SON DƏQİQƏ

PressDent.Info

Qandinin “Duz yürüşü”ndən öyrəniləcək şeylər var…

Qandinin “Duz yürüşü”ndən öyrəniləcək şeylər var…
11-12-2017, 10:42 1392 dəfə baxılıb

Səadət Cahangir

Özün üçün bir şey etməyəcəksən; Kim edəcək?
Başqası üçün bir şey etməyəcəksən; Həyatının anlamı nə?
İndi etməyəcəksən; Nə zaman?
(Mahatma Qandi)

Arxiv yazılarımın içində insan haqları ilə bağlı onlarla yazı var. “Burda qeyri–adi nə var ki” deyə bilərsiniz. Elədir, şübhəsiz, insan haqları bəşəri dəyərdir və insanlıq var olduqca, o mövzuda yazmağa da ehtiyac olacaq. Amma məni qayğılandıran başqa məsələdir. Odur ki,  zaman keçir və illərdir ölkədəinsan haqları sahəsində yaxşılığa doğru heç nə dəyişmir. Nəinki dəyişmir, hər gün daha pisləşərək quyunun dibinə düşür. Qarşımda böyük bir məhbus siyahısı var, öncəki illərlə müqayisədə 2-3 dəfə böyüyüb uzanmış bir siyahı. Bu ölkəni çox sevdikləri, yalanla yaşaya bilmədikləri, hər kəsə ədalət istədikləri, hər zaman əzilənin yanında dayandıqları üçün həbs olunmuş insanlardır onlar. Azad sözün, hüququn, qanunun aliliyinin, məhkəmələrin sərbəstliyinin müdafiəçisi olduqları üçün həbsxanadadırlar. Ölkədəki qanunsuzluqlara, talan və qarətə, oğurluq və mənimsəmələrə göz yummadıqlarına görə məhbus həyatı yaşayırlar hazırda. İnsan haqları universal dəyərdir, doğru. Dünyanın bütün beynəlxalq konvensiyalarında da belə yazılıb. Yazılıb ki, dinc insanlara qarşı istənilən zorakılıq birmənalı olaraq rədd edilir. Bundan başqa, belə zorakılıqlara qarşı konkret tədbirlər görmək barədə müddəalar müəyyənləşdirilib  həmin sənədlərdə. O müddəaları saya salan varmı? Belə görünür ki, yox. Belə görünür ki, o müddəalar da bənzər cəmiyyətlərdə ədaləti saxlamaq üçün gücsüzdür. Totalitar rejimlər, diktaturalar, repressiv sistemlər insanların həyatını darmadağın edir. Bu sistemlərin hakimiyyəti qamçı kimi əlinə keçirmiş aktyorları inkişafa gedən yolda qaratikana çevrilməklə bərabər, bütün yaradıcı ideyaları da sıradan çıxarır. Bu qorxunc kabus bütün bənzər ölkələrdə intellektualları, müxalif düşüncəli şəxsləri, real alternativləri əzərək, tam hegemoniya yaratmaq yolunda durmadan irəliləyir. Bu məqsədlə  qanunlar dəyişir, sərtləşir, yeni cəzalar uydurulur, iş başına daha acımasız, daha qəddar, daha adamlar cəmləşdirilir. Bununla,  “insan haqları” deyilən dəyər dəyərsizləşib, gərəksiz bir dedi-qoduya çevrilir. Böyük tribunalarda insan haqları iləbağlı götürülən öhdəliklərə tam əməl olunduğunu deyən adamlar, burda düşüncəməhbuslarının sayını artıra-artıra gedir.   

İnsan haqlarının ayaqlar altına atılmasına görə təkcə repressiv rejimlər günahkar deyil. Günahkar həm də o rejimlərə aktiv və ya passiv şəkildə nəfəs verən insanlardır. Dünyanın hər yerində belə sərt sistemlərin oturuşmasında kütlələrin müstəsna rolu var. Hind xalqının azadlıq simvolu Mahatma Qandinin “Duz yürüşü”nü dəfələrlə misal çəkmişəm. Qandi 1930-cu ildə Hindistanda alınan Britaniya duz vergisinə qarşı başlatdığı 400 km-lik yürüşlə öz ölkəsinin müstəmləkəçilik əleyhinə mübarizəsinəstimul vermişdi.   Bu yürüşdəəvvəl o, xalqa “özünüzü yetərincə güclü hiss edirsinizsə,  hökumət işlərini buraxıb, bu yürüşə qatılın” çağırışı etmişdi. Yolda ona minlərcə insan qatılmış, 24 günlük yürüşün sonunda bir hindunun duz çıxara bilməyəcəyinə dair Duz Qanunu ləğv edilmişdi. Bunun ardınca minlərcə kəndli dəniz sahillərinə axın edərək, duz çıxarmağa başlamışdı. Qandi və 60 min etirazçı həbsəatılmış, amma etiraz yürüşü öz bəhrəsini vermişdi. Hindlilərin bu mübarizə tarixi bütün xalqlar üçün nümunə sayıla bilər. İnsanlar, haqlarınıza sahib çıxın, onların əzilməsinəyol verməyin. Lazım gəlsə, dirənin, qorxmayın. Heç bir xalq asanlıqla əldə olunmur. Bu gün həbsxanalarda  bizim haqlarımızı qoruduqlarına görə yatan onlarca vətən sevdalısının haqqı var boynumuzda. Onların haqqını verməyin zamanıdır!

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ