SON DƏQİQƏ

PressDent.Info

Heyrət doğuran dəyişiklik...

Heyrət doğuran dəyişiklik...
23-01-2017, 11:07 2088 dəfə baxılıb

“Çay həmişə qızıl alma gətirməz”. Xalq doğru deyib. Gətirəndə gərək qədir-qiymətini biləsən və şadlığına şitlik etməyəsən. Məncə, bank da həmişə faiz gətirməz. Güldürən faizin ağladan payızı da olur. İqtisadi böhranlar tarixinə baxsanız, necə böyük bank şəbəkələrinin çöküb həzin payız tökümü yaşadığına, necə nəhəng bankirlərin müflisləşib var-yoxdan çıxdığına şahid olarsınız. O ki, qaldı bütün bunlar baş-ayaq iqtisadiyyatların hökm sürdüyü ölkələrdə baş versin. Yəni o ölkələrdə ki, orda bütün maliyyə şəbəkləri inhisarlar şəklində fəaliyət göstərir. Həmin inhisarçıların əlində mərkəzləşən banklarda ağıl almaz şeylər baş verir. Qaranlıq işlərin içində böyük kreditlər, böyük borclar, böyük faizlər dolaşır. Yəni Azərbaycan kimi ölkələrdə. Yəni Beynəlxalq Bank nümunəsinə bənzər pis nümunələr yaradan ölkələrdə. İllərdir iqtisadiyyatı tarım şəkildə neft kəmərinin klapanına bağlayıb, ordan gələn pulları havadaca xortumlayıb udan ağılsızların hökumət başında olduğu ölkələrdə. Yəni iqtisadi bağların bir əldən çəkildiyi ölkələrdə. O ölkələrdə ki, acgözlük həmin axının tükənib damcılara çevrildiyi zamanı düşünməyə imkan vermir. Amma o zaman bir gün mütləq gəlib çatır. İndi də zaman o zamandır…

Ölkənin payızı başlanıb. İqtisadiyyat bərbad duruma düşüb. Rəsmi statistikaya görə əhalinin hər ay banklara ödədiyi faizlərin məbləği 400 milyon manatdır. Belə məlum olur ki, bu müddətdə əhalinin ümumi gəlirlərinin 2,9%-i və ya 3 mlrd. 882,9 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Problemli kreditlərin məbləği isə ümumi kredit portfelinin 6,6%-ini və ya 1 mlrd. 326,6 mln. manat təşkil edib. İndi çevrənizdə kimi dindirsəniz, problemlərindən danışacaq, şübhəsiz. Ən çox da bank kreditləri problemindən. Yaxın zamanlarda yazmışdıq, ölkədə 2,5 milyon insanın kredit borcu var. Əhalinin halı məlum. Qiymət artımı, manatın devalvasiyası və neft bazarındakı çalxanmaların zərbəsi də ən çox onlara dəyir. Ölkə üzrə yoxsulluq göstəricisi şkalanın aşağı ucuna doğru enib gedir. Amma sən qəpik-quruşunu saymaqda ol, gör inhisarçı bank sahiblərinin hökmü nə sayır. Beynəlxalq Bank ətrafında hay küy, ortada dolanan böyük milyonların haqq-hesabı Azərbaycan insanının necə yazıq duruma salındığının açıq sübutudur. Çarəsizlikdən, kasıblıqdan, işsizlikdən böyük faizli kreditlərin altına girib sonra girdaba düşən insanların zülmlə ödədiyi o faizlər hara gedir, məlum olurmu indi? Məlum olurmu, bu ölkədə nədən özbaşınalıq, dərəbəylik, qanunsuzluq, cəzasızlıq nədən belə sürətlə ayaq alıb yeriyir?

Məlumunuz olsun, sizin min bir əzabla qazanıb ödədiyiniz pulların hesabına şişib o harınların kisələri. Baş alıb gedən özbaşınalığın da səbəbi də həmin böyük pulların hökmündədir. İndi nə baş verir bəs? İndi ölkəyə gələn pullar kəskin şəkildə azalır, büdcə ixtisarları başlanır, gələn ilin daha betər olacağı haqda anons verilir. Ancaq deyəsən durum, gerçəkdən də, pisdir. Əhalini nəzərdə tutmuram təbii. Onların halı nə vaxt yaxşı olmuşdu ki? Yağlı tikə yeməyə alışanların durumundan gedir söhbət. Ortada vurnuxub vəziyyətdən çıxış yolu axtaran onlardır indi. Oliqarx nazirlərin, böyük pul yığmış sahibkarların “ovlanması” da yanğın çıxışından qurtulmaq məqsədi daşıyır. Lakin bu ov da mövsümi xarakter daşıyan bir şeyə oxşayır. Bu “ovlar” da bir yerə qədər. Sonra necə olacaq? Bunun cavabını ölkəni hazırkı çıxılmaz duruma sürüyüb salanlar verməlidir. Çünki bütün açıq və gizli hesabları onlar bilir…

S.Abelor

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ