SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan krallığının psixologizmləri

Azərbaycan krallığının psixologizmləri
11-08-2015, 22:45 32217 dəfə baxılıb

İkinci Əliyevin əsən əllərindəki təşvişli gələcək barədə...

Necə oldu ki, Əliyevlər ailəsi bu milləti 44 il idarə edə bildi? Və necə olur ki, bu işğal hələ də davam edir? Bu suallara hər bir vətəndaşımızın onlarla cavabı ola bilər. Bəlkə də daha çox. Amma doğrudanmı biz həqiqi cavabı bilirik?
Iman Mustafayev və Vəli Axundov kimi şəxsiyyətlərdən sonra Heydər Əliyevin Azərbaycanın başına gətirilməsində sizcə bir sirr yox idimi? Tarixə xüsusi vaxt ayırmaq istəmirəm, amma bunu dəqiq bilirəm ki, Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi Kremlin Bakıda baş verənlərdən ciddi narahatlığından irəli gəlirdi. Bu narahatlığın söykəndiyi hadisələr isə Azərbaycanda milli düşüncənin cücərməsi və özünəqayıdış tendensiyası idi. Heydər Əliyev önə çıxarıldı və Azərbaycan kommunistləri sistemindən 80-ci illərin Polşa elitasına bənzəyəcək bir elitanın çıxmasına mane oldu.
Heydər Əliyev rəhbərlərin görmək istədiyini göstərməkdə, duymaq istədiklərini deməkdə əvəzsiz bir adam idi. Kreml isə, Azərbaycan haqqında yaxşı heç nə eşitmək, Azərbaycanda yaxşı heç nə görmək istəmədiyini Heydər Əliyevi rəhbər təyin etməklə bəyan eləmişdi. Əliyevin sosial-siyasi  cərrahiyyəsinin başlıca addımları çox qabarıq şəkildə görünürdü: o, əti yarır, damarları kəsib düyünləyir və yaranı da çox kobudluqla tikirdi - göz dağı vermək üçün...
Özünü Azərbaycan elitası və aristokratiyasına mənsub bilən elə bir ailə yoxdur ki, Əliyevin kor ülgücünə tuş gəlməsin. O, Moskvadan deyildiyi kimi də edirdi, hər əməliyyatın mütləq verdiyi bir dərs olmalı idi.
Onun milli məsələyə bu cür aqressiv yanaşmasının elə də dərin bir sirri yoxdur. Sadəcə, milli mənsubiyyət məsələsi onun üçün açılması arzu olunmayan mövzu idi. Bu sadəcə, paxıllıqdan doğan qisas idi. Ona görə də o, bu əməliyyatlara canı-qanı ilə girişirdi. Onun bütün yaxşı işləri özünün, pis işləri isə “naxçıvanlı” və “ermənistanlı”ların ayağına yazılırdı. Tayfa və qəbiləyə qədər milləti parçalamaq əsas məqsəd idi - tikə-tikə doğramaq. O, bunu tam olmasa da, bir xeyli bacardı...

İkinci dəfə gəldi...

Heydər Əliyev ikinci dəfə də hakimiyyətə bu məqsədlə qayıtdı. Arada “cızığından çıxmış” milli hisslərini özünə qaytardı - ayılmaq istəyən milləti yerində otuzdurmaq üçün... Bunu da uğurla bacardı.
Azərbaycan xalqını Sovet hökumətinə qarşı qaldıran liderlər onu həmin sistemin vurulmuş bir generalından qoruya bilmədilər. Əbülfəz Elçibəy alim idi, millətin böyük hədəflərini bilirdi. Heydər Əliyevin də hədəfləri var idi, amma bu hədəflərin millətin mənafelərinə heç bir aidiyyəti yox idi. Moskva onun idarəçiliyindəki müstəqil Azərbaycanı öz müstəmləkəsi sayırdı. Heç səhv etmirdi də. Çünki Heydər Əliyev də özünü mənəvi baxımdan Kremldən ayrı hiss etmirdi. O, Qərblə bütün yaxınlaşmalarını da məhz Moskvaya daha bahalı predmet kimi görünməyə hesablayırdı.

“Şükürnemət xalq”

Naxçıvanda müxalifətdə ola-ola, o zamanın məşhur proqramı “215 KL”-ə müsahibəsində hakimiyyəti tənqid edərək deyirdi: “Azərbaycan xalqı şükürnemət xalqdır, nə versən, kifayətlənir, şükr edir, indiki rəhbərlər bunu qiymətləndirmirlər”.
Əliyev özünü ifşa etmişdi, amma kimsə buna fikir vermədi. O, xalqı idarə etməyin “yolunu” göstərmişdi - xalqa məxsus hər şeyi alacaqsan, sadəcə, bir az verəcəksən ki, şükr etsin.
Hakimiyyətə gələndə də belə etdi. Onun üçün başlıca tezis-kriteriya bu idi - acın strategiyası olmaz! Heydər Əliyev insanların başını qarnına qatmışdı. Çünki ac adam nə torpaq tələb edər, nə də tapdanan haqqını. Onun başlıca məqsədi  xalqa bu mesajı vermək idi ki, “siz başınızı saxlayın, mən də ”dövlət işlərilə" məşğul olum". Xalq da “başlı başını saxlasın” atalar sözünü xatırlayıb, rəhbərin müdrikliyinə həsəd apararaq, bir parça çörək müharibəsinə yollandı. Və bir daha başqa bir müharibə və mücadilə barədə düşünməyə vaxtı olmadı.
Heydər Əliyev “mən Ilhama özüm kimi inanıram” deməklə gələcəyin də müjdəsini verdi. O artıq “Nostradamus”a da etibar etmirdi. Hər şeyi özü müjdələməli idi. Çünki şəxsiyyətə pərəstiş nəticəsində ona “Allah”, “Peyğəmbər” deməkdən çəkinmədikləri halda, onun sözü Nostradamusun sözlərindən daha mötəbər idi. Başı kəsilən xalq iliyinin vurulmasına necə etiraz edə bilərdi ki?

İlham ikinci Əliyev

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin başını kəsmişdi. Özü də rus qibləsinə. Bunu hamı aydın dərk edirdi. Siyasi intellektuallar onun komandasından kütləvi istefa verdilər. Onlar hakimiyyətinin artıq xanədanlığa çevrildiyini görürdülər. Heydər Əliyev isə əslində, məqsədinə çatırdı. O, öz oğluna düşünən bir komanda miras qoya bilməzdi. Azacıq düşünənlər sonra türmədə görüşdülər, zatən. Heydər Əliyev üçün yaxşı icraçılar lazım idi. Ideya isə xaricdən gələcəkdi. Moskvadan və hətta Moskvanın qidalandığı bir Yaxın Şərq şəhərindən. Azərbaycan xalqı haqqında isə heç bir plan yox idi. Çünki xalq Əliyevlərdən əlini üzmüş, Əliyevlər isə xalqla vidalaşacaq durum yaratmamışdılar. Çünki xalqla bir araya gəlməyi düşünməmişdilər. Ilham Əliyev daha dərinə getməli idi. Bu işin qaydası da belədir. Yayı daha çox sıxmasan, deyirlər ki, gücsüzdür. O isə var olanlarla bir müstəvidə oynaya bilmədiyini düşündüyündən, qərar qəbul elədi ki, ölkədəki bütün alternativləri məhv eləsin. “Adam yoxdur, problem də yoxdur” - stalinizm ikinci Əliyevin başlıca iş metodu idi.
Bəziləri məni ikinci Əliyevlə Stalini müqayisə etməkdə ittiham etməyə heç cəhd göstərməsin. Bu, personaların deyil, üsulların təkrarıdır. Ilham Əliyev əlindəki yayı sona qədər sıxdı. Indi onu olduğu kimi əlində saxlamalıdır. Amma fizikanın qanunları kimi, siyasətin qanunları da sərtdir. Bu sərt qanunlara görə isə o artıq uzun müddət bu yayı belə saxlaya bilməz. Əlləri əsəcək. Onun əllərinin əsdiyini isə yaxınındakılar daha yaxşı görür.  Sizcə, sadəcə, mövzu üçünmü bir hakimiyyət komandasından 3 ayrı-ayrı şəxsin namizəd olacağına dair fikirlər səslənir? Qətiyyən, indi heç kim, xüsusilə də xeyli varidat yığmış ailələr istəmir ki, Ilham Əliyevin əsən əllərindən yerə düşsün, özü əzilsin, sərvəti isə dağılsın. Ona görə də hər şey tarixin qaydalarına uyğun baş verir. Tarix isə sübut edib ki, sağ ikən əvəzləyicisi axtarılan heç bir kralın sonu yaxşı olmayıb...

 

SEYMUR HƏZI

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ