SON DƏQİQƏ

PressDent.Info

25 illik marginallaşdırma marafonu

25 illik marginallaşdırma marafonu
23-05-2018, 18:43 1827 dəfə baxılıb

Xaliq Bahadır

“Marginal” anlayışı müxalifətçi dostlarımılzda böyük acıq doğurub. Məncə, yersiz yerə. Biz müxalifət olaraq «marginallaşmışıq» – buna söz ola bilməz. Çox, lap çox çalışsaq da, acığımızı sözdən, o sözün arxasındakı anlamdan çıxa bilmərik. Düzgün çıxış yolu o anlayışı doğuran gerçəklikdən qurtulmaqdır. Beş-altı ay qabaq bir tanış biznesmenlə yolüstü diskussiyamız oldu. Adam çox oxuyur, geniş dünyagörüşlüdür, dediyinə görə, elmlər namizədidir. Düzü, sonuncu məni çox da ilgiləndirmir: mən bizim “milli elmlər akademiyamızda” neçə-neçə yalançı-yarımçıq elmlər doktoru tanıyıram, onda qalmış namizəd ola. Dediyim kimi, bu adam bilikli, geniş dünyagörüşlüdür. O mənə yolüstü qarşılaşmamızda müxalifətdən danışmağa başladı – bir çoxları kimi giley-güzarla yox, düşüncəylə, sanballı danışırdı. Mənsə susaraq dinləyirdim. Birdən onun ilişdiyini gördüm. Elə bil istədiyi sözü axtarır, tapa bilmirdi. Ona yardımçı oldum: “Demək istəyirsiz, rejim bizi müxalifət olaraq marginallaşdırıb, hə?” – “Hə, – dedi – elə demək istəyirdim, qorxdum xətrinizə dəyər”. Adam elə bil yüngülləşdi, daha açıq, daha ürəklə danışmağa başladı. Sonra mən ona bizim marginallaşmağımızı doğuran nədənlərdən qısaca danışdım – konkret faktlarla. Beləcə, kimsə kimisə incidib-küsdürmədən, qarşılıqlı anlayışla ayrıldıq. Məncə, belə olmalıdır: ortada əyrilik yoxdursa, bir-birimizlə anlaşmağa, dil tapmağa çalışmalıyıq. Biz nədən marginallaşdıq? Sözsüz, bizm bugünkü marginallaşmağımızda hansısa yanlışlarımızın rolu olub – burası subyektiv nədəndir. Bir də var obyektiv nədən. Başqa cür desək, 25 illik korrupsiya-repressiya rejimi. Azərbaycan müxalifətinin marginallaşmasının başlıca nədən korrupsiya-repressiya rejimidir. Bütün dünyada normal hakimiyətlər ölkədə normal müxalifət yaranmasına çalışırlar. Nədən yana? Ölkənin sağlam, uğurlu gələcəyindən yana! Bunu hansı hakimiyətlər edir? Sözsüz, normal hakimiyətlər. Bizdə belə bir hakimiyət yoxdur. Korrupsioner hakimiyətlər xalqı, ölkəni, dövləti deyil, özlərini düşünməklə, satqın-korrupsioner müxalifət yaratmağa çalışırlar. Satın ala bildiklərini satın alır, satın ala bvilmədikləri ilə bağlı sonunadək repressiv politika yürüdürlər. Bir yandan satınalmalar, o biri yandan çeşidli repressiyalar – sosial, ekonomik, politik, psixoloji! – müxalifətin sayını azaldaraq etkisiz duruma gətirir. Burada utanmalı, danmalı nəsə yoxdur: Əliyevlərin yiyələndiyi Azərbaycanla bağlı durum daha dözülməzdir. Nədən? Azərbaycan GEOPOLİTİK baxımdan olduqca önəmli ölkədir. Bəlli qonşularımızdan tutmuş okeanın o tayınadək Azərbaycanın demokratikləşib dirçəlməsini istəməyən çoxlu güc var. Əliyevçi hakimiyətlə o güclərin Azərbaycana bağlı istəkləri-planları (strategiyaları!), demək olar, bütünlüklə uzlaşır – müxalifətlə uzlaşmır; bu üzdən də Azərbaycan müxalifəti uzun illərdən bəri iş-dış basqılar altında varlığını qoruyub saxlamalı olur. Sözügedən yaxın-uzaq güclər indiki Azərbaycan müxalifətini ( birilərinin dediyi kimi, klassik müxalifəti) sevmir. Nəyə görə? Bu müxalifətin daha çox Xalq hərəkatına bağlı yurdsevərliyinə görə. Hakimiyət Qarabağdan çoxdan keçib, ölkənin doğal resurslarını da sözügedən güclərlə bölüşüb, bölüşür, bölüşəcək. İndiki müxalifət bütün bunara qarşıdır: “Qarabağ bizimdir, bizim olacaq!”; “Azərbaycanın var-yatırı Azərbaycan xalqının olmalıdır!” Ölkədə demokratik hakimiyət qurmaq istəyinin özü içdən-dışdan Azərbaycanı sümürmək istəyində bulunanlara açıq ismarıc deməkdir: gözünüzü Azərbaycanı yağmalamaqdan çəkin! Sözügedən güclərlə Əliyevlər hakimiyətini birləşdirən budur: Azərbaycanı soyub-yağmalama strategiyası. Bu isə müxalifətin Azərbaycanı qoruma strategiyası ilə barışmazlıq faktoruna çevrilir. Beləcə, Azərbaycanın KLASSİK müxalifəti içdən də, dışdan da dışlama cəhdləri ilə üzləşməli olur. Yeri gəlmişkən, marginallaşma sözünün Türkcə ən yaxşı qarşılığı DIŞLANMA ola bilər! Biz KLASSİK Azərbaycan müxalifəti olaraq içdən də, dışdan da birilərinin israrla dışlanmış kimi görmək istədiyi durumdayıq, bu isə bir sıra arxadaşların düşündüyü kimi, utancverici görsəniş deyil, tərsinə, hamımız üçün öyünc yeri ola biləcək görsənişdir. Son olaraq: gerçəyi gözardı etmək, görməzdən gəlmək çıxış yolu deyil, düzgün olanı ona tuşlanmaq, onun üzərinə yeriməkdir.
*müəllifin fikri ilə redaksiyanın mövqeyi uzlaşmaya bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ