SON DƏQİQƏ

PressDent.Info

Onun qibtə ediləcək məqamı

Onun qibtə ediləcək məqamı
30-05-2017, 18:30 9222 dəfə baxılıb

Natiq Güləhmədoğlu

Qorxuram sözlərim aşırı pafoslu görünə, amma ziyanı yoxdu, yazıram. Əminəm, bu gün Azərbaycanda iki nəfər gecəni rahat yatacaqsa, onlardan biri bu gün (26 may) haqqında ədalətsizcəsinə, vicdansızcasına həbs hökmü verilən Gözəl Bayramlıdır. Ona görə yox ki, bəzi arsızların dediyi kimi, “Azərbaycan türmələri Avropa standartlarına uyğun komforta malikdir”…
Bəs niyə?
Ona görə ki, tanıyanlar bilir, şahiddilər – Gözəl xanım dinc bənddə deyildi. O, çoxlarının daşıya bilmədiyi bir məsuliyyəti, yükü özünə yükləmişdi. Siyasi məhbusların halı, onların ailəsi Gözəl xanım üçün həmişə bir ciddi pərişanlıq mənbəyi olub. Yay-qış, cəbhəçi, qeyri-cəbhəçi demədən əksər məhbuslarımızın dili-sözü olub, onlardan yazıb, məhkəmələrini boş qoymayıb. Son dərəcə psixoloji cəhətdən ağır olan məhbus ailələri ilə görüş onun üçün bir ayin halın almışdı.


Bu ailələrin daimi qonaqları siyahısında ilk başda şəksiz Gözəl xanım dayanıb. Hamını dinləyib, hamıya təskinlik, dayaq, ümidgah olub! Bütün cari problemlər, şəxsi qayğılar, təşkilatı işlər və s. onu bu ayindən heç zaman yayındırmayıb.
İndi o, böyük səbr, əsəb, vaxt, enerji tələb edən bütün bu ağır işlərdən uzaqlaşdırılıb. Məsuliyyəti azalıb. O indi dar hücrəsində ürəyi ilə həmsöhbətdir. Və yəqin ki, vicdanı qarşısında hesabat verərək deyir: “Mən bu ölkənin azadlıq və firavanlıq yurduna dönməsi üçün əlimdən gələn hər şeyi etdim! Hər şeyi!”. Bu hesabat hər insana nəsib olmayan, heç bir malın-pulun verməyəcəyi mənəvi komfortdur. Xoş bunu yaşayanların və bu məqamı dərk edənlərin halına.
Bizə təskinlik verən isə bu ola bilər – Gözəl xanım və onunla birgə günahsız məhbəsdə qalanların, eləcə də əsir Azərbaycanımızın azadlığı üçün nəsə edəcəyimizə əhd edək!


Gözəl xanımın həbsi, şərlənməsinin məntiqi belədi: hakimiyyət deyir ki, adımı sizə qoyacam, sizi də yana-yana. Amma bihudədi. Min belə həbs həyata keçirsələr də, insanlarımız oğrunun da, yalançının da, saxtakarın da, dürüst, ədalətli olanların da kimliyini qəşəng bilir. Deyəcəksiniz, nolsun bilir? Bilməyi bu qədər kiçiltməyək. Hər işin başında, siftəsində “bilmək” dayanır. İndi əsas vəzifələrdən biri “Gözəl xanımın işini” bilənlərin bilməyənlərə çatdırması, deməsi, yazmasıdır.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ