SON DƏQİQƏ

PressDent.Info

İnsan işgəncələrinin yaşandığı yerdən ucalıqlara…

İnsan işgəncələrinin yaşandığı yerdən ucalıqlara…
14-08-2017, 19:32 6177 dəfə baxılıb

Azərbaycan ən acı insan işgəncələrinin yaşandığı yerdir. Ölkəni orta əsr düşüncəsinə hakim bir komanda idarə etdiyinə görə, insanlarla davranış tərzi də bu çərçivədən uzağa getmir. Burda “yuxarılar və aşağılar” deyimini çoxdan kontekstindən çıxarıb, “yuxarılıq və aşağılıq” anlamına salıblar. O təkəbbürlü, həris və harın təbəqənin özbaşınalığı sərt bir qamçı kimi aşağıların başının üstündə fırlanıb durur. Nə qədər insanın ahı, fəryadı, can yanğısı, göz yaşı var o qamçıda. Nə qədər evləri başsız, ailələri sahibsiz, anaları ağlar, uşaqları yetim qoyub o qamçının “ədaləti”. Nə qədər zülmün, qansızlığın, yalanın qanı damlayır o qamçının ucundan. Hansı təfəkkürün, hansı ağlın, hansı rejimin əlində qaldın gözəl məmləkətim, vay halına…

On illərdir orta əsr işgəncələri yaşanır bu ölkədə. 2003-cü ilin məlum 16 oktyabr hadisələrindən sonra həbs olunan məşhur siyasilərdən birinin barmaqlarını sındırmışdılar qapı arasında. O gündən bu günə heç modernləşməyiblər, heç dəyişməyiblər, heç yeniləşməyiblər. 15 il sonra Nardaran məhbuslarının  başına daha qorxunc şeylər gətirilir. Sözlə ifadə olunmayacaq işgəncə metodlarından istifadə olunur o insanların üzərində.  Amma yenə hikkələri soymur, ürəkləri rahatlaşmır, canları dinclik tapmır. İnsanları götürüb çarmıxa çəkirlər. Təsəvvür edirsinizmi, 4-5 gün əvvəl Nardaran məhbusu Abbas Hüseyni Qobustan təcridxanasında çarmıxa çəkiblər. Bu qəddarlıq, namərdlik, canavarlıq nəyin qisasıdır belə? Hansı yaranın ağrısını çıxarır bu qaniçənlər əli-qolu bağlı məhbusların canından? Nəyin hesabını çəkirlər “haqq” deyən bu insanlarla, nəyin intriqasını aparırlar? İllər öncə Mel Qibsonun “İsanın iztirabları” filmində baxıb, çarmıxa çəkilmə səhnələrinə dözə bilməyən bir neçə adamın ürəyinin dayandığını oxumuşdum. Mən özüm də o o film böyük sarsıntıyla izləmişəm, doğrusu. Amma bu gün bu ölkədə yaşadıqlarımızın sarsıntısı daha dözülməzdir. Bu gün bu ölkədə baş verənləri seyr edib dayanmaq daha əzablı və daha zordur…

Azərbaycan dünyanın harasındadır? Gerçəkdənmi, təkamül nəzəriyyəsi bizdən yan keçib gedir? Gerçəkdənmi, bu ölkədə yollar ancaq qaranlıq zirzəmilərə, həbsxanalara, işgəncə kabinetlərinə, çarmıx dəzgahlarına uzanıb gedir? Gerçəkdənmi, bu ölkəni işığa, inkişafa, ümidə, gözəl gələcəyə aparan heç bir cığır yoxdur? Gerçəkdənmi, o işıqucu gələn yolların hamısına daş tıxanıb? Lap belə olsun! Lap o yollar qapalı, məşəqqətli, tikanlı, daşlı-kəsəkli olsun! Bu ölkənin bircə milyon insanı gəlib əlini bir daşın altına qoysa, həyatımızda nələr dəyişməz ki! Belə yazıq, müti, əzabkeş, gözüqıpıq yaşanmaz artıq, həyatımızı dəyişməmiz, bu ölkəni insan işgəncələrinin yaşandığı yerdən insanlığın dəyər olduğu ucalıqlara qaldırmaq lazım. Bu ölkəni insanlaşdırmaq lazım…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ