SON DƏQİQƏ

PressDent.Info

Tolerantlıq və milli qürur

Tolerantlıq və milli qürur
25-07-2018, 17:57 8265 dəfə baxılıb

İlham Hüseyn

Xeyli vaxtdır ki, bu mövzu ətrafında yazmaq istəyirdim. Sadəcə olaraq gündəmi müxtəlif məsələlər zəbt edirdi və bu mövzu arxa plana keçirdi. Amma erməni əsilli müğənninin Bakıda konsert verməsi və bu xəbərin geniş müzakirə mövzusuna çevrilməsi, mövzunu aktuallaşdırdı.
Ümumiyyətlə, son dönəmlər qulaqlarımız “tolerantlıq”, “humanizm”, “insanpərvərlik” kimi ifadələri tez-tez eşidir. Bəzən situasiyaya uyğun olaraq, bəzən vəziyyətdən sui- istifadə edərək, bəzən də hadisələrin mahiyyətinə varmadan terminlərlə meydan sulayırıq.
Əvvəla qeyd edim ki, tolerantlıq, humanizm heç bir halda prinsipsizlik, qətiyyətsizlik, düşmənin qarşısında təzim etmək anlamı vermir. Əgər söhbət fərdlərdən yox, dövlətin, millətin taleyindən gedirsə, bu kimi ifadələrə daha diqqətli yanaşılmalı və prinsipiallıqla prinsipsizliyin sərhədləri düzgün müəyyənləşdirilməlidir.
Tolerantlıq- dözümlülük mənasını verir. Yəni, insanların inancına, əqidəsinə dözümlü yanaşmanı nəzərdə tutur. Təbii ki, insan hüquqlarının, demokratiyanın, plüralizmin əsasında formalaşır.
Onu da aydın qeyd etməliyik ki, insanları etnik, milli mənsubiyyətinə görə zorakılığa məruz qoymaq, təhqir etmək qəbuledilməzdir və insanlığın təməl prinsiplərinə ziddir.
Amma erməni müğənninin Bakıda konsert verməsinə kütləvi etirazların olmasının səbəbləri tamam fərqlidir və bu məsələyə müəyyən məqamların altını cızmaqla aydınlıq gətirməliyik. Yəni, Zaranın Bakıda konsert verməsini istəməyənləri tolerant olmamaqda qınamaq, insan hüquqlarına hörmətlə yanaşmamaqda ittiham etmək ədalətsizlik olardı.
Əlbəttə, bu məsələdə aşırı münasibət sərgiləyənlər var və mən də bu yanaşma ilə razı deyiləm.
Amma unutmayaq ki, bizim 20 faiz ərazimiz işğal altındadır, minlərlə şəhidimiz, itkinimiz, əsirimiz, əlilimiz var. Və bu qədər məşəqqətlər yaşamış bir xalqın işğalçı ölkənin təmsilçisinə etiraz etməsi, bu müğəninin Azərbaycanda pul qazanmasına, hörmətlə qarşılanmasına, reklam olunmasına hiddətli münasibət sərgiləməsi normaldır. Məncə, Zaranın və ya başqa bir erməninin Bakıda konsert verməsinə etiraz, sadəcə erməniliklə bağlı deyil. Bu etirazlarda faşizm elementləri axtarmaq da doğru deyil. Məsələ bundadır ki, əli -qolu bağlı Azərbaycan xalqı onu torpaq itkisi ilə barışdırmaq istəyənlərə etiraz edir. Deyir ki, mənim torpağımı qaytar, əsirimi qaytar, sonra barışarıq.Nə qədər ki işğal faktı ortadan qalxmayıb, işğalçı ölkəylə siyasi, iqtisadi, mədəni, hərbi əlaqələrdən söhbət gedə bilməz. Bu, tolerantlıq məsələsi deyil. Milli qürur, qətiyyət, prinsip məsələsidir.
Təsəvvür edin ki, ermənilər Azərbaycanı su yoluna çevirir, telekanallara qonaq kimi dəvət olunur, rahat bizneslə məşğul olur və bütün bunlara heç bir etiraz edilmir. Belə bir dövlətin gələcəyi haqqında nə demək olar? Belə bir xalqın kimliyi, varlığı nədə ifadə oluna bilər? Onsuz da hakimiyyətin yürütdüyü siyasət Qarabağın unutdurulmasına, Qarabağı görən nəslin sıradan çıxmasına xidmət edir. Bu anti-milli siyasətin qarşılığında, üstəlik insanlarda etiraz hissinin də tamam ölməsi, daha ağır faciələrə səbəb ola bilər.
Bir daha qeyd edirəm ki, bəzən insanların etirazı qeyri-tolerantlığın deyil, milli qürurun ifadəsidir. İşğal faktı aradan qalxdıqdan, Azərbyacanın ərazibütövlüyü təmin edildikdən, insanlar yurd-yuvalarına qayıtdıqdan sonra, Ermənistanla münasibətlərin hansı səviyyədə olacağı müzakirə edilə bilər.
Amma məsələnin daha mühüm bir mesajı var.
Uzun illərdi Azərbaycan hakimiyyəti fərqli fikir daşıyıcılarını “ermənipərəst” kimi təqdim edir, vicdanlı adamları erməni lobbisiylə işbirliyində suçlayır və.s Yeri gəlmişkən, bir müddət əvvəl telekanallar AXCP sədri Əli Kərimlinin oğlunu əsas mövzuya çevirmişdilər. Səbəb də bu idi ki, Əli Kərimlinin oğlunun çıxış etdiyi tədbirdə hansısa erməni də əyləşibmiş. Bu hadisəni şişirdib, Əli Kərimlinin ermənipərəstliyi kimi təqdim etməyə çalışdılar. Əlbəttə, bu “ssenari” işləmədi və hökumətin növbəti ifşasına xidmət etdi.
Yəni, ermənipərəstlik elementləri müxalifətin deyil, bütün məqamlarda hakimiyyətin fəaliyyətində özünü göstərib. Qondarma erməni soyqırımını tanıyan ölkələrdə xeyriyyə tədbirləri keçirirlər, erməni hüquqşunasları Bakıda sevimli qonaq kimi gəzdirirlər, erməni əsir meyvə şirəsindən tutmuş, şəkil çəkmək üçün sulu boyaya qədər təmin olunur, (erməniyə güllə atanlar isə, şərlənərək həbs olunur), erməni idmançılara ölkənin qapılarını açırlar, ermənini başımıza çıxaran Rusiyanın qarşısında təzim edirlər, erməni müğənninin Bakıda konsertini təşkil edilrər və.s
Bir sözlə, biz Azərbaycanın dünyəvi, hüquqi, tolerant bir ölkə olmasını istəyirik və bunun üçün mübarizə aparırıq. Amma dövlətin və millətin milli qürur, özünəhörmət, prinsipiallıq xətti olmalıdır. Torpaqlarımız işğal olunubsa, işğal faktı davam edirsə və hər gün şəhid qəbul ediriksə, gedəcəyimiz yolu düzgün seçməliyik. Sülh istəyi heç bir halda qorxaqlığın, qətiyyətsizliyin, unutqanlığın göstəricisi olmamalıdır. Humanizm, tolerantlıq, insanpərvərlik vicdanın göstəricisidr. Vicdanı olan adam isə torpağını, xalqını, dövlətini heç kimə güzəştə getməz və bu dəyərlər uğrunda savaşmağa da hazır olar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ