SON DƏQİQƏ

PressDent.Info

Alternativsiz Ramiz Mehdiyev

Alternativsiz Ramiz Mehdiyev
27-04-2018, 19:57 12441 dəfə baxılıb

Xaliq Bahadır

Ramiz Mehdiyev 49 ildir alternativsiz olaraq Əliyevlərin, Əliyevlər hakimiyətinin qulluğundadır. Bu alternativsizliyin kökündə Əliyevlərin Azərbaycana, Azərbaycan xalqına  yağılığını bölüşmə faktı dayanır. R.Mehdiyev uzun illərdən bəri o yağılığı yalnız bölüşməklə qalmayıb, alternativsiz olaraq onun gerçəkləşdirilməsinə çalışıb, bu gün də çalışmaqdadır. Prezident administrasıyasının, eləcə də Antikorrupsiya komisiyasının dəyişməz başçısı olan R.Mehdiyev Əliyevlər hakimiyəti boyunca dövləti bütünlüklə qapsamış korrupsiya sisteminin baş ideoloqudur. Üç-dörd il qabaq üstü açılan Elşad Abdullayev-Gülər Əhmədova faktı R.Mehdiyevin dövlət korrupsiya sistemində necə önəmli rol oynadığını açıq göstərir.

Bəlli olduğu kimi, korrupsiya yalan rejimi üzərində qurulur. Korrupsioner rejim yalansız yaşaya bilməz. R.Mehdiyev bu baxımdan da Əliyevlər üçün alternativsizdir. Onun etdiyi çıxışlar, adından yayılan böyük-böyük yazılar ANTİMİLLİ, ANTİDEMOKRATİK Əliyevlər hakimiyətini, çoxsaylı yalanlarla olsa belə, ideoloji baxımdan qoruyub ayaqda saxlamaq üçündür. Bircə elə “inkişafın Azərbaycan modeli” nəyə desən dəyər – sözsüz, açıq, ANALOQSUZ yalanlar baxımından! Az bir arada təkcə neftdən 350 milyard dollar gəlirin mənimsənib-dağıdıldığı Azərbaycan doğal resurslar baxımından Güney Qafqazın ən yoxsul ölkəsi olan “Ermənistan”dan bir çox sosial-ekonomik göstəricilərə görə qat-qat geri qalır. Belə bir geridə qalma, üstəlik korrupsiya-repressiya rejiminin doğurduğu dolanışıq dözülməzliyi Azərbaycan yurddaşlarını istər-istəməz baş götürüb ölkədən getmək qaçılmazlığı ilə üzləşdirir…

R.Mehdiyevin bugünlərdə Nazim İbrahimovla bağlı etdiyi çıxışla baxlı bunları yazmaq gərəyi yarandı.

O çıxış budur:  “Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib. Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”…

Biz “Azadlıq” qəzeti olaraq, Diasporla iş komitəsinin sədri N.İbrahimovun yarıtmaz işlərindən, eləcə də korrupsiya dərəbəyliyindən dönə-dönə yazmışıq. R.Mehdiyev də, onun prezidenti İ.Əliyev də bizim ortaya çıxardığımız bir çox başqa faktlar kimi o faktlara da düşmənçiliklə yanaşıb. Elə o sayaq düşmənçiliklər üzündən də sonda qəzetimizi qapatdılar. Ortada bu gün R.Mehdiyevin xalqı aldatmağa yönəlik doğruluq var idisə, GÜZGÜNÜ sındırmaq nədən ötrüydü?! Sözsüz, bizim N.İbrahimovla bağlı bildiklərimizi, hələ ondan da artığını PA-da gözəl bilirdilər. Bilirdilər, bildiklərinə görə də N.İbrahimova sonadək arxa dururdular. Bizdə olan bilgilərə görə, N.İbrahimov PA-dan aldığı tapşırığa uyğun olaraq, bütün yaxın-uzaq ölkələrdə qurulmuş, birləşmiş Azərbaycan diasporlarını parçalayıb-dağıtmaq funksiyasını çox böyük uğurla yerinə yetirirdi. Bu uğurun kökündə Diaspor komitəsinə dövlət büdcəsindən ayrılan pullarla satınalmalar dayanırdı. Diaspor qurumlarına agentlərini yeritməklə, oradakı ayağısürüşkənləri satın almaqla o qurumları parçalayıb-dağıdaraq etkisiz duruma gətirirdilər. Biz “Azadlıq” olaraq bu yöndə bizə ötürülən faktları işıqlandırırdıq. Ancaq… o faktlar PA-nın N.İbrahimova verdiyi tapşırıqlara qarşı çıxdığından düşmənçiliklə qarşılanırdı…

R.Mehdiyevin dediyinə görə, N.İbrahimovun  “səriştəsizliyi” üzündən “bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər”. Burada sözügedən adamlar fakt olaraq Azərbaycana, onun dövlətçiliyinə qarşı çıxış etməyiblər, etmirlər, etməzlər: onlar onları Azərbaycandan didərgin salan korrupsiya-repressiya rejiminə qarşı çıxış edir, ölkəyə dönmək üçün o rejimin getməsinə çalışırlar. Bu isə onların KONSTİTUSİON hüquqlarındandır!

Avropada, ABŞ-da yaşayan “bəzi azərbaycanlıların”  Azərbaycana, Azərbaycan dövlətçiliyinə qarşı “təxribat xarakterli çağırışları” ilə bağlı R.Mehdiyev deyir: “Heç ermənilər də bunu etmir”. Doğrudur, etmirlər. Niyə də etməlidirlər? Erməni dövləti, erməni dövlətçiliyi bütün dünyada ERMƏNİLİYƏ qulluq etdiyindən etmirlər! Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi isə bəlli bir ANTİAZƏRBAYCAN qrupunun əlində özünəqulluq qurumuna çevrilməklə azərbaycanlılara yağıcasına yanaşma sərgiləyir. Düz 25 ildi belədir! Korrupsiya-repressiya rejiminin başdaduranları olaraq demokratiyanı bütünlüklə boğub xalqı hüquqsuz duruma gətirənlər dövlətə, dövlətçiliyə qarşı ən böyük TƏXRİBAT subyektləridir!

Yadınızdadırsa, İ.Əliyev ötən il “xaricdə yaşayan aztəminatlı ailələr üçün” dövlət büdcəsindən pul ayrılmasdı ilə bağlı “sərəncam” vermişdi. Biz şağındaca aztəminatlı ailələrin ölkə dışında deyil, ölkə içində olduğunu yazmış, yardım adı ilə ayrılan o pulların korrupsiya xarakterli olduğunu, ölkədən qıraqda yaşayan aktiv azərbaycanlıları satın almağa yönəldiləcəyini bildirmişdik. İndi bəlli olur: yazdığımız doğrulub – N.İbrahimov PA-nın gözləntisini doğrultmayıb.

“Səriştə” söhbətinə gəlincə, bəlli olduğu kimi, H.Əliyevdən sonra Azərbaycanda bir SƏRİŞTƏLİ kadr var – H.Əliyevin ən dəyərli yetirməsi, adminstrator-filosof Ramiz Mehdiyev.

P.S. Rusiya kəşfiytının başçısı N.Patruşevin bugünlərdə V.Putinin adından gətirib “Şərəf” ordeni sunmağı R.Mehdiyevin hansı dövlətə, dövlətçiliyə qulluq etdiyinin parlaq görsənişidir!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ