SON DƏQİQƏ

PressDent.Info

Qəsideyi-ciniyyə

Qəsideyi-ciniyyə
11-06-2018, 19:15 3828 dəfə baxılıb

O` Kamil

Məktəbdə hər şagirdin sevimli bir müəllimi olur, hər müəllimin də bir sevimli şagirdi. Orta məktəbdə sinif rəhbərimin ən çox sevdiyi şagird mən idim. Mən də bir onu, bir də yazıçı adaşım O` Henrini sevirdim. Müəllimə hər dəfə mənimlə rastlaşanda gülümsəyir, mən isə səbəbini bilmədiyim bu qədər sevgiyə məruz qaldığımdan turp kimi qızarırdım. Düzdü, sonralar bu sevginin səbəbini bildim, amma sevgi strukturlarım sarsılmadı, bunalmadı, genə qaldı. Əbədiymiş, daimiymiş, dönməz imiş.

Bəllidir ki, sinif rəhbərləri üçün ən üzücü iş uşaqların ad və familyasını curnala köçürməkdi. Sonralar bildim ki, məni sevdirən ad-familyamın qısalığı imiş. Bir var, yazasan: «Balacaxanım Sübhanverdixanova», bir də var qısaca: «O Kamil». Həri… O gün bazarda rastlaşdıq müəlliməmlə. Göy satırdı. Bir-birimizi tanıyandan sonra ikimiz də qızardıq və ağladıq. Müəllimə sumkasından bir çay dəsmalı çıxardı. Yaş tərəfi ilə göz yaşını özü sildi, quru tərəfi ilə mən. Satdığı göylərin hamısını aldım. Yalandan dedim, göy qutabı bişiririk. Müəllimə ha dedi, a bala, göy qutabına tərxun qatmırlar, dinləmədim. Vidalaşıb gəlirdim ki, müəllimə arxamca qışqırdı: «Ay O, sən bir vaxtlar qəşəng şerlər yazırdın, nooldu?» Birdən xatırladım: «Ey dili-qafil!» Söz verdim ki, bu yaxınlarda qəzetdə çıxacaq. Gəlib bir qədər eşələnəndən sonra saralmış bir əlyazma tapdım. Üstündəki psekopterləri (kağız yeyən cücü) qaz peçinin üstünə çırpıb yazını bir az təfərinc eləyib gətirdim redaksiyaya…

Bir gün durdum çıxdım vətən seyrinə,
Gördüm, çörək deyib körpə yalvarır.
Zalım ovçu oxun qoyub kamana,
Durnalar pərişan, sürbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Rədifləri düzəm, mənanı süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Haqq-taala böyükdü, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Belə şeir olar, bu, nə bidətdi?»

Qarabağın işi uzundu, xocam,
ATƏT, ya BMT qılammaz əncam,
Sülhnən satan deyir, sülhnən alacam,
Döyüşdə uduzan hərbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Qafiyə dəmləyəm, mənanı süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Belə şeir olar, bu, nə bidətdi?»

Talançı taxtdadır, sevən «yağı»dır,
Oğru dövran sürür, onun çağıdır,
Gizlində dövləti söküb-dağıdır,
TV-də bayrağa, gerbə yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Təşbeh sığallayam, epitet süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Belə şeir olar, bu, nə bidətdi?»

Ey biri, o dəm ki dünyada vardın,
Vəd verdin, kükrədin, coşdun, bağırdın,
Bəs noldu, neft verib, torpaq alırdın?»
Terminal sızlayır, turba yalvarır.
İstədim bu cürnə simlərdə gəzəm,
Metafora tapam, assonans süzəm,
Baxıban çiyinini çəkdi tanışlar:
«Allah rəhmlidi, bəlkə, bağışlar,
Amma yazdıqların tamam qələtdi,
Belə şeir olar, bu, nə bidətdi?»

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ