SON DƏQİQƏ

PressDent.Info

Əliyev Ərdoğan və Gülən arasında

Əliyev Ərdoğan və Gülən arasında
17-07-2017, 17:11 5481 dəfə baxılıb

Natiq Güləhmədoğlu

Türkiyəyə xoş gəlmək üçün iki cəbhəçi tutmuşdular- Faiq Əmirli və Fuad Əhmədlini. İttiham irəli sürmüşdülər ki, bunlar Fətullah Gülənin “gizli imamları”dır.
Amma iş məhkəməyə gələndə “imam”, “FETÖ” söhbəti unuduldu. Məhkəmə hökmlərində “imamlıq, gülənçilik” istiqamətində heç nə olmadı. Bəs niyə?
Faiqi də, Fuadı da tanıyanlar üçün səslənən ittihamlar quru şər, böhtandan başqa bir şey deyildi. Lakin Azərbaycanda azad məhkəmə olmadığından təxmin etmək olardı ki, prokurorluq nə sifariş edib, məhkəmə də onu oxuyacaq. Olmadı. Görəsən, niyə hakimlər hökumətin öz rəqiblərinə qarşı quraşdırdığı bu çirkin kampaniyanı axıracan aparmadı?
Ehtimal etmək olar ki, bura səbəb Türkiyənin mövqeyidir. Türkiyə tərəfi bunların qulağına deyib ki, bambıllıq edirsiz, həm də fazlası ilə, qurtarın bu komediyanı!
Yoxsa, bunlar üçün nə müşkül idi, Faiqin, Fuadın “imam” olduğunu “sübutlamaq”. Bizim məhkəmələr hətta ölünü də dirildər. Yada salaq ki, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli Türkiyə dövlətinin guya mənafeyinə zərbə vuran şəxs kimi şərlənərək həbs ediləndə, qəzet bu böhtanı azad sözün susdurulması kimi qiymətləndirmişdi və həmin vaxt Türkiyə Cumhuriyyətindən bu çirkin plana qarşı mövqe bildirməyi rica etmişdi. Türkiyə dövləti, onun əlaqədar qurumları o vaxt da, indi də mövzu ilə bağlı susdu. Bu illərdir, Türkiyənin dövlət maraqlarını az qala Azərbaycanınkı qədər qoruyan “Azadlıq” yazarlarına və oxucularına elə “darbe” kimi bir zərbə oldu, onun fəsadlarının aradan qaldırılması üçün yəqin ki, xeyli müddət tələb olunacaq.
Burası belə, gəlirik ikinci məqama.
Çoxunuz bəlkə də bilmir, yer üzərində İlham Əliyev 2-3 nəfərdən ehtiyat edirsə, onlardan biri Ərdoğandır.
Ancaq onu da bilirik ki, İlham Əliyev hökuməti “Gülən” hərəkatı ilə qəlb bir, can bir olub. Ərdoğandan qorxmasına baxmayaraq, hökumət bir nəfər də olsun gülənçi həbs etmədi.( Məni düzgün başa düşün, heç bir kəsin günahsız yerə, kampaniya xatirinə həbsin istəmirəm, arzulamıram, sadəcə prosesi dərk etmək üçün mühakimələr irəli sürərəm).
Halbuki, 5-6 iri çəkili gülənçini dama salıb Əliyev Ərdoğan qarşısında ehtimadını xeyli yüksəldə bilərdir.
Bəs bunu niyə etmədilər, Ərdoğandan daha çəkinmirlərmi? Yoxsa, Gülənçilərə sidqi dildən məhəbbətləri var? Hər iki sualın cavabı “xeyr”dir.
Azərbaycan hakimiyyəti üçün Ərdoğan üsul idarəsi hələ də qorxu obyekti olaraq qalır və bu günkü şərtlərə görə heç bir vəhclə onların əsəblərinə toxunacaq nəsə etməyə imza atmazlar. Gülən hərəkatına isə bunların məhəbbəti nə keçmişdə olub, nə indi. Zərdüşt Əlizadənin təbirincə deyəsək, Azərbaycan hakimiyyətinin daim və dəyişməz bir qibləgahı olub: pul, vəssalam. Gülən hərəkatı avtoritar Əliyev rejiminin güclənməsi, beynəlxalq hamilər tapması üçün böyük zəhmətlər çəkib və bu jestlər lazımınca qiymətləndirilib. Bu gün Əliyevin qardaş dediyi Ərdoğanın şeytan cildindən təqdim etdiyi, terrorçu elan olunan “FETÖ”dan Azərbaycan rejiminin əl çəkə bilməməsinin kökündə vazkeçilməz, həyatı əhəmiyyətli amillər dayanır. “Hizmət hərəkatı”nı mən Azərbaycan hökumətinin qoluna taxılan transfuziya aparatı (sistem şlankı) kimi təsəvvür edirəm. Bu aparat gizli deyil, dost da görür, düşmən də. İndiki halda Ərdoğan da “transfuziya”nı görür, amma başa düşür ki, onu çıxartsa, “dostu-kardeşi” sağlamlıq böhranına düşər. Odur ki, “hizmətə” qəzəbinə rəğmən, ortada dostunun həyatı söz konusudursa, Əliyev-Hizmət əlaqəsinə təmkin göstərir. Bəs qarışıq hisslərin hökumranlığı nə zamana qədər davam edəcək?
O vaxta qədər ki, Əliyev Hizmət hərəkatının göstərdiyi xidməti-xarici lobbiçiliyi başqa dairələrin üzərinə tam köçürə bilsin. Bu baş versə, Türkiyə bizdə aparılacaq “gülənçi” ovunun yanında toya bayrama getməli olacaq. Baş versə…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ