SON DƏQİQƏ

PressDent.Info

Namusumuzu qoruyaq

Namusumuzu qoruyaq
14-08-2017, 19:33 6525 dəfə baxılıb

Rövşən Hacıbəyli

Yerli Əhali gününə sözardı

“Avqustun 9-u Beynəlxalq Yerli Əhali günüdür. BMT Baş Assambleyasının 1994-cü il dekabrın 23-də qəbul etdiyi qərara əsasən, bu gün hər il qeyd olunur. Beynəlxalq Yerli Əhali gününün qeyd olunmasından məqsəd yerli əhaliyə qarşı ayrı-seçkiliyə, hədsiz yoxsulluğa, onların ənənəvi torpaqlarının zorla əllərindən alınmasına və üzləşdikləri digər insan hüquqlarının müdafiəsi və bütün bunlara son qoyulmasında BMT-nin mühüm rolunu təsdiq etmək, həmçinin yerli əhali nümayəndələrinin təhsil, mədəniyyət, səhiyyə, insan hüquqları və digər bu kimi sahələrdə üzləşdikləri problemləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir”.
Bu günlə bağlı AzTV-lər reportajlar verdi, yenə bir qədər uzaqdan başladılar: əsası… tərəfindən qoyulan, … tərəfindən uğurla davam etdirilən siyasətdən, multikulturalizmdən danışdılar.
Maraqlı gündür. İdeya olaraq da yaxşıdır. Düşünürəm ki, yaradılma səbəbi də təsadüfi olmayıb. XX əsrin sonlarında belə bəzi ölkələrin işğalçılıq siyasəti davam edib. Görünür, BMT-ni də bu işğalçılıq siyasəti belə addım atmağa yönəldib. Ancaq istəyinə nə dərəcədə nail olması sual altındadır. Hələ də işğalçılar, hələ də işğaldan əziyyət çəkənlər, hələ də doğma torpaqlarından qovulanlar var. Ölkəmiz də bu ayrı-seçkilikdən, torpaqlarının əlindən alınmasından əziyyət çəkənlərdəndir. Həm də bu işğalçılıq təkcə xarici faktora bağlı deyil. Ölkə ərazisində də bu işğalçılıq davam edir. Adamlar nəsillərinin əsrlərdir yaşadığı torpaqlardan qovulur, bu torpaqlar onların əlindən alınır, doğulduqları evlər başlarına uçurulur, heç bir qanun tanımadan əhalini daimi yaşayış yerindən ucqarlara qovurlar. İTV-nin diliylə desək, “dünya ictimaiyyəti bu ədalətsizliyə hələ də dözür”. Yeri gəlmişkən, Qarabağla bağlı BMT-nin 4 qətnaməsinin (822, 853, 874, 884) icrasını 24 ildir gözləyirik. Keçən zaman da göstərir; özümüzdən hərəkət olmasa, elə gözləyə-gözləyə qalacağıq…
Avqustun 9-da “Sovetski” adlanan ərazidə İlham Əliyevin növbəti dəfə yol açılışında iştirak etməsində və qırmızı lent kəsməsində də mistik nəsə var. Növbəti açılışın, lentkəsmənin BMT-nin elan etdiyi Yerli Əhali Gününə düşməsi də bəlkə təsadüf deyil. Bu gün AzTV-lərin həmin açılışdan verdiyi reportajda bildirildi ki, 26 hektarlıq bu ərazidə abadlıq işləri aparılıb, yollar salınıb. Ancaq demədilər ki, bu ərazidən nə qədər Yerli Əhali köçürülüb, onlardan nə qədəri bu köçürülmədən razı qalıb, onların nə qədəri verilən kompensasiya ilə razılaşıb? Heç onu da demədilər ki, köçürülənlərin hamısı özünə ev ala bilib, yoxsa yox? Çünki “Sovetski”ni tanıyanlar bilir, burada evlər dağdan düşən qudurmuş, harın məmurların evləri kimi deyil, çox kiçikdir. Yeri gəlmişkən, bu ərazidə 10 min evin sökülməsi planlaşdırılırdı… Təxminən 10 məmurun sahib olduğu kvadrata yerləşdirmək olardı “Sovetski”ni. Həmin kiçik kvadratı olan evlərə təklif olunan qiymətə şəhərdə ev tapmaq mümkün deyil.
Yadıma Hüseyin Cudi düşdü. Çox gənc ikən intihar edən dostumuz. Güneyli qardaşımız tez-tez “Azadlıq”ın Xaqani-33-də yerləşən çayxanasına gələrdi. Bu o illər idi ki, neft kontraktları bağlanırdı, ölkəyə çoxlu pullar gələcəyi, əhalinin yağ-bal içərisində yaşayacağı ilə bağlı vədlər verilirdi. Xaricilərin də, xarici şirkətlərin də ölkəyə axını artmışdı. Biz sevinirdik, Hüseyin də bizim sevinməyimizə baxıb acı-acı gülürdü. “Sevinin, sevinin, hələ heç nədən xəbəriniz yoxdur, xaricilər artacaq, haram yolla pul qazananlar çoxalacaq, sonra da həmin qudurmuşlar şəhərin mərkəzində olan evlərinizi zor-xoş əllərinizdən alıb sizi Bakının kəndlərinə qovacaq…” deyirdi.
Allah rəhmət eləsin Hüseyinə. Dediyi kimi də oldu. Bakının köklü sakinlərini, BMT diliylə desək, Yerli Əhalini mərkəzdən qovdular, indi onlar paytaxtın kənar rayonlarında, ya da kəndlərində özlərinə yeni yuva qurmaqla məşğuldur. Verilən kompensasiya buna güclə yetir. Ailə sayına və onların normal mənzillə təminatına gəldikdə, heç buna da yetmir…
Bu gün respublikanın turizm zonaları da məmurların əlindədir, onlar həmin torpaqları Yerli Əhalinin əlindən alıb özlərinə imarətlər, obyektlər, istirahət mərkəzləri, restoranlar tikib. Bu gün aran rayonlarında Yerli Əhalinin torpaqlarını məmurlar mənimsəməkdə davam edir. Sonra o torpaqlarda böyük təsərrüfat qurub Yerli Əhalini qul kimi işlədir. BMT Yerli Əhali günü yaratmaqla problemi qabartmaqda haqlıdır. Növbə Yerli Əhalinindir, öz haqqını və hüququnu qorumaq növbəsi…
Yerli Əhali Gününüzü qutlayıram, hələ də öz yerində, doğulduğu torpaqlarda yaşayanlar! Ora sizindir, “yadelli”lərin burun soxmasına imkan verməyin! Torpaq namusdur. Namusunuzu qoruyun! Namusumuzu qoruyaq!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ