SON DƏQİQƏ

PressDent.Info

Simulyatorun qatarında yolçuluq

Simulyatorun qatarında yolçuluq
7-01-2018, 14:49 1392 dəfə baxılıb

Səadət Cahangir

 60-cı illərdə Türkiyənin Elazığ şəhərində belə bir hadisə baş verib. Şəhər ruhi dispanserindəki nəzarətçilərin başısoyuqluğu üzündən bütün dəlilər xəstəxanadan qaçır.  Şəhərin küçələri dolur dəlilərlə. Düz 423 nəfər. Aləm dəyir bir-birinə. Hamı qaçıb baş həkimin üstünə “nə edəbilərik” deyib dururlar. O zaman dövrünün məşhur həkimlərindən sayılan Mutemet bəy: “Mənə bir düdük verin və arxamdan yapışaraq  gəlin” deyir.  Həkim öndə, dispanserin işçiləri arxasında “qatar-qatar” oynayaraq, şəhərdə  “tak-tak-tak” səsləriylədolaşırlar.  Həkimin “oyunu” alınır və bütün dəlilər bu “qatar”a qoşularaq “vaqon” olurlar. Beləliklə, həkim də yönünü xəstəxanaya çevirib, qaçanları yerinə qaytarır.  Hər kəs rahat nəfəs alır, amma ən maraqlı məqam yoxlama zamanı ortaya çıxır. Məlum olur ki, şəhərdən “qatarla” xəstəxanaya gələnlərin sayı artıb olub 612 nəfər… Bizim yaşadığımız cəmiyyətdə də böyük çoxluq o bənzər “qatar”ın vaqonunda oturub gedir. “Qatar”ın və onu idarə edənin onları hara apardığını bilmədən eləcə gedir. İstiqamət haradır? Harda dayanacaq? Yanlış yola çıxıb qəza törətməyəcək ki?  Mənzil başına nəzaman çatacaq? Ümumiyyətlə, çatacaqmı? Bu sualların cavabını kimsə bilmir, anlaşılan. Bəlkə, heç bu haqda düşünmürlər belə. O qəzalı qatarsa gedir, vaqonlardan kirimişcə baxan sərnişinləri çala-çuxurda atıb-tutaraq gedir. Pəncərələrdən boylanan o donuq üzlü adamlar bir azdan qatarın hansısa qayaya çırpılacağının fərqində deyillər. Kənardan əl sallayıb qışqıranları, “dayanın” işarəsi verənləri də saya salan yox. Tənbəllik, ətalət, yazıqlıq yerə yapışdırıb sanki adamları. Bütün bu olanlar qarşısında dayanıb, o qatarın gedişinə səssizcə baxa bilərsinizmi? Normal biri olaraq baxa bilməzsiniz. Əks halda, başqa yol qalır, bivec olub çoxluğun içinə qarışmaq, ya da özünü dəliliyə vurmaq…   

Sovetlər zamanında cəmiyyətin çirkinliklərinə dözə bilməyən dissidentlər ikinci yolu seçirdilər. Onlar “fənd işlədib” könüllü şəkildə ruhi xəstəxanalara qaçırdılar. Lakin bu  qurtuluş uzun sürmürdü, tezliklə onları aşkar edib geri qaytarırdılar. “Sovet Rusiyasında dəlixana – normal insanın yaşayacağı yeganə məkandır. Qalan yerlərin hamısı əsl dəlixanadır… Burada mənim şəxsi azadlığım var. Görürsünüz, nə istəyirəm, onu da qışqırıram!” –deyirdi “Qızıl buzov” əsərinin qəhrəmanı. Yenidən o zamana qayıtmış kimiyik. Bəzən hara qaçacağını, nə edəcəyini belə bilmir insan. Ətrafda baş verənlər insanı dəli edəcək qədər dəətlidir. Özünü qatarın qarşısına verib, onu dayandırmağa gücün çatmaz. Qarşıda gözlənən qəzanın vahiməsi də içini rahat buraxmaz. Nə etmək, özünü dəliliyə vurub kənara qaçmaqmı? Çəkilib bir küncdəsəssizcə oturmaqmı? Belə bir çıxılmazlıq içindəyik yəni. Çıxış olan yerdə çıxılmazlıq içindəyik. Oysa, qatarı durdurmaq üçün vaqonlara doluşmuş insanların ayağa qalxıb simulyator “həkim”ə “saxla” deməsi, onu əyləci basmağa məcbur etməsi yetər. Amma adamlar hələ də mürgülü, yuxu dərmanı içmiş kimi mürgülü və halsız. Onları gözləyən qəzalardan xəbərsiz yuxulayırlar vaqonlarda. Yaxında başları bir yerə  çırpılacaq vəayılacaqlar. Ümid edək ki, belə ayılanda gec olmayacaq…

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ