seriyasına 50-60 manat qonarar almaqla teleseriallara çəkilməyə məcbur olub, təsadüfi adamlar bu sahəni də zəbt edib…

– Gənc siyasətçi kimi, poeziyaya da münasibətiniz maraqlıdır… 

– Poeziyanın mənim həyatımda xüsusi rolu və çəkisi var. Demək olar, hər gün 1-2 yaxşı şeir oxumağı qida rasionu kimi qəbul etmişəm. Tam səmimi deyirəm, gözəl bir şeir nümunəsi məni xeyli rahatlandırır. Ümumiyyətlə, mənim poeziya boxçam çox böyükdür. Nəsimidən, Füzulidən başlayıb, bugünün gənc və istedadlı şairlərinə qədər uzanır. Yeri gəlmişkən, bu gün çox istedadlı gənc şairlər yetişib. Təəssüf ki, onların çoxu geniş tamaşaçı auditoriyasına lazımi səviyyədə təqdim olunmayıb. Amma tam məsuliyyətimlə deyirəm ki, onlarla belə gənc şairlər var və Yazıçılar İttifaqının üzvü olan yüzlərlə şair var ki, bu gənclərin poeziya dünyasına yaxın düşə bilmirlər. Demək olar ki, vətənə, dağa, sevgiliyə, anaya şeir həsr etməyən şair yoxdur. Amma bu şeirlərin içində yeni fikir, fəlsəfi düşüncə, dərin məna tapmaq həmişə mümkün olmur. Amma haqqında danışdığım tanınmayan qələm adamları şedevr yaradırlar və hər misralarından yeni  fikir tökülür. Belə qələm adamlarını tanıtmaq, çap etdirmək lazımdır.

Əlbəttə, gənc olmayan nəslin şeirlərini də oxuyuram və xeyli əzbər bildiyim, bəyəndiyim şerlər də var. Müasir hesab etdiyimiz Hüseyn Cavid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Xəlil Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub və digərlərini də mütaliə etmişəm. Amma altın cızmaq istədiyim məqam bundan ibarətdir ki, poeziya aləmini də, siyasətdə olduğu kimi, “bundan sonra gələn pis olacaq” qənaətinə sürükləməməliyik. Yəni, “daha yaxşı şairlər yoxdur” düşüncəsi yanlışdır. Puşkinlə, Blokla, Pasternakla və digərləri ilə böyüyən cəmiyyətə rahatlıqla, Bahar Zamanlını, Səadət Cahangiri, Günay Ümidi, Aqşin Evrəni, Əlizadə Nurini, Qismət Məsimovu, Elməddin Mətləbi, Orxan Bahadırsoyu, Elşən Mehdini, Elşən Əzimi və adlarını çəkmədiyim digərlərini təqdim etmək olar.

Mənim üçün musiqiylə yanaşı, poeziya da ruhun qidasıdır…

– Bilirəm ki, özünüz də yaxşı şeirlər yazırsız. Dəfələrlə “Facebook” da paylaşımlarınızı görmüşəm. Amma görünən budur ki, siyasi fəaliyyət şairliyi arxa plana keçirib… Bəlkə, şeirlərinizdən birini deyəsiniz?

– Əvvəla, deyim ki, mən özümü şair hesab etmirəm və heç vaxt bu iddiada olmamışam. Sadəcə olaraq hərdən özüm üçün cızma-qara edirəm. Əksər şairlərdən əzbər şeirlər bilsəm də, öz yazdığım şerlərin hamısını əzbər bilmirəm… Amma istəyinizi nəzərə alaraq, yadımda qalan bir şeri deyərəm:

Bu, nə yuxu idi, gördüm, İlahi?!

Kim bizim dünyanı bu hala salıb?!

…Gördüm ki, gözlərim ürəyimdədi,

Ürəyim gözümdən asılı qalıb…

Gördüm ki, haqsızlıq, yalan əlindən

Dünyanın hər iki gözü qıyılmış,

Əzrayıl dünyanın canın almayıb,

İnsanlar dünyanın əzrayılıymış…

Gördüm ki, yorulmuş, xəstə dünyaya

Qarşıqa bətnindən qan verir, Allah!

Qarşımda itirib əzəmətini,

Dünya qollarımda can verir, Allah!

…Ayılıb gördüm ki, xeyli vaxt ötüb,

Dünyanın həyatda olduğu vaxtdan.

Bizim gördüyümüz dünyanın ruhu

Dünya, dünyasını dəyişib çoxdan… 

– Uzun müddət gənclərlər işləmisiniz və indi də əsasən o təbəqə ilə işləyirsiniz. Mənə çox maraqlıdır, müasir gənclərin özünüifadə forması sizi qane edirmi? Ümumiyyətlə, Azərbaycan gəncliyini necə görmək istərdiz?

– Gəncliklə bağlı çoxlu fikirlər səsləndirilib, insan həyatının bu dövrünə çoxlu təriflər verilib. Həqiqətən də, gənclik böyük nemətdir və bu nemətdən istifadə edərək gələcəyə etibarlı, sağlam körpü çəkmək lazımdır.

Hesab edirəm ki, gənclik müsbət nümunələrdən məhrum edilməməli və bu nümunələr uğrunda savaşmalıdır. İohan Snelmanın bir sözü var. Deyir ki, gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiz. Bayron isə gəncliyi “ömrün ən təhlükəli dövrü” adlandırırdı.

Hər iki fikirdə böyük həqiqət payı var. Gəncliyin enerjisi qurub-yaratmağa da, söküb-dağıtmağa da xidmət edə bilər. Snelmanın dediyi kimi, gicitkən və tikandan, Bayronun dediyi sayaq təhlükədən xilas olmaq üçün düzgün yolun cığırına düşmək lazımdır. Bir daha əvvələ qayıtmalı oluruq ki, cəmiyyətin təməl prinsipləri laxladılanda, dəyərlərin yeri dəyişik düşəndə, gənclik də zərbə alır. Amma bütün problemlərə baxmayaraq, gənclər təslim olmamalı, bu ölkənin gələcəyinin təminatçısı olduqlarının məsuliyyətini dərk etməlidilər. Ümumiyyətlə, insan elə yaşamalıdır ki, gələcəyə şərəfli keçmiş apara bilsin. Biz  şahidi oluruq ki, səlahiyyət sahibləri var-dövlət xatirinə min cür oyundan çıxırlar, cinayətlər törədirlər və bunu həyat tərzinə çevirirlər. Hansı ki, hamımızın son mənzili qara torpaqdı. Son mənzil torpaqdırsa, 70-80 mənzilli villaya sahib olmaq üçün evlər yıxmaq, zülm etmək, hüququ ayaq altına salmaq ayıb və absurd deyilmi? Yəni, sözün bütün mənalarında adam kimi yaşamaq lazımdı. Mən Azərbaycan gəncini qürurlu, əzmli, azad, vətənpərvər, təhsilli, həqiqətləri heç kimə güzəştə getməyən, pis nümunələrə tutarlı şillə çəkməyi bacaran görmək istəyirəm.

– Tez-tez müxalifətdaxili didişmələrin, mübahisələrin şahidi oluruq. Xüsusən də sosial şəbəkələrdə bu “müharibə” daha aydın hiss olunur. Təmsil etdiyiniz partiyanın sosial şəbəkələrdəki qrupuna rəhbərlik edənlərdən biri olaraq, bunun səbəbini nədə görürsünüz?

– Əslində, prosesləri diqqətlə izləyən adamlar bu səbəbləri dəqiq görür. Məsələn, prosesi izləyən adamlar aydın görür ki, AXCP  müxalifət düşərgəsində heç kimlə rəqabət aparmır, heç kimi hədəf seçmir. AXCP-nin hədəfi yalnız hakimiyyətdir və buna görə də 18 məhbusumuz var, qərargahdan məhrumuq, partiya sədrinin pasportu yoxdur, onlarla cəbhəçi işdən çıxarılıb, telekanallar gecə-gündüz bizi “yad” edir və s. Sadəcə olaraq müxalifət donu geyinib, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyənlərə, müxalifət maskası taxıb, hakimiyyətin tezisləri ilə üstümüzə gələnlərə layiq olduğu cavabı veririk. Yaxud tənqidi təhqirlə, tənqidi böhtanla, tənqidi qərəzlə səhv salanlara, yeri gələndə, sözümüzü deyirik. Biz icazə verə bilmərik ki, cəmiyyətə heç bir yararı olmayanlar, şəxsi maraqları naminə ümumi maraqları çeynəyənlər, insanları mübarizədən iyrəndirənlər rahatlıqla meydan sulasın.

Məsələyə ümumi yanaşanda, aydın görmək olur ki, bu adamlar müxalifət düşərgəsinin təmsilçisi deyil. Ona görə də bu mübahisələri “müxalifətdaxili mübahisə” adlandırmaq da düzgün deyil. Bir də ki, zaman bütün daşları yerinə qoyur. Kimin nə deməsindən asılı olmayaraq, ictimai rəy mövcuddur və hamının qiymətini dəqiq verir.

Sosial şəbəkələr isə bu gün əsas informasiya resursuna çevrilib və adamların maskalı fəaliyyətini amansızlıqla ifşa edir. Yəni, sosial şəbəkələrə nəzər salanda, həqiqi mübarizə aparanlara çamur atanların real çəkisini də görmək olur.

Bir daha qeyd edirəm ki, biz səmimi mübarizə aparan hər kəsə qucaq açırıq, səmimi tənqidləri qəbul edirik və belə adamların varlığını ümumi iş üçün xeyirli hesab edirik. Trolların və “kitayski” müxalifətin “ssenari”lərini ifşa etmək, müxalifət daxilində “razborka” anlamına gəlmir…

– Ancaq sizi ittiham edənlər də az deyil. 25 il müddətində hakimiyyətə gələ bilməməyinizi, xalqı arxanızca toparlamağı bacarmamağınızı, buna baxmayaraq, kənara çəkilmək istəmədiyinizi sizə irad tuturlar. Sizcə, bu iradlarda haqlı deyillərimi?

– Bilirsiz, müxalifət liderinin, yaxud müxalifət partiyasının funksiyasını dəqiq başa düşmək lazımdır. Partiya sədri Səhiyyə naziri, Təhsil nazir, İqtisadiyyat naziri deyil ki, “sən istefa ver, mən bu sahəni inkişaf etdirim” tələbi irəli sürəsən. Yəni, bu düşərgədə hansısa uğurlar əldə etmək üçün kiminsə istefasının, kənara çəkilməsinin heç bir önəmi yoxdur. Müxaliətdə vakansiya çoxdur və kim istəyirsə, bu boşluqları doldurmaq üçün cəhd edə bilər. Yaxın keçmişə nəzər salsaq görərik ki, siyasət səhnəsində özünü lider sayan xeyli adamlar olub və onlar bugün yoxdur. Yaxud özünü “yeni qüvvə” hesab edən adamlar peyda olub və bu gün tamam fərqli işlərlə məşğuldurlar. Amma AXCP bütün çətinliklərə baxmayaraq, ölkənin ən böyük siyasi təşkilatıdır. Ölkənin 70-dən artıq bölgəsində şöbələri var. Ölkənin ən böyük gənclər təşkilatı AXCP Gənclər Komitəsidir. Dünyanın hansı qeyri-azad ölkəsində bu formada təşklatlanmış müxalifət qüvvəsi var? Ona görə də məsələyə ədalət prizmasından yanaşmaq lazımdır. Hakimiyyətin dəyişməməsinin səbəbi müxalifətin zəifliyi yox, narazı xalqın bütövlükdə proseslərə qoşulmamasıdır.

Bizi ittiham edən adamlar bir anlıq bizim olmadığımız Azərbaycanı təsəvvür etsinlər. Bəlkə də qeyri-təvazökarlıq kimi səslənəcək, amma bu illər ərzində canı-qanı bahasına mübarizə aparan adamlar olmasaydı, Azərbaycan Şimali Koreya olmuşdu.

Digər tərəfdən, bugün AXCP-dən başqa, minlərlə insanı meydana toplayan hansı qüvvə var? Bizim bacarmadığımızı bacaran kimsə varmı və biz bu kimsələrin qarşısını kəsmişikmi?

Biz Azərbaycanda etiraz ocağının sönməsinə, azad sözün tamam sıradan çıxmasına, mütləq köləliyin hakim kəsilməsinə imkan verməmişik. Üstəlik, milyonlarla insanın informasiya blokadasından çıxmasına, həqiqətləri eşitməsinə, maariflənməsinə şərait yaratmışıq.

Tarixən belə olub, haqq azlıqda qalıb, əzilib, amma sonda qalib gəlib. Biz bilirik ki, şərəfli yol çətin olur. Bilirik ki, el üçün ağlayan gözlərə mil salınır. Amma onu da bilirik ki, dövlətimizin güclənməsi, xalqımızın xoşbəxtliyi demokratik idarəçilikdən keçir. Bizi ittiham edənlərə onu demək istəyirəm ki, bu  mübarizənin 1 nəfəri da onlar olsaydı, daşın altına onlar da əllərini qoysaydılar, hər şey çoxdan dəyişmişdi.

Bir məqama da aydınlıq gətirmək istəyirəm ki, bugün AXCP-nin rəhbərliyində təmsil olunanların, Milli Şurada təmsil olunanların 99 faizi AXC hakimiyyəti dövründə hökumətdə vəzifə tutmuş şəxslər deyil. Həm də bu gün təmsil olunduğum komandanın əsas hissəsini gənclər təşkil edir ki, onlara da “25 ildir mübarizə aparırsız, niyə nəticəsi yoxdur” sualını ünvanlamaq ədalətsizlikdi.

– Növbəti planlarınız nədən ibarətdir?

– Biz həmişə dinc mübarizənin tərəfdarı olmuşuq və bu prinsipimizə sadiqik. Bundan sonra da dinc mübarizəmizi davam etdirəcəyik, xalqın bütünlüklə proseslərə qoşulması üçün əlimizdən gələni əsirgəməyəcəyik və inanıram ki, mütləq qalib gələcəyik. Qorxu siyasəti, təqiblər, təzyiqlər cəmiyyəti sona qədər qəlibdə saxlaya bilməyəcək. Demokratiyaya qovuşmuş bütün xalqlar kimi, Azərbaycan xalqı da azad və demokratik ölkədə yaşayacaq. Gec-tez, hamı bunun zəruri olduğunu, başqa alternativlərin olmadığını dərk edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ