SON DƏQİQƏ

PressDent.Info

Qarabağ uğrunda savaş: bu indi kimə gərəkdir?

Qarabağ uğrunda savaş: bu indi kimə gərəkdir?
22-01-2018, 19:20 7569 dəfə baxılıb

Xaliq Bahadır

Bu, Qarabağı qaytarmaq üçün xalqa gərək ola bilərdi. Xalq isə korrupsiya-repressiya rejiminin yağıcasına basqısı altındadır.
Feysbuk yenə qaynamadadır. Buna indilikdə Krakov qaynaması demək olar. Hamı Azərbaycan diplomatiyasının Krakovda uduzduğundan yazır: siyasətçilər də keçmiş ordu, güvənlik adamları da. Hamı da Xarici işlər nazirliyini, bu nazirliyin “əbədi” başçısı Elmar Məmmədyarovu yamanlayır. Yalnız ordu adamlarından (Keçmiş) Müdafiə nazirliyinə də daş qolaylananlar var. Hamısı da yersiz yerə. Vüqar Miraslanov (göründüyünə görə, keçmiş orduçu) daha qabağa gedərək “…bu ordu rəhbərliyi ilə, bu zabit korpusu ilə” uğur qazanmağın olamaz olduğunu bildirərək deyir: “Prezidentimiz gərək bundan nəticə çıxarsın”. Olduqca yanlış, indiki sosial-siyasi gerçəkliklə uzlaşmayan, bir araya sığmayan yanaşma!
Bir daha vurğulamaq gərəkir: hamının qınağı diplomatiyamıza, ordumuza yönəlikdir. Burasını da dönə-dönə vurğulamaq gərəkir: hamısı yanlışdan yanlış yanaşmadır. Bəri başdan soruşuram: bir yandan ölkədəki rejimi diktatura, (ən azı avtoritar) adlandırmaq, o biri yandan diplomatiaynı (XİN-i), ordunu nələrdəsə suçlamaq nə deməkdir? Biriləri yaxalarını qırağa çəkib “biz bu rejimi diktatura saymırıq” deyə bilərlər, ancaq, bu nəyi dəyişir? Ölkədə açıq-açığına diktatura rejimi qurulub: parlament başda olmaqla bütün hakimiyət qolları prezidentin (eləcə də vitse prezidentin) əlaltı qurumları yerindədir. E.Məmmədyarovu söyüb-yamanlayanlardan (Qarabağı verdi!” deyə) soruşmaq gərəkir: Məmmədyarov kimdi, nədi, nəçidi? Bu ölkədə prezident adlanan adam hansısa rayondakı 11 kim-lik yolun da açılışını gedib özü edirsə, ölkədəki böyüklü-balacalı bütün körpüləri, yeraltı-yerüstü keçidləri o özü tikdirir, o özü açıb-bağlayırsa, ölkənin ən ucqarlarında olsa belə, bütün yeni xəstəxanaların, məktəblərin, uşaq baxçalarının açılışını prezident adlanan adam edirsə, Məmmədyarov, başqa birisi onun direktiv göstərişi olmadan bircə addım ata bilərmi? Bütün bunları bilə-bilə Məmmədyarovun üstünə düşməyin bir adı var: qorxaqcasına yanaşma. Ən azı, Qarabağ gerçəyini, – hakimiyətə gəlmək üçün 1993-də de-fakto verilmiş, sonra ermənilərin orada köç salıb bərkinməsi üçün bilərəkdən etkisiz gərəksiz bir qurum olan ATƏT-in kurasiyasına verilmiş, indi daha 14 il hakimiyətdə qalmaq üçün de-yure verilməkdə olduğu gerçəyini, – dilə gətirə bilmirsənsə, danışmaqdan susmağın yey deyilmi?!
Yazdığı statuslarla bağlı yorumlardan birinə qarşılıq olaraq, Nazim Bayram deyir: “…bizə hücumçu xarici syasət tələb olunur”. Çox doğrudur, ancaq, Nazim bəyin statusu 2016-cı ilin 4 günlük “Aprel döyüşləri” ilə başlamışdı. Dönə-dönə yazmışıq, bir daha yazaq: biz onda uğurlu döyüş başlamışdıq. Nə oldu? Biz o uğurlu başlanğıcı uğursuz sonluqla başa vurduq – Moskvadan “fas!”komandası gəldiyi üçün! “Biz müstəqil dövlətik, müstəqil də siyasət yürüdürük” kimi çoxillik yalanların beləcə astarı üzə çıxdı, başqa cür desək, pərdə qalxdı. Axı, teatr pərdələrinin aradabir qalxıb-enmə qanunauyğunluğu var. Çoxdan siyasətlə uğraşan jurnalist olaraq mən “Aprel” döyüşləri ilə bağlı bir sıra gizlinləri bilirəmsə, burada sözü keçən – keçməyən bir çoxları da bilməmiş olmazlar. “Regionun ən güclü ordusunun erməni arxası Moskvadan gələn komandayla birdən-birə ölümcül duruma düşdüyü dövlətdə “hücumçu xarici siyasət” ola bilərmi?! HÜCUMÇU XARİCİ SİYASƏTİN arxasında kəsinliklə GÜCLÜ ORDU dayanmalıdır. Bəs indiki rejimdə Azərbaycanda güclü ordu ola bilərmi?! Ola bilməz!
Bunu da dönə-dönə yazmışam: yalnız arxasında güclü ekonomika-güclü xalq olan ordu güclü ola bilər. Güclü ekonomika-güclü xalq- güclü hökumət-güclü dövlət-güclü ordu: belə bir birləşik güc qaynağı olmalıdır. Bizdə indi bunların hansı var? Bircəciyi də yoxdur! Bütün dövlət qurumları korrupsiya bataqlığına batıb. Sizin göstərdiyiniz uğursuzluqlardan “nəticə” çıxarmalı prezident Lukaşenkoya (Belorus prezidenti) krediti 0,1 faizə, Maduroya (Venesuelo prezidenti) 3 faizə, İrana faizsiz verən İ.Əliyev Azərbaycan xalqına krediti 28-32 faizə verir. Bu nə deməkdir, bilirsiz? Bu, Qarabağ nədi, bir parça çörəkdən özgə nəsə düşünməsin deyə,xalqı yerdə süründürmək üçün yürüdülən çoxillik antixalq siyasətlərindən biridir. Yalnız biri! Siz qabaqca bu xalqı dirçəltməyin yolunu düşünün, sonra sizli-sizsiz o özü Qarabağı qaytarmağa yollar arayacaq. Arayacaq da, tapacaq da! Mən xalqıma inanıram, bilirəm, siz də inanırsız, ancaq, göründüyü kimi, gerçəkliyə yanaşmamızda bir az başqalıq var…
Onlara Azərbaycan coğrafiyasında dövlət yaradan, Qarabağı ələ keçirməklə o qondarma-əlaltı dövlətin sınırlarını daha da genişləndirməyə çalışan Rusiyaya ermənilər bütün əriş-arğaclarıyla bağlıdırlar. Ancaq görün nə oldu: ermənilər əllərinin birini Rusiyadan çəkib Avropa birliyinə uzatdılar. Mən çağında bunu Putinin özündən gələn yeni strateji variant olduğunu yazmışdım. Sonralar bunu bir sıra rusiyalı politoloqlar da doğruladılar. Onda yazdığımı bir daha yazıram: Sərkisyan Putinin göstərişiylə Avropa birliyinə yön aldı: Avropadan – Avropa birliyindən ekonomik, diplomatik yardımlar almaq üçün! İ.Əliyev, yenə Putinin göstərişinə uyğun olaraq, Avropadan – Avropa birliyindən daha da uzaqlaşıb, “strateji müttəfiqimiz” adlandırdığı Rusiyaya daha çox yaxınlaşma yolu tutdu. Bu oyundan qazanan, qazanacaq kimdir? Bir-birinə sarmaşıq erməniliklə imperialist, aqressor Rusiya. Bir daha vurğulamaq gərəkir: bundan belə gərəkirkən ermənilər Avropadan –Avropa birliyindən də barınacaqlar, Rusiyadan da. Azərbaycan dövləti, xalqı, ordusu (eləcə də diplomatiyası) bundan sonra daha çox Rusiyanın oyuncağı, buyruq qulu olacaq! İndiki Krakov bağlaşmasını bu yöndə başlanğıc saya bilərik – Məmmədyarovun aldadıcı dililə desək, “kreativ” başlanğıc…
Son olaraq. Bir ölkəni YOX etməyin qoşullarına baxın: 1) xalq yoxsullaşdırılır; 2) ordu gücsüzləşdirilir; 3) Yarğı (məhkəmə) ələ keçirilir; 4) kimlik qarğaşası yaratmaqla xalq iç düşmənçiliyinə sürüklənir…
Baxın, görün bunlardan hansı bugünkü Azərbaycanda yoxdur. Bu sayaq sorunlar aradan qaldırlmadan Qarabağı qaytarmaqdan danışmağa dəyməz! Biryolluq bilməliyik: Azərbaycana düşmən Rusiya hökumətindən orden-medallar alan (onlar hansısa qulluğa görə verilir) bir hakimiyət komandası ilə nə güclü Azərbaycan olası, nə Qarabağ qaytarılasıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ