SON DƏQİQƏ

PressDent.Info

Tarif Şurasısayağı qərar

Tarif Şurasısayağı qərar
7-02-2018, 15:48 6264 dəfə baxılıb

Rövşən Hacıbəyli

İndiki prezident İlham Əliyev prezidentlik müddətinin başa çatmasına 6 ay qalmış növbədənkənar seçkiyə gedəcək. Bununla bağlı gecə sərəncam verib. Bu gecə qərarları Azərbaycan xalqına yaxşı tanışdır. Elə İlham Əliyevin təyin etdiyi məmurlar, Tarif Şurasında toplaşanlar həmişə gecə sürprizləriylə gündəmə gəliblər. Bu sürprizlər də bir qayda olaraq xalqın ziyanına olub. Onlar qəfil qiymət artımlarıyla onsuz da büdcəsi boş olan xalqın cibindəki son qəpiyə də əl atıblar…

İndi növbəti gecə qərarı dövlət başçısından gəlib. Bu qərar da büdcədən – xalqın cibindən xeyli pullar aparacaq. Eyni zamanda büdcə təşkilatlarında çalışanlar da maaşlarının bir hissəsini töycü şəklində seçki fonduna verməyə məcbur ediləcəklər. Elə ilk gündən siqnallar gəlməyə başlayıb. Artıq bəzi xəstəxana və poliklinikalarda seçki iclaslarına start verilib, həkimlər hər biri 100 manatlarından keçməli olacaqlar, həm də növbədənkənar, indiyə qədər olanlar öz yerində.

Bu növbədənkənar prezident seçkisinə səbəb nədir? Niyə tələsdilər? Hansı təhlükə qarşısında bu addımı atdılar? Ölkədə narazılıq hələ son həddə çatmayıb, etiraz aksiyalarında da kütləvilik yoxdur, müxalif qüvvələr dağınıq şəkildədir, birlik yoxdur, beynəlxalq aləmdən təzyiqlər gəlmir, bəs bunları narahat edən nədir? Hakimiyyət daxilində hansı proseslər gedir ki, gecəylə belə bir sərəncam verildi? Yeri gəlmişkən, bu sərəncam www.president.az saytına fevralın 5-də saat 10.50-də qoyulub. Kiçik bir monitorinq aparmaqla siz də şahid ola bilərsiniz, prezident sərəncamları sayta əsasən saat 17 və 18-dən, daha çox 18.00-dan sonra qoyulur. Bu da məntiqlidir, gündüz iş saatlarının sonunda verilən qərarlarla bağlı məlumatlar axşamüstü sayta yerləşdirilir. Səhər saatlarında sayta yerləşdirilənlərsə hansısa təzyiq qarşısında gecə verilən sərəncamlardır. Məsələn, son 6 ayda səhər saatlarında bu sayta cəmi 2 sərəncam yerləşdirilib, onlardan birincisi ötən il sentyabrın 11-də Aleksandr Lapşinlə bağlı verilən əfv sərəncamıdır. O sərəncam növbədənkənar seçki sərəncamını da qabaqlayır, onu saat 10.35-də sayta qoyublar. Yadınızdadırsa, onun Belarusda tutulub Bakıya gətirilməsi prezidentin, xüsusi xidmət orqanlarının böyük bir uğuru kimi topluma sırışdırılırdı. Uzun müddət onun təbliğatı aparıldı. Ancaq beynəlxalq təzyiqlər qarşısında gecəylə sərəncam verib onu öz vətəninə qaytardılar…

Qayıdaq növbədənkənar seçki qərarına. Bu məsələ sərəncam elan olunandan dartışılmağa başlayıb. Arqumentlər çox olacaq, ancaq hakimiyyətin inandırıcı və gerçək arqumentinin olmadığı bəzi açıqlamalardan artıq bəllidir. Açıqlama verənlərin özünün bu sürprizə hazır olmadığı elə ilk cümlələrindən anlaşılır. Yəni onlar üçün də sürpriz olan bu gecə qərarını o qədər absurd fikirlərlə şərh edirlər ki, normalda bu sözlər onların ağlından belə keçməz.

Prezidentin köməkçisi Əli Həsənov bu qərarı özünə də aydın olmayan arqumentlərlə əsaslandırmağa çalışır, həm də Azərbaycan Xalq Cümhuriyətinin 100 illiyinə bağlayıb. Guya bunlar 100 illiklə bağlı elə fundamental, analoqu olmayan tədbir keçirəcəklər ki, prezident seçkisi onun yanında kölgədə qalacaq. Cümhuriyətçiləri tanımayan, onlara dəyər verməyən, imkan düşən kimi hər addımını təftiş edən, İrəvanı ermənilərə “verməkdə” suçlayanlar birdən-birə cümhuriyət sevdalısı olub. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə Əli Həsənovdan fərqli olaraq növbədənkənar seçkini bütünlüklə Cümhuriyətin 100 illiyinə bağlayıb. Ancaq nə Əli Həsənov, nə də Aydın Mirzəzadə eyni adamın dalbadal prezident seçilməsinin cümhuriyyət, cümhuriyətçilik məsələlərinə dəxli olmadığından danışmayıb. Görünür, bizi yenə də sürprizlər gözləyir…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ