SON DƏQİQƏ

PressDent.Info

Bu idarəçiliyin sonu Azərbaycanın inkişafının başlanğıcı olacaq

Bu idarəçiliyin sonu Azərbaycanın inkişafının başlanğıcı olacaq
26-03-2018, 19:07 6873 dəfə baxılıb

Bu hakimiyyət iddiasızlığıyla, heç nəyə haqq etməməsiylə öz şəxsində özünü qorumaq instintikiylə ölkə ictimaiyyətinin də düşüncəsini “zədələdi”. Onu qorxuya öyrətdi, yalançı “bütlərə” heyranlığa öyrətdi. Lap aza qaneyə, əlində olanına “şükür” etməyə alışdırdı. Daha yaxşısına haqq etməkdənsə daha betərini yaşamadığına sevindirdi. Bu səbəbdən də Xalq bütün uğursuzluğunda bir “uğur” tapdı. Uğursuzluqlardan “qələbələr” serialı yarandı. Xalq 25 ildir bu “seriallara”baxır. Çox qəribədir, “atəşkəsi” bu idarəçilik nə əcəb daha bir “bayramı” kimi keçirmir?
Azərbaycan Respublikasının Ərazi bütövlüyü Xalqımızın haqqıdır. Bu haqqı bu hakimiyyət niyə Xalqa verə bilmir? Çünki İqtidarın vəzifədə qalmaq hissi, istəyi Ərazi bütövlüyümüzü bərpa hissindən, istəyindən daha yüksəkdir, dəfələrlə yüksəkdir. Körpə uşaqlar ana qucağından düşmək istəmədikləri kimi bunlar da “kürsüdən” qopmaq istəmirlər. Düşüncəcə, başca uşaqlaşıblar, körpələşiblər. Heç cür bəsitliklərini, zəifliklərini boyunlarına almaq istəmirlər. Dünya siyasətində HAKİMİYYƏT QARĞI ATIN BELİNDƏ AYAQLARINI ÇAPIR.
Diplomatik münasibətlərdə coğrafi, iqtisadi, və digər sahələrdə heç bir maraq verməyən ölkələrdə yeni-yeni dostlar, qohumlar xatirinə səfirliklər açmağa lüzum varmı? Vəzifə pay edilə bilməz. eləcə də satıla bilməz. Milyonlarla insan üçün hər açılan sabah çətin bir gün deməkdir. Azərbaycan Respublikası kərpic-kərpic, daş-daş dağılır, sökülür. Kənd-kənd, şəhər-şəhər oğurlanır, Xalqdan gizlədilir. Vətənin ayaqları altına yıxılıb yurdu bir boy uca göstərməkdənsə, Vətəni ayağı altına yıxıb özünün boyunu hündür göstərmək istəyənlər “yetişir” Bu idarəçiliyin siyasi sonu Azərbaycanın inkişafının başlanğıcı olacaq.
İqtidar “əsrin müqaviləsi”, “boru”, filan “əhvalatları” ilə az qala özünü qəhrəman kimi göstərir. Burada da uğursuzluğumuz göz qabağındadır. Bu kimi “misli” görünməmiş “tarixi” hadisələr Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmədi. Çünki “əsrin müqaviləsi”, “boru”, filan əhvalatlar, bir sözlə bütün TƏKLİFLƏR xaricdən gəlib. Azərbaycandan qıraqda hazırlanıb. Hakimiyyət səbatsızlığı ucbatından bu tədbirlərə, sadəcə, şahidlik edib. Söz sahibi isə ola bilməyib. Bu səbəbdən də Ərazi bütövlüyümüz söhbətlərin mövzusundan qıraqda qalıb. Deməli, 25 ildir Xalq olaraq tarixsizliyimizi yaşayırıq. Öyünməli, fəxr ediləsi bir tariximiz yox ! Məgər bu bir həqiqət deyil ki, “dahi” lider H. Əliyev Ərazi bütövlüyümüzün bərpası üçün “əsrin müqaviləsindən” faydalana bilməyib?
İdarəçilik bu bahar da Azərbaycan xalqının Ərazi bütövlüyünü Xalqa “hədiyyə” edə bilmədi. Ancaq idarəçiliyin bu baharda yumurta döyüşdürməyə gücü çatdı. Yumurtanın qalınlığını “Kosanın” başının davamlılığı ilə müqayisə də etdi.
Nə yaxşı ki, çal-çağır, oxumaq-oynamaq varmış, yoxsa bayramları bu hakimiyyət camaatın qarşısına nəynən çıxarmış?
Azərbaycan Respublikasını sərhədləri daxilində bərpa edə bilməyən iqtidar 4-cü dəfə daha 7 il hakimiyyətdə qalmaq istəyini ortaya qoyursa, deməli, ölkədə nə dövlət, nə cəmiyyət hüquqi baxımdan mövcud deyil. Məhəllələr, küçələr var. Deməli, məhəllə idarəçiliyi, küçə idarəçiliyi həyatını yaşayırıq. Qarğı atında ayağını çapan hakimiyyət dəyişməlidir.
Dövlətçilik, Qanunlar… Xalqa qaytarılmalıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ