SON DƏQİQƏ

PressDent.Info

Bunların gözü nə vaxt doyacaq?

Bunların gözü nə vaxt doyacaq?
15-05-2017, 15:13 15921 dəfə baxılıb

İlham Əliyev və ailəsinə məxsus offşor şirkətlərlə bağlı yeni araşdırma işıq üzü görüb.

Paytaxtın ən gözəl guşələrindən birində göyə ucalan Alov Qüllələri, Heydər Əliyev mərkəzi, Şahdağ turizm kompleksi, lüks villalar, xörək duzundan tutmuş yağ istehsalınadək qida sənayesinin müxtəlif sahələrində inhisarçı mövqe, tikintidən başlayıb əsgər yeməyinə qədər müxtəlif xidmətlər üçün çoxmilyonluq dövlət sifarişləri… Bunların hamısı bir şirkətin – Azərsun holdinqin Azərbaycanda uğur hekayəsidir.Azərsun Holdinqin rəhbərliyində olan Gözəl ailəsinin gizli ofşor şirkətlər vasitəsilə İlham Əliyevlə əlaqələrinə dair sənədləri əldə edib. Sənədlər göstərir ki, iş adamı Həsən Gözəl (Hassan Gozal) Vircin Adalarında 2008-ci ildə prezidentin qızlarının adına qurulan Rosamund International şirkətinin direktoru imiş. Şirkət təsis ediləndə İlham Əliyevin qızları Arzunun 19, Leylanın isə 23 yaşları vardı. Sənədlər göstərir ki, İlham Əliyev və onun xanımı da offşor zonada biznes qurubmuş. Onlar bu şirkətə 2003-cü ilin əvvəlində sahiblənib. Elə həmin ilin sonunda İlham Əliyevin atası, o zamankı prezident vəfat edib və hakimiyyət İlham Əliyevin əlinə keçib. Prezident ailəsinin bu şirkətləri hansı məqsədlə qurduğu bəlli deyil. Bəlli olan odur ki, ailə bu şirkətlərə sahibliyini gizlətmək üçün tədbirlər görməyə çalışıb, şirkətlərin qeydiyyatını və idarəetməsini agent-firmalar vasitəsilə həyata keçirib. Prezidentin ailəsi və Gözəl ICIJ təşkilatının göndərdiyi sorğulara cavab verməyib. Azərbaycan qanunvericiliyi vəzifəli şəxslərin gəlir və əmlakını bəyan etməsini tələb edir. Lakin indiyədək bu məlumatlar ictimaiyyətə açıqlanmayıb. Mehriban Əliyeva 2005 və 2010-cu illərdə, İlham Əliyev isə 1995 və 2000-ci illərdə parlament üzvlüyünə namizəd kimi, eləcə də hər prezident seçkisində belə bir bəyannaməni təqdim etməliydi. Lakin Mərkəzi Seçki Komissiyası bu bəyannamələrin təqdim olunub-olunmaması, təqdim olunan bəyannamələrdə hansı məlumatların əksini tapdığı ilə bağlı sualları cavablandırmayıb. Sənədlərə görə, İlham Əliyevin ofşor şirkətə sahib olduğu zaman kəsimində deputat, ARDNŞ vitse-prezidenti, baş nazir və prezident vəzifələrini tutub. Azərbaycan konstitusiyası deputatlara və Nazirlər Kabinetinin üzvlərinə, Dövlət Qulluğu haqqında və Sahibkarlıq fəaliyyəti haqqında qanunlar isə ümumilikdə vəzifəli şəxslərə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəylinin fikrincə, İlham Əliyev deputat, sonra da prezident olduğu dövrdə şirkət sahibi olmaqla qanunları pozub. Arzu və Leyla Əliyevalar Vircin adalarındakı şirkətlərə 2008-ci ilin dekabrında, atalarının ikinci müddət prezidentliyini təsdiqləyən seçkilərdən iki ay sonra sahibləniblər. Arbor Investments LTD şirkəti Arzu Əliyevanın adınadır. Leyla Əliyeva isə LaBelleza Holdings Limited və Harvard Management Limited şirkətlərinin sahibidir. Bu üç şirkətin qurulması üçün Malayziyada yerləşən Naziq & Partners şirkəti vasitəçilik edib. Şirkətlərin üçü də Sinqapurda yerləşən Portcullis TrustNet ofşor xidmətlər firması tərəfindən qeydiyyata alınıb. Gənc xanımlar şirkətlərdə hüquqi ünvan kimi Dubaydakı lüks mənzilləri göstəriblər. Mənzillər Marina Le Reve adlanan kurort zonasında ən dəbdəbəli göydələnlərdən birində yerləşir. Həmin binada satışa çıxarılan mənzillərin sahəsi 2000 kvadrat metrdən çoxdur və 6 milyon dollara yaxın qiyməti var. ALOV QÜLLƏLƏRİ Azərbaycanda ən böyük biznes qurumlarından birinin sahibi olan Həsən Gözəl Leyla və Arzu Əliyevaların işçisi imiş. Prezident qızlarının Vircin adalarında açdığı şirkətlərdə onun adı direktor kimi keçir. Həsən Gözəl və onun qardaşı Əbdülbari Gözəl əslən İrandandırlar. Qardaşlar bizneslərini əsasən Dubaydakı Cəbəl Ali Azad Ticarət Zonasından idarə edirlər. Həsən Gözəl İntersun Holding çətiri altında birləşmiş ondan artıq şirkətin rəhbəridir. İntersunun özününsə rəhbərliyini qardaşlar paylaşır – Əbdülbari Gözəl şirkətin prezidenti, Həsən Gözəl vitse-prezidentidir. Sənədlər sübut edir ki, vaxtilə İlham Əliyevin vitse-prezident işlədiyi Azərbaycan Dövlət Neft Şirkəti Gözəl qardaşlarına böyük imkanlar yaradıb. Gözəl qardaşlarının rəhbərlik etdiyi Petro-Trans FZCO şirkətinin ARDNŞ-la birgə yaratdığı SOCAR Energy Georgia birgə müəssisəsi, Middle East Petroleum və Azərsun holdinqin terminalları, neft daşımaları üzrə böyük layihələr bu əməkdaşlığın yalnız bir hissəsidir. Əliyeva bacılarının şirkətini idarə edən Gözəlin neft gəlirlərindən birbaşa və dolayısı ilə pul qazanmaq imkanı olub. Neft pulları hesabına Bakının simasını dəyişən tikinti bumunda da Gözəl qardaşlarının payı var. Ümumilikdə Gözəl qardaşları Bakı və onun ətrafında ümumi dəyəri 4.5 milyard dollara çatan tikinti layihələri həyata keçirir: Azərsun Bakı yaxınlığında 300 hektar ərazidə Dream İsland meqa layihəsini həyata keçirir. İntersun Holdinqinin tərkib hissəsi olan Dia Holdinq əsasən büdcə pulları hesabına maliyyələşən 2,5 milyard dollarlıq tikinti layihələri gerçəkləşdirib. Bunlara Alov qüllələri, Heydər Əliyev Mərkəzi və prezident administrasiyası üçün lüks villalar kompleksi daxildir. Azərbaycan ordusu, Daxili Qoşunlar və Sərhəd qoşunları da Azərsun holdinqin müştəriləridir. 2011-ci ildə təkcə Dövlət Satınalmalar Agentliyinin xətti ilə keçirilən tenderlərdə Azərsun holdinqin tərkibindəki Qafqaz Ticarət MMC ümumi dəyəri dörd milyon manatdan artıq olan sifarişlər udub.

Aras Elnurə

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ