SON DƏQİQƏ

PressDent.Info

“Kitayski” atəşkəs

“Kitayski” atəşkəs
10-07-2017, 20:43 7134 dəfə baxılıb

İlham Hüseyn

 

Yaxud, iki dövlətin birtərəfli razılaşması

Bəzən ölkəyə adamın yazığı gəlir. “Odlar yurdu”nu elə odlayıblar ki, tüstüsü təpədən çıxır. Bu odun üstünə su atmaq istəyənlər də odla mühasirəyə alınıb. Uzun illərdi hökumətin ən böyük təsəllisi “ölkəmizdə sabitlik hökm sürür”, “biz atəşkəsi təmin etmişik” arqumetləridi. Amma hər dəfə yazırıq ki, bu ölkədə nə sabitlikdən, nə də atəşkəsdən əsər-əlamət yoxdur. Hər gün intihar xəbərləri eşidiriksə, hər gün ölkədən qaçanların sayı artırsa, hər gün sosial-iqtisadi vəziyyət ağırlaşırsa, hər gün cəbhədən qara kağız gəlirsə, deməli ölkədə sabitlik yoxdur.
Atəşkəs məsələsi isə bizim üçün ayrıca bir dərd olub. 23 ildir atəşkəs rejimi elan olunsa da, atəş bir gün də kəsilməyib. Hər gün düşmənin 130, 140, 150 dəfə atəşkəsi pozduğu elan olunur. Təsəlli üçün də “düşmən cavab atəşiylə susduruldu” elanı verildi.
Ötən gün isə daha bir dəhşətli hadisə baş verdi. 2 yaşlı Zəhra və nənəsi düşmən gülləsinni qurbanı oldu. Atəşkəs dövründə daha 2 şəhid verdik. Həm də bu güllələr hansısa əsgərin yox, dinc vətəndaşın nəsibi oldu. Yəni, hökumətin öyündüyü “atəşkəs müqaviləsi” nəinki əsgərimizi, heç mülki vətəndaşı da ölümdən qoruya bilmir.
Bəli, hökumətin iqtisadi inkişafı kimi, atəşkəs müqaviləsi də “kitayski”di. Korrupsiya ilə mübarizə necə aparılırsa, seçkilər necə keçirilirsə, məhkəmələr ədaləti necə təmin edirsə, atəşkəs müqaviləsinə də eləcə əməl edilir. Əgər hər gün güllələr havada rəqs edəcəksə, mülki əhali sərbəst hərəkət edə bilməyəcəksə, bu yalançı müqavilə nəyə və kimə lazımdır? Bir gün atəşin kəsliməsinə nail ola bilməyənlərin, 24 ildir apardıqları danışığın nəticəsiz qalması təbiidir. Düşmən 20 faiz ərazini işğal etdikdən sonra da toxtamır və hər gün meydan sulayır. Bizim əzəmtli hökumətimiz isə pozuntuları saymaqla, şikayətlənməklə, ordumuzun gücündən dəm vurmaqla məşğuldu. 2 yaşlı zəhranın ölümündən sonra yenə də rejim sözçüləri ATƏT-in Minsk qrupunu günahlandırır, “lazım”ın gəlmək ehtimalından danışırlar.
Əlbəttə, heç bir normal insan müharibə arzulamır, münaqişənin dinc yolla həlli hamı üçün sərfəlidir. Amma dövləti və xalqı bu qədər qürursuz, məzlum kimi təqdim etməyə heç kimin haqqı yoxdur.
Belə çıxır ki, atəşkəs müqaviləsi iki dövlət arasında birtərəfli qaydada imzalanıb. Yəni, Ermənmistan tərəfi istədiyi vaxt atəşkəsi pozacaq, Azərbaycan tərəfi isə cavab atəşi açmaq haqqı qazanacaq. Cəbhədə atəş səsləri kəsilmirsə, vətəndaşlarımız düşmən gülləsinin qurbanı olursa, məlum müqavilənin adı dəyişdirilsin. Bəli, “atəşkəs müqaviləsi” əvəzinə, “atəşi kəsmə müqaviləsi” olsun.
Faktiki olaraq, biz atəşkəs rejimində yaşamırıq. Faktiki olaraq düşmən bizə müharibə elan edib və hər gün güllələmə prosesi gedir. Düşmən şərab içmək, səmimi münasibətlər qurmaq, hətta atəşkəsə əməl etmək fikrində deyil.
P.S Yaxşı olar ki, hökumət müxalifətlə “müharibə”ni dayandırıb, düşmənlə atəşkəs məsələsinə yenidən baxsın. “Kitatski” atəşkəslə vətəndaşları qırğına vermək siyasətinə son qoyulsun.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ