SON DƏQİQƏ

PressDent.Info

Satılan alman avtomobilləri və ölən insanlıq

Satılan alman avtomobilləri və ölən insanlıq
13-06-2017, 19:36 8526 dəfə baxılıb

Səadət Cahangir

Ölkənin şok effekti yaradan xəbərlərinə o qədər alışmışıq ki, şokdan ayıldığımız yox. Beş il əvvəl Bakıda keçirilən “Eurovision” musiqi yarışmasından sonra alman turistlərin məcburi köçkünlərə bağışladığı 500-dən artıq avtomobilin mənimsənildiyini eşidəndə də çox heyrətlənmədim, doğrusu. Sarsıldığım bir şey oldu, sadəcə. Bu işin başında Şuşa RİH-in başçısı, Dağlıq Qarabağ icmasının sədri Bayram Səfərovun dayanması faktı. On illərdir düşmən əsirliyində inləyən Şuşa kimi misilsiz mənəvi dəyərə malik bir şəhərin yetişdirməsi bunu edirsə, durumu tərif edəcək söz qalmır artıq. Bu rüsvayçılıq və rəzalət qarşısında deyiləcək kəlmə yox artıq, qardaşım. Sənin millətinə, torpağına, insanına beş köynək uzaq bir xalqın vətəndaşı gətirib şəxsi avtomobilini bu ölkədə müharibə acısı yaşamış qaçqına yardım məqsədilə hədiyyə edəcək, sən də onu aparıb bazarda 1500-2000 dollara satıb pulunu cibinə qoyacaqsan. Hələ özünü təmizə çıxarmaq üçün bəhanə də uyduracaqsan. Sözçün bundan nazirliyin və səlahiyyətli şəxslərin xəbərdar olduğunu deyəcək açıqca. Hələ maşınların “metallom”dan başqa bir şeyə yaramadığını iddia edəcəksən. Bu tamah, yalan, əliəyrilik və cəngəllik qanunları ilə ölkəni ölkəlikdən çıxardınız, ağalar. Etdiyiniz rüsvayçılıqların üzrü günahından betər. Sizin üzünüzdən adam arasına çıxmaz oldu bu millət…

İndi siz deyin, normal insanların yaşadığı bir ölkədə qaçqınların adına gələn yardımın yeyildiyini təsəvvür edə bilərsiniz? Məsələn, Almaniyada. Ağlınızın ucundan keçirə bilərsiniz bu ehtimalı? 70 il əvvəl dəhşətli müharibə dağıntılarının altından əzilmiş, üzgün və darmadağın halda baş qaldıran bu ölkə günümüzə necə gəlib çıxıb, bilirsiniz? Dünyanın ən güclü iqtisadiyyatı ilə gəlib çıxıb. Böyük ağıl, qarışqa çalışqanlığı və hüququn gücü ilə gəlib çıxıb. Müharibə acılarını doya-doya yaşamış Almaniya, dünya dağılsa belə, qaçqının payına əl uzatmaz. Nəinki uzatmaz, uzadanın da əlini “kəsər”. Dünyanın ən təminatlı cəmiyyətlərindən birini qurmuş bu Avropa ölkəsinin mühacir axınına görə ön sıralarda yer alması təsadüfidir, elə bilirsiniz? Xeyr.
Almaniya 2016-cı ildə ölkəsinə axın edən qaçqınlara dəstək üçün 30 milyard avro vəsait xərcləyib. Həm də öz xalqına, millətinə, ölkəsinə aid olmayan qaçqınlara. Azərbaycan hökumətindən öz qaçqınına belə insani münasibət gözləyə bilərsiniz? Heç gözləməsəniz yaxşıdır…

Məcburi köçkün həyatının ağrı-acılarını həyatında yaşamış biri olaraq, o insanların nələrdən keçdiyini gözəl bilirəm. İndi söhbət o 500 alman avtomobilindən getmir. Son 24 ildə qaçqınların adına onlarla xarici ölkədən gələn milyonların hökumət tərəfindən necə həzm-rabedən keçirildiyini hamınız bilirsiniz. Biz biz olsaydıq, o yardımlar da, o avtomobillər də ünvanına çatmışdı. Biz biz olsaydıq, ən azı, Qarabağda döyüşüb şəhid olan insanların ailələrinə bağışlanmışdı o avtomobillər. Biz biz olsaydıq, itirdiyimiz torpaqların, yurd yerlərinin, alınan haqqımızın davasını döyərdik on illərdən bəri. Amma biz biz ola bilmədiyimizdən, nələr baş verir on illərdir bu məmləkətdə…Biz haqqımıza sahib çıxa bilmədiyimiz üçün kimlər yeyir haqqımızı! Aşağılanmağa, əzilməyə, mütiliyə boyun əyənləri insan yerinə qoyarlarmı? Qoymazlar, heç bir halda qoymazlar. İnsanlıq çoxdan ölüb gedib bu ölkədə. Onu həm də sizin mütiliyiniz öldürüb…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ