SON DƏQİQƏ

PressDent.Info

Nəsrə bir az poeziya!

Nəsrə bir az poeziya!
15-06-2018, 22:46 10005 dəfə baxılıb

Yalçın İmanov

Əvvəllər belə əlamətdar günlərü səbirsizliklə gözlərdik, bir dördillik həsrət bitməmiş o birinin günlərini sayardıq. Aylar öncə hazırlıq tədbirləri görər, qrupları müzakirə edər, şansları dəyərləndirər, lüzumsuz statistikaları, mürəkkəb taktikaları xırdalığına qədər çək-çevir edərdik. Komandalar yox, konkret oyunçulara azarkeşlik! Şennik olardı, şənlik olardı. Şirin bir nağıl, əməlli-başlı bayram havası!

İndi tam fərqlidir – bir də qəfil gözünü açıb görürsən ki, həyəcan qapının ağzını kəsib. Heç əslində, yönlü-başlı həyəcan da yoxdur, elə-belə, sıradan, növbəti bir şey. Daha növbədənkənarlar yoxdur. “Barcelona”nın Qavardiolalı dövrünü çıxıb, nəzərə almasaq, daha müasir futbola azarkeşlik də eləmək olmur, vur-tut baxmaq, yalnız seyr eləmək.

Mən də o fikrin qatı tərəfdarıyam və bunu dayanmadan təkrarlamaq lazımdı ki, böyük pullar bu gözəl, əsrarəngiz tamaşanı incəsənət növündən, teatrallığından çıxarıb, nəhəng biznesə çevirdi. Hər şeydən fayda güdən, pul qoyub, pul götürən, gəlirini-çıxarını yaxşı bilən, cibindəki pulun sayını dəqiq hesablayan vəhşi istehlak cəmiyyəti elə bir müqəddəslik qalmadı ki, murdarlayıb, gözümüzdən salmasın.

İşə bax, indi milyonların sovrulduğu bu böyük biznesdə, elə o qədər də insanın sevimlisi olan misirli Məhəmməd Salah, çeçen kriminal avtoriteti Ramzan Kadırovla yanaşı addımlayıb, alqışlarla futbol meydançasına daxil olur. Ha, Human Rights Watch, Amnesty İnternational və başqa beynəlxalq insan haqları təşkilatları Salahın bu “mühüm şəxslə” görüşünü pisləsin, Kadırovun ucuz reabilitasiya cəhdini lənətləyib, özünü yırtsın, dağıtsın. Kimsə xatırlayırmı, son onillərdə hansısa ulduz futbolçu hansısa avtoritar rejim rəhbərini nədəsə boykot eləsin, yaxud belə rejimlərin tənqidçiləri ilə bir balaca həmərəylik nümayiş etdirsin?! Təsəvvür edin, Salah, onu hotelin lobbisində gözləyən Ramzanla görüşdən, onla yanaşı getməkdən imtna edir. Təssəvür edirsizmi?

Ramzandan söz düşmüşkən, rus mətbuatında yarızarafat-yarıironiya Rusiya millisinə uğur qazandırmaq üçün məhz onun baş məşqçi təyin olunmasını təklif edirlər. Parodiya! Hardan-hara!

İndi daha meydanlarda ömrünün son illərini kirayədə, dostlarının sədəqəsi ilə yaşayıb, kasıblıqdan ölən, şöhrətdən utanan, “quşlarla danışan” Qarrinça yoxdu, diktator rejiminə etiraz nümayişlərinin önündə gedən, futbol meydanına demokratiya şüarıyla çıxan, həkim, fəlsəfə doktoru, solçu Sokrates kimisi artıq çətin tapıla.

Futbol oynaya-oynaya filosofluq edən, teatrda rol alan, 30 yaşında futbolu buraxıb, filmə keçən, tam aktyorluğa qurşanan, kinematoqrafiyada özünü sınayan, ipə-sapa yatmaz, dəlisov, ağır xarakterli, 70-ci ilin finalında Pelenin Karles Albertoya (bir ara Azərbaycan yığmasının da baş məşqçisi oldu) qol pasıyla Artur Rembonun şeiriyyatı arasında heç bir fərq görməyən, bu pasla, gənc fransızın şeirinin birlikdə insana toxunub, ona əbədiyyət hissi təlqin etdiyini deyən Kantonadan heç danışmağa dəyməz! Bilirəm, yeri yoxdur, amma Kantonanın aşağıdakı iki deyimini yazmadan, keçinmək olmur: “Mən konkret bir komandaya qarşı oynamıram, məğlubiyyət fikrinin özünə qarşı oynayıram”. Yaxud bu fikri: “Qağayıların qayığın ardınca uçmalarının səbəbi odur ki, onlar balıqçıların sardinanı nə vaxt dənizə tullayacaqlarını gözləyirlər”.

Şəxsiyyətlər getdi, günü-gündən balacalaşan, çirkinləşən dünya hər şeyi üz-gözünə yaxıb buladı,  böyük xarakter yiyələri əriyib-əriyib yoxa, bəzən də kirə çıxdı, futbolu, elə futbol naminə, özü və tamaşaçı zövqü üçün oynayanlar, birdəfəlik sıx və dərin kölgəliyə çəkildilər. Daraq girməyən, uzun saçlı, cod saqqalı kişilərin yerində, indi 90 dəqiqə dayanmadan gözləri kamera axtaran, saçı jeleli, boynunun ardı “kontovka”lı, gündə əmək haqqı davası döyən, klub dəyişən uşaqlar var. Futbol, futboldan artıqlıq cazibəsini itirdi, sirri-sehri qaçdı, dadı damağımızda qaldı.

Bir-iki ay əvvəl oxumuşdum, ötənlərin başqa bir tanınmış futbolçusu argentinalı Batistuta maraqlı bir paralel aparıb, demişdi: Maradona poeziyadır, Messi nəsr!

Müasir futbolda da elə defisit, qıt olan, çatışmayan budur – bir az poeziya, bir balaca təmənnasızlıq, bir az sədaqət, bir az futboldan artıqlıq, bir az havaya salmaq, bir balaca ənginliyə qaldırmaq. Elə bir hava, elə bir poeziya ki, məhz onun hesabına Maradona 86-cı ildə xudru-tək, təkcanına ölkəsini dünya çempionu eləmişdi.

Sonra da çarəsizlikdən deyinirik ki, bir adam neyniyə bilər, nə bilim tək əldən səs çıxmaz-filan dilxoşluqlar. Elə qəşəng çıxar, tək əl elə səs-küy salar ki, gəl görəsən. Bunun üçün gərək əl də əl olsun! Gərək əl də hava yaratmağı, havaya soxmağı, göyün yeddinci qatına qaldırmağı, lazım gəlsə lap ordan yerə çırpmağı bacarsın!

Bu gün növbəti bir aylıq nəsr başlayır. Hələ o da ümiddir, görən heç olmasa nəsr belə olacaq, ya yox? Güman iyimizi saldığımız Messiyə, təsəlli tapdığımız İnyestayadı. Onları da zədələyib, vurub, sıradan çıxarmasalar. Ən yaxşı halda vur-tut elə bu!

Necə deyərlər, kasıbın olanından…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ